Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-42/2023 07.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşava Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1993-cü ildə Ağdaş rayonu, Abad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, "xxxx" QSC-də sürücü işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Abad kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində Ağdaş rayonu, Abad kəndi ərazisində idarə etdiyi “Hyundai İX35” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman arxa sağ sərnişin oturacağında əyləşmiş arvadı xx.xx.1994-cü il təvəllüdlü, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 11/13-də qeydiyyatda olmaqla Ağdaş rayonu, Abad kəndində yaşayan Zərərçəkmiş şəxs ilə aralarında musiqi dinləmək səbəbindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun başından, eləcə də sonuncu başına gələn zərbələrdən özünü qorumaq üçün əllərini başına qoyan zaman onu əllərindən yumruqla qəsdən bir neçə dəfə vuraraq ona başın sağ təpə nahiyəsinin hematoması, sağ saidin aşağı 1/3-nin, sağ əlin üst səthinə keçən qançırı, sağ mil bilək oynağının əzilməsi (hematrozu), sol saidin aşağı 1/3-nin iç səthinin qançırı zədələrini yetirməklə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində elan olunmuş ittihamın mahiyyəti aydın olduğunu, əvvəllər cinayət törətməyə görə məhkum olunmadığını, X8 sürücü işlədiyini, özünə məxsus “Hyundai İX35” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı və **-BE-*** dövlət qeydiyyat nişanlı “Lada Priora” minik markalı avtomobillərinin olduğunu, Zərərçəkmiş şəxs onun arvadı olduğunu, ailə qurandan bəri qayınanasının ailələrinə müdaxilə etməyə başladığını, ona görə də, elə ilk günlərdən aralarında narazılıqlar yarandığını, Əsmərin anasının hər gün dəfələrlə Əsmərə zəng etdiyini, danışdığını, onlara qarşı öyrətdiyini, iki qardaş olduqlarını, qardaşının ailəli olduğunu, atası ilə birlikdə yaşadığını, onun üçün Ağdaş şəhərində həyət evi aldıqlarını, lakin evin təmiri tam qutarmadığına görə hələ həmin evə köçə bilmədiklərini, qayınanasının da dəfələrlə bu mövzunu ortaya atmasını, tez Ağdaş şəhərində olan evə köçməyə məcbur etdiyini, bu səbəbdən də son günlər hər ikisinin çox əsəbi olduqlarını, xx.xx.2022-ci il tarixdə səhər saat 07:00 radələrində xəstə qardaşı övladını Bakı şəhərinə ona məxsus olan “Hyundai İX35” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı xəstəxanaya apardığını, Əsməri də götürdüklərini, qardaşı arvadı Tamam da getdiyini, kənd yolunda olarkən avtomobilin maqnitafonunda segaha qulaq asdığını, həmin vaxt Əsmər telefonunu götürüb mahnını dəyişdiyini, özünün ona “niyə mahnını dəyişdin?” dediyini, Əsmərdən dinlədiyi mahnını hansı səbəbdən bəyənmədiyini soruşduğunu, Əsmərin də ona aqressiv cavab verdiyini, özünün də eyni tərzdə cavab verdiyini, bu səbəbdən aralarında mübahisənin başladığını, mübahisə vaxtı arxaya çevrilərək bir neçə dəfə yumruğu ilə Əsmərin baş nahiyəsindən vurduğunu, sonra əsəbindən geri qayıtmaq istədiyini, lakin qardaşının arvadı Tamamın onları sakitləşdirdiyini, bütün yol boyu aralarında söz mübahisəsi olduğunu, uşağın həkimlə işini bitirdikdən sonra geri qayıdası olduğunu, orada yenə aralarında söz mübahisəsi baş verdiyini, sonra birlikdə yaşadıqları evə geri qayıtdıqlarını, sonra atasına bu barədə danışdığını, atasının da Əsmərin anasını çağırıb danışmaq istədiyini, Əsmərə anasına zəng etməsini deməyini, Əsmər də anasını zəng edib çağırdığını, daha sonra anası Arzunun yaşadıqları evə gəldiyini, atasının Əsmərin anası ilə bu məsələni həll etmək istədiyini, lakin Arzu danışmaq istəmədiyini və qızını da götürüb öz evinə apardığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində əvvəllər cinayət törətməyə görə məhkumluğunun olmadığını, Təqsirləndirilən şəxs onun əri olduğunu, 2022-ci ilin oktyabr ayında ailə qurduqlarını, ailə qurandan bəri onunla düzgün rəftar etmədiyini, Münasibin ona “mənim 5 dəqiqəlik əsəbim var, həmin müddətdə mənə heç bir şey demə” dediyini, özünün belə olan hallarda onu yola verdiyini, xx.xx.2022-ci il tarixdə səhər saat 07:00 radələrində Münasibin qardaşının övladını Bakı şəhərinə həkim müayinəsinə özünə aid ağ rəngli, “Hyundai” markalı avtomobillə apardığını, özünün isə orada həkimlərlə danışmaq məqsədi ilə getdiyini, qayını arvadı Şahid da onlarla getdiyini, kənd yolunda avtomobilin maqnitafonunda mahnı səsləndirdiyini, onun da həmin mahnını dəyişdirib telefonunda başqa mahnı qoymaq istədiyini, segaha qulaq asıb, sükan arxasında yuxulamasını istəmədiyini, həmin vaxt Münasib onunla mübahisə etməyə başladığını, daha sonra nalayiq ifadələr söyləməyə başladığını, onun valideynlərinin, əzizlərinin ünvanına dəfələrlə nalayiq ifadələr işlətdiyini, əvvəllər təklikdə olanda onun belə nalayiq ifadələr qəbul etdiyini, lakin eltisinin yanında ona bu cür sözlər deməyini həzm edə bilmədiyini, ona görə də aralarında mübahisə yarandığını, mübahisə vaxtı Münasib əlləri ilə onu vurduğunu, Münasib yumruğu ilə onun baş nahiyəsinə bir neçə dəfə vurduğunu, o da Münasib onu vura bilməsin deyə əllərini başına, üzünə tutduğunu, bu zaman onun zərbələri əlinə dəydiyini, bundan sonra Münasib geri qayıdıb onu evə düşürmək istədiyini, lakin eltisi Tamam Münasibə “geri qayıtma”, Əsmərə də “sakit dayan, yolumuzu gedək” demişdir. Onun da sakit dayandığını, bundan sonra yollarına davam etdiklərini, Ləki qəsəbəsinə çatanda Münasib yenə də ona nalayiq ifadələr işlətməyə başladığını, mərhum atasının ünvanına yenə də söyəndə artıq dözə bilmədiyini və ona söyüşünü qaytardığını, həmin vaxt Münasib yenə onun başından vurduğunu, avtomobildə olan bıçağını onun alnına dirədiyini, boğazından boğduğunu və saçını yolduğunu, sonradan sakitləşdiyini, yenidən yollarına davam etdiklərini, yol boyu onu aparıb Bakıda atacağını dediyini, Bakı şəhərində yenidən mübahisə etdiklərini, cəmiyyət içərisində olduqları üçün sakit dayandığını, qayını övladının xəstəxanadan analiz cavablarını götürdükdən sonra geriyə qayıtdıqlarını, həmin gün axşam saatlarında artıq Ağdaş rayonunda olduqlarını, Münasib atası ilə danışdıqdan sonra ona “anana de gəlsin bura” dediyini, o da anasına zəng edib çağırdığını, anası da gələndən sonra birlikdə ordan anasının evinə gəldiyini, avtomobildə Tamamdan başqa heç kimin olmadığını, ora heç kimin toplaşmadığını, aralarındakı mübahisənin təxminən 5-10 dəqiqə çəkdiyini bildirmiş və ona qanunvericiliyə uyğun cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində Təqsirləndirilən şəxs onun qayını olduğunu, bir evdə yaşadıqları üçün onlar mehriban olduqlarını, aralarında heç bir mübahisə olmamasını, onun azyaşlı övladının qızdırması olduğundan və bədən temperaturu aşağı düşmədiyi üçün Bakı şəhərinə xəstəxanaya apardıqlarını, ərinin işi olduğuna görə övladı ilə onu Münasib Bakı şəhərinə aparacağını, xx.xx.2022-ci il tarixdə səhər saat 07:00 radələrində Münasib, o, övladı və Münasibin arvadı Əsmər avtomobillə Bakı şəhərinə yola düşdüklərini, Münasib Əsməri xəstəxanada həkimlə danışması üçün apardığını, Abad kəndi ərazisində Münasib avtomobilin maqnitafonunda mahnı səsləndirdiyini, Əsmər də həmin mahnını dəyişdirib onun telefonunda başqa mahnı qoyduğunu, həmin vaxt Münasiblə Əsmər mübahisə etməyə başladığını, bu vaxt Əsmər arxa oturacaqda sağ tərəfdə olduğunu, daha sonra Əsmər Münasibə əl-qol atdığını, Münasib də arxaya çevrilib, Əsmərə əlləri ilə yumruq atdığını, daha sonra Münasib Ağdaş rayonuna geri qayıdıb Əsməri evə qaytarmaq istədiyini, bu zaman müdaxilə edərək onları sakitləşdirdiyini, Münasibə yolunu sürməyini, Əsmərə isə sakit oturmasını bildirdiyini, onlar Bakıya çatana qədər ara-sıra sözlə mübahisə etdiklərini, Bakı şəhərində xəstəxanaya getdiklərini, daha sonra Ağdaş rayonu Abad kəndinə qayıtdıqlarını, həmin gün axşam saatlarında artıq Ağdaş rayonunda olduqlarını bildirmişdir. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 Ağdaş rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 789 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - başın sağ təpə nahiyəsinin hematoması, sağ saidin aşağı 1/3nin sağ əlin üst səthinə keçən qançırı, sağ mil bilək oynağının əzilməsi (hematrozu), sol saidin aşağı 1/3-nin iç səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir; sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Abad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 28 dekabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Abad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 28 dekabr 2022-ci il tarixli, № 474 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Abad kəndinə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: atası - X7; anası – X1; qardaşı – X4. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, səmimi etirafını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün və həddinin təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-42/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-42/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver