Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-43/2024 21.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 26 avqust 1972-ci ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq təkrarən özgə əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 2023cü ilin oktyabr ayının əvvəllərində gecə saatlarında Zərərçəkmiş şəxs2 ünvan 1ində yerləşən evinin həyətyanı sahəsinə çəpərdən aşmaqla qanunsuz daxil olub ordan da hasardan aşaraq tövlənin qarşısında olan ağıla qanunsuz daxil olmaqla 1 baş 300 manat dəyərində 3 illik diri çəkisi təxminən 50 kq dişi qoyunu və 1 baş 200 manat dəyərində 11 aylıq diri çəkisi təxminən 30 kq dişi qoyunu gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 500 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 2023-cü ilin dekabr ayının əvvəllərində gecə saatlarında Zərərçəkmiş şəxs2 ünvan 1ində yerləşən evinin həyətyanı sahəsinə çəpərdən aşmaqla qanunsuz daxil olub ordan da hasardan aşaraq tövlənin qarşısında olan ağıla qanunsuz daxil olmaqla 1 baş 200 manat dəyərində 11 aylıq diri çəkisi təxminən 30 kq dişi qoyunu gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 200 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 Abdulkərim oğlunun ünvan 1ində yerləşən evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub ordan da tövləyə qanunsuz daxil olmaqla 1 baş 190 manat dəyərində 6 aylıq diri çəkisi təxminən 30 kq erkək qoyunu gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 190 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində, ünvan 1ində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 2023-cü ilin oktyabr ayının əvvəllərində, xatırlamadığı tarixdə şəxsi ehtiyacları olduğu üçün pul lazım olmuşdur. Həmkəndlisi olmaqla yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs2 qoyun heyvanları olmasını bilmişdir. Bu səbəblə oğurluq etmək qərarına gəlmişdir. Axşam saat 02:00 radələrində həyətə giriş qapısının yan hissəsində keçə biləcəyi hündürlükdə olmaqla boyundan alçaq olan çəpərdən atlamaqla Xəyalın həyətinə keçmişdir. Daha sonra isə tövlənin qarşısında olan ağıla keçmək üçün yerdə təpə formasında düzəldilmiş peyinin üzərinə çıxmışdır. Belə olduqda boyundan alçaq olan hasar, çıxılması üçün daha rahat olmuşdur. O da hasara çıxaraq ağılın qarşısına düşmüşdür. Ətrafı taxtalarla əhatə olunmuş, hündürlüyü boyundan alçaq və üzəri açıq olan ağıla üzərindən atlanaraq keçmişdir. O, 2 baş xırdabuynuzlu heyvan oğurlamağı fikirləşmişdir. Hər 2 qoyunu eyni anda fiziki cəhətdən apara bilməyəcəyindən 1 baş, diri çəkisi təxminən 30 kiloqrama yaxın olan dişi qoyun heyvanını çiyninə alaraq girdiyi qaydada, ardıcıllıqla ağıldan, daha sonra hasardan və çəpərdən keçmişdir. Həmin qoyun heyvanını aparıb həyətinə qoymuşdur. Daha sonra isə yenidən Zərərçəkmiş şəxs2 həyətinə qayıdaraq eyni qaydada və ardıcıllıqla həyətinə və ağıla daxil olmuşdur. Orada yenidən 1 baş, diri çəkisi təxminən 50 kiloqrama yaxın olan dişi qoyun heyvanını çiyninə alaraq eyni qaydada və ardıcıllıqla ağıldan, daha sonra hasardan və çəpərdən keçmişdir. Həmin qoyun heyvanını da aparıb həyətinə qoymuşdur. Bundan ailə üzvlərinin heç birinin məlumatı olmamışdır. Səhəri gün öz isitfadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə həmkəndlisi Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək qoyun heyvanı olmasını, satmağı üçün rayon ərazisinə aparmağını xahiş etmişdir. O, öncə başqa işi olması səbəbi ilə razılaşmasa da, sonradan razılaşmışdır. Səhəri gün saat 12 radələrində Orxan yaşadığı evin qarşısına gəlmişdir. Orxan avtomobildə əyləşmişdir. O, həmin xırdabuynuzlu heyvanları baqaja yükləmiş və Ağdaş rayonuna gələrək bazar ətrafında yerləşən, hazırda xatırlamadığı ət dükanına yaxınlaşmışdır. Orxan maşından düşməmişdir. O, qoyunları tanımadığı qəssaba 300 manata satmışdır. Daha sonra isə avtomobilə minmişdir. Yanacaq doldurma məntəqəsində benzin vuranda Orxana yol haqqı olaraq 20 manat pul vermişdir. Bundan sonra isə yaşadığı evə getmişdir. Sonrakı müddətlərdə həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Pulu bitdiyindən və ehtiyacı olduğundan 2023-cü ilin dekabr ayının əvvəllərində yenidən oğurluq etmək qərarına gəlmişdir. Həmçinin, həmin günə qədər Zərərçəkmiş şəxs2 səs-soraq çıxmamışdır. Axşam saat 02:00 radələrində eyni qaydada və ardıcıllıqla çəpərdən atlamaqla Xəyalın həyətinə keçmiş, daha sonra hasardan atlamaqla ağıl olan yerə keçmişdir. Ətrafı taxtalar ilə əhatə olunmuş, üzəri açıq olan ağıla keçmişdir. Orada 1 baş, diri çəkisi təxminən 30 kiloqrama yaxın olan dişi qoyun heyvanını çiyninə alaraq eyni qaydada və ardıcıllıqla ağıldan, daha sonra hasardan və çəpərdən keçmişdir. Həmin qoyun heyvanını aparıb həyətinə qoymuşdur. Həmin heyvanın bir az kökəlməsi üçün tövlədə saxlamışdır. Bundan ailə üzvlərinin heç birinin məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə də digər həmkəndlisi Zərərçəkmiş şəxs1 da qoyununu oğurlamaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində keçə biləcəyi hündürlükdə olmaqla boyu qədər olan hasardan rahatlıqla atlanaraq həyətə düşmüşdür. Tövlənin qapısının qarşısına getmişdir. Qapı iplə bağlandığından ipi əli ilə açaraq içəri girmişdir. 1 baş, diri çəkisi təxminən 30 kiloqrama yaxın qoyun heyvanını götürüb çölə çıxmış və qapının ipini bağlamışdır. Qoyunu çiyninə alaraq eyni qaydada və ardıcıllıqla hasardan aşırmış və yaşadığı evə aparmışdır. Bundan ailə üzvlərinin heç birinin məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında öz isitfadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə həmkəndlisi Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək avtomobili ilə heyvanlarını rayon ərazisində satmaq üçün aparmasını istəmişdir. Şamil də razılaşmışdır. Təxminən 1 saat sonra Şamil “VAZ-2106 minik” markalı avtomobili ilə həyətinin qarşısına gəlmişdir. O, həmin heyvanları avtomobilin baqaj hissəsinə yükləmişdir. Şəhər ərazisində Şahid3 ət dükanına 400 manata satmışdır. Şamilə yol haqqı olaraq 20 manat pul vermişdir. Daha sonra həmin pulları öz xərcliyi və borcları üçün xərcləmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları qoyun oğurluqlarında şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. O da artıq bütün bunların polis əməkdaşlarına şamil olduqlarını düşündüyündən əməlini etiraf etmişdir. O, etdiyi əməldən peşmandır. Onun yaşadığı həyətin ərazisi böyük olduğundan, tövlə ilə evin arasında məsafə təxminən 30 metr uzaqlıqda olduğundan ailə üzvləri onun qoyunları tövləyə salan və ya çıxarıb avtomobilə qoyan zaman heç bir formada görməmiş və ya bu barədə heç nə deməmişdir. Xırdabuynuzlu heyvanları rayon ərazisinə aparan zaman Orxan və Şamilin, eyni zamanda qoyunları alan zaman Fərid və adını xatırlamadığı digər şəxin həmin heyvanların oğurluq olmaları barədə məlumatları olmamış və bu barədə heç kimə bildirməmişdir. O, xırdabuynuzlu heyvanları oğurlayan zaman ətrafda heç kim olmamış və ya onu heç kim görməmişdir O, mobil telefondan istifadə etdiyini və özünəməxsus olan mobil telefonun üzərində öz adına olan 1 ədəd nömrə olduğunu, həmin nömrənin ***-***-**-** saylı mobil nömrə olmasını bildirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həmdə məhkəmə istintintaqı zamanı vermiş olduğu etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Abdulkərim oğlu bildirmişdir ki, o, ünvan 1ində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi təsərrüfat fəaliyyəti ilə məşğul olur. Özünəməxsus 28 baş xırdabuynuzlu heyvanı vardır. O, uzun müddətdir xırdabuynuzlu heyvan saxladığından xarici əlamətlərini tanıyır və baxdıqda çəkilərini bilir. Həmin heyvanları hər gün axşam saat 21 radələrində sayıb tövləyə salır, tövlənin taxta qapısını iplə bağlayır. Səhər saat 08-09 radələrində isə açır və yenidən sayır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində 28 baş xırdabuynuzlu heyvanını yaşadığı evin həyətində yerləşən tövləyə sayaraq salıb, qapını iplə bağlamışdır. Həmçinin, həyət qapısının cəftəsini də bağlamışdır. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrinə qədər oyaq qalmış, həyətdə düşüb gəzmişdir. Həmin saatdan sonra isə yatmışdır. xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində heyvanlarını otlaq sahəsinə aparmaq üçün iplə bağlı olan tövlənin qapısını açmışdır. Qoyunları çölə çıxarıb sayan zaman 1 baş 6 aylıq, sarı rəngli, diri çəkisi 30 kq, təmiz çəkisi isə 15 kq olan erkək quzu heyvanının olmadığını aşkar etmişdir. Belə ki, qapının cəftəsi səhər oyandıqda bağlı olduğundan və çöl hissədən açıla bilməyəcəyindən oğurluq edən şəxsin hasardan atlanaraq, tövlənin qapısında olan ipi açıb içəriyə daxil olmasını və 1 baş xırdabuynuzlu heyvanını tövlədən oğurlamasını bilmişdir. Belə ki, yaşadığı evin həyəti yol kənarında yerləşir və yolla həyəti ayıran hasar çox da hündür deyildir. Hasar ortalama bir insanın boyu hündürlüyündə olmaqla insanın rahat keçə biləcəyi formadadır. Bu səbəblə DİN-in “102” xidməti-zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Sonradan həmin oğurluq hadisəsini aralarında əvvəllər heç bir mübahisə və ya ədavət olmayan həmkəndlisi Təqsirləndirilən şəxs törətməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus 1 baş, 6 aylıq, sarı rəngli, diri çəkisi 30 kq, təmiz çəkisi isə 15 kq olan qoyun heyvanının oğurlanması nəticəsində 190 manat maddi ziyan dəymişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 Abdulkərim oğlu xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın tam ödənildiyini, buna görə də onun Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, ünvan 1ində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi təsərrüfat fəaliyyəti ilə məşğul olur. Özünəməxsus 100 baş xırdabuynuzlu heyvanı vardır. Uzun müddətdir xırdabuynuzlu heyvan saxladığından xarici əlamətlərini tanıyır və baxdıqda çəkilərini bilir. Həmin heyvanları özünəməxsus həyətdə olan ətrafı taxta ilə əhatə olunmaqla üzəri açıq olan ağılda saxlayır. Yaşadığı evin həyətinin 2 giriş qapısı vardır. Evin qarşısında olan qapı gündəlik olaraq öz istifadələrində olsa da, həyətin digər, yəni tövlə və ağılın arxa-yan hissəsində ara-sıra istifadə olunan qapı da vardır. Həmin qapının yan hissəsi çəpərdən ibarət olmaqla çox da hündür deyildir. Həmin heyvanları hər gün axşam saat 20 radələrində ağıla sayıb salır, ağılın taxta qapısını iplə bağlayır, lakin üzəri açıq qalır. Səhər saat 07 radələrində isə qapını açır və yenidən sayır. 2023-cü ilin oktyabr ayının əvvəllərində, xatırlamadığı tarixdə səhər saat 07 radələrində xırdauynuzlu heyvanları sayan zaman 1 baş, 3 yaşlı, diri çəkisi 50 kq, təmiz çəkisi isə 25 kq olan dişi qoyun və 1 baş 11 aylıq, diri çəkisi 30 kq, təmiz çəkisi isə 15 kq olan dişi quzu heyvanının olmadığını aşkar etmişdir. Lakin, ağılın qapısının ipinə baxdıqda ip hələ də bağlı olmuşdur. Həmin zaman xırdabuynuzlu heyvanların oğurlandığını bilsə də, kim tərəfindən oğurlandığını bilmədiyindən, eləcə də oğurlayan şəxsin sonradan gətirib qaytaracağını düşündüyündən bu barədə heç kimə məlumat verməmişdir. Lakin, uzun müddət səs-soraq çıxmadığından bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin, sonradan həmin oğurluq hadisəsini törədənin aralarında əvvəllər heç bir mübahisə və ya ədavət olmayan həmkəndlisi Təqsirləndirilən şəxs olmasını bilmişdir. O, sonuncu dəfə xx.xx.2023cü il tarixdə heyvanlarını saydıqda tam olmuş, həmin gündən xx.xx.2023-cü il tarixədək xəstələnməyi səbəbi ilə saymamışdır. Bu səbəblə yenidən heyvanlarını saymaq qərarına gəlmişdir. Sayarkən 1 baş, 11 aylıq diri çəkisi 30 kq, təmiz çəkisi isə 15 kq olan dişi qoyun heyvanının da olmadığını müəyyən etmişdir. Həmçinin, həmin qoyunu da Təqsirləndirilən şəxs qeyd etdiyi tarixdən sonrakı müddətdə oğurlamışdır. Bundan sonra isə yenidən ərizə ilə rayon polis şöbəsinə müraciət etmişdir. 1 baş, 3 yaşlı, diri çəkisi 50 kq, təmiz çəkisi isə 25 kq olan dişi qoyun heyvanının qiyməti 300 manat, 2 baş, 11 aylıq, diri çəkisi 30 kq, təmiz çəkisi isə 15 kq olan dişi quzu heyvanlarının hər birinin ayrı-ayrılıqda qiymətləri isə 200 manatdır. Təqsirləndirilən şəxs ona məxsus 3 baş qoyunları oğurlaması nəticəsində ümumilikdə 700 manat ziyan dəymişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, dəymiş ziyanın ödənilmədiyini, buna görə də onun Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Sonradan Zərərçəkmiş şəxs2 məhkəmə iclasında bildirmişdir ki, ona dəymiş zərər ödənilib və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, o, ünvan 1ində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Ara-sıra müştəri olduqca sürücülük fəaliyyəti ilə məşğul olmaqla xidmət göstərir. 2023-cü ilin oktyabr ayının xatırlamadığı tarixdə, səhər saat 11 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək heyvanı olduğunu, pulu olmadığı üçün satmaq istədiyini bildirərək, rayon ərazisinə aparmağını xahiş etmişdir. Onun həmin gün başqa müştərisi olduğundan ilk öncə razılaşmamışdır. Lakin, Abit çox xahiş etdiyindən sonradan razılaşmışdır. Təxminən saat 12 radələrində Abitin yaşadığı evin qarşısına getmişdir. Avtomobili yan üstə saxlamışdır. “VAZ-2106” minik markalı avtomobilinin baqaj hissəsi pultla açıldığından avtomobildən aşağı düşməmişdir. Lakin, yan güzgüdən baxan zaman Abitin 2 baş qoyun heyvanını baqaja yüklədiyini görmüşdür. Həmçinin Abit onunla heyvanları satdıqdan sonra alacağı pulla pulunu ödəyəcəyini bildirmişdir. Yəni, o Abitlə heç bir pul danışmamışdır. Abitin göstərməsi ilə, lakin hazırda xatırmadığı rayon ərazisində yerləşən ət dükanına yaxınlaşmışlar. O, yenə də maşından düşməmişdir. Abit özü tanımadığı şəxslə danışmışdır. O, həmin şəxsin qəssab olmasını bilmişdir. Bundan sonra qoyunları baqajdan düşürmüşdür. Daha sonra isə avtomobilə minmişdir. Yanacaq doldurma məntəqəsində benzin vuranda Abit ona 20 manat pul vermişdir. O, 10 manat məbləğində benzin vurub, digər hissəsini xərclik üçün saxlamışdır. Daha sonra isə kəndə gedib evə düşürmüşdür. Lakin, sonradan ona Abitin onun avtomobili ilə aparmış olduğu həmin qoyun heyvanlarının oğurluq olmasını bilmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Rayon ərazisində uzun illərdir ki, atası Siyavuş Mustafeyev ilə birlikdə müvafiq kateqoriyalı icazə və VÖEN əsasında kiçikbuynuzlu heyvanların kəsimi və satışı ilə məşğul olurlar. Belə ki, o, heyvanları alır, kəsir, atası isə satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə günortadan sonra, təxminən saat 15-16 radələrində əvvəllər tanımadığı, sonradan ad-soyadının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs “VAZ-2106” markalı avtomobili idarə edən sürücüsü ilə ət satış yerinə gəlmişlər. Təqsirləndirilən şəxs ona satılıq qoyun heyvanları olduğunu demişdir. O nə cür heyvan olmasını soruşduqda, Abit 1 baş erkək və 1 baş dişi qoyun heyvan olmasını bildirmişdir. O, heyvanlara gözucu baxmış və ayrı-ayrılıqda diri çəkilərinin 30 kiloqram olmalarını bilmişdir. Hər iki heyvanın ayrı-ayrılıqda təmiz çəkilərini 15 kiloqramdan hesablamaqla ümumilikdə 400 manat pul verə biləcəyini bildirmişdir. Abit də onunla razılaşmışdır. O, Abitdən həmin iki ədəd heyvanı alıb 400 manat pul vermişdir. Həmin heyvanlardan dişi olan qoyun heyvanını həmin axşam kəsmiş və tam şəkildə satmışdır. Sonradan isə ona həmin qoyun heyvanlarının oğurluq olması məlum olmuşdur. O, erkək olan qoyun heyvanı isə könüllü olaraq istintaqa təqdim etmişdir. O, hər gün davamlı şəkildə rayon ərazisində bir neçə qoyun alıb kəsdiyindən və Təqsirləndirilən şəxs da qoyunları satan zaman qiymət alqı-satqı məsələsində özünü şübhəli aparmadığından həmin qoyunların oğurluq olmasını bilməmiş və ya bu barədə hər hansı sual soruşmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs ona əvvəllər iri və ya xırdabuynuzlu heyvanlar satmamışdır. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, ünvan 1ində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Özünəməxsus “VAZ-2106 minik” markalı avtomobili ilə ara-sıra müştəri olduqca sürücülük fəaliyyəti ilə məşğul olmaqla xidmət göstərir. 12 dekabr 2023-cü il tarixdə, günorta saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək heyvanlarını rayon ərazisində satmaq üçün aparmasını istəmişdir. O da çörək pulu qazanmaq üçün apara biləcəyini bildirmişdir. Bir qədər sonra Abitin yaşadığı ünvana gəlmişdir. Abit 1 baş erkək, 1 baş dişi olmaqla ümumilikdə 2 baş xırdabuynuzlu heyvanı baqaja yükləmişdir. Həmçinin, Abit onunla heyvanları satdıqdan sonra alacağı pulla onun pulunu ödəyəcəyini bildirmişdir. Şəhər ərazisində Abitin göstərməsi ilə ət dükanına yaxınlaşmışlar. O, maşından düşməmişdir. Abit özü tanımadığı şəxslə danışmışdır. O, həmin şəxsin qəssab olmasını bilmişdir. Bundan sonra qoyunları baqajdan düşürmüşdür. Daha sonra isə avtomobilə minmiş və 20 manat pul vermişdir. Daha sonra isə kəndə gedib Abiti evə düşürmüşdür. Lakin, sonradan mənə məlum oldu ki, lakin, sonradan ona Abitin onun avtomobili ilə aparmış olduğu həmin qoyun heyvanlarının oğurluq olmasını bilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.3 və 67.1-ci maddələri ilə 3 il 6 ay azadlıqdan məhrum etmə və 2080 manat cərimə cəzalarına məhkum edilmişdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Salyan Rayon Məhkəməsinin 7(057)-28/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 3 ay 6 gün müddətinə hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 7(057)-28/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı üzrə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 3 ay 6 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, Ağdaş rayon İcra və Probasiya şöbəsində üzərində heç bir öhdəlik qalmamışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 2023-cü ilin oktyabr ayı ərzində, Şahid2 isə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 2023-cü ilin dekabr ayı ərzində həqiqətən zənglər edilmiş və aralarında telefon danışıqları mövcud olmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ-18-1- 22/2-1921/2023 nömrəli məktubdan görünür ki, ünvan 1i ünvanda yaşayan, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 dekabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qaradeyin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 dekabr 2023-cü il tarixli, 5-32-12/2-481-2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayo ünvanında yaşamaqla ailə tərkibindən ibarətdir. Arvadı - X1 - 1975-ci il, oğlu - X2 – 2002-ci il, qızı - X3 - 2008-ci il. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:50də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 dekabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Ağdaş RPŞ-nnin MSY-dən azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə ziyanı tam ödəməsini, himayəsində yetkinlik yaşına övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 50-ci bəndinə əsasən məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Cinayət qanunu ilə şəxsin əvvəllər azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi və yaxud ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması residivin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. CM-in 65-ci maddəsi residivə görə təyin edilən cəzanın müddətini residivin növündən asılı etdiyindən, hökmdə residivin hansı növünün müəyyən edildiyi, yəni residivin sadə, təhlükəli və ya xüsusilə təhlükəli olması müvafiq əsaslar gətirilməklə aydın şəkildə göstərilməlidir. Əgər residivin müəyyən edilməsi şəxsin əvvəllər hökmlərin məcmusu qaydasında məhkum edilməsi ilə əlaqədardırsa, yalnız həmin (hökmlərin məcmusu qaydasında cəzanın təyin olunmasına dair) hökm deyil, həm də hökmlərin məcmusunu təşkil etmiş daha əvvəl çıxarılmış digər hökmlər də ayrı-ayrılıqda nəzərə alınmalıdır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq (ona təyin edilmiş hökmlər üzrə cərimə cəzası icra edilməmişdir), yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun dəfələrlə məhkum olunması şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin təhlükəli residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Ağdaş Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 1(014)-104/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və icra olunmamış 2080 (iki min səksən) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilmiş cəzaya tamamilə birləşdirilməli və onun üzərində qəti olaraq cəza saxlanılmalıdır. Cərimə cəzası müstəqil icra edilməlidir. Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdən 15 dekabr 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 21 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 baş qoyunun Zərərçəkmiş şəxs1 Abdulkərim oğluna qaytarılması nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdən 15 dekabr 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 (iki) gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(014)-104/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və icra olunmamış 2080 (iki min səksən) manat cərimə cəzası hazırkı hökmlə ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilsin və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə və 2080 (iki min səksən) manat cərimə cəzası saxlanılsın. Cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 baş qoyunun Zərərçəkmiş şəxs1 Abdulkərim oğluna qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-43/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-43/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver