Məhkəmə qərarları › İş №1(014)-41/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-41/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-41/2023 05.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X1 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Ağdaş şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 aprel 2023 -cü il tarixdə saat 14:30-da Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan şəxsi istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 490 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Ağdaş rayonu Xosrov kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 21:56-dan 22:06-dək ünvan 2 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin içərisində-qarın nahiyəsindən 01 ədəd sellofan torbada təmiz çəkisi 490 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində hazırda evli olduğunu, fərdi qaydada avtomobil elektriki işlədiyini, təxminən 12 ilə yaxındır narkotik vasitə olan marixuanadan istifadə etdiyini, lakin narkotik vasitələrdən asılı olmadığını, hərdən bir istifadə etdiyini, narkotik vasitə qəbul etməyən zaman bədənində heç bir ağrı olmadığını, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Ağdaş rayonu Xosrov kəndi ərazisində olan zaman Ağdaş RPŞ-nin əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, həmçinin ona üzərində narkotik vasitə saxlamağı və daşımağı barədə onlarda məlumatın olmasını bildirərək onu RPŞ-nə dəvət etdiklərini, özü də polis əməkdaşları ilə razılaşdığını, daha sonra RPŞ-nə gəldiyini, RPŞ-də ona dövlət hesabına müdafiəçi ilə təmin olmaq hüququ izah edildiyini və özü də maddi imkanı olmadığından dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra ona Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edildiyini və hüquqlarımın dövlət hesabına müdafiə etməsi üçün Müdafiəçi təyin edilməsi istədiyini və bu barədə ərizə ilə müraciət etdiyini, daha sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulduğunu və ona hüquqları izah edildiyini, daha sonra RPŞ-nin növbətçi hissəsində onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı polis əməkdaşının ona üzərində olan əşyaları stolun üzərinə qoymağını təklif etdiyini, özü də həmin vaxt əynində olan qara rəngli qış gödəkcəsinin altında qarın nahiyəsində gizlətdiyi 01 ədəd sellofan torbada olan narkotik vasitə-marixuananı təqdim etdiyini, daha sonra həmin sellofan torbanın açıldığını, həmin torbanın içərisindən xüsusi iyə malik, yaşıl rəngli bitki kütləsi aşkar edildiyini, polis əməkdaşının həmin bitki kütləsinin nə olmasını və hansı məqsədlə üzərində saxladığını, həmçinin haradan əldə etdiyini soruşduğunu, özü də polis əməkdaşını həmin bitki kütləsinin qurdulmuş marixuana olmasını, özü istifadə etmək üçün üzərində saxladığını, lakin həmin marixuananın yerini dəyişən zaman tutulduğunu bildirdiyini, belə ki, hazırda dəqiq olaraq yadında qalmayan tarixdə Ağdaş rayonu Xosrov kəndinin ərazisindən keçən Yuxarı Şirvan kanalından balıq tutumaq üçün getdiyini, həmin vaxt kanalın üzərində 01 ədəd çətənə bitkinin olmasını gördüyünü, özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin bitkinin çətənə bitkisi olmasını tanıdığını, buna görə də həmin bitkini yığaraq qurutduğunu və həmin yerdəə gizlətdiyini, xx.xx.2023-cü il tarixdə həmin bitkini götürmək üçün Ağdaş rayonu, Xosrov kəndi ərazisindən keçən su kanalının yaxınlığında narkotik bitksini gizlətdiyi yerə getdiyini, narkotik tərkibli bitkinin yarpaqlarını özü ilə apardığı sellofan torbaya yığdığını, daha sonra həmin yeri tərk edərək yaşadığı ünvana getmək istədiyini, ünvan 4 ona yaxınlaşdıqlarını və onu RPŞ-nə gətirdiklərini, onun üzərimdən aşakr edilmiş 01 ədəd sellofan torbada olan qurudulmuş marixuana elektron tərəzidə çəkildiyini və çəkisinin 511 qram olduğunu, daha sonra həmin sellofan torbanın kağız zərfə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edildiyini və həmin protokola imza etdiklərini, üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbada olan qurudulmuş marixuananı hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Ağdaş rayonu Xosrov kəndi ərazisindən keçən su kanalının üzərindən tapdığı narkotik tərkibli bitkinin yarpaqlarından yığdığını, həmin narkotik vasitəni özü istifadə etmək üçün yaşadığı ünvana aparmaq üçün üzərində saxladığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını, mobil telefondan istifadə etmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2la birlikdə Ağdaş rayonu Xosrov kəndi ərazisində olan zaman Nicatı həmin ərazidə olmasını gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Nicatı RPŞ-nə dəvət etdiklərini, Nicatın da onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də Nicata dövlət hesabına müdafiəçi təyin edildiyini və o, şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Nicatın üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Nicatın əynində olan qara rəngli qış gödəkcəsinin qarın nahiyəsində gizlətdiyi 01 ədəd sellofan torba aşkar edildiyini, daha sonra həmin sellofan torba açıldığını, həmin torbanın içərisindən xüsusi iyə malik, yaşıl rəngli bitki kütləsi aşkar edildiyini, Nicatın həmin bitki kütləsinin qurdulmuş marixuana olmasını, özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra aşkar edilmiş 01 ədəd sellofan torbada olan narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə çəkildiyini və çəkisinin 511 qram olduğunu, daha sonra həmin sellofan torba kağız zərfə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu və bütün iştirakçılar tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını barədə RPŞ-nə məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs tutulan zaman o və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdirlər. “Şəxsi axtarış keçirilməsi haqqında” 01 yanvar 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 21:56-dan saat 22:06-a dək Ağdaş RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun əynində olan qara rəngli qış gödəkçəsinin qarın hissəsindən 01 ədəd sellofan torba aşkar olunmuş, həmin torba açıldıqda içərisindən yaşıl rəngdə olan kəskin qoxuya malik, narkotik vasitəyə oxşar olan bitki kütləsinin olması müəyyən edilmiş, sonra həmin sellofan torba elektron tərəzidə çəkilmiş, çəkisi 511 qram olmuş, sonra həmin sellofan torba kağız zərfə qablaşdırılmış, üzəri möhürlənərək təhqiqatçı tərəfindən iştirakçılara imzalatdırılmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/4 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bağlamanın içərisindəki təmiz çəkisi -490 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 109 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 yanvar 2023-cü il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 27 yanvar 2023-cü il tarixli 207 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, N.Nərimanov küçəsi 4/19 saylı evdə yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: X5 -atası; X2 -anası; X3 – qardaşıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 yanvar 2023-cü il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 21:40-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 490 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı yaşadığı üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, əməlin cinayət olmasını aradan qaldıran və cinayət məsuliyyətindən azad edən hallar yoxdur, buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəlar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdən 03 yanvar 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin, həbs qətimkan tədbiri hökm qanunu qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 489.90 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 20 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə 120 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülməlidir.. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdən 03 yanvar 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı vaxtdan 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 489.90 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 35 manat 97 qəpik (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə 120 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar