Məhkəmə qərarları › İş №1(014)-41/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-41/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-41/2021 20.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1943-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 12:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkətə başlamazdan və sola dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli olduğu halda, eləcə də manevri təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda idarə etdiyi “Chevrolet Aveo” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Zarağan yolunun 4-cü kilometrliyinin Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində yerləşən “Sürücü” kafesinin qarşısında sola manevr edərək Ağdaş şəhərindən üzü Qəbələ rayonu istiqamətində hərəkətdə olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 7-də yaşayan Şahid3 idarə etdiyi VAZ-2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Təqsirləndirilən şəxs avtomobilində sərnişin olan Ağdaş şəhəri, S.Hacıbəyov küçəsi, ev 28-də yaşayan xx.xx.1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobildən düşərək yolun qarşı hissəsinə, yəni üzü Qəbələ rayonu istiqamətinə gedərkən yolun kənarında ehtiyat hissədə dayanmış, bundan sonra Təqsirləndirilən şəxs saat 12:15 radəsində idarə etdiyi “Chevrolet Aveo” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilini arxaya verərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü bəndinin tələblərini pozmuş, yəni nəqliyyat vasitəsini geriyə hərəkət etdirərkən manevrin təhlükəsiz olmasını və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı olduğu halda bunları etməyərək, yolun kənarında dayanmış piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin toxumalarının əzilməsi, travmatik beyindaxili qanaxma, sol gözünün ətraf yumşaq toxumalarının əzilməsi ilə nəticələnən ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vuran xəsarət yetirərək sonuncunun xx.xx.2020-ci il tarixdə, saat 09:10 dəqiqədə Mingəçevir RMX-də ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində mərhum Zərərçəkmiş şəxs onun qudası olduğunu, əvvəllər aralarında heç bir söz-söhbət və narazılıq olmadığını, etibarnamə əsasında “Chevrolet Aveo” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və digər sənədlərinin olduğunu, xx.xx.2020-ci il tarixdə, saat təxminən 12:00 radələrində qudası X5 ilə birlikdə idarə etdiyi “Chevrolet Aveo” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu Dəhnəxəlil kəndinə getdiklərini, avtomobildə Səffarın ön oturacaqda əyləşdiyini, avtomobildə başqa adam olmadığını, Ağdaş rayonu Dəhnəxəlil kəndinə gəldiyini, kəndin girişində yolun kənarında saxlayıb tanımadığı şəxsdən ağac satan şəxsi soruşduğunu, həmin kəndə ağac almağa getdiklərini, həmin şəxsin ona yolu göstərdiyini, xeyli qabağa gəldiklərini, həmin kənddə “Sürücü” kafesinin yanında sola tərəf döndüyünü, sola tərəf dönmə işığını yandırıb təxminən saatda 20 km sürətlə sola tərəf dönməyə başladığını, bu zaman qəflətən qarşı hərəkət yolunda ehtiyat hissədə onu avtomobilinin qabaq sol tərəfindən Vaz-2107 markalı nömrəsini bilmədiyi avtomobilin vurduğunu, avtomobildən düşdüyünü, Səffarın avtomobildən düşüb gedib yolun qarşı tərəfində dayandığını, sonra avtomobilinə əyləşib arxaya sürmək istədiyini, bu zaman avtomobilinin qaz pedalının ilişdiyini, avtomobilin olduqları yerin qarşı hərəkət hissəsinə, yəni kafe tərəfinə getdiyini, orada qudası Səffarı avtomobilinin arxası ilə vurduğunu, avtomobilinin ağaca dəyib dayandığını, Səffarın geriyə yerə yıxılaraq xəsarət aldığını, Səffar yerə yıxılan zaman yerdə olan xırda-xırda daşların onun başına dəydiyini, Səffarın xəsarət aldığını, dərhal onu Ağdaş rayon mərkəzi xəstəxanasına, oradan da Mingəçevir şəhəri mərkəzi xəstəxanasına apardıqlarını, daha sonra həkim müayinəsindən keçdiyini, sərxoş olmamasının öz təsdiqini tapdığını, daha sonra xx.xx.2020-ci il tarixdə Səffarın almış olduğu xəsarətlərdən Mingəçevir şəhər mərkəzi xəstəxanasında vəfat etdiyini, Səffarın xəsarət almasına səbəbin onun avtomobilinin Səffarı vurması nəticəsində deyil, Zərərçəkmiş şəxs vurduqdan sonra yerə yıxılan zaman yerdə olan xırda daşların onun başına dəyməsi nəticəsində xəsarət almasını göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərərək onu xəstəxanaya çatdırmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, ona qarşı şikayətinin və tələbinin olmamasını nəzərə almağı, ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs hüquqi varisi X7 ifadəsində Zərərçəkmiş şəxs onun doğma atası olduğunu, Təqsirləndirilən şəxs bacısının qayınatası olduğunu, Kazımı tanıdığını, bir qohum kimi münasibətlərinin normal olduğunu, xx.xx.2020-ci il tarixdə, saat təxminən 13:00 radələrində atasını avtomobil vurduğu üçün Ağdaş rayon mərkəzi xəstəxanasına müraciət etdiyini eşitdiyini, dərhal xəstəxanaya getdiyini, hadisənin necə baş verməsi ilə bağlı maraqlanan zaman atasının Kazımın idarə etdiyi “Chverolet” markalı, nömrəsini bilmədiyi avtomobillə Ağdaş rayonu Dəhnəxəlil kəndinə getdiklərini, orada Kazımın idarə etdiyi avtomobillə Vaz-2107 markalı avtomobillə toqquşduğunu, sürücülərin arasında mübahisə yarandığını, atası Səffarın avtomobildən düşərək gedib yolun kənarında dayandığını, sonra Kazımın avtomobilini geriyə tərəf idarə edərkən avtomobilin gedib atasını vurduğunu, atasının xəsarət aldığını bildiyini, daha sonra atasının Mingəçevir şəhər mərkəzi xəstəxanasına apardıqlarını, orada atasının vəfat etdiyini göstərmişdir. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmiş və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində etibarnamə əsasında VAZ-2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyini, həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və digər sənədlərinin olduğunu, xx.xx.2020-ci il tarixdə, saat təxminən 12:00 radələrində həmin avtomobillə Ağdaş rayonu Dəhnəxəlil kəndi ilə üzü Qəbələ rayonu istiqamətində hərəkətdə olduğunu, həmin vaxt avtomobilini təxminən saatda 70 km sürətlə hərəkət etdirdiyini, təxminən 60 metr məsafədən ağ rəngli nömrəsini bilmədiyi “Chevrolet Aveo” markalı avtomobil yolun ortasında, yəni onun yolunun ortasında dayanıb kimdənsə nəsə soruşduğunu gördüyünü, təxminən 30 metr məsafədən həmin avtomobilin qəflətən yola çıxdığını gördüyünü, həmin avtomobilin yavaş-yavaş sol tərəfə döndüyünü, onu vuracağını gördüyünü, buna görə də vurmamaq üçün avtomobili qarşı hərəkət yoluna tərəf çəkdiyini, lakin həmin avtomobilin sola döndüyünü, qarşı hərəkət yolunda olan zaman həmin avtomobilin dayanmadığını görüb əyləcə basdığını, əyləc vəziyyətində də gedib qarşı hərəkət yolunda onu vurduğunu, daha sonra isə yerə düşdüklərini, bir-birlərinə irad bildirdiklərini, təxminən 15 dəqiqə sonra qəflətən “Chevrolet Aveo” markalı avtomobilin sürücüsünün avtomobili arxaya tərəf idarə edən zaman onların olduqları yolun əks istiqamətində bir nəfər piyadanı vurduğunu gördüyünü, zərbədən piyadanın gedib yolun kənarında yerə yıxıldığını, sonra təcili tibbi yardım çağırıb onu xəstəxanaya göndərdiklərini, onun avtomobilində heç kəsin olmadığını, tək olduğunu, hadisədən əvvəl avtomobili təxminən saatda 70 km sürətlə hərəkət etdirdiyini, hadisədən əvvəl özü və qarşı avtomobilin sürücüsünün sərxoş olmadıqlarını, həkim müayinəsindən keçən zaman da sərxoş olmaqları öz təsdiqini tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində heç bir ruhi-əsəb və s. xəstəliyi olmadığını, Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən “Sürücü” kafesini işlətdiyini, xx.xx.2020-ci il tarixdə, saat təxminən 12:00 radələrində kafedə olduğunu, kafenin qarşısında yola tərəf çıxdığını, həmin vaxt kafenin qarşı hissəsində yolun kənarında ağ rəngli “Chevrolet Aveo” markalı avtomobil yolun ehtiyat hissəsində dayandığnı gördüyünü, həmin “Chevrolet Aveo” markalı avtomobilin qəflətən ehtiyat hissədən sol tərəfə, yəni Dəhnəxəlil kəndinə tərəf döndüyünü, bu zaman da Ağdaş şəhəri istiqamətindən “VAZ-2107” markalı avtomobilin gəldiyini, “Chevrolet Aveo” markalı avtomobilin qəflətən onun yoluna çıxdığı üçün “VAZ-2107” markalı avtomobilin sürücüsü toqquşmamaq üçün avtomobilini sol tərəfə, yəni qarşı hərəkət yoluna çəkdiyini, “Chevrolet Aveo” markalı avtomobilin sürücüsünün isə arxadan gələn avtomobilin olub-olmamasına baxmadığını, sol tərəfə kəndə tərəf hərəkət etməyə davam etdiyini, bu zaman “VAZ-2107” markalı avtomobilin sürücüsünün tormoz verdiyini, qarşı hərəkət yolunda tormoz vəziyyətində “Chevrolet Aveo” markalı avtomobili vurduğunu, hadisədən sonra onların mübahisə etdiklərini, mübahisə zamanı “Chevrolet Aveo” markalı avtomobildə olan sərnişinin avtomobildən düşüb gəlib kafe tərəfdə yolun kənarında dayandığını, təxminən 10-15 dəqiqə sonra “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü avtomobilinə əyləşib avtomobilini arxaya tərəf idarə etdiyini, bu zaman nə oldusa bilmədiyini, avtomobilin kafe tərəfdə olan piyadaların üzərinə gəldiyini, hamının çəkildiyini, lakin “Chevrolet Aveo” markalı avtomobildə sərnişin olan Səffar adlı şəxsi vurduğunu, Səffarın da arxaya gedib kafenin giriş hissəsinə yıxıldığını, sonra isə hadisə yerinə təcili tibbi yarım avtomobilini çağırıb Səffarı xəstəxanaya yola saldıqlarını, “VAZ-2107” markalı avtomobillə “Chevrolet Aveo” markalı avtomobilin toqquşmasına səbəb “Chevrolet Aveo” markalı avtomobilin sürücüsünün yolun sağ ehtiyat hissəsindən qəflətən sola kəndə tərəf dönməsi olduğunu, “Chevrolet Aveo” markalı avtomobilin sürücüsünün sola dönmə işığını konkret olaraq yandırmasını görmədiyini, lakin orada olan şəxslərdən sola dönmə işığını yandırmadığını eşitdiyini, Kazımın avtomobilini dəqiq harada saxlamasını görmədiyini, çünki avtomobil yolunun kafedən hündürdə yerləşdiyini, kafenin yoldan aşağıda olduğunu, yəni çökəkdə olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan xx xxxxxx 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxxxxx 2021-ci ildə verilmiş AF seriyalı 228460 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2021-ci il tarixədək qüvvədə olan “B” dərəcəli sürücülük hüququ vardır. İşin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx xxxxxx 2020-ci il tarixli, 229 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AB seriyalı 949381 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2012-ci il, “Chevrolet Aveo” markalı, **-EG-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi X4r. İşin materiallarında olan X6 tərəfindən verilmiş ƏN-İV 82503 saylı etibarnamədən görünür ki, “Chevrolet Aveo” markalı, **-EG-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti xx xxxx 2020-ci il tarixdən xx xxxxxxx 2021-ci il tarixədək sürücü Təqsirləndirilən şəxs verilmişdir. İşin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs oğlu X7 zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi Birliyinin xx xxxxxx 2021-ci il tarixli, 39 saylı meyitin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşkar olunan xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin toxumalarının əzilməsi, travmatik beyindaxili qanaxma, sol gözünün ətraf yumşaq toxumalarının əzilməsi, xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. İşin materiallarında olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 8/2394 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə “VAZ 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şahid3 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə “Chevrolet Aveo” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə “Chevrolet Aveo” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə piyadanın vurulması hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. İşin materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri ümumilikdə 100 (yüz) manat müəyyən edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Chevrolet Aveo” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs hüquqi varisi oğlu M.S.Cəfərlinin təqdim etdiyi ərizədən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.İsayev küçəsində 2 saylı evdə yaşamaqla, ailə tərkibi X2 ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin İ hissəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, baş vermiş yol-nəqliyyat hadisəsində dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərərək onu xəstəxanaya çatdırmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Chevrolet Aveo” markalı, **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibində olması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Chevrolet Aveo” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibində olması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa getməmək haqqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar