Məhkəmə qərarları › İş №1(014)-4/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-4/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-4/2025 09.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Ağdaş rayonunun Maşad kəndində anadan olmuş, fərdi əməklə məşğul olan, evli, himayəsində dörd azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Ağdaş şəhəri, Məşəd küçəsində nömrəsiz evdə qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 31,22 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, 20 avqust 2024-cü il tarixdə saat 16:35-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.Əsədov küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra xidməti otaqda, həmin tarixdə saat 17:14-dən 17:30-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd karton qutuda təmiz çəkisi 31,22 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 5-6 aya yaxındır narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 20 avqust 2024-cü il tarixdə o, saat 14-15 radələrində yaşadığı evdən çıxaraq piyada gəzmək üçün küçəyə çıxmış, həmin vaxtı, həmin küçədə, yəni Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən qəbiristanlığın giriş qapısından içəridə yerdə 01 ədəd karton qutu görmüş, həmin karton qutunu əlinə götürərək açıb içərisinə baxmış və narkotik vasitədən istifadə etdiyi üçün həmin kütlənin qurudulmuş marixuana, yəni “nəşə” olmasını bilmiş və istifadə etməsi üçün üzərində saxlamış, lakin istifadə etmədiyini bildirmişdir. Bundan sonra həmin günü, yəni 20 avqust 2024-cü il tarixdə saat 16:35-də o, Ağdaş şəhəri, M.Əsədov küçəsində piyada gəzərkən polis əməkdaşlarının ona yaxınlaşmışlar, onlara məlumat daxil olub ki, o, narkotik vasitələrədən istifadə etmiş, ona görə də, onun üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etdiklərini ona deməsini bildirmişdir. O da onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində ona vəkil təyin edilmiş, onun şübhəli şəxs qismində tutduqlarını bildirmişdir. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında onun üzərində şəxsi axtarış keçirilmiş, ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsinin təklif edildiyini bildirmişdir. O, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd karton qutunu, daha sonra həmin şalvarın sağ yan cibindən 01 ədəd “Oppo” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoyduğunu bildirmiş, bundan sonra üzərində polis əməkdaşı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərində başqa heç bir əşya aşkar olmadığını bildirmişdir. Sonra karton qutunun polis əməkdaşı tərəfindən açılmış, içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olmasının müəyyən edildiyini bildirmişdir. Karton qutunun təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan karton qutunun təxmini çəkisinin 39,98 qram olmasının müəyyən edildiyini bildirmişdir. Hazırda əməlindən səmimi peşmandır, himayəsində azyaşlı uşaqları var, səhhətində problemlər var, ona köməklik edib yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır və onunla aralarında heç bir düşmənçiliyi və ədavəti olmadığını bildirmişdir. 20 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini bildirmişdir. 20 avqust 2024-cü il tarixdə saat 16:35də Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Əsədov küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamış, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd karton qutusunu, daha sonra həmin şalvarın sağ yan cibindən 01 ədəd “Oppo” markalı mobil telefonu təqdim etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman başqa heç bir əşya aşkar edilmədiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş karton qutuya baxış keçirilmiş, karton qutunun içərisində narkotik vasitəyə bənzər bitki kütləsinin olmasının aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olmasını soruşduqda Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana “nəşə” olmasını bildirmiş, karton qutunun təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar bitki kütləsinin olduğu karton qutunun təxmini çəkisinin 39,98 qram olmasının müəyyən edildiyini bildirmişdir. 01 ədəd karton qutu 01 ədəd zərfə qablaşdırılmaqla üzərinin möhürlənmiş, zərfin iştirakçılar tərəfindən imzalanaraq, ekspertizaya təqdim olunacağının bildirilmiş, daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd “Oppo” markalı mobil telefonun iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq üzərinə DİN-nin “111” saylı möhürü olan kağız parçaları vurulmuş, zərfin iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlənin narkotik vasitə “nəşə”, yəni narkotik vasitə olan marixuana olmasını, onu istifadə etmək üçün üzərində saxlamış, həmin narkotik vasitəni qəbiristanlıq ərazisindən yerdən tapmasını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək ifadəsində onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 20 avqust 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan və diskdən görünür ki, həmin tarixdə saat 16:35-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəkilişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd karton qutunu, daha sonra həmin şalvarın sağ yan cibindən 01 ədəd “Oppo” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman başqa heç bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş karton qutuya baxış keçirilmişdir. Karton qutunun içərisində narkotik vasitəyə bənzər bitki kütləsinin olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olmasını soruşduqda Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana “nəşə” olmasını bildirmişdir. Karton qutunun təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar bitki kütləsinin olduğu karton qutunun təxmini çəkisinin 39,98 qram olması müəyyən edilmişdir. 01 ədəd karton qutu 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd “Oppo” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin “111” saylı möhürü olan kağız parçaları vurulmuş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün dayandırılmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 21 avqust 2024-cü il tarixli 3-16-16/2-17/724 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd narkotik tərkibli bitki kütləsinə bənzər qutu” yazısı, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd karton qutuda, təmiz çəkisi–31,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26 avqust 2024-cü il tarixli 1442 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” Publik hüquqi şəxsindən daxil olan 27 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin polikilinika şöbəsində “Bir neçə narkotik maddələrin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Ağdaş Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli və 28 yanvar 2020-ci il tarixli hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs 1) Ağdaş Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2) Ağdaş Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 11 sentyabr 2024-cü il tarixli C/İ-1602 nörməli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 8 Noyabr “Zəfər günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilərək cəzadan azad edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi qızı 2009-cu il təvəllüdlü X5, oğlu 2011-ci il təvəllüdlü X8, oğlu 2011-ci il təvəllüdlü X6, qızı 2013-cü il təvəllüdlü X7 və qızı 2018-ci il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 112 nömrəli 26 avqust 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan “Şübhəli şəxsin tutma haqqında” qərardan və “Qətimkan tədbiri seçilməsi və Müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 20 avqust 2024-cü il tarixdə saat 16:35-dən 21 avqust 2024-cü il tarixə saat 20:30-dək həbsdə saxlanılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20 dekabr 2009-cu il təvəllüdlü X10, 23 noyabr 2011-ci il təvəllüdlü X13 və X11, 17 iyul 2013-cü il təvəllüdlü X12, 09 oktyabr 2018-ci il təvəllüdlü X9 adlı dörd azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan 28 fevral 2025-ci il taixli Məhkəmə Psixiatrik Ekspertiza X20 Şəxsi 144 saylı rəyindən görünür ki, İ.Motivləşdirici hissə. Yuxarıda göstərinləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Ağdaş RMX-dan PHŞ-dan verilmiş 27 avqust 2024-cü il tarixli arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinədə onda az ifadəli emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, əsəbiliyə meyilli olması, tez qıcıqlanması, onda kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, qavrama, yaddaş, təfəkkür və intellekt pozuntuları müəyyən olunmaması, törətdiyi əmələ qarşı tənqidi münasibət bəsləməsi və s.) sübut edir. İİ. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. Hazırki ekspertiza zamanı Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi müşahidə olunmur. Təqsirləndirilən şəxs hazırki cinayəti törədərkən Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqdavə məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə saat 16:35-dən 21 avqust 2024-cü il tarixə saat 20:30-dək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə 4 gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar – Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 31,12 qram qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 21 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASCnin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 126 (yüz iyirmi altı) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə saat 16:35-dən 21 avqust 2024-cü il tarixə saat 20:30-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) İş üzrə maddi sübutlar – Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 31,12 qram qalığı məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 21 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 126 (yüz iyirmi altı) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar