Məhkəmə qərarları › İş №1(014)-35/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-35/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-35/2023 28.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 162-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 09:00 radələrində ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən “Dəniz İnşaat” tikinti materialları mağazasının xidmət göstərdiyi müddətdə mağazanın ticarət zalına daxil olub, piştaxtanın üzərində olan hər bir ədədinin dəyəri 70 manat, ümumi dəyəri 560 manat olan 1x4 ölçüdə, 100 metr uzunluğunda, sarı rəngli, Türkiyə Respublikasının “Ünal” firmasının 2021-ci il istehsalı olan 8 ədəd işıq kabelini və hər bir ədədinin dəyəri 90 manat, ümumi dəyəri 270 manat olan 1x6 ölçüdə, 100 metr uzunluğunda, göy rəngli, Türkiyə Respublikasının “Yıldız” firmasının 2021-ci il istehsalı olan 3 ədəd işıq kabelini gizli yolla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 830 (səkkiz yüz otuz) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə 2013-cü ilin yanvar ayında azadlığa buraxılmışdır. Ağdaş rayon sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onun və ailə üzvlərinin Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs ailə üzvləri ilə hər hansı bir ədavəti və ya düşmən münasibəti yoxdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında tanışı X3 Vahid Həsənova məxsus “Hyundai İ30” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ şəhərinə şəxsi işlərini görməkdən ötrü getmək üçün istəmişdir. Vahid də ona etiraz etməmiş və həmin avtomobilini ona vermişdir. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 08:00 radələrində yaşadığı evdən çıxaraq Vahid Həsənova məxsus həmin avtomobili idarə edərək Qəbələ şəhəri istiqamətində yola düşmüşdür. O, yolla gedərkən yolun kənarında iki nəfər tanımadığı bir qadın və bir kişinin dayanmasını görmüşdür. Həmin qadın və kişi ona əl işarəsi etdikləri üçün avtomobili saxlamış və həmin şəxslər onları da Ağdaş rayonunun adı yadında qalmayan kəndinin yaxınlığına apararaq orada onları düşürməsini ondan xahiş etmişlər. Onlardan aldığı yol haqqı ilə avtomobilə yanacaq tökəcəyini düşünmüş və bu səbəbdən də həmin şəxslərlə razılaşmış və həmin şəxslər avtomobilə əyləşdikdən sonra Ağdaş şəhəri istiqamətində hərəkətini davam etməyə başlamışdır. Ağdaş şəhərinin giriş hissəsindən şəhərə daxil olaraq Qəbələ rayonu istiqamətində hərəkət etməyə davam edərkən saat təxminən 09:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində yolun kənarında yerləşən Zərərçəkmiş şəxs məxsus “Dəniz İnşaat” adlı topdan və pərakəndə tikinti materialları satışı mağazasının qarşısında avtomobili oradan evində təmir üçün lazım olan bir neçə əşya almaq üçün saxlamışdır. Avtomobili saxladıqdan sonra mağazaya daxil olmuş və həmin vaxt avtomobilində olan tanımadığı qadınla kişi də bir qədər sonra avtomobildən düşərək mağazaya daxil olmuşlar. Mağazaya baxan zaman orada kabel toplarının olmasını görmüşdür. Həmin vaxt pulu az olduğuna görə mağazadan həmin kabel toplarından bir neçəsini oğurlayıb sataraq pul qazanmağı düşünmüşdür. Bu zaman avtomobilində olan kişi ilə qadının satıcı ilə söhbət etdiklərini və hansısa əşyalarla maraqlandıqlarını görmüşdür. Həmin vaxt kişi ilə qadın hansısa əşyanı aldıqlarına görə satıcı onlarla məşğul olmuşdur. Bundan istifadə edərək həmin mağazanın içəirisində piştaxtada olan kabel toplarını oğurlamaq qərarına gəlmişdir. Bu məqsəd ilə satıcının və içəridə olan müştərilərin başının qarışıq olmasını fürsət bilərək piştaxtada olan 11 ədəd kabel topunu bir neçə dəfəyə avtomobilin yanına daşıyaraq yük yerinə yığmışdır. Bundan sonra həmin kişi ilə qadına getmək lazım olduğunu bildirmişdir. Həmin kişi və qadın da aldıqları əşyaları götürdükdən sonra avtomobilə əyləşmişlər. Avtomobili idarə edərək Ağdaş şəhəri istiqamətində sürməyə başlamışdır. Bir qədər gedəndən sonra Ağdaş şəhərinin içərisində xatırlamadığı yerdə həmin kişi ilə qadını özlərinin istəyi ilə avtomobildən düşürtmüşdür. Daha sonra Qəbələ rayonuna getmiş və orada işlərini gördükdən sonra Yevlax şəhərində yerləşən evinə qayıtmışdır. Səhərisi gün Vahid Həsənova avtomobili qaytarmazdan əvvəl avtomobili yuduzdurmaq üçün avtoyuma sexinə getmişdir. Həmin vaxt orada tanımadığı bir neçə şəxs də avtomobillərini yuduzdurmuşlar. Vahid Həsənova məxsus avtomobilin yük yerini açan zaman oğurladığı kabelləri görmüş və onları satmaq qərarına gəlmişdir. Həmin vaxt orada avtomobillərini yuduzduran şəxslərə ona məxsus satılıq kabel olmasını bildirmişdir. Həmin şəxslərdən biri kabelləri neçəyə satmağını soruşmuş və o da həmin kabelin bir topunu 20 manata satmasını bildirmiş və həmin tanımadığı bir nəfə şəxs onunla razılaşmışdır. Ondan 11 ədəd kabelin hər birini 20 manata almışdır. “Dəniz İnşaat”dan oğurladığı həmin 11 ədəd kabel topunu Yevlax şəhərində yuyucu sexində tanımadığı həmin bir nəfər şəxsə (kişi) ümumilikdə 220 manata satmışdır. Bundan sonra həmin şəxs oradan çıxıb getmişdir, o isə yuyucu sexində qalmışdır. Avtomobilin yuyulub qurtarmasını gözləmişdir. Vahid Həsənovun avtomobilini yuduzdurduqdan sonra avtomobili aparıb Vahid Həsənova qaytarmışdır. Oğurladığı kabelləri sataraq əldə etdiyi ümumilikdə 220 manat pulu isə məsrəflərinə xərcləmişdir. Kabelləri oğurlamaqda məqsədi sataraq asan yolla pul qazanmaq olmuşdur. Oğurluq edən zaman onu heç kim görməmişdir. Kabelləri satdığı şəxsə həmin 11 ədəd kabel topunun oğurluq olmasını deməmişdir. Ümumiyyətlə oğurluq etməmişdən əvvəl və sonra hər hansı bir şəxsə hər hansı söz deməmişdir. Kabelləri satdığı şəxsə kabel toplarının ona məxsus olduğunu və təcili pula ehtiyacı olduğu üçün ucuz qiymətə satdığını bildirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu zərəri tam olaraq ödəmişdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞ-yə ərizə ilə müraciət etmişdir. Həmin müraciəti ilə əlaqədar olaraq bildirmişdir ki, sahibkardır və Ağdaş şəhəri, M.İsayev küçəsində inşaat materiallarının satışını həyata keçirdiyi “Dəniz İnşaat” pərakəndə və topdan satış mağazası vardır. 21 aprel 2022-ci il tarixdə təxminən saat 12:00 radələrində dükanına baxarkən dükanın içərisində arxa tərəfdə olan piştaxtadan 8 ədədi 1x4-ə ölçüdə, 3 ədədi 1x6-a ölçüdə olan ümumilikdə 11 ədəd kabel toplarının yerində olmadığını aşkar etmişdir. Daha sonra isə dükanın kameralarına baxan zaman xx.xx.2022-ci il tarixdə təxminən saat 09:00 radələrində dükanda olan şəxslərdən bir nəfər şəxsin şübhəli hərəkətlər etməsini müşahidə etmiş və həmin şəxsin ona məxsus kabelləri oğurlamasını başa düşmüşdür. Daha sonra həmin gün Ağdaş RPŞ-yə dükanından kabel toplarının oğurlanması barədə məlumat vermişdir. İşçisi Şahid digər müştərilərə satış həyata keçirən zaman ona məxsus həmin mağazanın içərisindən həmin şəxs kabelləri oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 830 (səkkiz yüz otuz) manat maddi ziyan dəymişdir. Oğurlanmış hər bir ədədinin dəyəri 70 manat, ümumi dəyəri 560 manat olan 1x4 ölçüdə, 100 metr uzunluğunda sarı rəngli 8 ədəd işıq kabeli Türkiyə Respublikasının “Ünal” firmasının 2021ci il istehsalı olmuşdur. Oğurlanmış hər bir ədədinin dəyəri 90 manat, ümumi dəyəri 270 manat olan 1x6 ölçüdə, 100 metr uzunluğunda olan göy rəngli 3 ədəd işıq kabeli isə Türkiyə Respublikasının “Yıldız” firmasının 2021-ci il istehsalı olmuşdur. Oğurluq baş verən zaman mağaza açıq və müştərilərə xidmət göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs bağışlamışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞ-yə yazdığı ərizə ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs satıcı işlədiyi Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən “Dəniz İnşaat” tikinti materialları mağazasının sahibidir. Zərərçəkmiş şəxs ilə hər hansı bir ədavəti və ya düşmən münasibəti yoxdur, münasibətləri yaxşıdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 09:00 radələrində bir neçə şəxs müştəri kimi işlədiyi mağazaya gəlmişlər. Bu zaman həmin şəxslərdən biri, yəni bir nəfər kişi ondan plastik boruları birləşdirmək üçün istifadə edilən ütü üçün aksessuarları göstərməyini bildirmişdir. O da həmin vaxt həmin şəxsə ütünün qəlyan, amerikanka və digər aksessuarlarını göstərmişdir. Bundan başqa həmin şəxs ondan lüstur altlığını da göstərməyini istəmişdir. O da həmin şəxsə istədiyi malları göstərmişdir. Həmin şəxs də 2-3 dəqiqə həmin mallara baxmış və daha sonra 5-6 manat dəyərində ütü üçün istifadə edilən bir neçə ədəd aksessuar almışdır. Həmin şəxsə xidmət göstərdiyi zaman digər şəxslər dükanda olan digər mallara baxmışdırlar. xx.xx.2022-ci il tarixdə dükanda oğurluq olmasını aşkar etdikdə kamera görüntülərinə baxmışlar. Həmin vaxt isə xx.xx.2022-ci il tarixdə təxminən saat 09:00 radələrində dükana gələn 4 nəfər şəxsdən birinə xidmət göstərən zaman digər bir nəfər şəxsin dükanda gəzməsini və bir neçə dəfə çölə çıxıb yenidən dükana daxil olmasını görmüşlər. Həmin şəxs dükanda kabel topları olan piştaxta tərəfə gedib gəlmişdir. O və Elvir həmin şəxsin dükandan kabel toplarını oğurlamasını başa düşmüşlər. Daha sonra Eİvir bu barədə polisə məlumat vermişdir. O, həmin şəxsin üzünü xatırlamır. Həmin şəxs orta boylu, arıq kişi olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs bildiyi qədəri ilə 770 manat maddi ziyan dəymişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə şərti maliyyə vahidinin 700 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Yevlax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 3 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cəzasının sonu ilə azad olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İcra hakimiyyəti başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 26 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İcra hakimiyyəti başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 26 yanvar 2023-cü il tarixli, № 725 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi 162 saylı evdə qeydiyyatda olmaqla ailə tərkibi xx.xx.1985-ci il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2017ci il təvəllüdlü X2 və 1984-cü il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 27 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan axtarışda olan xx.xx.2023-cü il tarixli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:05-də keçirilmiş tədbirlər nəticəsində Yevlax şəhəri ərazisində tutulduğu üçün Ağdaş RPŞ-yə gətirilərək, Ağdaş RPŞ-nin İstintaq bölməsinə təhvil verilmişdir. İşin materiallarında olan 26 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan 26 yanvar 2023-cü il tarixli, ********* saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə, saat 17:00-da RPŞ-nin MSY-dən azad edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 mart 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam ödəmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə tamamilə sübuta yetirilir. Onun törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, dəymiş zərəri tam ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən saat 10:05-dən xx.xx.2023-cü il tarixə saat 17:00-dək tutulduğu müddət iki gün kimi nəzərə alınmaqla islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesablanmaqla cəmi 8 gün müddət Təqsirləndirilən şəxs cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar