Məhkəmə qərarları › İş №1(014)-44/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-44/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-44/2023 05.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X5 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci ildə Ağdaş rayonunda аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 aprel 2023-cü il tarixdə saat 11:00-da Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 9.93 qram, eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış və xx.xx.2023-cü il tarixdə saat 21:45 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 22:26-dan 22:38-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,27 qram və 4,66 qram, ümumi təmiz çəkisi 9,93 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində Ağdaş şəhərində yerləşən kafelərin birində ofisiant işlədiyini, narkotik vasitə olan marixuananın istifadəçisi olduğunu, təxminən 1 ay bundan qabaq yaşadığı Ağdaş şəhəri İ.Qaradağlı küçəsinin girişində piyada hərəkətdə olan zaman yerdə qara rəngli sellofan torba olmasını gördüyünü, həmin sellofan torbanı götürərək içərisinə baxan zaman sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özü marixuana istifadəçisi olduğu üçün həmin narkotik vasitəni özündə saxlayaraq istifadə etmək qərarına gəldiyini, ətrafda heç kim olmadığını da dəqiqləşdirdikdən sonra həmin narkotik vasitəni cibinə qoyaraq oradan uzaqlaşdığını, bundan sonra həmin narkotik vasitədən hissə hissə istifadə etməyə başladığını, xx.xx.2023-cü il tarixdə saat 21:45 radələrində Ağdaş şəhəri İ.Qaradağlı küçəsində qəbirstanlığın yaxınlığında piyada yol ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşdığını, narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və Ağdaş RPŞ-nə dəvət etdiklərini, özü də heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd kibrit qutusu, 01 ədəd siqaret qutusu, şalvarın sağ cibindən 01 ədəd alışqan sol cibindən isə 01 ədəd 10 qəpiklik pul sikkəsi aşkar edildiyini, sonra üzərindən aşkar edilmiş kibrit qutuları açıldığını, 02 ədəd kibrit qutuları açılan zaman içərilərində yaşıl rəngli kəskin iyli narkotik tərkibli bitkiyə oxşar bitki kütləsi aşkar edildiyini, həmin 02 ədəd kibrit qutularında olan bitki kütləsinin narkotik vasitə olmasını söylədiyini və həmin maddəni özü istifadə etmək üçün üzərində saxladığını, sonra üzərindən aşkar olunmuş həmin 02 ədəd kibrit qutularında olan narkotik vasitə hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkildiyini və çəkiləri 5.3 qram və 4.7 qram olduğunu, sonra həmin 02 ədəd kibrit qutuları zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özü və digər iştirakçılar həmin zərfə imza etdiklərini, həmçinin ona məxsus içərisində 02 ədəd siqaret dənəsi olan siqaret qutusu, alışqan və 01 ədəd 10 qəpiklik pul sikkəsi özünə qaytarıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçıları heç bir şikayətlərinin olmadığından protokola imza etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitəni təxminən 1 ay bundan qabaq yaşadığı küçədə sellafon torbada tapdığını, sonra həmin narkotik vasitəni 03 ədəd kibrit qutusuna yığdığını, onlardan birini artıq istifadə etdiyini, digər iki kibrit qutusunda olan narkotik vasitəni də istifadə etmək üçün üzərində saxladığını, polis şöbəsinə gətirilən zaman üzərində 01 ədəd 10 qəpiklik pul sikkəsi olduğunu, həmin pul polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılan zaman götürülsə də, lakin sonradan özünə qaytarıldığını, bundan başqa üzərində heç bir qiymətli əşya, pul və ya qızıl zinət əşyası olmadığını və polis əməkdaşlarından heç kimin ona təzyiq, şiddət və ya hədə-qorxu gəlmədiyini göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində verilən suallara cavab olaraq bildirdiki ki, Ağdaş RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 21:45 radələrində Ağdaş şəhəri, İ. Qaradağlı küçəsində dayanmasını gördük. Ağdaş RPŞ-nin PPX Bölüyünün polis nəfəri vəzifəsində işləyən Sabir Məmmədovla birlikdə həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək Səftərə üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirdiklərini, sonra Səftəri RPŞ-nə dəvət etdiklərini, Səftər onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də Səftərə dövlət hesabına müdafiəçi təyin edildiyini və o, şübhəli şəxs kimi tutulduğunu, sonra isə Ağdaş RPŞ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd kibrit qutusu, 01 ədəd siqaret qutusu, şalvarın sağ cibindən 01 ədəd alışqan sol cibindən isə 01 ədəd 10 qəpiklik pul sikkəsi aşkar edildiyini, sonra üzərindən aşkar edilmiş kibrit qutuları açıldığını, 02 ədəd kibrit qutuları açılan zaman içərilərində yaşıl rəngli kəskin iyli narkotik tərkibli bitkiyə oxşar bitki kütləsi aşkar edildiyini, Səftər həmin 02 ədəd kibrit qutularında olan bitki kütləsinin narkotik vasitə olmasını söylədiyini və həmin maddəni özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, sonra Səftərin üzərindən aşkar olunmuş həmin 02 ədəd kibrit qutularında olan narkotik vasitə hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkildiyini və çəkiləri 5.3 qram və 4.7 qram olduğunu, sonra həmin 02 ədəd kibrit qutuları zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar həmin zərfə imza etdiklərini, həmçinin Səftərə məxsus içərisində 02 ədəd siqaret dənəsi olan siqaret qutusu, alışqan və 01 ədəd 10 qəpiklik pul sikkəsi özünə qaytarıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, Səftər və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X8 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 17 yanvar 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 22:26-dan saat 22:38-ə dək Ağdaş RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd kibrit qutusu, 01 ədəd siqaret qutusu,şalvarın sağ cibindən 01 ədəd alışqan, şalvarın sol cibindən isə 01 ədəd 10 qəpiklik pul əskinası aşkar edildi. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutuları açılan zaman içərisində yaşıl rəngli kəskin iyə malik narkotik tətkibli bitki kütləsi aşkar edildi. Təqsirləndirilən şəxs 02 ədəd kibrit qutusundan aşkar edilən bitki kütləsinin narkotik vasitə olmasını, özünün istifadə etmək üçün saxladığını bildirmişdir. Daha sonra 02 ədəd kibrit qutuları hər biri ayrıayrılıqda elektron tərəzdə çəkilmiş, çəkisi 5.3 qram və 4.7 qram olmuş, sonra həmin kibrit qutuları kağız zərfə qablaşdırılmış, üzəri möhürlənərək təhqiqatçı tərəfindən iştirakçılara imzalatdırılmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş siqaret qutusu və 10 qəpiklik pul əskinası iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/67 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 5.27 qram və 4.66 qram, ümumi çəkiləri 9.93 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 300 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə haları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 fevral 2023-cü il tarixli 259 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri İ.Qaradağlı küçəsi 8 saylı evdə yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: X2 - atası; X3 – anası; X1 bacısıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 fevral 2023-cü il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 17 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:15də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni,9.93 qram, eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, əməlin cinayət olmasını aradan qaldıran və cinayət məsuliyyətindən azad edən hallar yoxdur, buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs 17 yanva 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji kabinetində proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 9.83 qram qurudulmuş marixuananın məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 21 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 21 saat hüquqi xidmətə görə 126 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 2 (iki) gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş şəhəri İ.Qaradağlı küçəsində yerləşən yaşayış yerini saat 23:30-dan 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 9.83 qram qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 21 saat hüquqi xidmətə görə 126 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar