Məhkəmə qərarları › İş №1(014)-36/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-36/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-36/2024 16.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1978-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 küçəsi 1/12 saylı ev ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 01 iyul 2015-ci il tarixdən başlayaraq 22 iyun 2004-cü il tarixdə anadan olmuş X3 və 30 iyul 2005-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli 2(014)-1213/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2023-cü il tarixdə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 13 iyul 2023-cü il tarixədək şəxsi maraq niyyətilə 4505,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CМ-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, həqiqətən o, 27 yanvar 2002-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 22 iyun 2004-cü il tarixdə Aysel, 30 iyul 2005-ci il tarixdə isə Vüqar adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan Nüyvarla ayrılmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Nüyvar aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsi nikahın pozulması və iki uşağın saxlanılması üçün ondan hər ay hər uşaq üçün 40 manat olmaqla cəmi 80 manat alimentin tutulması barədə 09 iyul 2010-cu il tarixli qətnamə çıxarılmışdır. O, həmin aliment məbləğini vaxtıvaxtında ödəmişdir. Lakin bir müddət sonra Nüyvar alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etmiş və Ağdaş Rayon Məhkəməsi ondan 01 iyul 2015-ci il tarixdən başlayaraq 22 iyun 2004-cü il tarixdə anadan olmuş X3 və 30 iyul 2005-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsinə dair 31 iyul 2015-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin, alimenti ödəmədiyinə görə inzibati qaydada 15 gün müddətinə həbs edilmişdir. Maddi imkanı zəif olduğundan müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Belə ki, Nüyvardan boşandıqdan sonra ikinci dəfə ailə qurmuş və həmin ailəsindən iki övladı vardır. Bakı şəhərində fəhlə işləməklə ayda 500-600 manat qazanc əldə edir. Qazancı ilə hazırkı ailəsinə çətinliklə baxır. Buna baxmayaraq, aliment məbləğindən də ödənişlər etmişdir. Müəyyən edilmiş aliment məbləğinin uşaqların hazırkı maddi təlabatı ilə müqayisədə az olduğunu anlasa da, məsuliyyətsizlik edib həmin məbləği ödəməmişdir. Nəticədə 13 iyul 2023-cü il tarixə 4505 manat aliment borcu yaranmışdır. Yaranmış aliment borcunu hazırda birdəfəyə ödəyə bilmir. Lakin hər gün 10 manat olmaqla aliment borcunu ödəyəcəyini bildirmiş, əməlindən peşmandır, ona həbslə əlaqəli olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, şahidin ifadəsi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, həqiqətən o, 27 yanvar 2002-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 22 iyun 2004-cü il tarixdə Aysel, 30 iyul 2005-ci il tarixdə isə Vüqar adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan Anarın təqsiri ucbatından münasibətləri pozulduğundan ayrılmışlar. Ağdaş Rayon Məhkəməsinin 09 iyul 2010-cu il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, həmçinin iki uşağın saxlanılması üçün hər ay cəmi 80 manat aliment müəyyən edilmişdir. Anar həmin alimenti ödəsə də, müəyyən edilmiş aliment məbləği ilə uşaqların maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyindən alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsi alimentin miqdarının artırılaraq Təqsirləndirilən şəxs 01 iyul 2015-ci il tarixdən başlayaraq 22 iyun 2004-cü il tarixdə anadan olmuş X3 və 30 iyul 2005-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair 31 iyul 2015-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin qəbul edildiyi ilk vaxtlarda Anar ödənişlər etsə də, daha sonra ödənişləri dayandırmış, barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamışdır. Halbuki, Anar fərdi qaydada işləyir və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qərəzli şəkildə alimenti ödəməmişdir. Uşaqların hər ikisi hazırda ali təhsil alırlar. Buna görə də onların maddi tələbatları da xeyli artmışdır. Özünün məktəbdə müəllim işləyib aldığı əmək haqqı ilə uşaqların təhsil xərclərini və digər zəruri xərclərini ödəmək mümkün olmur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların maddi tələbatı ilə müqayisədə az olmasına baxmayaraq Anara güzəşt edərək alimentin artırılması barədə məhkəməyə müraciət etməmişdir. Lakin Anar buna əhəmiyyət verməmiş və hazırkı qətnamə ilə müəyyən edilmiş məbləği belə ödəməmişdir. Uşaqların təhsil və digər zəruri xərclərini ödəmək üçün müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Buna görə dəfələrlə Anarla telefon əlaqəsi saxlayaraq maddi vəziyyətlərini ona bildirmiş və hissəhissə də olsa aliment borcunu ödəməyini istəmişdir. Anar hər dəfə alimenti ödəyəcəyi barədə vədlər versə də, sonradan vədinə əməl etməmişdir. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlər görülsə də, Anar yenə də alimenti ödəməkdən yayınmış, uşaqlarla maraqlanmamışdır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçi olmuş və uşaqların maddi təlabatının ödənilməsində çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək yaranmış 4505 manat məbləğində aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini istəmişdir. Hazırda Təqsirləndirilən şəxs həbs olunmasını istəmədiyini və ondan şikayətçi olmadığını, onun həbsdən azad olunaraq qalan aliment borcunu hər gün 10 manat olmaqla ödənilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə 29 mart 2024-cü il tarixdə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs şikayətçi olmadığını, buna görə də ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid Niyazı oğlu ifadəsində Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-1213/2015 saylı 31 iyul 2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 01 iyul 2015-ci il tarixdən başlayaraq 22 iyun 2004cü il tarixdə anadan olmuş X3 və 30 iyul 2005-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. Həmin icra sənədi üzrə 08 sentyabr 2015-ci il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Verilmiş müddətdə borclu tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olub-olmaması öyrənilmiş, nəticədə hər hansı əmlakı və gəlirləri müəyyən edilməmişdir. İcra müddətində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarlarla axtarış elan edilmişdir. Borclu müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2023-cü il tarixlərdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində icra sənədinin mahiyyəti borcluya izah edilmiş, alimentin ödənilməsi tələb olunmuş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Borclu alimentin ödənilməsi üçün vaxt istəmiş, vaxt verilməsinə baxmayaraq yaranmış aliment borcunun ödənilməsini təmin etməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək aliment borcunun ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıqlar verilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi üçün heç bir tədbir görməmiş, icra sənədinin icrasına etinasız yanaşmışdır. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və 13 iyul 2023-cü il tarixədək 4505 manat alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə icra və probasiya şöbəsinə müraciət edərək uşaqların təhsil və digər zəruri xərclərini ödəməkdə çətinliklər çəkdiyini və maddi vəziyyətinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-1213/2015 saylı 31 iyul 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2015-ci il tarixdən başlayaraq 22 iyun 2004-cü il tarixdə anadan olmuş X3 və 30 iyul 2005-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 8(014)-117/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadın surətindən görünür ki, Ağdaş rayonu, qarağan Sədi kəndində yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşin materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il, xx.xx.2021-ci il tarixli borclunun axtarılması haqqında qərarların surətlərindən görünür ki, ünvan 1 küçəsi 1/12 nömrəli ev ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 3(014)-138/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 15 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nömrəli xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 X9 Məşğulluq filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Ağdaş rayonu, Qarağan Sədi kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sisteminin “bundan sonra – MEİS) “Əmək və Məşğulluq” altsistemində (bundan sonra – ƏMAS) işaxtaran və ay işsiz şəxs kimi qeydiyyata alınmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Şəki regional ədliyyə idarəsinin 01 noyabr 2023-cü il tarixli ittiham elan etmək üçün şəxs barəsində axtarış elan etmə və tutulması barədə qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxx 1978-ci il təvəllüdlü, ünvan 1 küçəsi 1/12 nömrəli ev ünvanında yaşayan Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və ona ittiham elan edilməsi üçün tutularaq Şəki ŞRPŞ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Şəki regional ədliyyə idarəsinin 01 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı o, tutulub istintaqa təhvil verilənədək dayandırılması qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli məktubdan, eyni zamanda 12 dekabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq Ağdaş RPŞ-nin MSY-yə təhvil verilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Şəki regional ədliyyə idarəsinin 14 dekabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmiş icraat təzələnmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə verilmiş Təqsirləndirilən şəxs həmin tarixdə azad edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(014)-36/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1978-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) xx.xx.2024cü il tarixə, saat 15:00-da Ağdaş Rayon Məhkəməsinin binasında 1 saylı məhkəmə iclas zalında keçiriləcək məhkəmə baxış iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 1(014)-34/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsi və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon Polis şöbəsindən məhkəməyə daxil olmuş 19 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal ərazisində tutularaq Ağdaş RPŞ-yə gətirilərək MSY-yə təhvil verilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hazırda X2 ilə nikahdadır və həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 iyul 2015-ci il tarixdən başlayaraq 22 iyun 2004-cü il tarixdə anadan olmuş X3 və 30 iyul 2005-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 2(014)-1213/2015 saylı 31 iyul 2015-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 3(014)-138/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 15 gün müddətinə və icra sənədi üzrə tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, ittiham verildikdən sonra da növbəti aylarda aliment ödənişlərini davam etdirməsini, hazırda başqa nikahdan himayəsində 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun ibtidai istintaqın və məhkəmənin çağırışlarına axtarışla gətirilməsi isə şəxsiyyətini mənfi səciyyələndirən hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarının 1ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12 dekabr 2023-cü il tarixdən 14 dekabr 2023-cü il tarixədək tutulduğu və 19 fevral 2024-cü il tarixdən 16 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı, cəmi 2 (iki) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) ay müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12 dekabr 2023-cü il tarixdən 14 dekabr 2023-cü il tarixədək tutulduğu və 19 fevral 2024-cü il tarixdən 16 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı, cəmi 2 (iki) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) ay müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar