Məhkəmə qərarları › İş №1(014)-42/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-42/2025

16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-42/2025 16.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X7 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2002-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada işləyən, subay, Ağdaş rayonu, Orta Qəsil kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 385 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində saxlanıldıqdan sonra həmin tarixdə saat 22:37-dən 22:48-dək üstü yoxlanılan zaman əynində olan qara rəngli qısaqol gödəkcəsinin alt hissəsindən 01 ədəd sellofan torbada təmiz çəkisi 385 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, Ağdaş rayonu ərazisində şəxsi avtomobilindən istifadə etməklə taksi fəaliyyəti ilə məşğul olur. 08 mart 2025-ci il tarixdə Ağdaş şəhərində yerləşən mərkəzi bazarın qarşısında olarkan polis əməkdaşları ona yaxınlaşaraq avtomobilin açarını alıb onu avtomobildən düşürmüşlər və özlərinə məxsus digər avtomobillə Ağdaş şəhəri, İ.Qardağlı küçəsində yerləşən qəbiristanlığa apararaq özləri ilə gətirdikləri narkotik vasitəni onun üzərinə qoymuşlar. Polis əməkdaşları onu söyərək təhqir etmişlər və bundan sonra həmin narkotik vasitənin ona aid olmasını etiraf etmədiyi halda evinə və ya avtomobilinə daha çox narkotik vasitə qoyacaqlarını bildirmişlər, həmçinin ona vuraraq təzyiq göstərmişlər. O da polis əməkdaşları tərəfindən təhqir və təzyiqlərə məruz qaldığından üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Daha sonra onu Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində olarkən ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. O, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyulmuş və doğru olmayan narkoloji rəy tərtib etmişlər ki, həmin rəy də onun narkotik vasitələrdən istifadə etməsi əks olunmuşdur. Bir neçə dəfə narkotik vasitədən istifadə edib-etməməsi barədə analizlər vermiş və bütün analizlərdə narkotik vasitədən istifadə etməməsi müəyyən olunmuşdur. Bazarın qarşısından 5 nəfər polis əməkdaşı onu saxlayıb digər əraziyə apararkən onun yanında iki nəfər dostu, Şahid3 və Şahid4 da olmuşlar. Həmin şəxslər təsdiq edə bilərlər ki, o, polis əməkdaşları tərəfindən İ.Qardağlı küçəsində yerləşən qəbiristanlığın yaxınlığında deyil, Mərkəzi Bazarın qarşısında saxlanılmış və polis əməkşdaları onu özlərinə məxsus avtomobillə İ.Qardağlı küçəsində yerləşən qəbiristanlığın yaxınlığına aparmışlar. Təqsirləndirilən şəxs daha sonra sualları cavablandıraraq bildirdi ki, bazarın qarşısında polis əməkdaşları onu yumruq və təpiklə döyərəq fiziki təsir göstərdiklərinə görə qorxmuş və qorxduğu üçün narkotik vasitənin özünə məxsus olmasını videoçəkiliş aparılarkən bildirmişdir. 08 mart 2025-ci il tarixdə axşam saatlarında onu Polis Şöbəsində qeydiyyatdan keçirmişlər və 48 saat Polis Şöbəsində saxladıqdan sonra onu buraxmışlar. Bədənində döyülməsinə dair hər hansı bir xəsarət izləri olmadığı üçün xəstənaya müraciət etməmiş, ekspertizadan keçməmişdir. Şöbədə olarkən döyülməsi və üzərinə narkotik vasitənin qoyulması ilə bağlı müdafiəçiyə bir söz deməmişdir. Hesab etmişdir ki, polis əməkdaşlarının ona qarşı pis rəftarları barədə vəkilə bildirsə, yenidən döyülə, təhqir və təzyiqlərə məruz qala bilər. Bundan başqa, onun polis əməkdaşları tərəfindən təzyiq altında Mərkəzi Bazarın qarşısından aparılması həmin ərazidə yerləşən "xxxx" MMC-nin kameralarına da düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 08 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə saat 22:37-də Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində saxlanılmışdır. Ona hüquq və vəzifələrinə dair bildiriş təqdim olunmuş, üzərində narkotik vasitə olubolmaması soruşulmuş, varsa təqdim etməsi təklif edilmişdir. O da üzərində narkotik vasitə saxlamasını bildirib əynində olan qara rəngli qısaqol gödəkcəsinin alt hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torba təqdim etmişdir. Narkotik vasitəyə bənzər kütlə sellofan paketlə birlikdə elektron tərəzidə çəkilmiş və kağız zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni 08 mart 2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində yerləşən qəbiristanlıqda yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilmiş, üstünün yoxlanılmasına və üzərindən aşkar edilmiş əşyaların götürülməsinə dair protokol tərtib olunmuş, həmçinin ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra əldə edilmiş sübutlar təhqiqatçıya təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Əlizadə Qulu ilə birlikdə Laçın rayonuna işləmək üçün getmişlər və üç ay işlədikdən sonra Ağdaş rayonuna geri qayıtmışlar. Əli ilə yaxın münasibəti olmasa da, taksi sürücüsü kimi rayon ərazisində fəaliyyət göstərməsi barədə məlumatı vardır. Belə ki, o, axşamlar işdən çıxarkən Əlinin istifadəsində olan avtomobillə evinə getmişdir. Əlinin polis əməkdaşları tərəfindən aparılmasını görməmiş, lakin üç və ya dörd gün sonra Əlinin polis əməkdaşları tərəfindən aparılması barədə məlumatı olmuşdur. Əli ona telefon vasitəsi ilə zəng edərək, məhkəmədə onun lehinə ifadə vermək lazım olduğunu bunun üçün bir nəfər şahidin olduğunu, əlavə bir nəfər də şahidə ehtiyac olduğunu bildirmişdir. Daha sonra Əli polis əməkdaşları tərəfindən təzyiq və təhdid altında aparılmasına dair onun telefona səs atmasını ondan xahiş etmiş, o da Əlinin istədiyi kimi səs göndərmişdir. Bundan sonra atası səhv etdiyini bildirmiş, həmin səs yazısına görə özünə də problem yaranacağını demişdir. Əslində isə Əlinin polis əməkdaşları tərəfindən tutulmasının şahidi olmamış, ümumiyyətlə Əli tutulan gün onu görməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, Ağdaş şəhəri ərazisində taksi sürücüsü kimi fəliyyət göstərir və Təqsirləndirilən şəxs də taksi sürücüsü kimi tanıyır. Onlar günün müəyyən hissəsini Ağdaş şəhərində yerləşən bazarın qarşısında birlikdə keçirirlər. O, 08 mart 2025-ci il tarixdə Ağdaş şəhərində bazarın qarşısında istifadəsində olan avtomobildə əyləşərkən adını bilmədiyi bir nəfər şəxsin Əlinin polis əməkdaşları tərəfindən tutulduğunu, bu barədə Əlinin atasına məlumat verməli olduqlarını bildirmişlər. Onlar Əlinin atasına məlumat verdikdən sonra Polis Şöbəsinə gəlmişlər. Onun Əlinin hansı polis əməkdaşları tərəfindən, təzyiq təhdidlə aparılması barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 08 mart 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə saat 22:37-də Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol gödəkcəsinin alt hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torba təqdim etmiş, sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 08 mart 2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində yerləşən qəbirstanlıqda yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. 08 mart 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, 08 mart 2025-ci il tarixdə saat 22:37-dən saat 22:48-dək olan müddət ərzində Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində yaşıl rəngli narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd sellofan torbanın və 01 ədəd mobil telefonun qablaşdırıldığı kağız zərflər təkrar açılaraq baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs sellofan torbada olan narkotik vasitənin özünə məxsus olmasını, həmin narkotik vasitəni 08 mart 2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində yerləşən qəbirstanlıqdan yerdən tapmasını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə qurudulmuş marixunanaya bənzər bitki kütləsi təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. 09 mart 2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının 09 mart 2025-ci il tarixli, 17/207 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kiçik sellofan bağlamada, təmiz çəkisi – 385,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 18 mart 2025-ci il tarixli, 438 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 14 mart 2025-ci il tarixli, 18-1-22/2-379/2025 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Orta Qəsil kədində yaşayan, xx xxxxxxx 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli, 5-32-12/2-Q-715/2025 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – atası 21 avqust 1979-cu il təvəllüdlü X10, anası 02 avqust 1979-cu il təvəllüdlü X3, qardaşları 04 mart 2004-cü il təvəllüdlü X5 və 07 iyul 2007-ci il təvəllüdlü X2 ibarətdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 08 mart 2025-ci il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuş, 10 mart 2025-ci il tarixdə, saat 15:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, saat 16:00-da təqsirləndirilən şəxs qismində dindirilmiş və 10 mart 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. 24 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 385 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 384,95 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, eləcə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü üç ədəd DVD disk sübut kimi tanıraraq, cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə saat 21 radələrində Ağdaş rayonu ərazisində bazarın qarşında polis əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq orada aparılmasının həmin ərazidə yerləşən "xxxx" MMC-nin ətrafında quraşdırılan müşahidə kameralarında qeydə alınmasına dair dəlillər irəli sürdüyündən, Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən “OBA MARKET - 8” filialının ətrafında quraşdırılan vido müşahidə kameraları vasitəsi ilə 08 mart 2025-ci il tarixdə saat 21:00-dan 23:00-dək qeydə alınmış videogörüntülərin məhkəməyə təqdim edilməsi üçün müraciət edilmiş, lakin “OBA MARKET - 8” filialının təhlükəsizlik kameralarının qeydə alındığı sərt diskin avtomatik rejimdə yenilənməsi ilə əlaqədar olaraq 21 mart 2025-ci il tarixinə aid görüntülər yaddaş qurğusunda olmadığından təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla ayrı-ayrılıqda, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: - Üzərinə baxış keçirilərkən üzərində heç bir narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş və ona fiziki təzyiqlər, pis rəftar edildiyi üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş vəkillə təmsil edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs vəkilinə narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulmasını bildirməmiş, nə də ibtidai istintaq dövründə belə şikayətlə vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söylədiyi səsli nitqində, üzərindən aşkar edilmiş marixuananı 08 mart 2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində yerləşən qəbirstanlıqda yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini, eləcə də onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, yəni ittihamda göstərilən narkotik vasitə olan marixuananın polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, həmin narkotik vasitənin ona aid olmaması məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə 08 mart 2025-ci ildə şübhəli, 10 mart 2025-ci ildə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətlərində Təqsirləndirilən şəxs narkotik vasitəni 08 mart 2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində yerləşən qəbirstanlıqda yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bilavasitə öz seçimi əsasında cəlb edilmiş vəkilin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə, pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxsi qismində 08 mart 2025-ci il tarixdə tutulmuş, 10 mart 2025-ci il tarixdə saat 15:40-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, saat 16:00-da təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək həmin tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs azadlıqda olmasına və sərbəst şəkildə şikayət etmə imkanının olmasına baxmayaraq, narkotik vasitə marixuananın ona aid olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması və polis əməkdaşlarının fiziki təzyiqlərinə, pis rəftarlarına məruz qalması barədə aidiyyatı orqanlara şikayət etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 25 aprel 2025-ci ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspert rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısına əsasən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin 5 qram və ondan artıq hissəsi (500 qramadək) xeyli miqdar hesab edilir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, həmçinin hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdən 10 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət ona təyin edilən qəti cəzadan çıxılmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmlə təyin ediləcək cəzanın icrası Təqsirləndirilən şəxs faktiki yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 18 mart 2025-ci il tarixli, 438 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istidadə etməsini, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyini, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmasını, narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X11 göndərilməlidir. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, bu Məcəllənin o cümlədən, 197.1.4cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində anbar kimi istifadə olunan tikilinin içərisindəki rəfin üzərindən aşkar edilərək götürülmüş 385,0 qram çəkidə narkotik vasitəqurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 384,95 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, əşyalara baxış keçirilərkən və götürülərkən videogörüntülərin köçürüldüyü üç ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdən 10 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 4 (dörd) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 384,95 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü üç ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar