Məhkəmə qərarları › İş №1(014)-45/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-45/2020

24.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-45/2020 24.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1980-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Ağdaş şəhəri, M.ünvan 3 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində 16 mart 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayının əvvələrində Ağdaş şəhəri, Nizami adına məktəbinin arxasından N.Nərimanov küçəsindən zibilliyin kənarından tapdığı bir ədəd sellofan kisədə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 465 qram olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış, 14 mart 2020-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ünvan 1 saylı ünvanda yerləşən Ağdaş RPŞ-nin növbətçi Hissəsinə gətirilmiş və həmin tarixdə saat 12:05 radələrində üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində 2020-ci ilin mart ayının əvvələrində Ağdaş şəhəri Nizami adına məktəbinin arxası ilə yol gələrkən zibilliyin kənarında qara rəngli sellofan kisə gördüyünü və həmin kisəni əlinə alıb baxarkən içərisində narkotik vasitə olan marixuana olduğunu gördüyünü, həmin kisəni aparıb həyətlərində gizlətdiyini və özü istifadə etmək istədiyini, 14 mart 2020-ci il tarixdə, saat 11:30 radələrində həmin kisəni evdən götürüb aparıb başqa yerdə gizlətmək qərarına gəldiyini, əvvələr narkotik vasitələrdən istifadə etdiyinə görə tutulduğu üçün həmin narkotik vasitəni evdə saxlamağa qorxduğunu, həmin sellofan kisəni götürüb əynindəki ködəkcənin üzərindən qoltuğunun altına qoyduğunu və evdən çıxıb M.Füzuli küçəsi ilə hərəkətdə olarkən polis əməkdaşlarının avtomobili yanında saxladıqlarını və narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əlində olan qara rəngli sellofan kisəni və əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Nokia“ markalı mobil telefon aşkar edildiyini, əlində olan sellofan kisənin açılan zaman içərisindən kəskin iyli, yaşıl rəngli narkotik tərkibli bitkiyə oxşar bitki kütləsinin aşkar edildiyini, həmin bitki kütləsinin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 14 mart 2020-ci il tarixdə Ağdaş şəhəri, M.ünvan 3 ünvanında qeydiyyada olan, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün, saat 11:30 radələrində Ağdaş RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid4, baş əməliyyat müvəkkili, polis kapitanı Samid Kərimov və əməliyyat müvəkkilli, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Fizuli küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində piyada hərəkətdə olmasını gördüklərini, həmin vaxt Rəşadın özünü şübhəli apararaq onlardan uzaqlaşmaq istədiyini, Rəşada yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması bərədə onlarda məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində iki nəfər hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Rəşadın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Rəşadın əlində qara rəngli sellofan kisə və əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Nokia“ markalı mobil telefon aşkar edildiyini, Rəşadın əlində olan sellofan kisə açılan zaman içərisindən kəskin iyli, yaşıl rəngli narkotik tərkibli bitkiyə oxşar bitki kütləsinin aşkar edildiyini, Rəşadın həmin bitki kütləsinin narkotik vasitə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra aşkar olunmuş həmin narkotik tərkibli bitki kütləsinin elektron tərəzidə çəkildiyini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 10 gün əvvəl Ağdaş şəhəri Nizami adına məktəbinin arxasında yerləşən zibilliyin yanından keçərkən yerdən tapdığını bildirdiyini göstərdi. İş üzrə şahidlər Şahid2 və Şahid4 məhkəmə iclasında Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində 14 mart 2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, daha sonra onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində sonradan adını bildiyi Rəşad adlı şəxsin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Rəşad adlı şəxsin əlində qara rəngli sellofan kisə və əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Nokia“ markalı mobil telefon aşkar edildiyini, Rəşadın əlində olan sellofan kisə açılan zaman içərisindən kəskin iyli, yaşıl rəngli narkotik tərkibli bitkiyə oxşar bitki kütləsinin aşkar edildiyini, Rəşadın həmin bitki kütləsinin narkotik vasitə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra aşkar olunmuş həmin narkotik tərkibli bitki kütləsinin elektron tərəzidə çəkildiyini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 10 gün əvvəl Ağdaş şəhəri Nizami adına məktəbinin arxasında yerləşən zibilliyin yanından keçərkən yerdən tapdığını bildirdiyini göstərdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 14.03.2020-ci il tarixli 17/171 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzalar yazılmış sellofan torbanın içərisindəki təmiz çəkisi 465,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş üzrə keçirilmiş məhkəmə-narkoloci ekspertizasının 05.05.2020-ci il tarixli 302 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloci kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci madəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 11 fevral 2019-cu il tarixdən 13 fevral 2019-cu il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza, bir il on bir ay iyirmi altı gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 24 iyun 2020-ci il tarixə çəkmilməmiş on bir ay on altı gün cəzası qalmışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və himayəsində iki yetkinlik yaşına çatmamış uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən olunması zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 14 mart 2020-ci il tarixdən 16 mart 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxmağı, barəsində Ağdaş Rayon Məhkəməsinin 05 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci madəsi ilə təqsirli bilinərək təyin edilmiş bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş on bir ay on altı gün hissəsini Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirərək qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloci kabinetdə qeydiyyata alınmalı, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 464,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli,hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il üç ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 mart 2020-ci il tarixdən 16 mart 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və iki il iki ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madəsi ilə təyin edilmiş bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş on bir ay on altı gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş iki il iki ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və qəti cəza, iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloci kabinetdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun, həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yeri üzrə İcra və Probasiya şöbəsi həyaata keçirsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 464,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar