Məhkəmə qərarları › İş №1(014)-43/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-43/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-43/2023 18.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1994-cü ildə Ağdaş şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərərk 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmə əsasən məhkumluğu ödənilməyən və ya götürülməyən, Ağdaş şəhəri, S.Vurğun küçəsi, ev 2/4-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, tarixdə və şəraitdə, şəxsi istifadəsi üçün, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 445 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 16:45-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağdaş şəhəri, Padar küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 17:36-dan saat 17:51-dək ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilən şəxsi axtarış zamanı əlində olan 1 ədəd qara rəngli sellofan torbadan 445 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edildiyini, təxminən 10 ildir ki, narkotik vasitə, yəni qurudulmuş marixuanadan istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 16:40 radələrində Ağdaş şəhəri, Padar küçəsində piyada yol gedən zaman polis əməkdaşlarının onun yanına gəldiklərini və özlərini təqdim etdiklərini, daha sonra onu Ağdaş RPŞ-yə gətirdiklərini, RPŞ-də ona dövlət hesabına müdafiəçi ilə təmin edilmək hüququ izah edildiyini və maddi imkanı olmadığı üçün ona dövlət hesabına müdafiəçi təyin edildiyini, bundan sonra şübhəli şəxs qismində tutulduğunu, daha sonra xidməti otaqda onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı polis əməkdaşının ona üzərində olan əşyaları təqdim etməyini tələb etdiyini, özü də əlində olan “Samsung” markalı mobil telefonu, cibində olan siqaret qutusunu və pulları, həmçinin əlində olan sellofan torbanı stolun üzərinə qoyduğunu, polis əməkdaşının ondan sellofan torbanın içərisində nə olmasını soruşduğunu, özü də ona həmin sellofan torbanın içərisindəkinin qurudulmuş marixuana olmasını bildirdiyini, daha sonra həmin sellofan torbanın polis əməkdaşı tərəfindən açıldığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsi aşkar edildiyini, bundan sonra həmin bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 509 qram olduğunu, sonra həmin sellofan torba və ona məxsus mobil telefon qablaşdırılaraq üzərilərinə möhür vurulduğunu, polis əməkdaşının ondan həmin sellofan torbada olan narkotik tərkibli bitki kütləsinə bənzər bitki kütləsini haradan əldə etdiyini soruşduğunu, özü də polis əməkdaşına həmin bitki kütləsini 2022-ci ilin oktyabr ayında Ağdaş şəhəri, Padar meşəsində yabanı halda bitən çətənə bitkisindən yığdığını və quruması üçün kənar bir yerdə gizlətdiyini, bunda məqsədinin həmin narkotik vasitədən özü istifadə etməyi olduğunu, xx.xx.2023-cü il tarixdə isə həmin qurudulmuş marixuananı gizlətdiyi yerdən yaşadığı evə gətirmək üçün getdiyini, narkotik vasitəni özü ilə apardığı sellofan torbaya yığaraq yaşadığı evə qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, bundan sonra şəxsi axtarış başa çatdığını, bu barədə protokol tərtib edildiyini və həmin protokola imza etiklərini, üzərindən aşkar edilmiş narkotik vasitəni 2022-ci ilin oktyabr ayında hazırda dəqiq olaraq xatırlamadığı vaxtda Ağdaş şəhəri, Padar meşəsində yabanı halda bitən çətənə bitkilərindən yığaraq quruması üçün elə orada gizlətdiyini, xx.xx.2023-cü il tarixdə isə həmin narkotik vasitəni yaşadığı evə aparmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin narkotik vasitəni saxlmaqda və yaşadığı evə aparmaq istəməkdə məqsədinin narkotik vasitədən özü üçün istifadə etmək olduğunu, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefondan istifadə etdiyini, ifadəsinin alınmasında ona qarşı hər hansı bir fiziki güc və ya psixoloji təsir edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Təxminən 10 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 16:40 radələrində Ağdaş RPŞ-nin qarşısında piyada yol gedən zaman polis əməkdaşları yaxınlaşaraq onu Ağdaş RPŞ-yə gətirdilər. Həmin vaxt oun barmağındakı üzüyün altında cüzi miqdarda narkotik vasitə olan marixuana var idi. RPŞ-də ona dövlət hesabına müdafiəçi ilə təmin edilmək hüququ izah edildiyini və maddi imkanı olmadığı üçün ona dövlət hesabına müdafiəçi təyin edildiyini, bundan sonra şübhəli şəxs qismində tutulduğunu, daha sonra xidməti otaqda onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı polis əməkdaşının ona üzərində olan əşyaları təqdim etməyini tələb etdiyini, özü də əlində olan “Samsung” markalı mobil telefonu, cibində olan siqaret qutusunu və pulları təqdim etmişdir. Həmçinin, polis əməkdaşları ona video çəkilişdən əvvəl sellofan torbada narkotik vasitə verərək bunun özünə məxsus olmasını deməsini bildirmişdilər. Əks halda onu narkotik vasitələrin satışı ilə həbs edəcəklərini ona demişdilər. O da təzyiq edəcəklərini düşündüyü üçün bununla razılaşmış və video çəkiliş zamanı əlində olan sellofan torbanı stolun üzərinə qoymuşdur. Video çəkiliş zamanı polis əməkdaşının ondan sellofan torbanın içərisində nə olmasını soruşduğunu, özü də ona həmin sellofan torbanın içərisindəkinin qurudulmuş marixuana olmasını bildirdiyini, daha sonra həmin sellofan torbanın polis əməkdaşı tərəfindən açıldığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsi aşkar edildiyini, bundan sonra həmin bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 509 qram olduğunu, sonra həmin sellofan torba və ona məxsus mobil telefon qablaşdırılaraq üzərilərinə möhür vurulduğunu, polis əməkdaşının ondan həmin sellofan torbada olan narkotik tərkibli bitki kütləsinə bənzər bitki kütləsini haradan əldə etdiyini soruşduğunu, özü də polis əməkdaşına həmin bitki kütləsini 2022-ci ilin oktyabr ayında Ağdaş şəhəri, Padar meşəsində yabanı halda bitən çətənə bitkisindən yığdığını və quruması üçün kənar bir yerdə gizlətdiyini, bunda məqsədinin həmin narkotik vasitədən özü istifadə etməyi olduğunu, xx.xx.2023-cü il tarixdə isə həmin qurudulmuş marixuananı gizlətdiyi yerdən yaşadığı evə gətirmək üçün getdiyini, narkotik vasitəni özü ilə apardığı sellofan torbaya yığaraq yaşadığı evə qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, bundan sonra şəxsi axtarış başa çatdığını, bu barədə protokol tərtib edildiyini və həmin protokola imza etiklərini, üzərindən aşkar edilmiş narkotik vasitəni polis əməkdaşlarının ona verdiyini, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefondan istifadə etdiyini, ifadəsinin alınmasında ona qarşı hər hansı bir fiziki güc tətbiq edilmədiyini, lakin psixoloji olaraq həbs olunacağından qorxduğu üçün narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Onun özündə olan narkotik vasitənin miqdarı az olmuş və bu yalnız inzibati məsuliyyət yaradırdı. Qeyd olunanlara əsasən barəsində bəraətverici hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri S.Vurğun küçəsi 2/4-də qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2la birlikdə Ağdaş şəhəri Padar küçəsində hərəkətdə olan zaman Muradın piyada hərəkətdə olmasını gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Muradı RPŞ-yə dəvət etdiklərini, Muradın da onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də Murada dövlət hesabına müdafiəçi təyin edildiyini və o, şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında Muradın üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Muradın əynində olan şalvarın cibindən “Samsung” markalı mobil telefonu, siqaret qutusu və pulları, həmçinin əlində olan sellofan torbanı stolun üzərinə qoyduğunu, bundan sonra sellofan torba açıldığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsi aşkar edildiyini, daha sonra həmin bitki kütləsi elektron tərəzidə çəkilidiyini və çəkisinin 509 qram olduğunu, sonra həmin sellofan torba və Murada məxsus mobil telefon zərfə qablaşdırılaraq üzərilərinə möhür vurulduğunu, şəxsi axtarış zamanı Murad sellofan torbada olan narkotik tərkibli bitki kütləsinə bənzər bitki kütləsinin qurudulmuş marixuana olmasını, həmin bitki kütləsini 2022-ci ilin oktyabr ayında Ağdaş şəhəri, Padar meşəsində yabanı halda bitən çətənə bitkisindən yığdığını və quruması üçün kənar bir yerdə gizlətdiyini, məqsədinin həmin narkotik vasitədən özü istifadə etməyi olduğunu, xx.xx.2023-cü il tarixdə isə həmin qurudulmuş marixuananı gizlətdiyi yerdən yaşadığı evə gətirmək istədiyini bildirdiyini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu və bütün iştirakçılar tərəfindən imzalandığını, üzərindən aşkar edilmiş narkotik vasitəni 2022-ci ilin oktyabr ayında hazırda dəqiq olaraq xatırlamadığı vaxtda Ağdaş şəhəri, Padar meşəsində yabanı halda bitən çətənə bitkilərindən yığaraq quruması üçün elə orada gizlətdiyini, xx.xx.2023-cü il tarixdə isə həmin narkotik vasitəni yaşadığı evə aparmaq istəyən zaman saxlanıldığını, həmin narkotik vasitəni saxlmaqda və yaşadığı evə aparmaq istəməkdə məqsədinin narkotik vasitədən özü üçün istifadə etmək olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını barədə RPŞ-yə məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs tutulan zaman o və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin inzibati binasında polis əməkdaşlarının və müdafiəçinin iştirakları Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Murad əynində olan şalvarın cibindən “Samsung” markalı mobil telefonu, siqaret qutusu və pulları, həmçinin əlində olan sellofan torbanı stolun üzərinə qoymuş, bundan sonra sellofan torba açılmış və içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsi aşkar edilmiş, daha sonra həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi 509 qram olmuş, sonra həmin sellofan torba və Murada məxsus mobil telefon zərfə qablaşdırılaraq üzərilərinə möhür vurulmuş, şəxsi axtarış zamanı Murad sellofan torbada olan narkotik tərkibli bitki kütləsinə bənzər bitki kütləsi qurudulmuş marixuana olmasını, həmin bitki kütləsini 2022-ci ilin oktyabr ayında Ağdaş şəhəri, Padar meşəsində yabanı halda bitən çətənə bitkisindən yığdığını və quruması üçün kənar bir yerdə gizlətdiyini, məqsədinin həmin narkotik vasitədən özü istifadə etməyi olduğunu, xx.xx.2023-cü il tarixdə isə həmin qurudulmuş marixuananı gizlətdiyi yerdən yaşadığı evə gətirmək istədiyini bildirmiş, şəxsi axtarış zamanı video çəkiliş aparılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/12 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri və imzaları yazılmış zərfin içərisindəki 1 ədəd sellofan bağlamanın içərisindəki təmiz çəkisi 445 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-сü il tarixli, № 207 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı tətbiq edilməklə cəzası azaldılaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs vaxtından əvvəl şərti azad olunubdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli, № 561 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, S.Vurğun küçəsi 2/4 №-li evdə yaşamaqla ailə tərkibi 1956-cı il təvəllüdlü X4, 1963-cü il təvəllüdlü Səlimova Hicran Rafiq qızı və X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 297202 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:20də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 4(014)-3/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə özünümüdafiə xarakteri daşıyır, işin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə dindirilmiş şahidlərin hər biri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermişlər. Həmçinin, narkoloji ekspertizanın rəyi ilə də Təqsirləndirilən şəxs kannabinoid (marixuana) istifadə etməsi müəyyən edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs özü də üzərində marixuana olduğunu təsdiq etsə də, narkotik vasitənin qramı ilə razı olmadığını bildirmişdir. Qeyd olunanlarla yanaşı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən psixoloji təsirə məruz qalması ilə bağlı məsələyə məhkəmə qiymət verərək bildirir ki, Təqsirləndirilən şəxs saxlanılmasından artıq 3 aydan artıq müddət keçmiş, hazırda üzərində heç bir xəsarət yoxdur, saxlanılarkən ona qarşı hər hansı psixoloji təsir olunması barədə vəkilinə bildirməmiş, özü də bununla bağlı heç bir orqana şikayət etməmişdir. Həmçinin, üzərinə baxış keçirilməsinə dair videoçəkilişə də məhkəmə iclasında baxış keçirilərkən onun üzərində hər hansı xəsarətin olması və ya ona qarşı hər hansı qeyriprosessual hərəkətin olunması aşkar edilməmişdir. Belə olan halda isə onun həqiqətən də psixoloji təsirə məruz qalmasına dair hər hansı ağlabatan və əsaslı şübhə mövcud deyil. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən narkotik vasitə istifadə etdiyi üçün əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini müsbət səciyyələndirən hallar yoxdur. Əvvəllər də eyni əməllərə görə məhkum edilməsi, onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə cəzanın həddi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs eyni əməllərə görə daha əvvəl 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, o, islah olunmamış və yenidən eyni cinayəti törətmişdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 03 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə göndərilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 444,90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə göndərilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 444,90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar