Məhkəmə qərarları › İş №1(014)-43/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-43/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-43/2021 20.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1965-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Ağdaş rayonunun Aral İki kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus infeksiyasının (COVİD-19) yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx xxxx 2012-ci ildən hesablanmaqla xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya aktına əsasən cəzasının qalan hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, xx.xx.2020-ci il tarixdə Ağdaş RMX-də “COVİD-19” virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin xx.xx.2020-ci il tarixdə “pozitiv” çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq, o, ev şəraitində müalicə aldığı dövrdə, müalicə müddəti bitməmiş, yəni “Azərbaycan Respublikasinin ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 161 №-li Qərarının 4.5.5-ci və 4-1.2-ci bəndlərinə zidd olaraq xx.xx.2020-ci il tarixdə, saat 09:30 radələrində Ağdaş rayonu Aral-2 kəndində yaşadığı evi tərk edərək piyada kəndin qəbiristanlığına getmiş və bununla da epidemiya əleyhinə rejimi, sanitariyagigiyena və karantin rejimini pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 10:50 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində dörd övladının olduğunu, kiçik oğlunun yanvar ayında 18 yaşı tamam olduğunu, digər üç uşağının həddi buluğa çatdığını, xx.xx.2020-ci il tarixdə koronovirusa qarşı test verdiyini, həmin vaxt xəstəxanada ondan mobil nömrə istədiklərini və özü istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni verdiyini, xx.xx.2020-ci il tarixdə ona COVİD-19 xəstəsi olması və testinin nəticəsinin pozitiv çıxması barədə mesaj gəldiyini, həmçinin, həmin vaxt həkim Nüşabə xanımın onun mobil telefonuna zəng etdiyini və ona COVİD-19 xəstəsi olmağını, 14 gün müddətində evi tərk etməməli olduğunu, əks halda karantin qaydalarını pozmuş sayılacağını və buna görə onu inzibati və ya cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirdiyini, daha sonra ASM-dən onunla əlaqə saxlayacaqlarını bildirdiyini, lakin özündə ciddi bir narahatlıq hiss etmədiyini, buna görə də xx.xx.2020-ci il tarixdə saat 09:30 radələrində kəndin qəbiristanlığına getdiyini, kəndin qəbiristanlığında vəfat edənlərinin qəbrini ziyarət etdiyini və geri qayıdan zaman təxminən saat 10:50 radələrində ona zəng gəldiyini və özlərini polis əməkdaşları kimi təqdim edən şəxlərin ondan harada olduğunu soruşduqlarını, onlara qəbiristanlıqda olduğunu və yolla evə qayıtdığını bildirdiyini, daha sonra bir az getdiyini və polislərin onu gözlədiklərini gördüyünü, həmin vaxt polislərin ona koronavirus xəstəsi olmağını bildirdiklərini, özü isə onlara bundan xəbəri olmadığını bildirdiyini, həmin vaxt videogörüntüsünü çəkdiklərini və ona evdən çıxmağının cinayət məsuliyyəti olması barədə izahat verdiklərini və evdən bir daha çıxmamağını tapşırdıqlarını, istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə, saat 09:49-da daxil olmuş mesajda xx.xx.2020-ci il tarixdə verdiyi koronavirus testinin nəticəsinin pozitiv olduğunu, özünün və ailə üzvlərinin evdən çıxmamağını, əks halda inzibati və cinayət məsuliyyətinə cəlb olunması barədə məlumat verilməsi ilə bağlı həmin mesajı oxuduğunu, ona bu barədə Ağdaş xəstəxanasından Nüşabə həkimin məlumat verdiyini və onu təlimatlandırdığını, videogörüntüdə ona mesaj gəlmədiyini və COVİD-19 xəstəsi olmağı barədə ona heç kimin məlumat vermədiyini bildirməsi ilə bağlı onu məsuliyyətə cəlb etməmələri üçün belə dediyini, əslində isə ona həm mesaj gəldiyini, həm də xəbərdarlıq edildiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində Ağdaş RPŞ-nin sahə polis nəfəri vəzifəsində işlədiyini, mütəmadi olaraq xidmət əməkdaşları ilə birlikdə Ağdaş şəhəri ərazisində karantin rejimi qaydasını pozan şəxslərin aşkar edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı reydlər keçirildiyini, bununla bağlı hər gün xəstəxanada verdikləri testin nəticələri pozitiv çıxan şəxslər barədə RPŞ-yə siyahı üzrə məlumat verildiyini və həmin siyahının müvafiq olaraq polis əməkdaşlarına verildiyini, bundan sonra həmin siyahı üzrə COVİD-19 testinin nəticələri müsbət çıxmış şəxslərin yaşayış yerini tərk edib-etməməsi onlar tərəfindən yoxlanıldığını, xx.xx.2020-ci il tarixdə, saat təxminən 10:50 radələrində Ağdaş RPŞ-nin polis nəfəri Şahid2 ilə birlikdə reyd keçirərkən Ağdaş rayon Aral-2 kəndində yaşayan xx.xx.2020-ci il tarixdə verdiyi COVİD-19 testinin nəticələri pozitiv çıxmış xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yerini tərk etdiyini müəyyən etdiklərini və onunla əlaqə saxladıqdan sonra yaşadığı Aral-2 kəndinin aşağı hissəsində olduğunu müəyyən etdiklərini, bundan sonra Təqsirləndirilən şəxs videogörüntüsünün çəkildiyini və Təqsirləndirilən şəxs ona testin pozitiv çıxması barədə mesaj daxil olmadığını bildirdiyini, lakin onun telefonunu alıb baxış keçirdikdən sonra ona bu barədə mesaj daxil olduğunu gördüklərini, lakin Təqsirləndirilən şəxs həmin mesaji oxumadığını və bu səbəblə də yaşayış yerini tərk etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs bir daha xəbərdarlıq edildikən sonra evlərinə yola salındığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 da iş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid3 ifadəsində Ağdaş RMX-nin PHŞ-nin TTTY-nin müdiri vəzifəsində işlədiyini, pandemiya ilə əlaqədar vətəndaşlardan COVİD-19 test nümunələrinin götürülməsinin onlara həvalə olunduğunu, bununla əlaqədar onlara müraciət edən vətəndaşlardan test nümunəsi götürdüklərini və nəticəsinin müəyyən edilməsi üçün müvafiq laboratoriyaya göndərdiklərini, həmçinin vətəndaşların test verən zaman onların ünvanını və əlaqə nömrəsini qeyd etdiklərini və testin nəticələri çıxdığı zaman onlarla əlaqə saxlayıb lazımi məlumat verdiklərini, onları ilkin olaraq təlimatlandırdıqlarını, daha sonra evdə müalicə alan xəstələrin müayinəsi və onların səhhətinin diqqət mərkəzində saxlanması üçün həmin şəxsin adını və ünvanını Ailə sağlamlıq mərkəzinə (ASM) və həmin şəxlərin karantin rejimi qaydalarını pozmasının nəzarət edilməsi üçün RPŞ-yə göndərdiklərini, bundan əlavə testin nəticələri pozitiv çıxmış şəxslərin evlərinin dezinfeksiya edilməsi üçün GEM-ə də məlumat verildiyini, xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayon Aral-2 kənd sakini Təqsirləndirilən şəxs COVİD-19 pandemiyasının yoxlanılması ilə bağlı test verməyə gəldiyini və özünü narahat hiss etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs test nümunəsi götürdüklərini, bundan sonra Təqsirləndirilən şəxs götürülmüş testin nəticələrini laboratoriyaya göndərdiklərini, həmin gün, yəni xx.xx.2020-ci il tarixdə laboratoriyadan testin nəticələrinin gəldiyini və nəticələrə əsasən Təqsirləndirilən şəxs COVİD-19 virus infeksiyası olduğu aşkar edildiyini, xx.xx.2020-ci il tarixdə özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs əlaqə saxlamaq üçün xəstəxanada qoyduğu ***-***-**-** saylı mobil nömrəyə zəng etdiyini və ona testin nəticəsinin pozitiv olduğunu və 14 gün ərzində yaşayış yerini tərk etməməyini, müalicəsi ilə bağlı ASM tərəfindən onunla əlaqə saxlanılacağını bildirdiyini, həmçinin Əfqana evdə müalicə aldığı təqdirdə yaşadığı yeri tərk etməməyini, əks halda cinayət və ya inzibati məsuliyyət daşıyacağını izahat etdiyini bildirmişdir. İş materiallarında olan Ağdaş RMX-nin PHŞ-nin xx.xx.2021-ci il tarixli, 165 nömrəli məktubunda göstərilmişdir ki, Ağdaş rayonunun Aral İki kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Ağdaş rayon mərkəzi xəstəxanası X9 COVİD-19 infeksiyasına görə analiz alınmış, nəticə pozitiv olmuşdur. xx.xx.2020-ci il tarixdə həkim Nüşabə Hacıyeva tərəfindən vətəndaşla əlaqə saxlanılmış, bu haqda məlumat verilmişdir. İş materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs evdən çıxmaması, əgər çıxarsa barəsində inzibati və ya cinayət qaydasında tədbir görüləcəyi barədə SMS göndərilməsinə baxmayaraq, yaşadığı yeri tərk edərək kəndin ərazisindəki qəbiristanlığa getmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 1(091)-085/2012 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Birinci Aral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş ayon İcra hakimiyyəti başçısının Birinci Aral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonunun İkinci Aral kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X2 - arvadı; X4 – oğlu (xx.xx.2013-ci il təvəllüdlü). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni xx xxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar