Məhkəmə qərarları › İş №1(014)-40/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-40/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-40/2021 14.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X1 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1967-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhslli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Qarağan-Şıxlar kəndində qeydiyyatda olan və Ağdaş şəhəri Padar küçəsində yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, yaşadığı Ağdaş şəhəri Padar küçəsində yerləşən evinin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş xeyli miqdar hesab olunan 15 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kollarını 2020-ci ilin mart ayının sonlarında qanunsuz olaraq əkməklə həmin tarixdən xx.xx.2020-ci il tarixədək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 15 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində, əməlindən peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, övladlarının Mingəçevir şəhərində yaşadıqlarından evdə tək yaşadığını, həyat yoldaşının uzun müddətdir ki, Rusiya Federasiyasında olduğunu, borcları çox olduğundan onları verə bilmədiyini, heç bir yerdə işləmədiyini, borc sahiblərinin ondan tez-tez pullarını tələb etdiklərini, buna görə pul qazanmaq məqsədilə tərkibində narkotik maddələr olan bitki kollarını əkib becərib onlardan narkotik vasitə əldə edib satmaq qərarına gəldiyini, Rufan adında qardaşının rəhmətə getdiyini, Rufanın narkotik vasitələrdən istifadə etdiyini, Rufanın bir neçə dəfə çətənə kolları yetişdirib onlardan narkotik vasitə əldə etdiyini, Rufandan bunu öyrəndiyini, həmçinin Rufandan qalma evdə çətənə kollarının toxumlarının olduğunu, 2020-ci ilin mart ayının sonlarında həmin toxumları yaşadığı evin həyətində torpağa basdırdığını, 15 ədəd toxum olduğunu, mütəmadi olaraq onlara su verib, diblərini yumşaldıb qulluq etdiyini, daha sonra xx.xx.2020-ci il tarixdə saat təxminən 10 radələrində bazara getdiyini, oğlu Coşqunun həmin gün evdə olduğunu, evə gələn zaman Coşqunun evdə olmadığını gördüyünü, Coşqunun Mingəçevir şəhərinə işə getdiyini zənn etdiyini, Mingəçevir şəhərində hərbi hissədə işlədiyini, lakin sonradan polis əməkdaşlarınıən onun evinin həyətinə baxış keçirdiklərini, həmin bitki kollarını aşkar etdiklərini eşitdiyini, Coşqunu özləri apardıqlarını, bundan sonra həyətə baxan zaman çətənə kollarının yerində olmadığını gördüyünü, sonra onu polis şöbəsinə dəvət etdiklərini, çətənə kollarını əkibəkmədiyini soruşduqlarını, çətənə kollarını əkib becərməsini etiraf etdiyini, həmin çətənə kollarını əkməkdə məqsədinin onlardan narkotik vasitə əldə edib satıb pul qazanmaq olduğunu, ancaq əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ilk dəfədir ki, borcu çox olduğu üçün belə bir hərəkət etdiyini göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində Mingəçevir şəhərində yerləşən hərbi hissədə müddətdən artıq hərbi qulluqçu vəzifəsində işlədiyini, Mingəçevir şəhərində işləyib yaşadığından anasının Ağdaş şəhərində ata evində tək yaşadığını, arada bir Ağdaş şəhərində yerləşən evlərinə gəldiyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 11 radələrində küçədən anasını səslədiklərini, küçəyə çıxan zaman polis əməkdaşları ona yaxınlaşdıqlarını, evlərinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarının əkilməsi barədə məlumat olduğunu, evin həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, etiraz etmədiyini, ərizə ilə müraciət edərək evin həyətinə baxış keçirilməsinə və axtarış aparılmasına etirazının olmadığını bildirdiyini, bundan sonra evin həyətinə iki hal şahidi və bir aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı 15 ədəd tərkibində narkotik maddələr olan çətənə kollarının aşkar edildiyini, həmin kolların hündürlüklərinin 160 sm-dən 270 sm-dək olduğunu, həmin kolların qablaşdırılaraq götürüldüyünü, həmin bitki kollarını kimin əkib-becərməsini bilmədiyini dediyini, evə çox az gəldiyindən həyətlərində tərkibində narkotik maddələr olan bitki kollarının olmasından xəbərimnin olmadığını bildirdiyini, lakin həmin bitki kollarını anasının əkib becərməsini ehtimal etdiyini, anasının həbs olunmasını istəmədiyi üçün kimin əkməsindən xəbərinin olmadığını bildirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanındakı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarının əkilib-becərilməsi barədə əməliyyat məlumat daxil olduğunu, həmin məlumat əsasında raportla tərəfindən şöbə rəhbərliyinə məruzə edildiyini və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunduğunu, bundan sonra həmin gün saat 11:00 radələrində Təranənin yaşadığı ünvana getdiklərini, Təranəni küçəyə səslədiklərini, səsə onun oğlu Coşqunun çıxdığını, Coşquna həyətyanı sahələrində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarının əkilibbecərilməsi barədə məlumat olduğunu və həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirdiklərini, Şahid1 buna etiraz etmədiyini və həyətyanı sahələrinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə Ağdaş RPŞ-nə müraciət etdiyini, bundan sonra həyətyanı sahəyə baxış zamanı 15 ədəd tərkibində narkotik maddələr olan çətənə kollarının aşkar olunduğunu, həmin baxışda iştirak edən aqronom Şahid7 həmin kollara baxaraq onlara aqrotexniki qaydada qulluq olunmasını bildirdiyini və bu barədə rəy yazdığını, daha sonra həmin kolların hündürlüklərinin 160 sm və 270 sm arasında olması müəyyən olunduğunu, daha sonra kollar 07 ədəd sintetik kisələrə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, baxış keçirilməsi barədə fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu və iştirakçılar imza etdiklərini, ilkin sorğu zaman Coşqunun həmin bitki kollarını əkib-becərmədiyini bildirdiyini, lakin Təranənin həmin bitki kollarını əkibbecərməsinə əvvəlcə inanmadıqlarını, sonradan Təranənin həmin bitki kollarını əkibbecərməsinin müəyyən olunduğunu, Təranənin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əvvəllər məlumat daxil olmadığını, Təranənin borcunun çox olduğunu, borclarını vermək məqsədilə həmin bitki kollarını əkib becərmək istədiyini göstərmişdir Məhkəmədə şahid qismində ifadə vermiş şahidlər Şahid6 və Şahid4 Şahid5 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 İkram oğlu ifadəsində 1985-ci il tarixdən Ağdaş rayon Toxum Nəzarəti Xidmətinin baş aqronomu işlədiyini, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanındakı evdə yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində qanunsuz olaraq tərkinində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə məlumat daxil olduğunu, həmin əraziyə baxış keçiriləcəyini həmin baxışda mənim də aqronom kimi iştirak etməyini təklif etdiklərini, buna etiraz etmədiyini, həmin gün saat 11:00 radələrində Təranin yaşadığı ünvana getdiklərini, Təranəni küçəyə səslədiklərnii, səs oğlu Coşqunun çıxdığını, ona həyətlərində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarının əkilib-becərilməsi barədə məlumat olduğunu və həyətyanı sahəyə baxış keçirmək istədiklərini bildirdiklərini, Şahid1 də etiraz etmədiyini və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə Ağdaş RPŞ-nə müraciət etdiyini, bundan sonra baxış zamanı həyətindən 15 ədəd tərkibində narkotik maddələr olan bitki kollarını qanunsuz olaraq aqrotexniki qaydada qulluq etməklə yetişdirilməsinin müəyyən olunduğunu, həmçinin həmin kollara baxaraq onlara aqrotexniki qaydada qulluq olunmasını təsdiq etdiyini və bu barədə rəy yazdığını, daha sonra həmin kolların hündürlüklərinin 160-270 sm arasında olması müəyyən olunduğunu, baxış keçirilməsinə dair protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, iştirakçılar tərəfindən protokola imza etdiklərini göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid3 ifadəsində xx.xx.2020-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı Ağdaş şəhəri Padar küçəsində olduğunu, küçədə olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq bir nəfərin həyətinə baxış keçiləcəyini bildirdiklərini və onun da hal şahidi qismində həmin baxışda iştirak etməyini bildirdiklərini, könüllü olaraq razılaşdığını, başqa bir nəfər şəxsi də hal şahidi qismində iştirak etdiyini, onların iştirakları ilə Təranə adlı şəxsin yaşadığı evin həyətinə baxış keçirildiyini, küçədən Təranəni səslədiklərini, səsə oğlu Coşqunun çıxdığını, baxış keçirilməmişdən əvvəl Coşquna həyətlərində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarının əkilibbecərilməsi barədə məlumat olduğunu bildirdiklərini və həyətinə baxış keçirmək istədiklərini qeyd etdiklərini, Coşqun adlı şəxsin həyətlərinə polis əməkdaşlarının baxış keçirməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etdiyini, daha sonra baxış zamanı həyətdən 15 ədəd tərkibində narkotik maddələr olan bitki kollarının aşkar edildiyini, baxış keçirilməsində iştirak edən aqronomun həmin kollara aqrotexniki qaydada qulluq edildiyini bildirdiyini, ağacların hündürlüklərinin 160 sm-dən 270 sm-dək olduğunu, daha sonra kolların qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, baxış keçirilməsi barədə protokol tərtib olunduğunu və iştirakçıların imza etdiklərini, araşdırma zamanı bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 Sadiq oğlu Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/506 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 07 ədəd sintetik kisələrin içərisində hündürlükləri 160 sm-dən 270 sm-dək, ümumi təmiz çəkisi 38 kiloqram 250 qram olan 15 (on beş) ədəd bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şahid7 xx.xx.2020-ci il tarixli aqronom rəyinə əsasən ümumilikdə 15 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd: çətənə bitkilərinin ümumi təmiz çəkisi 38 kq 250 qram, tədqiqata sərf edildi – 0.75 qram, qalıq 38 kq 249.25 qramdır. Aparılmış ekspertizanın dəyəri 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 961 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş Ağdaş rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 853 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Hacəlı kəndində yaşayan Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 381 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Padar küçəsində yaşayır. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, Padar küçəsində yerləşən evinin həyətyanı sahəsində əkilibbecərilməsi qadağan olunmuş xeyli miqdar hesab olunan 15 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kollarını 2020-ci ilin mart ayının sonlarında qanunsuz olaraq əkməklə həmin tarixdən xx.xx.2020-ci il tarixədək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 15 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar edilməklə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin əməli törətməkdə təqsirlidir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasın, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan bir ədəd sintetik kisədə olan təmiz çəkisi tədqiqata sərf edildikdən sonar qalıq qalan 38 kq 250 qram olan çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə hüquqlarını 64 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs na göstərilmiş 64 saat hüquqi xidmətə görə 384 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs ndan iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ41NABZ******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayon Hacılı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ağdaş, Yevlax rayonları və Mingəçevir şəhəri ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs na təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan bir ədəd sintetik kisədə olan təmiz çəkisi tədqiqata sərf edildikdən sonar qalıq qalan 38 kq 250 qram olan çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs ndan iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs na göstərilmiş 64 saat hüquqi xidmətə görə 384 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində A Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar