Məhkəmə qərarları › İş №1(014)-39/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-39/2020

02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-39/2020 02.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs - xx xxxxx 1974-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş şəhəri, H.Əliyev prospekti 79/34 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 31 yanvar 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının axırlarında 01 ədəd sellofan bükümün içərisində ayrı ayrılıqda 3 ədəd büküm olan təmiz çəkisi 0,809 qram kustar usulla hazırlanmış narkotik vasitə olan heroini Ağdaş şəhəri Maşad küçəsindən stadionun qarşısından yerdən tapmaqla şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitədən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,405 qram heroini satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış, həmin narkotik vasitə 29 yanvar 2020-ci il tarixdə, saat 15:45 radələrində ünvan 2 saylı ünvanda yerləşən Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasında aşkar edilərək götürülmüşdür. Həmçinin həmin gün, yəni 29 yanvar 2020-ci il tarixdə, saat 16:25-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, H.Əliyev prospekti 79/34 saylı ünvanda yerləşən evində satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 02 ədəd sellofan bükümdə çəkiləri 0,239 qram və 0,165 qram, ümumi təmiz çəkisi 0,404 qram kustar usulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində 29 yanvar 2020-ci il tarixdə, təxminən saat 15:00 radələrində yaşadığı Ağdaş şəhəri, H.Əliyev prospekti 79/34 ünvanında yerləşən evinin qarşısında küçədə olarkən polis əməkdaşlarının ona yaxınlaşaraq ona narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirdiklərini, şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd alışqan və 01 ədəd üzərinə ”Bakı” yazılmış siqaret qutusu, sol yan cibindən qara rəngli “Nokia” markalı mobil telefon, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 12 ədəd bir manatlıq, 6 ədəd beş manatlıq, bir ədəd 10 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinaslarını və gödəkcənin sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyduğunu, daha sonra üzərindən çıxan siqret qutusunun açıldığını və içəsirindən siqaret dənələrinin aşkar edildiyini, üzərindən aşkar edilən sellofan büküm açılan zaman isə bükümün içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, həmin maddənin narkotik maddə olan heroin olduğunu dediyini, üzərindən aşkar olunmuş pulların isə ona qaytarıldığını, bundan sonra hal şahidlərinin, müdafiəçinin iştirakı yaşadığı Ağdaş şəhəri, H.Əliyev prospekti 79/34 ünvanında yerləşən evə baxış keçirildiyini, baxış zamanı yaşadığı evdə soyuducunun üst qapısındakı ən yuxarı gözündən 02 ədəd sellofan bükümün aşkar edildiyini, daha sonra həmin sellofan bükümlərin açıldığını və içərilərindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri 2020-ci ilin yanvar ayının axırlarında Ağdaş şəhəri, Maşad küçəsində stadionun yanından yerdən tapdığını, həmin narkotik vasitənin bir ədəd sellofan bükümdə olduğunu, həmin bükümü açdığı zaman içərisində üç ədəd büküm olduğunu gördüyünü və onun bir bükümünü üzərində saxladığını, iki bükümünü isə evə qoyduğunu bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 29 yanvar 2020-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospekti 79/34 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı evdə saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞnin rəhbərliyinə məruzə olunduğunu, tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 15:00 radələrində əməliyyat müvəkkilləri polis leytenantı Şahid5 və Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, H.Əliyev prospekti 79/34 ünvanın qarşısında olmasını gördüklərini, yaxınlaşaraq ona üzərində narkotik vasitələri saxlaması bərdə onlarda məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində iki nəfər hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sağ yan cibindən bir ədəd alışqan, bir ədəd üzərinə “Bakı” yazılmış siqaret qutusu, əynindəki qış gödəkçəsinin sol yan cibindən bir ədəd üzərinə “Nokia” yazılmış qara rəngli mobil telefon, bir ədəd sellofan büküm, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 12 ədəd bir manatlıq, 6 ədəd beş manatlıq, bir ədəd 10 manatlıq və bir ədəd 20 manatlıq pul əskinaslarının aşkar olunduğunu, bundan sonra aşkar edilmiş siqret qutusunun açıldığını, içərisindən siqret dənələrinin aşkar edildiyini, sellofan bükümün də açıldığını və içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddənin aşkar olunduğunu, şəxsi axtarış zamanı Ceyhun adlı şəxsin üzərindən aşkar edilmiş pulların, siqret qutusunun və alışqanın onun özünə qaytarıldığını, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması barədə onlarda məlumat olmasını və onun yaşadığı evə də baxış keçiriləcəyini bildirdiklərini, Təqsirləndirilən şəxs buna heç bir etiraz etmədiyini, həmçinin bu barədə müvafiq sənədləşmə aparılaraq məhkəmə qərarı alındığını, bundan sonra hal şahidlərinin, müdafiəçinin iştirakı və digər proses iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildiyini, baxış zamanı onun yaşadığı evin mətbəxində olan soyuducudan iki ədəd sellofan bükümün aşkar edildiyini, həmin sellofan bükümlərin açıldığını və içərilərindən qəhvəyi rəngli toz və kristal halında maddənin aşkar edildiyini, sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 2020-ci ilin yanvar ayının axırlarında Ağdaş şəhəri, Maşad küçəsində stadionun yanından bir ədəd sellofan bükümdə yerdən tapdığını, həmin sellofan bükümdə 3 ədəd əlavə büküm olduğunu və sonradan həmin sellofan bükümdə olan üç ədəd bükümdən birini ayıraraq üzərində saxladığını, ikisini isə evdə özü istifadə etmək üçün saxladığını bildirdiyini göstərdi. İş üzrə Şahid5 məhkəmə iclasında Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində 29 yanvar 2020-ci il tarixdə, təxminən saat 15:40 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, buna etiraz etmədiyini, ondan sonra bir nəfər də, hal şahidi dəvət edildiyini, daha sonra onun və digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində sonradan adını bildiyi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sağ yan cibindən bir ədəd alışqan, bir ədəd üzərinə “Bakı” yazılmış siqaret qutusu, əynindəki qış gödəkçəsinin sol yan cibindən bir ədəd üzərinə “Nokia” yazılmış qara rəngli mobil telefon, bir ədəd sellofan büküm, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 12 ədəd bir manatlıq, 6 ədəd beş manatlıq, bir ədəd 10 manatlıq və bir ədəd 20 manatlıq pul əskinaslarının aşkar olunduğunu, bundan sonra aşkar edilmiş siqret qutusunun açıldığını, içərisindən siqret dənələrinin aşkar edildiyini, sellofan bükümün də açıldığını və içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddənin aşkar olunduğunu, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pulların, siqret qutusunun və alışqanın onun özünə qaytarıldığını, daha sonra polis əməkdaşlarının Təqsirləndirilən şəxs onun yaşadığı evə baxış keçiriləcəyini bildirdiklərini və Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, bundan sonra onun və digər hal şahidinin, müdafiəçinin iştirakı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildiyini, baxış zamanı onun yaşadığı evin mətbəxində olan soyuducudan iki ədəd sellofan bükümün aşkar edildiyini, həmin sellofan bükümlərin açıldığını və içərilərindən qəhvəyi rəngli toz və kristal halında maddənin aşkar edildiyini göstərdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2020-ci il tarixli 48 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzalar yazılmış zərfin içərisində 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,405 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “vət.Təqsirləndirilən şəxs yaşadığı evdə olan soyuducudan aşkar edilmiş” sözləri və imzalar yazılmış zərfin içərisində 02 ədəd şəffaf sellofan bükümlərdə, təmiz çəkiləri 0,239 qram və 0,165 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir.Tədqiqata təqdim olunmuş 03 ədəd sellofan bükümlərdə olan herionlər tərkiblərinə görə eynidirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 10.04.2020-ci il tarixli 231 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə Təqsirləndirilən şəxs oğlunun yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və himayəsində bir yetkinlik yaşına çatmamış uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 29 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0,659 qram narkotik vasitə olan heroin məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün, təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0,659 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar