Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-40/2024 04.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1980-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Ağdaş rayonu, Aşağı Nemətabad kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarınını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində idarə etdiyi “QAZ 33021” yük markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 253-cü kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin, 1-ci bəndinin tələbləri, yəni 1.1-1.3 üfüqi nişanlama xəttini kəsib keçmək qadağandır yol nişanının tələblərinə riayət etməli olduğu halda bunu etməyərək, Ağdaş şəhəri istiqamətində hərəkətdə olub 10-15 km/saat sürətlə sola doğru manevr edib ağ düz nişanlama xəttini keçib avtomobilin qabaq sağ hissəsilə, əks istiqamətlə Yevlax rayonu istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs 100 km/saat sürətlə idarə etdiyi “KİA CEED” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə Yevlax rayon istiqamətində olan zolaqda soldan ağ düz xətdən sağa doğru 1,7 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs sol körpücük sümüyünün yerdəyişən sınığı, sol diz oynağının iç səthinin sıyrığı, sağ diz oynağının iç səthinin qançırı ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Ağdaş rayonu, Aşağı Nemətabad kəndində yaşadığını, evli olduğunu, BC kateqoriyalı sürücülük vəsiqəsinin olduğunu, “QAZ 33021” yük markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə ilə ona məxsus olduğunu, hadisə zamanı avtomobilin etibarnaməsinin bitdiyini, hadisənin səhəri günü etibarnaməni yenilədiyini, avtomobilin etibarnamə ilə ona məxsus olduğunu, 05 oktyabr 2023-cü il tarixdə saat 19:20 radələrində idarə etdiyi avtomobillə yaşadığı Nemətabad kəndindən çıxıb Ağdaş rayonu istiqamətində hərəkətdə olduğunu, məqsədinin Ağdaş rayon istiqamətində yolun solunda sahədə yerləşən mal-qara saxlanılan yatağa getmək olduğunu, yatağa dönən hissədə sola meyilli vəziyyətdə dayandığını, sola dönmə işığını yandırdığını, qarşıdan Ağdaş şəhəri istiqamətindən bir avtomobilin gəldiyini gördüyünü, həmin avtomobil gəlib çatana kimi sola dönüb gedə biləcəyini düşündüyünü, hərəkətini 10-15 km/saat sürətlə davam etdirib sola dönən zaman qarşıdan gələn markasını və qeydiyyat nişanını sonradan bildiyi “KİA CEED” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu, hadisə nəticəsində xəsarət almadığını, toqquşduğu avtomobilin sürücüsünün xəsarət aldığını, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya apardıqlarını, hadisə zamanı avtomobildə tək olduğunu, spirtli içki qəbul etmədiyini bildirmişdir. Həmçinin törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin həm ibtidai istintaq zaman həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə yol-nəqliyyat hadisləri ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində Laçın rayonu, Hacılar kəndində qeydiyyatda olduğunu, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobupark yaşayış kompleksi ev 2, mənzil 57-də yaşadığını, evli olduğunu, bir azyaşlı övladının olduğunu, BC kateqoriyalı sürücülük vəsiqəsinin olduğunu, hadisə zamanı idarə etdiyi “KİA CEED” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə ilə ona məxsus olduğunu, 05 oktyabr 2023-cü il tarixdə idarə etdiyi “KİA CEED” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonundan Mingəçevir şəhərinə getdiyini, saat təxminən 19:20 radələrində Ağdaş rayonu, Şıxlı kəndi ərazisindən keçən yolla, yolun sağ zolağı ilə 100 km/saat sürətlə hərəkətdə olan zaman qarşıdan əks istiqamətlə hərəkətdə olan “QAZ 33021” yük markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəfildən sola dönüb onun hərəkət zolağına daxil olduğunu, tormoz verməyə imkan tapa bilmədiyini, sükanı sağa çəksə də avtomobilin qabaq hissəsi ilə “QAZ 33021” yük markalı avtomobilin qabaq sağ hissəsilə toqquşduğunu, hadisə nəticəsində onun xəsarət aldığını, hadisə yerinə gəldiyini, təcili tibbi yardım avtombili ilə Ağdaş rayon mərkəzi xəstəxanasına aparıldığını, araşdırma zamanı avtomobili ilə toqquşmuş “QAZ 33021” yük markalı avtomobilin sürücüsü adını sonradan bildiyi əvvəllər tanımadığı Rəşad Abışovdan şikayətçi olmağı barədə ərizə verdiyini, hazırda da ondan şikayətçi olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, cinayət işinə xitam verilməsini xahiş etmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi publik hüquqi şəxsin 22 noyabr 2023-cü il tarixli, 529 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol körpücük sümüyünün yerdəyişən sınığı, sol diz oynağının iç səthinin sıyrığı, sağ diz oynağının iç səthinin qançırı - küt alətin təsirindən törənmiş, törənmə müddətləri 05 noyabr 2023-cü il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol-nəqliyyat qəza hadisəssi zamanı əmələ gələ bilərlər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 dekabr 2023-cü il tarixli, 8/3488 nömrəli rəyindən görünür ki, “QAZ 33021” yük markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Kia CEED markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rüstəmov Cahid Nazim oğlunun tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 05 noyabr 2023-cü il tarixli, 454 saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 05 noyabr 2023-cü il tarixli, 454 saylı aktdan görünür ki, sürücü Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. İşin materiallarında olan sürücülük vəsiqəsinin surıtindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarında olan Gəncə RQİ və TBS tərəfindən 26 sentyabr 2017-ci il tarixdə verilmiş AD 011988 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 1996-ci il, “QAZ 33021 YÜK FURQON” markalı, **-BB-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi X4r. İşin materiallarında olan 06 noyabr 2023-cü il tarixli, ƏN-İX № 066937 nömrəli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “QAZ 33021” yük markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərində həmin avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və s. hüququ verilmişdir. İşin materiallarında olan sürücülük vəsiqəsinin surıtindən görünür ki, Zərərçəkmiş şəxs BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarında olan AR DİN BDYPİ və Qİİ tərəfindən 14 sentyabr 2021-ci il tarixdə verilmiş BA 119692 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2007-ci il, “KİA CEED XETÇBEK” markalı, **-BH-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi X1r. İşin materiallarında olan 21 yanvar 2022-ci il tarixli, ƏN-V № 914913 nömrəli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs “KİA CEED XETÇBEK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərində həmin avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və s. hüququ verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli, 5-32-12/2-507/2023 nömrəli arayışdan görünür ki, Ağdaş rayonu, Aşağı Nemətabad kəndində uzun illər yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı 1985-ci il təvəllüdlü X6, qızı 2002-ci il təvəllüdlü X7, oğlu 2004-cü il təvəllüdlü X2, oğlu 2008-ci il təvəllüdlü X8 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşin materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 05 yanvar 2024-cü il tarixli, 3-13-16-3/2-16/2024 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs BB220702 BC kateqoriyalı sürücülük vəsiqəsi 21 yanvar 2022-ci il tarixdən 21 yanvar 2032-ci il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs BD214999 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi 03 iyul 2023-cü il tarixdən 03 iyul 2033-cü il tarixədək verilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət işi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət işi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Məhkəmə iş materiallarını tam təhlil etdikdən sonra hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət işi üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və Qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “QAZ 33021” yük markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması, “Kia CEED” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin BDYİ-nın YPXA-nın 722 saylı stasionar postun duracağında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-in 39.1.11, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və BDYİ-nın YPXA-nın 722 saylı stasionar postun duracağında saxlanılan “Kia CEED” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış “QAZ 33021” yük markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-40/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-40/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver