Məhkəmə qərarları › İş №1(014)-37/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-37/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-37/2022 11.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxx 1980-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində 2 azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 22.12.2021-ci il tarixdə saat 20:00 radələrində gördüyü işin müqabilində 30 manat pulun əvəzi olaraq Ağdaş şəhəri Zeynəddin küçəsi 9-da qeydiyyatda olan və yaşayan 30.11.1975-ci il təvəllüldü X1 aldığı şəxsi istelak miqdarından artıq miqdarda təmiz çəkisi 1,605 qram narkotik vasitə hesab olunan heroini qanunsuz olaraq əldə edərək satış məqsədi olmadan üzərində saxlayaraq daşımış və həmin narkotik vasitə 23.12.2021-ci il tarixdə saat 03:41-də ünvan 2 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhiəsəb xəstəliyi olmadığını, ifadəsinin kompüter vasitəsilə müstəntiq tərəfindən yazılmasına etirazı olmadığını, evli olduğunu, iki övladının olduğunu, övladlarının hər ikisinin azyaşlı olduğunu, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitələrin istifadəçisi olduğunu, 2019-cu və 2020-ci illərdə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, usta olduğunu, X11 şəhəri M.İsayev küçəsi ünvanında yerləşən işlətdiyi çayxanda piştaxta düzəltdiyini, bir günü 15-20 manata işlədiyini, 22.12.2021-ci il tarixdə işlədiyi günün axırında Rəfi ona 20 manat pul verməli olduğunu, həmçinin, əvvəlki gündən də ona 10 manat borcu qaldığını, həmin 30 manat pulun müqabilində Rəfinin ona narkotik vasitə olan heroin verdiyini, özünün də həmin heroini götürüb istifadə etmək üçün üzərində saxladığını, 23.12.2021-ci il tarixdə təxminən saat 02:00 radələrində Rəfi Rəhimov, Şahid5, Şahid6 və Şahid4 ilə birlikdə həmin kafedə çay içdiklərini, həmin vaxt polis əməkdaşlarının oraya gəldiklərini və onlara yaxınlaşaraq narkotik vasitə saxlamaları barədə onlarda məlumat olmasını bildirdiklərini və onları Ağdaş RPŞ-yə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan büküm, sağ cibindən özünə məxsus “Nokia” markalı mobil telefon və 1 ədəd 5 manatlıq pul əsginası aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli toz və kristal halında maddə aşkar edildiyini, həmin maddənin “kokos”, yəni narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra həmin sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1,85 qram olduğunu, sonra həmin sellofan bükümün və ona məxsus mobil telefon ayrı-ayrı zərfə qablaşdırıldığını, üzərilərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, həmçinin, özünə məxsus 1 ədəd 5 manatlıq pul əsginasının ona qaytarıldığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, Rəfi Rəhimovun üzərində heroin, Şahid6 üzərində tiryək, Şahid5 üzərində metamfetamin olduğunu bilmədiyini, əvvələr Rəfi Rəhimovdan narkotik vasitə almadığını, birinci dəfə idi ki, Rəfinin ona heroin satdığını, Rəfi Rəhimovun başqa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satdığını bilmədiyini, özündə başqa narkotik vasitə olmadığını, üzərindən götürülmüş mobil telefonunun üzərində ***-***-**-** saylı mobil nömrə olduğunu, başqa nömrəsinin olmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 23.12.2021-ci il tarixdə Ağdaş şəhəri M.ünvan 1-də qeydiyyatda olan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 02:00 radələrində digər polis əməkdaşları ilə birlikdə Ağdaş şəhəri M.İsayev küçəsində piyada hərəkətdə olan zaman Rəşadı M.İsayev küçəsində yerləşən Rəfi adlı şəxsin işlətdiyi çayxanada olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, həmçinin, onu RPŞ-yə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Rəşadın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Rəşadın əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan büküm, sağ cibindən ona məxsus “Nokia” markalı mobil telefon və 1 ədəd 5 manatlıq pul əsginası aşkar edildiyini, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli toz və kristal halında maddə aşkar edildiyini, Rəşadın həmin maddənin “kokos”, yəni narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra həmin sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1,85 qram olduğunu, sonra həmin sellofan büküm və Rəşada məxsus mobil telefon ayrı-ayrı zərfə qablaşdırıldığını, üzərilərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, Rəşad və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, həmçinin, Rəşada məxsus 1 ədəd 5 manatlıq pul əsginasının onun özünə qaytarıldığını, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Rəfi adlı şəxsdən 22.12.2021-ci il tarixdə iş gününün sonunda saat 20:00 radələrində gördüyü işin müqabilində 30 manat pulun əvəzi olaraq aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Rəşadı RPŞ-yə dəvət edən zaman orada Rəşaddan başqa Rəfi Rəhimov, Şahid6, Şahid5 və Şahid4 adlı şəxslərin olduğunu, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə RPŞ-yə heç bir məlumat daxil olmadığını, Rəşadın üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşları olduğunu, həmçinin şəxsi axtarışın videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Ağdaş şəhər sakini Rəfi adlı şəxsin Ağdaş şəhəri “Qozların dibi” adlanan ərazidə işlətdiyi çayxanasında işlədiyini, 23.12.2021-ci il tarixdə təxminən saat 02:00 radələrində həmin çayxanada olduğunu, həmin vaxt orada Şahid4, Rəfi Rəhimov, Təqsirləndirilən şəxs və Şahid6 olduğunu və onlarla birlikdə həmin kafedə çay içdiklərini, həmin vaxt polis əməkdaşlarının oraya gəldiklərini və onlara yaxınlaşaraq narkotik vasitə saxlamaları barədə onlarda məlumat olmasını bildirdiklərini və onları Ağdaş RPŞ-yə dəvət etdiklərini, polis şöbəsində onun üzərinə baxış keçirilən zaman onun üzərində psixotrop maddə olan metamfetamin aşkar olunduğunu və onun barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlandığını, bundan sonra onunla birlikdə çayxanada olan Rəfi Rəhimov, Şahid6 və Təqsirləndirilən şəxs tutulduğunu və onların üzərinə baxış keçirilərkən onların üzərindən narkotik vasitə aşkar olunduğunu eşitdiyini, həmin vaxt Rəşadın üzərində narkotik vasitə olduğunu bilmədiyini, polis əməkdaşlarının çayxanaya gəlib onu RPŞ-yə dəvət edən zaman orada Şahid6, Şahid4, Rəfi Rəhimov və Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid4 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, 23.12.2021-ci il tarixdə təxminən saat 02:00 radələrində X11 şəhəri “Qozların dibi” adlanan ərazidə işlətdiyi çayxanaya getdiyini, həmin vaxt Rəfi Rəhimov, Təqsirləndirilən şəxs, Şahid5 və Şahid6 ilə birlikdə həmin kafedə çay içdiklərini, həmin vaxt polis əməkdaşlarının oraya gəldiklərini və onlara yaxınlaşaraq narkotik vasitə saxlamaları barədə onlarda məlumat olmasını bildirdiklərini və onları Ağdaş RPŞ-yə dəvət etdiklərini, bundan sonra onunla birlikdə çayxanada olan Rəfi Rəhimov, Şahid6, Şahid5 və Təqsirləndirilən şəxs tutulduğunu və onların üzərinə baxış keçirilərkən onların üzərindən narkotik vasitə aşkar olunduğunu sonradan bildiyini, həmin vaxt Rəşadın üzərində, həmçinin, yanında olan digər şəxslərin üzərində narkotik vasitə olduğunu bilmədiyini, polis əməkdaşlarının çayxanaya gəlib onu RPŞ-yə dəvət edən zaman orada Şahid6, Şahid5 və Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid6 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Ağdaş şəhər sakini Rəfi adlı şəxsin Ağdaş şəhəri “Qozların dibi” adlanan ərazidə işlətdiyi çayxanasında işlədiyini, 23.12.2021-ci il tarixdə təxminən saat 02:00 radələrində həmin çayxanada olduğunu, həmin vaxt orada Şahid4, Rəfi Rəhimov, Təqsirləndirilən şəxs və Şahid5 olduğunu və onlarla birlikdə həmin kafedə çay içdiklərini, həmin vaxt polis əməkdaşlarının oraya gəldiklərini və onlara yaxınlaşaraq narkotik vasitə saxlamaları barədə onlarda məlumat olmasını bildirdiklərini və onları Ağdaş RPŞ-yə dəvət etdiklərini, polis şöbəsində onun üzərinə baxış keçirilən zaman onun üzərində narkotik vasitə olan tiryək aşkar olunduğunu və onun barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlandığını, bundan sonra onunla birlikdə çayxanada olan Rəfi Rəhimov, Şahid5 və Təqsirləndirilən şəxs tutulduğunu və onların üzərinə baxış keçirilərkən onların üzərindən narkotik vasitə aşkar olunduğunu eşitdiyini, həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bilmədiyini, polis əməkdaşlarının çayxanaya gəlib onu RPŞ-yə dəvət edən zaman orada Şahid5, Şahid4, Rəfi Rəhimov və Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 Varis oğlu da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Rəşadın üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Rəşadın əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm, sağ cibindən ona məxsus “Nokia” markalı mobil telefon və 01 ədəd 5 manatlıq pul əsginası aşkar edilmiş, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli toz və kristal halında maddə aşkar edilmiş, Rəşad həmin maddənin kakos, yəni narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirmiş, daha sonra həmin sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1,85 qram olmuş, sonra həmin sellofan büküm və Rəşada məxsus mobil telefon ayrı-ayrı zərfə qablaşdırılmış, üzərilərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmişlər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 23.12.2021-ci il tarixli 17/865 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 1,605 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 24.01.2022-сi il tarixli 97 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli, 1(014)-32/2019 saylı hökmü ilə 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin 24.05.2020-ci il tarixli, 1(014)- 45/2020 saylı hökmü ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 dekabr 2021-ci il tarixli 4572 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.ünvan 1 saylı evdə yaşamaqla ailə tərkibi ibarətdir: arvadı – X10; oğlu X3 – 2010-cu il təvəllüdlü; oğlu X7 – 2013-cü il təvəllüdlü. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 23 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 02:59da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli, 1(014)- 37/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1980-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs (AZE ********) barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 etap olunması və yerləşdirilməsi, Təqsirləndirilən şəxs tutulub X2 təhvil verildikdə bu barədə dərhal Ağdaş Rayon Məhkəməsinə məlumat verilməsi, qərarın icrasının Ağdaş rayon Polis şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin 10.04.2022-ci il tarixli, 28/132- 8504-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10.04.2022-ci il tarixdə Ağdaş şəhəri ərazisində tutularaq Ağdaş RPŞ-yə gətirilməklə X5 təhvil verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 04.03.2022-ci il tarixli, 7(014)- 16/2022 saylı qərarından görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2-ci hissəsinin 5-ci bəndinə əsasən Ağdaş Rayon Məhkəməsinin 1(014)- 45/2020 saylı, 24.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş bir il iki ay on iki gün hissəsinin bir il azaldılması qərara alınmışdır. İşin materiallarında olan Ağdaş rayon İcara və Probasiya şöbəsinin 27.04.2022-ci il tarixli, C/1-821 saylı arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasını 28.03.2022-ci il tarixdə tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il, saat 02:59-dan 24 dekabr 2021-ci il, saat 16:00-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı müddət iki gün kimi qiymətləndirilməklə həmin müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli həbsə alındığı 10 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 1,555 qram çəkidə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il, saat 02:59-dan 24 dekabr 2021-ci il, saat 16:00-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı müddət iki gün kimi qiymətləndirilməklə həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli, həbsə alındığı 10 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 1,555 qram kustar üsulla hazırlanmış narkotik maddə olan heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar