Məhkəmə qərarları › İş №1(014)-4/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-4/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-4/2022 09.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 Zərərçəkmiş şəxs2 və qanuni nümayəndəsi Şahid1 Söyxan oğlunun, Zərərçəkmiş şəxs1 iştirakı ilə Təqsirləndirilən şəxs1 4 sentyabr 1996-cı ildə Ağdaş rayonu, Ağzıbir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olan və yaşayan, barəsində 20 sentyabr 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 xx xxxxxx 1997-ci ildə Ağdaş rayonu, Ağzıbir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-də mühafizəçi işləyən, məhkum olunmamış, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olan və yaşayan, barəsində 20 sentyabr 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 vətənin azadlığı uğrunda ikinci qarabağ müharibəsində şəhid olmuş X1 qardaşı, atasına məxsus Ağzıbir kəndində yerləşən mağazada ona kömək etmək məqsədilə işləyən Ağdaş rayonu, Ağzıbir kənd sakini xx.xx.2009-cu il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs2 siqaret çəkdiyini atasına deyəcəyi ilə, yəni zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə qorxu gələrək vahid niyyətlə 29 may 2021-ci il tarixdə 14 manat 90 qəpik dəyərində pul, siqaret, ərzaq və başqa mallar, 2021-ci ilin mart ayının axırlarından başlamaqla 30 may 2021-ci il tarixədək müxtəlif vaxtlarda ondan 3000 manat dəyərində pul, siqaret, ərzaq və başqa mallar, ümumilikdə 3014 manat 90 qəpik dəyərində özgə əmlakını vahid niyyətlə hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Təqsirləndirilən şəxs2 vətənin azadlığı uğrunda ikinci qarabağ müharibəsində şəhid olmuş X1 qardaşı, atasına məxsus Ağzıbir kəndində yerləşən mağazada ona kömək etmək məqsədilə işləyən Ağdaş rayonu, Ağzıbir kənd sakini xx.xx.2009-cu il təvəllüdlüazyaşlı Zərərçəkmiş şəxs2 siqaret çəkdiyini atasına deyəcəyi ilə, yəni zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə qorxu gələrək vahid niyyətlə 29 may 2021-ci il tarixdə 6 manat pul, 2021-ci ilin mart ayının axırlarından başlamaqla 30 may 2021-ci il tarixədək müxtəlif vaxtlarda ondan 3000 manat dəyərində pul, siqaret, ərzaq və başqa mallar, ümumilikdə 3006 manat dəyərində özgə əmlakını vahid niyyətlə hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü Azərbaycan Respublikası 182.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində Ağdaş rayonu, Azğıbir kənd sakini Şahid1 Söyxan oğlunun yaşadıqları kənddə mağazası olduğunu, həmin mağazada müxtəlif cür ərzaq və s. mallar satıldığını, Eldənizin oğlu Ayxanın atası olmayan zaman mağazada alver etdiyini, həmin mağazadan özünün də alver etdiyini, alver edən zaman aldığı malların pulunu verdiyini və ya nisyə olaraq atasının adına dəftərə yazdırdığını, Ayxanın siqaret çəkməsini eşitdiyini, Ayxandan siqaret çəkməsini atasına deməyi ilə bağlı hədələyib heç nə almadığını, lakin özünün onun siqaret çəkməsini görmədiyini, Ayxandan pulsuz heç nə almadığını, bu məqsədlə onu hədələmədiyini, kiminsə də Ayxanı hədələyərək ondan pulsuz olaraq nəsə almasını və ya pul almasını bilmədiyini, Ayxandan 100 manat pul tələb edərək almadığını, Ayxanın yalan dediyini, 29 may 2021-ci il tarixdə Ayxandan 5 manat pul almadığını, ona 5 manat öz pulunu verdiyini və öz puluna ərzaq aldığını, həmin vaxt doğrudan da Ayxana barmaq silkələdiyini və ondan siqaret çəkməməsini tələb etdiyini, lakin ondan siqaret çəkməsini atasına deyəcəyi ilə hədələyib heç nə almadığını, həmin vaxt Ayxanla gülə-gülə söhbət etdiklərini, 29 may 2021-ci il tarixdə mağazaya gəlib Ayxana 5 manat pul verdiyini, daha sonra Ayxandan 1 manatlıq kontur, 3 ədəd dondurma, araq və Vinston siqareti istədiyini, Ayxanın da ona Pal-mall siqareti vermək istədiyini, lakin həmin Pal-mall siqaretini götürmədiyini və sonra Ayxanın ona Vinston siqareti verdiyini, daha sonra onun 4 manatını qaytardığını, qalan araq, dondurma və siqaretin pulunu isə Ayxana ailəsinin adına nisyə dəftərinə yazmasını tapşırdığını, həmin anda Ayxana qəpik verməyi və ona qəpik qaytarmağı yadında olmadığını, həmin vaxt Ayxana siqaret çəkdiyini eşitdiyini, bu səbəblə ona barmaq silkələyərək siqaret çəkməməsini bildirdiyini, Ayxanın qardaşının şəhid olduğunu, özünün vətən müharibəsi iştirakçısı olduğunu, 31.12.2021-ci ildə gəldiyini, kəndə gələn zaman arxası ilə onu müşayət edən avtomaşınlar siqnal verdiyini, Ayxanın da qardaşı şəhid olduğu üçün bu onun anasına pis təsir etdiyini, siqnal verən avtomobillərin düz etmədiyini başa düşdüyünü, buna görə Ayxanın anasının hamıdan keçərəm, lakin Namiqdən keçmərəm deyə bildirdiyini eşitdiyini, ondan şikayət etmələrini onu kəndə gətirən karvanın siqnal verməsi ilə əlaqələndirdiyini, 25 may 2021-ci il tarixdə Ayxandan nə almasının yadında olmadığını, lakin Ayxandan heç vaxt pulsuz heç nə almadığını, Ayxana pul verməmiş ondan heç nə almadığını, Urfanın Ayxanın siqaret çəkməsini atasına deməsi ilə hədələyərək ondan pul, ərzaq, siqaret və ya başqa mallar tələb etməsini eşitmədiyini və ya görmədiyini, dəfələrlə ailəsi və qohumları tərəfindən Zərərçəkmiş şəxs2 valideynləri Şahid1 Söyxan oğlu və Zərərçəkmiş şəxs1 ilə barışmağa cəhd edilsə də onların barışmaqdan qəti şəkildə imtina etdiklərini bildirdi. İş üzrə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü Aərbaycan Respublikası 182.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində Ayxanın ailəsi ilə aralarında heç bir düşmənçilik və ya ədavət olmadığını, mehriban münasibətlərinin olduğunu, Ayxanın qardaşı şəhid olduğuna görə həmin ailəyə xüsusi isti münasibətlərinin olduğunu, Ayxanın atası Eldənizin yaşadıqları kənddə mağazası olduğunu, həmin mağazada müxtəlif cür ərzaq və s. mallar satıldığını, Eldənizin oğlu Ayxanın atası olmayan zaman mağazada alver etdiyini, həmin mağazadan özünün də alver etdiyini, alver edən zaman aldığı malların pulunu verdiyini və ya nisyə olaraq atasının adına dəftərə yazdırdığını, Ayxanın siqaret çəkməsini bildiyini, Ayxanın qardaşı şəhid olduğunu, kəndin mərkəzində Ayxanın qardaşının adına bulaq tikildiyini, bir müddət bundan əvvəl bulağın yanında dayandığını, Ayxanın da həmin bulağın yanına gəldiyini, orada siqaret çəkdiyini, həmin zaman Ayxanın siqaret çəkdiyini bildiyini, lakin Ayxanın siqaret çəkməsini atasına deməyi ilə bağlı hədələyib ondan heç vaxt heç nə almadığını, Ayxandan pulsuz heç nə almadığını, onu da hədələmədiyini, kiminsə də Ayxanı hədələyərək ondan pulsuz olaraq nəsə almasını və ya pul almasını bilmədiyini, 29 may 2021-ci il tarixdə, saat 14:00 radələrində Ayxanın işlədiyi mağazaya gəldiyini Ayxana 5 manat pul verdiyini və ondan bir qutu Rhotmans siqareti aldığını və Ayxanın ona 2 manat 40 qəpuk pul qaytardığını, Ayxandan onu hədələməklə pulsuz heç nə almadığını, 29 may 2021-ci il tarixdə, saat 14:00 radələrində mağazaya gedəndə soğan yediyini, Ayxanın da ona nəfəsindən iy gəldiyini dediyini, ona görə nəfəsini Ayxana püskürtdüyünü, həmin gün Ayxanı barmağı ilə hədələmədiyini, həmçinin Ayxana 5 manat verəndə onu bir qutu 2 manat 60 qəpiklik Rhotmans siqareti, bir paçka 50 qəpiklik tum və bir ədəd dirol saqqızı verməyini dediyini, Ayxanın da ona 1 manat 40 qəpik qaytarmalı olduğunu, lakin sonradan Ayxanın ona 2 manat 40 qəpik qaytardığını, Ayxanın ona qalıq qaytaranda pulu saymadığını, əslində Ayxan saqqızın və tumun pulunu çıxdığını bildiyini, lakin sonradan mağazadan çıxdıqdan sonra Ayxan saqqızla tumun pulunu çıxmadığını gördüyünü, ona bir manat artıq qalıq qaytardığını bildiyini, daha sonra Ayxana həmin qalığı qaytarmadığını, videogörüntüdən Ayxanın ona qalıq qaytaranda 2 manatı ayrı-ayrı bir-bir götürməyi, daha sonra üst-üstə qoyması, həmin vaxt pula baxmaması və bir neçə saniyə söhbət etmələrinin müəyyən edilməsi ilə bağlı həmin vaxt Ayxanın ona nə qədər qalıq qaytardığını bilmədiyini, Namiqin Ayxanın siqaret çəkməsini atasına deməsi ilə hədələyərək ondan pul, ərzaq, siqaret və ya başqa mallar tələb etməsini eşitmədiyini və ya görmədiyini, dəfələrlə ailəsi və qohumları tərəfindən Zərərçəkmiş şəxs2 valideynləri Şahid1 Söyxan oğlu və Zərərçəkmiş şəxs1 ilə barışmağa cəhd edilsə də onların barışmaqdan qəti şəkilə imtina etdiklərini bildirdi. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri özlərini müdafiə etmək, məsuliyyətdən yayınmaq məqsədi güdür, onların ifadələri iş üzrə zərər çəkmiş şəxslərin ifadələri, şahid ifadəsi və iş üzrə məhkəmə iclasında araşdırılmış digər sübutlarla təkzib edilərək onların yuxarıda qeyd olunan cinayəti törətmələri tam olaraq sübuta yetirilir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında qanuni nümayəndəsi olan atası Şahid1 Söyxan oğlunun iştirakı ilə verdiyi ifadəsində yaşadıqları kənddə atasının mağazası olduğunu, həmin mağazada müxtəlif cür ərzaq və s. mallar satıldığını, atasının bazara və digər yerlərə gedəndə mağazaya onu qoyduğunu, qardaşının sonuncu Qarabağ müharibəsində şəhid olduğunu, atasının başının qardaşının dəfninə və onun qəbir abidəsi ilə bağlı işlərə qarışdığını, buna görə də əlacsızlıqdan atasına kömək etdiyini, yaşadıqları kənddə məktəbin həyətində futbol oynayan uşaqlara baxmağa getdiyini, futbol oynadıqdan sonra orada olan və futbol oynayan həmkəndliləri Zaur, Nurlan, Cahandar, Asim, Emin adlı şəxslərlə kənara çəkildiklərini, həmin vaxt adıçəkilən uşaqların siqaret çəkdiklərini, bu vaxt onlardan hansınınsa ona siqaret verdiyini və onun da siqaret çəkməyini dediyini, həmin vaxt onlarla birlikdə siqaret çəkdiyini, siqaret çəkən zaman orada özlərindən başqa heç kimin olmadığını, yalnız adlarını çəkdiyi 5 nəfər və özünün olduğunu, onları kənardan heç kimin görmədiyini, bu hadisədən təxminən 3-4 gün sonra kənddə yaşayan Dağlar adlı şəxsin onun yanına gəldiyini və ona uşaqlarla siqaret çəkdiyini bildiyini və ona 20 manat pul verməyəcəyi təqdirdə siqaret çəkdiyini atası Eldənizə deyəcəyini bildirdiyini, atasının onu döyəcəyindən qorxduğu üçün Dağlara mağazadan 15 manat pul verdiyini, bundan sonra Dağların mütəmadi olaraq gəlib ondan pul və mağazada satılan ərzaq, su və başqa mallar götürməyə başladığını, lakin Dağların aldığı mallar üçün pul vermədiyini, Dağlara onun siqaret çəkdiyini kimin dediyini bilmədiyini, Dağların gəlib birinci dəfə ondan pul aldıqdan bir neçə gün sonra Cahandarın gəldiyini, Cahandarın da eyni ilə ona siqaret çəkməyini atasına deməklə hədələyərək ondan pul və şirniyyat, ərzaq məhsulları və enerjili içkilər, siqaret istəməyə başladığını, atasının siqaret çəkməyini bilməsin deyə Cahandara istədiyi malları və pul verməyə başladığını, Cahandara 10-20 manat arası pul, digər ərzaqlar verdiyini, bundan sonra Asimin gəlib ondan eyni adla pul və siqaret istəməyə başladığını, Asimə də pul və siqaret verməyə başladığını, bundan sonra Emin, Zaur, Urfan, Namiq və Nurlan adlı şəxslər ardı-ardına gəlib ondan siqaret çəkməyini atasına deyəcəkləri adı ilə ondan ərzaq, siqaret və pul istəməyə başladıqlarını, onların hamısına pul, siqaret, enerji içkiləri və digər ərzaq məhsulları verdiyini, adlarını göstərdiyi şəxslərin ondan mütəmadi olaraq pul, ərzaq, siqaret və digər əşyalar aldıqlarını, həmçinin mağazada kamera olduğu üçün və onlar özlərini ifşa etməmək üçün mağazaya daxil olarkən əllərini ona uzatdıqlarını, guya onlardan pul alıb kassaya qoyduğunu və onlara istədikləri ərzağı verdiyini, daha sonra onlara əlavə pul qaytardığını, guya ki, onların ona verdikləri pulun qalığını verdiyini, adlarını çəkdiyi şəxslərin onun yanına tez-tez gəlib getdikləri üçün atasının ondan həmin şəxslərin nə üçün onun yanına gəlib getmələrini soruşduğunu, atasına əvvəl demək istəmədiyini, 29 may 2021-ci il tarixdə Namiqin onun işlədiyi mağazaya gəldiyini və həmin vaxt atasının mağazada olmadığını, həmin vaxt mağazada həmkəndlisi Mübariz və onun azyaşlı uşaqları olduğunu, onların ondan alver etdiklərini, Mübarizgil çıxıb getdikdən sonra Namiqin ona yaxınlaşdığını və ondan 5.50 manatlıq Ağsu arağı, 3.40 manatlıq Vinston siqareti, iki ədəd 0.50 qəpiklik dondurma və 1 manatlıq kontur istədiyini, arağı və dondurmanı paketə qoyduğunu, daha sonra Namiqin ondan mağazanın kamera olmayan hissəsində 5 manat istədiyini, Namiqə 5 manat pul verdiyini, Namiqin də kameranın qarşısına keçib həmin 5 manat pulu ona uzatdığını və ondan Vinston siqareti və 1 manatlıq kontur istədiyini, daha sonra ona əlində olan 30-40 qəpik xırda pul da verdiyini, özünün isə Namiqə 4 ədəd 1 manatdan ibarət pul qaytardığını, daha sonra Namiqin ona 1 manat da pul verdiyini, özünün də ona Pall mall siqareti və 1 manatlıq kontur vermək istədiyini, lakin Namiqin Pallmall siqaretini götürmək istəmədiyini, Namiqə Vinston siqareti olmadığını bildirdiyini, lakin Namiq əli ilə barmaq silkələyərək onu siqaret çəkdiyini atasına deyəcəyini ilə hədələdiyini və ona Vinston siqaretini dünən burada gördüyünü və ondan Vinston siqareti verməyini tələb etdiyini, daha sonra piştaxtanın arxasına baxdığını və orada Vinston siqareti görüb onu Namiqə verdiyini, daha sonra Namiqə 1 manatlıq da kontur verdiyini və Namiqin ona qaytardığı 1 manatı, əlavə olaraq 20 qəpik də pul verdiyini, daha sonra Namiqin çıxıb araq və dondurmalar olan paketi də götürüb getdiyini, Namiqin ondan aldığı 5 manat pulu görüntü üçün ona verdiyini və ondan 4 manat qalıq aldığını, bundan əlavə ondan aldığı 5.50 manatlıq araq, 3.40 manatlıq siqaret və 1 manatlıq 02 ədəd dondurmanın pulunu vermədiyini, Namiq getdikdən təxminən 2 saat sonra mağazaya Urfanın gəldiyini, Urfanın mağazaya gələn zaman mağazada tanımadğıı bir nəfər qadın olduğunu, Urfanın gözlədiyini və həmin qadının çıxıb getdiyini, həmin qadın çıxıb gedəndən sonra Urfanın ona yaxınlaşdığını və əlini arxası üstə ona uzatdığını, guya ona pul verdiyini, yəni əlini əgər açıq versə orada pulun görünməli olduğunu, ona görə də Urfanın ona əlini uzadanda ovcunun arxa tərəfi yəni əlinin üstü yuxarı olduğunu, Urfanın özünün kamerada ona pul verməsinin görünməməsi üçün etdiyini, onun əlinə əlini toxundurduğunu və guya ondan pul aldığını və əlini kassaya saldığını və çıxardığını, guya kassaya pul qoyduğunu, halbuki əlində pul olmadığını, əvvələr Urfanın ona əlini uzadarkən aldğı malı 5 manatdan və ya 10 manatdan çıx dediyini, həmin vaxt Urfana verdiyi malın dəyərini 5 və ya 10 manatdan çıxmalı olduğunu, məsələn Urfanın ona əlini uzadaraq 10 manatdan çıxmağını dediyi halda, özünün Urfana bir qutu 2 manatlıq siqaret verib ona 8 manat pul qaytmalı olduğunu, həmin gün də Urfanın ona əlini uzadaraq bir qutu Rhotmans siqareti istədiyini və 5 manatdan çıxmalı olduğunu dediyini, ona bir ədəd 2 manat 60 qəpiklik Rotmans siqareti verdiyini və ona 2 manat 40 qəpik geri qaytardığını, daha sonra Urfanın mağazadan bir qutu 50 qəpiklik günəbaxan tumu götürdüyünü və onun yanına gəldiyini, ona yenə siqaret çəkdiyini eşitdiyini və onun nəfəsindən siqaret iyi gəlib gəlməyini bilmək üçün ona nəfəsini püskürtməyini dediyini, daha sonra piştaxtadan bir ədəd də 50 qəpiklik Dirol saqqız götürüb çıxıb getdiyini, bu hadisə aşkara çıxdıqdan sonra atasının oturub kameranı izlədiyini, 03 iyun 2021-ci il tarixdə atasının onun çağıraraq nəyə görə həmkəndlisi Sahilin mağazadan pul və siqaret götürməsi barədə ona suallar verdiyini, məcbur qalıb atasından gizlətdiyi sirri atasına danışdığını, 2021-ci ilin mart ayının sonlarından may ayının sonuna qədər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mütəmadi olaraq siqaret çəkdiyini atasına deyəcəyi hədəsi ilə 15, 20, 80, 100 manat pul, siqaret, ərzaq və başqa mallar aldığını, hazırda onun və ailəsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmadığını, onlara qarşı şikayətçi olduqlarını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 onun doğma oğlu olduğunu, yaşadığı kənddə özlərinə aid mağaza olduğunu, digər oğlu Söyxanın şəhid olduğu üçün başının bir müddətdir ki, qarşıq olduğunu, mağazada olmadığı müddətdə onu oğlu Ayxanın əvəz etdiyini, 29 may 2021-ci il tarixdə həyat yoldaşı Eldənizin oğlu Ayxanı evə çağırdığını və ondan nəyə görə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu hədələdiyini soruşduğunu, lakin Ayxanın Eldənizə bunun səbəbini deməyə qorxduğunu, özünün Ayxanın qorxduğunu hiss etdiyini və Eldənizə dayanmasını, Ayxanın çox üstünə getməməyini, özünün Ayxanı danışdıracağını dediuyini, bundan sonra Ayxanı kənara çəkib onunla danışdığını, Ayxanın ona bir qədər əvvəl məktəbin həyətində bir qrup həmkəndliləri ilə birlikdə siqaret çəkdiyini, daha sonra həmin uşaqların yəni Dağlar, Cahandar, Asim, Nurlan, Zaur, Emin, Namiq və Urfan onu siqaret çəkməyini atasına deyəcəkləri ilə hədələyərək ondan dəfələrlə pul, ərzaq və digər məmulatlar tələb etdiklərini etiraf etdiyini, bundan sonra həyat yoldaşı Eldənizin Ağdaş RPŞ-nə gələrək ərizə ilə müraciət etdiyini, həmçinin mağazada olan videogörüntüləri təqdim etdiyini, ərinin və özünün hesablamalarına görə 2021-ci ilin mart ayının sonlarından may ayının sonuna qədər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hədə-qorxu yolu ilə oğlu Ayxandan 6000 manatdan artıq pul, siqaret, ərzaq və digər mallar aldığını, hazırda vurulmuş ziyanın ödənilmədiyini, lakin ziyanın ödənilib-ödənilməməsinin onlar üçün əhəmiyyət kəsb etmədiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmadıqlarını və onların cəzalandırılmasını tələb etdiklərini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Şahid1 Söyxan oğlu şahid kimi məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 onun doğma oğlu olduğunu, yaşadığı kənddə mağazasının olduğunu, digər oğlu Söyxanın şəhid olduğu üçün başının bir müddətdir ki, qarşıq olduğunu, mağazada olmadığı müddətdə onu oğlu Ayxanın əvəz etdiyini, bir müddətdir ki, həmkəndliləri Cahandar, Dağlar, Namiq, Urfan və digər şəxslərin tez-tez mağazaya gəlməsindən şübhələndiyini, lakin bu barədə oğlu Ayxandan soruşsa da Ayxanın ona heç nə demədiyini, 29 may 2021-ci il tarixdə mağazaya girərkən kamera görüntülərinə baxdığını və həmkəndlisi Təqsirləndirilən şəxs1 Ayxanı hədələyərək ondan uzun uzadı nə isə tələb etdiyini hiss etdiyini, Ayxanı çağıraraq ona Namiqin onu niyə hədələdiyini soruşduğunu, Ayxanın əvvəlcə ona heç nə demək istəmədiyini, lakin daha sonra anasının vasitəsi ilə onu danışdırmaq mümkün olduğunu, bundan sonra Ayxanın məktəbin həyətində bir qrup həmkəndlisi ilə birlikdə siqaret çəkdiyini, daha sonra həmin uşaqların yəni Dağlar, Cahandar, Asim, Nurlan, Zaur, Emin, Namiq və Urfanın onu siqaret çəkməyini ona deyəcəkləri ilə hədələyərək ondan dəfələrlə pul, ərzaq və digər məmulatlar tələb etdiklərini, bundan sonra Ağdaş RPŞ-nə gələrək ərizə ilə müraciət etdiyini və videogörüntüləri təqdim etdiyini, Ayxanın ona 29 may 2021-ci il tarixdə Namiqin mağazaya gəldiyini və ondan mağazanın kamera olmayan hissəsində 5 manat pul aldığını, daha sonra həmin 5 manat pulu kameranın qarşısında Ayxana verdiyini, daha sonra ondan guya pulu ilə alver etdiyini, lakin videogörüntülərə baxanda Namiqin Ayxandan aldığı 5 manat pul ilə alver etməyinin məlum olduğunu, buna baxmayaraq Ayxandan aldığı 5 manatı da Ayxana qaytarmadığını, üstəlik mağazadan bir sıra mallar da götürüb çıxıb getdiyini, Ayxanın Namiq ondan dəfələrlə bu formada alver etdiyini, Ayxanın ona Təqsirləndirilən şəxs2 29 may 2021-ci il tarixdə mağazaya gələrək ona əlini uzadıb guya ona pul verdiyini, lakin əslində Ayxana heç bir pul vermədiyini, əvəzində isə ondan siqaret və qalıq pul, həmçinin digər mallar aldığını, hesablamalarına görə onun Namiq və Urfanın hər birinin onun mağazasına 3000 manatdan artıq maddi zərər vurduqlarını, digərlərinin vurduğu zərəri isə deyə bilmədiyini, onların o qədər də ciddi zərər vurmadıqlarını, Urfan və Namiqin Ayxana hədə qorxu gəlmədiklərini, ondan pul ilə alver etdiklərini, pulları olmayan zaman isə adlarını nisyə dəftərinə yazdırdıqlarını yalan olduğunu, onların və ailələrin nisyə dəftərində adlarının olmadığını, hazırda vurulmuş ziyanın ödənilmədiyini, lakin ziyanın ödənilib-ödənilməməsinin onlar üçün əhəmiyyət kəsb etmədiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmadıqlarını və onların cəzalandırılmasını tələb etdiklərini bildirdi. İş üzrə şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş rayon İrca Hakimiyyəti Başçısının Ağzıbir kənd İnzibati Ərazi Dairəsinin nümayəndəsinin müavini vəzifəsində işlədiyini, Ağdaş rayonu, Azğıbir kənd sakini Şahid1 Söyxan oğlunun ailəsi ilə aralarında heç bir düşmənçilik və ya ədavət olmadığını, mehriban münasibətlərinin olduğunu, Ayxanın qardaşının şəhid olduğuna görə həmin ailəyə xüsusi isti münasibətlərinin olduğunu, Ayxanın atası Eldənizin yaşadıqları kənddə mağazası olduğunu, həmin mağazada müxtəlif cür ərzaq və s. mallar satıldığını, ara sıra həmin mağazadan alver etdiklərini, pulları olmayan zamanlarda da həmin mağazadan alver etdiklərini və adını nisyə dəftərinə yazdırdıqlarını, ailənin hər hansı bir üzvü mağazadan nisyə nə isə alan zaman həmin dəftərə onun adının yazıldığını, hal-hazırda Eldənizə ət və ərzaq məhsulları üçün təxminən 30-40 manat borcu olduğunu, lakin Ayxanın atası Eldənizin oğlu Urfandan şikayət etdikdən sonra onlarla nisyə alver etmədiyini, yalnız nağd pula alver etdiyini, 29 may 2021-ci il tarixdə Urfanın Ayxanın işlədiyi mağazadan alver etməsindən xəbəri olmadığını, həmin mağazadan nisyə olaraq alver etdiyini, adının yəni nisyə dəftərində olmamasının nə ilə bağlı olduğunu izah edə bilmədiyini göstərdi. İş üzrə Şahid3 Ənəs oğlu məhkəmə iclasında verdiyi ifadəsində heç bir yerdə işləmədiyini, fərdi təsərrüfatla məşğul olduğunu, Ağdaş rayonu, Azğıbir kənd sakini Şahid1 Söyxan oğlunun ailəsi ilə aralarında heç bir düşmənçilik və ya ədavət olmadığını, mehriban münasibətlərinin olduğunu, Ayxanın qardaşının şəhid olduğuna görə həmin ailəyə xüsusi isti münasibətlərinin olduğunu, Ayxanın atası Eldənizin yaşadıqları kənddə mağazası olduğunu, həmin mağazada müxtəlif cür ərzaq və s. mallar satıldığını, ara sıra həmin mağazadan alver etdiklərini, pulları olmayan zamanlarda da həmin mağazadan alver etdiklərini və adını nisyə dəftərinə yazdırdıqlarını, ailənin hər hansı bir üzvü mağazadan nisyə nə isə alan zaman həmin dəftərə yoldaşı Mənsurənin adının yazıldığını, onun adının yalnız ətlə bağlı olan nisyə dəftərinə yazıldığını, hazırda da ailəsinin mağazaya təxminən 15-20 manat borcu olduğunu, oğlu Təqsirləndirilən şəxs1 29 may 2021-ci il tarixdə Eldənizin mağazasına gəlməyi, həmin vaxt mağazada Eldənizin oğlu Ayxan olması, bu vaxt Namiq Ayxandan mağazanın kamerası olmayan yerdə 5 manat pul alaraq mağazanın kamerasının qarşısında ona 5 manatı verməsi, daha sonra mağazadan kontur, araq, siqaret və dondurma alması və 4 manat qalıq alaraq çıxıb getməsindən xəbəri olduğunu, həmin gün Namiqə mağazadan ona kontur almağını dediyini, lakin Namiqin mağazaya nə qədər pul verib nə qədər qalıq aldığını bilmədiyini, Namiqin Zərərçəkmiş şəxs2 siqaret çəkəcəyini atasına deməklə hədələyərək ondan siqaret, su, ərzaq, pul və sair məhsullar tələb edərək alması və pulunu verməməsi barədə oğlu ilə danışdığını, oğlunun da ona mağazadan nə alıbsa, ya pulunu verdiyini, ya da onu nisyə dəftərinə yazdırdığını bildirdiyini göstərdi. İş üzrə keçirilmiş məhkəmə psixiatrik-psixoloji ekspertizasının 19.08.2021-ci il tarixli 483/160 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ona qarşı törədilmiş qanunazidd əməldən əvvəl və həmin əməl törədilərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir, o hal hazırda heç bir xroniki, psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Zərərçəkmiş şəxs2 hər hansı psixi xəstəlik keçirmədiyindən ona qarşı törədilmiş qanunazidd ənəllər zamanı öz əməlinin faktiki xarakterini dərk etmək və hərəktələrini idarə etmək iqtidarında olmuşdur, həmçinin ona qarşı törədilmiş qanunazidd əməlin niyyətini başa düşmüşdür. Zərərçəkmiş şəxs2 baş vermiş əməli düzgün qavrayaraq həmin əməllər barəsində düzgün ifadə vermək iqtidarındadır. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 29.05.2021-ci il tarixdə, saat 12.04.20 radələrində Təqsirləndirilən şəxs1 Ayxanın işlədiyi mağazaya gəlir, 12.04.29 dəqiqədə piştaxtanın qarşısında sağ əlini cibinə salır və cibindən xırda pul çıxararaq ovcunun içərisində saxlayır. Bundan sonra kürəyi kameraya dönür və orada Zərərçəkmiş şəxs2la üzbəüz görüşür və daha sonra 12.04.42-44 dəqiqədə piştaxtaya tərəf dönür və əlində açıq formada 5 manat görünür və 5 manatı Ayxana verir. Bundan sonra Zərərçəkmiş şəxs2 mağazanın kamera olmayan hissəsinə keçir və sonra geri qayıdır və bu zaman Təqsirləndirilən şəxs1 ona əlindəki xırda pulu verir və 4 manat qalıq alır. Bundan sonra onlar aralarında söhbət edirlər və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 1 manat da pul verir. Daha sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 bir qutu siqaret verir. Təqsirləndirilən şəxs1 isə həmin siqareti götürməyərək başqasını istəyir və 12.07.42-də əli ilə Zərərçəkmiş şəxs2 hədələyir. Bundan sonra Zərərçəkmiş şəxs2 ona başqa siqaret verir və sonra 1 manat pul və xırda pul kimi qalıq alır. Beləliklə videogörüntüdən göründüyü kimi, Təqsirləndirilən şəxs1 mağazaya girdiyi zaman cibindən xırda pul çıxardığı halda Zərərçəkmiş şəxs2 5 manat pul alaraq həmin 5 manata 1 ədəd bir matlıq kontur, bir ədəd 5.50 mantlıq araq, bir ədəd 3.40 qəpik dəyərində Vinston siqareti, 2 ədəd bir manat dəyərində dondurma alaraq ona bir manat pul verir. Videogörüntülərlə bağlı Təqsirləndirilən şəxs1 bildirdi ki, Zərərçəkmiş şəxs2 verdiyi 5 manat atasınındır, həmin pula 1 ədəd bir manatlıq kontur almış və onun pulunu 5 manatdan vermiş, aldığı qalan malların, yəni araq və dondurmaların pulunu isə atasının adına nisyə dəftərinə yazdırmışdır. Lakin məhkəmə zəruri olmayan məhsulların, yəni araq və dondurmanın nisyə alınmasını inandırıcı hesab etmir və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 bunu məsuliyyətdən qaçmaq məqsədi ilə edir. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 29.05.2021-ci il tarixdə, saat 14:12 radələrində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 işlədiyi mağazaya gəlir. Daha sonra 14.12.44 dəqiqədə sağ əlini ovcunu aşağı tutaraq guya ona pul verir. Ayxan İbrahimxəlilov da əlini onun əlinə toxunduraraq guya ondan pul alaraq kassaya qoyur. Daha sonra Təqsirləndirilən şəxs2 bir qutu Rhotmanss siqareti verir və 2 manata 40 qəpik pul qaytarır. Bundan sonra Təqsirləndirilən şəxs2 mağazanın digər tərəfindən bir qutu 50 qəpiklik tum götürür və sonra Zərərçəkmiş şəxs2 yanına gələrək 14.13.39-da əli ilə hədələmə formasında ona nə isə deyir və ondan nəfəsini püskürtməsini tələb edir. Bundan sonra mağazadan 50 qəpiklik Dirol saqqızı götürüb çıxıb gedir. Videogörüntülərlə Təqsirləndirilən şəxs2 bildirdi ki, Zərərçəkmiş şəxs2 5 manat pul vermiş, 2 manat 60 qəpiyə siqaret almış, 2 manat 40 qəpik qalıq almış, mağazadan götürdüyü bir ədəd tum və dirol saqqqızı üçün pul verməmişdir. Videogörüntülərdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 pul verməsi müəyyən olunmadığı halda ona pul verməsini bildirməsi məhkəmə qənaətinə görə özünümüdafiə xarakteri daşıyır. İbtidai istintaq zamanı hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 mağazası öz yaşayış evinə bitişik şəkildə yerləşən daşdan tikilmiş tikilidir, mağazanın içərisi 3x5 ölçüdə iki otaqdan ibarətdir, mağazanın qapısından içəri girdikdə birinci otaq yerləşir, həmin otaqda əsasən geyim və qeyri yeyinti məhsulları yerləşir, həmin otaqdan digər otağa keçid vardır, keçiddən ikinci otağa giriş vardır, ikinci otaqda əsasən gündəlik tələbat malları və ərzaq yerləşir, mağazanın ikinci otağında baş tərəfdə kassa yerləşir, kassanın yuxarı hissəsində videokamera yerləşir, videokamera yalnız kassanın piştaxtası olan hissədə baş verən prosesləri qeydiyyata alır, piştaxtanın arxasında pul qoymaq üçün üç ədəd qutu vardır, qutular xırda pullar, bir manatlıq pullar və 5,10,20 və s. pulların qoyulması üçün nəzərdə tutulub. Baxış zamanı mağazanın fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 cavanlığını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə cəhd etməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, 2-ci Qarabağ müharibəsində iştirak etməsini və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif olunmasını, Təqsirləndirilən şəxs2 cavanlığını, ilk dəfə az ağır cinayət törətməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə cəhd etməsini cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayətin azyaşlıya qarşı törədilməsini cəzalarını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, 2-ci Qarabağ müharibəsində iştirak etməsini və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif olunmasını müstəsna hal kimi nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmələrinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 9 fevral 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər dəyişdirilməməli, iş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalı, vurulmuş 6.020 manat 90 qəpik ziyanın ödənilməməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 9 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 9 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar