Məhkəmə qərarları › İş №1(014)-37/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-37/2020

04.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-37/2020 04.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini müvəqqəti icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakıilə Təqsirləndirilən şəxs xx xxxxx 1982-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, «xxxxxxxx» QSC-də 6-cı dərəcəli operator vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyatda olan və yaşayan, barəsində 10 aprel 2020-ci il tarixdə başqa yerəgetməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 mart 2020-ci il tarixdə, saat 09:00 radələrində “xxxxxxxx” QSC-nin direktorunun 151 nömrəli 11 fevral 2020-ci il tarixli əmrilə 6-cı dərəcəli operator işlədiyi QSC-yə məxsus Dəhnəxəlil kəndində fəaliyyət göstərən beton zavodda QSC-nin direktoru tərəfindən 11.02.2020-ci il tarixdə təsdiq edilmiş “Beton qarışdırıcının operatorunun vəzifə təlimatı”nın 2.1-ci bəndinin tələblərini pozaraq, yəni işə başlamazdan əvvəl beton qarışdıran mikserin bunkerinin (qapağının) bağlı olmasını yoxlamalı olduğu halda yoxlamayaraq, həmçinin beton hazırlamaq üçün “SİMEM” SUN 1500-BETON adlı beton qarışdıran mikserin istismar təlimatının “Təhlükəsizlik tədbirlərinə dair göstərişlər” başlığının 2.5-ci bəndinin tələblərini pozaraq, yəni avadanlıq işlədikdə onun hərəkətdə olan işçi hissələrinin zonasında işçi heyətinin olmasına yol verməməli olduğu halda, buna yol verərək, yəni texniki təhlükəsizlik qaydalarını riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olduğu halda həmin qaydaları pozaraq, işə başlamazdan əvvəl beton qarışdıran mikseri bunkeri (qapağı) açıq vəziyyətdə-yolverilməz şəraitdə işə salmaqla 20 dəqiqə işlək vəziyyətdə saxlayaraq mikserin bunkerinin (qapağının) açıq vəziyyətdə olmasını, həmçinin “xxxxxxxx” QSC-də elektrik qaynaqçısı işləyən x2 betonqarışdıranın hərəkətdə olan işçi hissələrinin təhlükəli zonasında olmasını xüsusi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş və bu əməllər ehtiyatsızlıqdan x2 betonqarışdıran qurğunun pərlərinin təsirindən kəllə qapağı və kəllə əsası sümüklərinin, üz sümüklərinin çoxqəlpəli açıq sınıqları, beyin maddəsinin əzilibdağılması, körpücük sümüklərinin, kürək sümüklərinin, onurğa sütununun, qabırğaların, çanaq sümüklərin, yuxarı və aşağı ətraf sümüklərinin çoxqəlpəli yerdəyişmiş sınıqları, daxili orqanların əzilib dağılması, bədən səthinin yumşaq toxumalarının əzilməsi kimi xəsarətlər almasına və həyat ilə bir araya sığmayan bütün bədənin ağır travma kompleksi nəticəsində ölümünə səbəb olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi v əvə ifadəsində bildirdi ki, orta təhsillidir. 2019-cu ilin əvvəllərində iş axtardığı zaman 2019-cu ilin may ayının 1-də 11 saylı İDYM-nin Ağdaş rayonu Dəhnəxəlil kəndində fəaliyyət göstərən beton zavodunda iş olduğunu bilib həmin zavoda müraciət etmiş, həmin zavodda həmin vaxtlarda beton qarışdıran mikser aparatını işlətmək üçün operator lazım olduğunu bilmiş və əvvəllər həmin işi gördüyü üçün işləyə biləcəyini demiş, lakin həmin aparatı işlətmək üçün sadəcə təcrübəsi olduğunu, işlətməklə bağlı heç bir sertifikatının olmadığını, bununla bağlı heç bir kurs keçmədiyini demiş, həmin vaxt beton zavodda operator olaraq işə qəbul edilmiş, sənədlərini toplayıb təqdim etdikdən sonra may ayının 1-də müəssisədə operator olaraq işə qəbul edilmiş, həmin vaxt onunla əmək müqaviləsi bağlanmış, həmin gündən işə başlamış, işə başladığı gündən bu günə kimi texniki təhlükəsizliyi ilə bağlı hər gün təlimatlanmış və geyimlə təmin olunmuş, həmçinin, işə qəbul edildiyi zaman vəzifə təlimatı ilə də tanış olmuşdur. 2020-ci ilin əvvəllərində işlədiyi 11 saylı İDYM “xxxxxxxx” QSC-yə keçdikdən sonra onunla xxxxxxxx” QSC-i arasında 11 fevral 2020-ci il tarixdə beton zavodda operatorluğa davam etməyi üçün yenidən əmək müqaviləsi bağlanmış və vəzifə təlimatı ilə yenidən tanış olmuşdur. 06 mart 2020-ci il tarixdə texniki təhlükəsizliyə cavabdeh şəxs olan Çingiz adlı şəxs tərəfindən təlimatlandırılmış və texniki təhlükəsizliklə bağlı curnala imza etmişdir. Vəzifə təlimatına əsasən işə başlamazdan əvvəl beton qarışdıran qurğunun elektrik xətlərini, qapaqlarının bağlı olmasını, siqnalın verilməsini yoxlamalı, tullantılar boşaldılarkən su pərdəsini qoşmalı,, sementin beton qarışdırıcının köməyi ilə və ya əl ilə hidroizolyasiyasının istehsalı üçün hazırlamalı olduğunu və s. bildirmişdir. Həmçinin, vəzifə təlimatıda qeyd edilənləri və işlətdiyi beton qarışdıran mikseri necə işlətmək lazım olduğunu, mikser işləyərkən onun ətrafında və hissələrinin ətrafında işçi heyətinin və ya digər şəxslərin olmamalı olduqlarını əvvəlcə operator işlədiyi üçün əvvəldən də bildiyini, iş zamanı beton hazırlamalı olduğu göstərişi veriləndə mikseri işə salan aparatın olduğu otağa gedib orada sistemin üzərində olan “acil” düyməsini qaldırdıqdan sonra “start” düyməsini basdığını və siqnal səsinin çalındığını, siqnal səsindən sonra sistem üzərində “emniyyet” düyməsini basılı vəziyyətdə saxlamaqla “start” düyməsini basdığını, həmin vaxt mikserin işə düşdüyünü, içərisində pərlərinin fırlanmağa başladığını, bundan sonra mikserin içərisində qarışdırılmalı olan malzəmələrın mikserin içərisinə yığılmağa başladığını, təxminən 1 m3 beton təxminən 1 dəq 10 saniyə müddətində hazırlanıb beton qarışdıran maşına tökülüb sahəyə aparıldığını bildirmişdir. Beton zavodda qaynaqçı işləyən x2 hər gün işə gəldikdən sonra beton məhlulu hazırlamağa başlamadan əvvəl beton qarışdıran mikserin içərisinə baxış keçirib qaynaq işləri aparmalı olduqda preparatorla mikserin divarlarına yapımış beton məhlulunu təmizləyib hər hansı bir zədə aşkar etdikdə onu svarkalayıb aradan qaldırdıqdan sonra beton zavodda beton məhlulu hazırlamaq üçün işə başladığını, mikser ara vermədən bütün gün işlədiyi üçün mikserə tez-tez qaynaq işləri lazım olduğunu, Mahir Hacıyev demək olar ki, hər gün mikserə iş başlamadan əvvəl baxış keçirdiyini bildirmişdir. 06 mart 2020-ci il tarixdə saat 08:05 radələrində işə gəldikdən sonra beton zavodda işlədiyi yerə getmiş, orada kon sürücüsü Zaur və qaynaqçı Mahir Hacıyev olmuş, Zaur aşağıda öz işləri ilə məşğul olmuş, Mahir Hacıyev isə yuxarıda mikserin içərisində olmuş, yuxarıdan mikserin içərisindən preparatorun səsinin gəlməsindən bunu bilmiş, mikseri idarəetmə aparatının işə salındığı otağın altında yerləşən həmişə çay içdikləri, yemək yedikləri otağa daxil olub çay qoymuş, Mahir Hacıyevin işini bitirməsini gözləmiş, həmin vaxt Zaur da otağa daxil olmuş, birlikdə çay içməyə başlamışlar. Təxminən 5-10 dəqiqə sonra Mahir Hacıyev onu səslədikdən sonra otaqdan çıxdıqda Mahir Hacıyev yuxarıda mikserin yanında olmuş, ona “sistemi işə sal, mikserin qapağını aç, içərisindəki qalıqlar yerə tökülsün” demiş, o, da idarəetmə otağına girib mikseri işə salmaq üçün “acil” düyməsini qaldırmış və “start” düyməsini basmış, bu vaxt siqnal çalmış və motoru qoşduqdan sonra alt qapağı açmış, daha sonra da mikseri işə saldıqdan sonra mikserin pərləri işə düşmüş, bu vaxt Mahir Hacıyev yuxarıda mikserin içərisinə baxıb işə düşdüyünü və qalıqları yerə tökdüyünü görüb aşağıya enmiş, Mahir və Zaur ilə birlikdə çay içməyə başlamışlar. Həmin vaxt beton zavodda pompaçı işləyən İlham da oraya gəlmiş və onlarla birlikdə çay içməyə başlamışdır. Birlikdə çay içəndə ona zəng gəlmiş və ondan beton hazırlamağı istənilmişdir. Otaqdan çıxanda təxminən 100 metr aralıda dayanmış beton qarışdıran maşının sürücüsü Əhmədə maşını mikserin altına verməsini demiş, bunu deyib mikserin olduğu hissəyə yuxarıya qalxıb sement tərəzisinin rezinini yoxlamış, daha sonra düşüb otağa gələrək sistemi saat 08:57-də işə salmışdır. Həmin vaxt idarəetmə otağında sistem üzərində işləyərək mikserin içərisinə sement, qum və su yükləmiş, həmin vaxt kompyuterdə 7m3 beton məhlulu hazırlamaq üçün yığmış, 1m3 məhlulu da sistem təxminən 1 dəq 10 saniyəyə hazırlamışdır. Mikserdə 1m3 məhlul hazırlandıqdan sonra beton məhlulu beton qarışdıran maşına töküldükdən sonra sistemdə nasazlıq olduğu göstərilmiş və otağın pəncərəsindən aparatın rezinlərinə baxdıqda rezinlərdə dayanma olduğunu görüb o zaman boşaltma düyməsini söndürmüş və lentlərin gedişini saxlamışdır. Lakin mikser həmin vaxt işlək vəziyyətdə olmuşdur. Otaqdan çıxıb lentin kənarı ilə baxabaxa getmiş və lentin boşaldığını görüb Zaur və İlhamın köməkliyi ilə lentləri düzəltməyə çalışmışdır. Lentləri sıxıb düzəltdikdən sonra yenidən otağa qayıdıb sistemi işə salanda yenidən problem olduğunu görüb bu səfər mikseri söndürüb aşağıya düşmüş və lentləri yenidən düzəltməyə başlamışdır. Hətta həmin vaxt Mahir Hacıyevə zəng edib gəlib onlara kömək etməsini demək istərkən ona zəng çatmamış, həmin vaxt işinə davam etdikdə mikserə aşağıdan baxanda mikserin qapağının açıq vəziyyətdə olduğunu görmüş, bu vaxt təəccüblənmiş və mikserin qapağının nə üçün açıq olmasını başa düşə bilməmiş, həmin vaxt Zaur və İlhamın yanında öz-özünə gileylənərək Mahir Hacıyevin işini bitirdikdən sonra nə üçün mikserin qapağını açıq qoymasına söylənə-söylənə mikserin olduğu yerə yuxarıya qalxıb mikserin içərisinə baxanda əvvəl oxşada bilməsə də, açıq hissəsindən mikserin içərisində adam olduğunu bilmiş və həmin adamın da Mahir Hacıyev olduğunu anlamışdır. 06 mart 2020-ci il tarixdə beton zavodda 08:57-də betonqarışdıran mikseri işə salarkən onun qapağının açıq olub-olmamasını yoxlamamışdır. Betonqarışdıran mikserin qapağı açıq vəziyyətdə olarkən işlədiyini, həmin vaxt mikseri işə salarkən kompyuterdə proqramı yığmağa başı qarışdığı üçün mikser və onun hissələrinə baxa bilmədiyini, Şahid2 həmin vaxt mikserin içindən yerə tökülən qalıqları çayın kənarına aparıb tökmək üçün kon maşını ilə yığışdırdığını, həmin vaxt Zaurun başı qarışıq olduğundan mikserin yanına qalxıb sement tərəzisini yoxlamağını görməmiş ola biləcəyini, mikser və onun hissələri təhlükəli olduğu üçün onun ətrafında işçi və ya başqa şəxslərin olmamalı olduğunu, bunu qabaqcadan bildiyini, lakin həmin gün idarəetmə otağında başı proqram yığmağa qarışdığı üçün ətrafda işçi və ya başqa şəxslərin olub-olmamasına diqqətli baxmadığını, işə qəbul edilərkən vəzifə təlimatı ilə tanış olduğunu, işə başlamadan əvvəl mikserin bunkerinin (qapağının) bağlı olmasını yoxlamalı olduğu halda lakin həmin vaxt mikserin qapaqlarının bağlı olmasını düşünüb gedib qapaqları yoxlamadığını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2020-ci ilin yanvar ayından “xxxxxxxx” QSC-nin Ağdaş rayonu Dəhnəxəlil kəndində fəaliyyət göstərən beton zavodunda əmək müqaviləsi ilə yükləyici operator işləyir. Hər gün səhər saat 08:00-da işə başlayır, səhər işə başlayanda beton zavodda təhlükəsizliyə nəzarət edən Çingiz adlı şəxs tərəfindən təlimatlanır və təlimatlandırma curnalına imza edir. Beton zavodda işi kon texnikası vasitəsilə qumu, çınqılı bunkerlərin içinə əlavə edir. Mahir Hacıyevi iş prosesində tanımış, ona ağsaqqal bir insan kimi hörməti olmuşdur. 06 mart 2020-ci il tarixdə səhər saat 08:00-da işə gəlmiş, təlimatlandıqdan sonra curnala imza edib işə başlamışdır. İşə başladıqdan sonra beton zavodda işlətdiyi mexanikanın yanına getmiş, həmin vaxt beton zavodda qaynaqçı işləyən Mahir Hacıyev olmuş və mikserin içərisində qaynaq işləri ilə məşğul olmuşdur. Həmin vaxt preparatorun səsindən onun orada işlədiyini bilmişdir. Öz növbəsində yükləyici texnikasının təmizliyi və saz olub-olmaması ilə bağlı onu gözdən keçirməyə başlamışdır. Həmin vaxt beton zavoda operator işləyən Təqsirləndirilən şəxs da gəlib çıxmış və mikseri işə salan idarəetmə otağında çay dəmləməklə məşğul olmağa başlamışdır. Təxminən 10 dəqiqə sonra Mahir Hacıyev mikserin içərisindən çıxaraq yuxarıdan Ruslana səslənib işini bitirdiyini və mikseri işə sala biləcəyini demişdir. Bundan sonra Ruslan idarəetmə otağından mikseri siqnal səsi ilə birlikdə işə saldıqdan sonra Mahir Hacıyev də yuxarıdan aşağı enərək birlikdə mikseri idarəetmə otağının altında yerləşən otaqda birlikdə çay içməyə başlamışlar. Çay içən zaman oraya pompa operatoru işləyən İlham da gəlib çıxmış və onlarla birlikdə çay içməyə başlamışdır. Təxminən 5-10 dəqiqə sonra Ruslana zəng gəldikdən sonra Ruslan beton hazırlamaq üçün idarəetmə otağına qalxmış, o, da Ruslanla bərabər mikserin altına maşın girməmiş mikserin içindən tökülənləri yığışdırmaq üçün otaqdan çıxmışdır. Həmin vaxt İlham və Mahir Hacıyev içəridə qalıb çay içirmişlər. Ruslan idarəetmə otağında mikseri işlətmək üçün proqram yığanda o, da kon vasitəsilə mikserdən tökülən beton qalıqlarını yığışdırmağa başlamışdır. Təxminən 5 dəqiqə müddətində beton qalıqları yığışdırıb başqa yerə tökmək üçün oradan uzaqlaşmışdır. O, oradan uzaqlaşdıqda Mahir Hacıyevi görməmişdir. Təxminən 5 dəqiqə sonra kon vasitəsilə qumu, çınqılı bunkerlərə tökəndə Ruslan Hacıyevin idarəetmə otağından çıxaraq lentlərə baxmağa getdiyini görüb oraya qayıdıb gəlmişdir. Həmin vaxt İlham və Ruslanın qumu və çınqılı mikserin içərisinə aparan lentlərə müdaxilə etmələrinə, həmin lentləri dartmalarına kömək etməyə başlamışdır. Həmin vaxt beton qarışdıran mikser işləmişdir. Lentləri bir dəfə dartıb düzəltdikdən sonra Ruslan yenidən idarəetmə otağına qayıdıb proqramı yoxladıqdan sonra yenidən qayıdıb problemin hələ də davam etdiyini dedikdə yenidən lentləri düzəltməyə başlamışlar. Həmçinin, onlara kömək etməsi üçün Mahir Hacıyevi də axtarmağa başlayıb hətta onu bir neçə dəfə səsləmişlər. x5 tapa bilməyib işlərinə davam etmişlər. Təxminən 5-10 dəqiqə sonra Ruslan boylanıb baxanda mikserin qapağını açıq vəziyyətdə gördükdə qapağın açıq olmasına təəccüblənib Mahir Hacıyevin işini gördükdən sonra nə üçün mikserin qapağını açıq qoymasına gileylənə-gileylənə onlardan ayrılıb mikserin yanına yuxarıya qalxmışdır. Ruslan yuxarıya qalxıb mikserin içərisinə baxanda çöküb qalmış və Mahir Hacıyevin mikserin içərisində olduğunu, üzərinin beton məhlulu ilə örtüldüyünü, onun öldüyünü bildirmişdir. O, ifadəsində Təqsirləndirilən şəxs sement tərəzisinin rezinini yoxlamağa qalxdığını görmədiyini, mikserdən tökülən qalıqları təmizləyəndə Təqsirləndirilən şəxs idarəetmə otağında olduğunu, Təqsirləndirilən şəxs betonqarışdıran mikseri işə salmamışdan əvvəl onun qapaqlarını yoxlamadığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2020-ci ilin yanvar ayından “xxxxxxxx” QSC-nin Ağdaş rayonu Dəhnəxəlil kəndində fəaliyyət göstərən beton zavodunda əmək müqaviləsi ilə pompaçı operator işləyir. Hər gün səhər saat 07:00-də işə başlayır. İşi beton zavodda hazırlanmış betonu işlədiyi yerdə lazım olan yerlərə yerləşdirmək və işi bitdikdən sonra da səhər zavoddan gəlib götürdüyü su ilə işlətdiyi texnikanın içini yumaqdır. Hər gün işə gəldikdən sonra beton zavodda texniki təhlükəsizliyə nəzarət edən Çingiz adlı şəxs tərəfindən təlimatlanır və təlimatlandırma curnalına imza edir. 06 mart 2020-ci il tarixdə səhər saat 07:00-da işə gəldikdən sonra texniki təhlükəsizliyi ilə bağlı təlimatlandıqdan sonra curnala imza edib işə başlamış və su götürmək üçün hər gün getdiyi beton zavoda getmişdir. Beton zavoda gedəndə Ruslan, Zaur və Mahir mikseri idarəetmə aparatı olan otağın altındakı otaqda oturub çay içirmişlər. Texnikanı saxlayıb onlara qoşulmuş və birlikdə çay içməyə başlamışlar. Birlikdə çay içəndə Ruslana zəng gəlmiş və telefonla danışdıqdan sonra Ruslan beton hazırlamağa başladıqlarını demişdir. Bunu deyib Ruslan otaqdan çıxmış, onun arxasınca da Zaur və Mahir çıxmışdır. Təxminən 5 dəqiqə sonra otaqdan çölə çıxanda Ruslanı da idarəetmə aparatı olan otaqdan düşən görmüş və ondan nə baş verdiyini soruşduqda zavodun xarab olduğunu, işləmədiyini demişdir. Ruslanla birlikdə ona kömək etmək üçün getmiş və bir az aralıda olan beton zavodun material daşıdığı lentlərini baxış keçirmiş və onların boşalma ehtimalına qarşı lentləri sıxmağa başlamışlar. Bundan sonra Ruslan yenidən otağa qayıdıb sistemə baxış keçirəndə zavodun yenə də işləmədiyini deyib düşüb onun yanına gəlmişdir. Bu vaxt kon sürücüsü Zaur da onların yanına gələrək birlikdə lentləri sıxmağa başlamışlar. Həmin vaxt Ruslan Mahiri axtarmağa başlamış və gəlib onlara kömək etməsi gərəkdiyini deyəcəkmiş. Lakin Mahir ortalıqda görünmürmüş. Lentləri sıxmağa davam edəndə Ruslan başını qaldırıb mikserə baxış keçirəndə mikserin qapağının açıq olduğunu görüb təəccüblənərək Mahir Hacıyevin arxasınca gileylənmiş və onun işini bitirdikdən sonra nə üçün mikserin qapağını açıq vəziyyətdə qoymasına görə arxasınca söylənmiş və söylənə-söylənə yuxarıya mikserin olduğu yerə qalxmış və mikserin içərisinə baxdıqdan sonra yuxarıdaca başını tutub qışqırmışdır. Təqsirləndirilən şəxs sement tərəzisinin rezinini yoxlamağa qalxdığını görmədiyini, Təqsirləndirilən şəxs betonqarışdıran mikseri işə salmamışdan əvvəl onun qapaqlarını yoxladığını görmədiyini bildirdi. İbtidai istintaq zamanı hadisə yerinə ilkin və əlavə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə yeri Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən “xxxxxxxx” QSC-yə məxsus beton məhlulu hazırlanan sahədir. Qeyd olunan qurğu müəssisənin ərazisinə daxil olduqda qarşı tərəfdə yerləşmişdir. Zavod üsulu ilə hazırlanmışdır. Müxtəlif metal konstruksiyalar üzərində quraşdırılmışdır. Hadisə baş vermiş mikser torpaq səthindən təxminən 5 metr hündürlükdə yerləşir. Dəmir pilləkənləri qalxdıqda meydançadır. Təxminən onun orta hissəsində qeyd olunan mikser quraşdırılmışdır. Mikser özü çevrilmiş kəsik konus formalıdır. 380 volt gərginlikdə elektrik enercisi ilə hərəkətə gətirilir. Mikserin üst səthi, eləcə də meydançanın döşəməsi beton qalıqlarla örtüklüdür. Baxışda iştirak edən Cahangir Mahmudovun bildirdiyinə görə hadisə baş verdikdən sonra mikser istifadə edilməmişdir. Baxış zamanı mikserin ətraf sahəsində ümumi nizam pozulmamışdır. Eyni zamanda mikserin quraşdırıldığı meydançanın döşəməsi üzərində 1 ədəd preparator tipli dizel, elektrik qaynaq aparatı olmuşdur. Baxış zamanı mikserin gövdəsi eləcə də daxili hissələri üzərində adi gözlə görünən sınma, dağılma, qopma əlamətləri müşahidə edilməmişdir. Mikserin arxa tərəfində yerləşən baxış pəncərəsinin qapağı yuxarıya qaldırılmış vəziyyətdə açıq olmuşdur. Oradan mikserin daxili müşahidə edilirdi. Baxış zamanı mikserin daxilində o cümlədən onun pərləri və divarlarının səthində beton qalıqları var idi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, müəssisədə operator vəzifəsində işləri və peşəsi mikseri idarə etməkdir. Həmin yerdə mikserdən təxminən 7-8 metr məsafədə dayaqlar üzərində quraşdırılmış operator otağından həmin mikserin, eləcə də mikserdə betonun hazırlanmasına aid texnoloci prosesin həyata keçirilməsini idarə edir. Mikserə müxtəlif texnoloci avadanlıqlar o cümlədən semetin, qumun, çınqılın, suyun verilməsini təmin edir, bir-biri ilə əlaqələndirir. Baxış zamanı mikser işə salındı və onun işlək vəziyyətində qurğu öyrənildi. Mikserin baxış pəncərəsinin qapağı açıq vəziyyətdə mikser işə düşdü, pərləri dövr etdi. Bu zaman hər hansı qeyri-adi hal müəyyən edilmədi. Mikserin ölçüləri götürülərkən müəyyən edildi ki, mikserin yerinin diametri 2,3 metr, quraşdırıldığı döşəmədən onun üst hissəsinədək hündürlük 2,5 metr, nəzarət pəncərəsinin uzunluğu 1,2 metr, eni 0,5 metr oldu. Daha sonra mikserin idarəetmə pultu yerləşən otağa baxış keçirən zaman müəyyən edildi ki, həmin otaqda mikseri idarəetmə cihazları quraşdırılıb və buradakı şüşəli pəncərədən mikser quraşdırılmış yer tam müşahidə edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, səhər işə gəldikdə Mahir Hacıyevi mikserin içini təmizləyən görmüş, daha sonra Mahir ilə birlikdə mikserin idarəetmə pultunun yerləşdiyi otağın alt hissəsində yerləşən otaqda onunla birlikdə çay içmiş, çay içən zaman ondan mikserin içini təmizləyib-təmizləmədiyini soruşmuş, Mahir Hacıyev də təmizlədiyini demiş, bundan sonra saat 08:57-də mikseri idarəetmə otağına gedərək mikseri işə salmaq üçün aparatın üzərindəki “start” düyməsini basmış, düyməni basdıqdan sonra siqnal səsi ilə mikser işə düşmüş və içərisində hər hansı bir material olmadan özü-özünü təmizləmək üçün mikserin içərisində olan pərlər fırlanmağa başlamış, həmin vaxt özü idarəetmə otağından enərək çay içmək üçün aşağı otağa getmiş, orada Mahir Hacıyev də olmaqla Şahid2 və Şahid1 ilə birlikdə çay içməyə davam etmiş, lakin mikserin qapağının açıq olub-olmadığını yoxlamamış, təxminən 5 dəqiqə sonra ona zəng edilərək beton məhlulu hazırlaması deyilmiş, bundan sonra otaqdan çıxaraq mikseri idarəetmə otağına qalxmış, o, otaqdan çıxarkən digər 3 nəfəri otaqda olmuş, idarəetmə otağına qalxdıqdan sonra mikserin idarəetmə aparatının qarşısında oturmuş və mikserin içərisinə proqram vasitəsilə çınqıl, qum, su və sement doldurmuş, istənilən miqdar 7 m3 olduğu üçün proqramı həmin miqdara qurmuş, hazırlanan beton məhlulunu ** EH *** nömrəli beton qarışdıran sürücüsü Əhməd adlı şəxs olan maşına yüklənməsi nəzərdə tutulmuş, daha sonra təxminən 1 dəqiqə 10 saniyə müddətində 1 m3 beton məhlulu hazırlanıb ** EH *** nömrəli maşına yükləndikdən sonra ikinci m3 hazırlanan zaman mikserin içərisinə tökülmək üçün dəmir relslərin üstü ilə gedən çınqıl və qumun gedişində maneçilik yaranmış, həmin vaxt idarəetmə otağından çıxaraq gedib dəmir relslərin üzərindəki rezin örtüyü sıxaraq düzəltmiş və otağa qayıtmış, yenidən qum və çınqılın gedişində problem yarandıqda düşüb yenidən relsləri sıxmaq üçün getmiş, həmin vaxt Mahir Hacıyevi ona kömək etmək üçün axtarmış, lakin tapa bilmədiyi üçün Şahid2 və Şahid1 ona kömək etmiş, onlar birlikdə relsləri düzəltmək üçün çalışdıqda öz dayandığı istiqamətdən mikserə baxanda mikserin qapağını açıq vəziyyətdə görmüş, bundan sonra qapağın nə üçün açıq olmasını bilmədən yuxarı çıxıb mikserin içərisinə baxanda Mahir Hacıyevin cansız bədənini mikserin içərisində olan beton məhluluna bulaşdığını görmüş və dərhal aşağı idarəetmə otağına enərək saat 09:34-də mikseri işə salan idarəetmə qurğusunun “stop” düyməsini basmış və qurğunun işini dayandırmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs dediklərini yerində yoxlamaq üçün idarəetmə otağında olan qurğunun yaddaşında olan görüntülərə tərəfimdən baxış keçirilmişdir və müəyyən edilmişdir ki, qurğu 06 mart 2020-ci il tarixdə saat 08:57-də siqnal səsi ilə birlikdə işə düşmüş, qurğu işə düşdükdən sonra ona 7 m3 beton məhlulu hazırlamaq üçün proqram yığılmış, 1 m3 beton məhlulu hazırlanmış, lakin digər m3-lər hazırlanmamış, qurğu saat 09:34-də dayandırılmışdır. Mikser qapağı açıq vəziyyətdə işlədiyi üçün onun həmin gün qapağının açıq olması 37 dəqiqə işləməsinə maneçilik törətməmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 06.03.2020-ci il tarixli 03 №-li rəyindən görünür ki, x2 meyitində aşkar olunan xəsarətlər-kəllə qapağı və kəllə əsası sümüklərinin, üz sümüklərinin çoxqəlpəli açıq sınıqları, beyin maddəsinin əzilib-dağılması, körpücük sümüklərinin, kürək sümüklərinin, onurğa sütununun, qabırğaların, çanaq sümüklərin, yuxarı və aşağı ətraf sümüklərinin çoxqəlpəli yerdəyişmiş sınıqları, daxili orqanların əzilib dağılması, bədən səthinin yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri 06.03.2020-ci il tarixə uyğundur, həyat ilə bir araya sığmayan xəsarətlərə aiddirlər.x2 ölümünə səbəb həyat ilə bir araya sığmayan bütün bədənin ağır travma kompleksi olmuşdur.x2 meyitində aşkar olunan xəsarətlər işlək vəziyyətdə olan beton qarışdıran qurğunun içərisinə düşərkən həmin qurğunun pərlərinin təsirindən əmələ gələ bilərlər. x2 meyitindən götürülmüş qanda etil spirti aşkar edilmədi. İş üzrə keçirilmiş məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 09 aprel 2020-ci il tarixli 10/556 №-li rəyindən görünür ki, “SİMEM” SUN 1500-BETON İstismar təlimatının “Təhlükəsizlik tədbirlərinə dair göstərişlər” başlığının 2.5-ci bəndinin və “xxxxxxxx” QSCnin direktoru tərəfindən 11.02.2020-ci il tarixdə təsdiq edilmiş “Beton qarışdırıcının operatorunun vəzifə təlimatı”nın 2.1-ci bəndinin tələblərini pozulmuşdur.Həmin tələblərin pozulması: beton zavodunun mikserinin operator tərəfindən işə salındığı zaman müəssisənin işçisi-qaynaqçı x2 betonqarışdıranın hərəkətdə olan işçi hissələrinin təhlükəli zonasında olmasından və göstərilən yolverilməz şəraitdə, o cümlədən mikserin qapağının açıq vəziyyətində qurğunun işə salınmasından ibarət olmuşdur.“SİMEM” SUN 1500- BETON İstismar təlimatının “Təhlükəsizlik tədbirlərinə dair göstərişlər” başlığının 2.5-ci bəndinin və “xxxxxxxx” QSC-nin direktoru tərəfindən 11.02.2020-ci il tarixdə təsdiq edilmiş “Beton qarışdırıcının operatorunun vəzifə təlimatı”nın 2.1-ci bəndinin tələbləri-hadisə zamanı beton qarışdırn mikseri idarə etmiş və onu işə salmış “xxxxxxxx” QSC-nin 6-cı dərəcəli operatoru Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Hadisə yerinə ekspertin iştirakı ilə baxış keçirilən zaman hadisə baş vermiş qurğu işlək vəziyyətdə olmuş və texniki baxımdan hər hansı uyğunsuzluq aşkar edilməmişdir. İstintaq tərəfindən müəyyən edilmiş şəraitdə zərərçəkmişin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmədi. “SİMEM” SUN 1500-BETON adlı beton qarışdıran mikserin istismar təlimatının “Təhlükəsizlik tədbirlərinə dair göstərişlər” başlığının 2.5-ci bəndinin tələblərinə əsasən avadanlıq işlədikdə onun hərəkətdə olan işçi hissələrinin zonasında işçi heyətinin olmasına yol verilməməlidir. “xxxxxxxx” QSC-nin direktoru x1 tərəfindən təsdiq edilmiş 11 fevral 2020-ci il tarixli beton qarışdırıcının operatorunun vəzifə təlimatının “Vəzifələr” adlı 2-ci bölməsinin 2.1-ci bəndinə əsasən işə başlamazdan əvvəl avadanlığın elektrik xətlərini, qovşaqlarını, elevatorlarını, bunkerin bağlı olmasını və siqnalın verilməsini yoxlamalıdır. İş üzrə zərərçəkmiş şəxs x2 hüquqi varisi həyat yoldaşı Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək “xxxxxxxx” QSC tərəfindən ərinin dəfn xərcləri üçün 7.600 manat, birdəfəlik yardım kimi 15.000 manat ödənildiyini bildirmiş, “xxxxxxxx” QSC-nin rəhbərliyinə və əməkdaşlarına qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və himayəsində üç azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin mənasına görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcbürəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində istehsalatda işlədilən mexanizmlərə nəzarət fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin etməyi və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını sınaq müddəti müəyyən edilməklə şərti hesab etməyi məqsədə müvafiq bilir və hesab edir ki, onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilərək azadlıqda saxlanılması Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsinə mindiyi tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri 166 manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə istehsalatda işlədilən mexanizmlərə nəzarət fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə bir il altı müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş bir il altı müddətə azadlıqdan məhrum etmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs hökmün icrasına nəzarət edən orqanda qeydiyyatdan keçmək, həmin orqanın razılığı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq tapşırılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 166 (yüzaltmışaltı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: FamilNəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar