Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-45/2024 30.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1987-ci ildə Ağdaş rayonu, Eymur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsili olmayan, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Ağdaş rayonu, Eymur kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs Ağdaş rayonu, Eymur kənd ərazisində yerləşən evinin həyətyanı sahəsinə dəmir darvazadan qanunsuz olaraq daxil olub, oradan da həyətyanı sahədə yerləşən tövləyə qapısına bağlanmış ipi açıb qanunsuz daxil olaraq 1 baş, 5 aylıq, yerli cins erkək, qəhvəyi rəngli, 250 (iki yüz əlli) manat dəyərində, 30 kq çəkisində quzunu gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs izahatında özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində xx.xx.2023-cü il tarixdə yaşadığı evdə ət olmadığı üçün oğurluq etmək qərarına gəldiyini, həmkəndlisi Zərərçəkmiş şəxs heyvandarlıqla məşğul olduğunu bildiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 03 radələrində Şahinin yaşadığı evə tərəf getdiyini, onun heyvanları həyətyanı sahədə yerləşən tövlədə saxladığını, həyətyanı sahənin dəmir darvazasının olduğunu, dəmir darvazaya yaxınlaşıb ilkin olaraq hasardan aşmaq istəsə də, darvazaya yaxınlaşıb açıq olub-olmamasını yoxladığını, açıq olduğunu gördükdən sonra darvazanı itələyib içəri daxil olduğunu, daha sonra tövlə istiqamətində getdiyini, tövlənin qapısının taxta materialından olub təxminən 1 metr hündürlüyündə ip ilə bağlı olduğunu, ipi açaraq tövləyə daxil olduğunu və orada olan təxminən 10-15 baş quzudan bir baş götürüb əlində gəldiyi yol ilə evə qayıtdığını, tövlədən çıxan zaman şüblənməsinlər deyə tövlənin qapısını iplə bağladığını, dəmir darvazını isə əli ilə örtdüyünü, evə qayıdan zaman gec olduğu üçün anası və arvadının oyaq olmadıqlarını, onların xəbərləri olmasın deyə quzunu həyətyanı sahədə yerləşən təndirxanda olan bıçağı götürüb taxta kötüyün üstündə kəsərək doğrayıb əti evdə olan soyuducuya yerləşdirdiyini, dərisini həyətyanı sahədə olan quyuya atıb, başayağını isə həyətində saxladığı itə verdiyini, səhəri gün evdə olan zaman anası və arvadının ondan pulu olmadığını və soyuducadakı əti necə əldə etdiyini soruşduqlarını, onlara quzunu həmkəndlisi Şahinin tövləsindən oğurladığını, pulu olanda Şahinə quzunun pulunu ödəyəcəyini bildirdiyini, lakin onların bu əmələ görə ona irad bildirdiklərini, hər gün quzudan hissə-hissə istifadə etdiklərini, xx.xx.2023-cü il tarixdə həmkəndlisi Rövşən ilə Yevlax rayonundan kəndə qayıdan zaman YDM-ə daxil olduqlarını, Rövşənlə orada yerləşən çayxanaya keçdiyini, həmin vaxt həmkəndlisi Şahinin yanlarından keçib gedən zaman ona “niyə bizə salam vermirsən” söylədiyini, Şahinin ona qırağa çəkilərsən deyərəm söylədiyini, daha sonra Şahin ilə YDM-in kənarına çəkildiklərini, Şahindən nə baş verdiyini soruşduqda 1 baş xırdabuynuzlu heyvanının oğurlandığını bildirdiyini, həmin vaxt ona fikir yayındırmaq üçün “mən bilirəm sənin heyvanını kim oğurlayıb” söylədiyini, Şahinin heyvanı kimin oğurladığını soruşduqda “mən özüm həll edəcəm, başqa adamdı, lazımdırsa sənə qoyun alıb verər” söylədiyini, razılaşdıqdan sonra Rövşənin maşınına əyləşib kəndə qayıtdığını, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə Şahinin ona zəng edib məsələnin nə yerdə olduğunu soruşduğunu, ona “həll etmişəm, gedək bu bazar sənə qoyun alıb verək anası sənin olsun, balasıda mənim kəsib yeyerik” söylədiyini, Şahinin qoyun istəmədiyini, əvəzində pul verməsini söylədiyini, 1 həftə ərzində 200 manat verə biləcəyini söylədikdən sonra razılaşdıqlarını, 3 gün sonra yəni, xx.xx.2023-cü il tarixdə Şahinin ona zəng edib kobud ifadələrlə danışaraq saat 13:00-a kimi pulu gətir yoxsa şikayət edəcəm söylədiyini, Şahinə saat 18:00-da pulu verəcəyini bildirdiyini və həmin gün saat 18 radələrində Şahinin işlədiyi YDM-yə getdiyini, bu zaman Şahinin “pul istəmirəm səndən şikayət edəcəm” söylədiyini, bunan sonra Şahinə ümumiyyətlə pul vermirəm get kimə şikayət edirsən et söylədiyini qeyd etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən Zərərçəkmiş şəxs ifadəsində ailəsi ilə birlikdə Ağdaş rayonunun Eymur kəndində yaşadığını, 3 baş iri buynuzlu, 72 baş xırda buynuzlu olmaqla, ümumilikdə 75 baş heyvanın olduğunu, xırda buynuzlu heyvanlardan 57 baş qoyun, 15 baş isə quzu olduğunu, 15 baş quzunu digərlərindən ayırmaq üçün tövlədə saxladığını, tövlənin qapısının isə iplə bağlı olduğunu, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində heyvanlara ot verib tövlənin qapısını iplə bağladığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 08 radələrində heyvanlara ot vermək üçün tövləyə getdiyini, tövləyə daxil olduqda, tövlədəki qapalı yerdə saxladığı 15 baş quzudan 1 başının əksik olduğunu aşkar etdiyini, quzunun oğurlanmasında həmkəndlisi Orxandan şübhələndiyini, belə ki, əvvəllərdə Orxanının oğurluq etdiyi üçün məhkum olunduğunu eşitdiyini və bunu tam dəqiqləşdirmək üçün bu barədə ailəsindəndən başqa heç kimə məlumat vermədiyini, xx.xx.2023-cü il tarixdə yaşadığı evə və tövləyə kamera çəkdirdiyini, xx.xx.2023-cü il tarixdə işlədiyi yanacaq doldurma məntəqəsinin nisyə dəftərinə qeydlər etmək üçün orada yerləşən çayxanaya keçmişdir. Həmin vaxt həmkəndliləri Orxan və Rövşənin bir yerdə dayanıb söhbət etdiklərini görüb. Onların yanından keçib gedən zaman Orxanının ona “niyə bizə salam vermirsən” söylədiyini, ona “mən sizə salamı şöbədə verəcəm” söylədiyini,daha sonra Orxanın ondan nə baş vediyini soruşduqda, qırağa çəkilərsən deyərəm söylədiyini, söhbəti yekunlaşdırdıqdan sonra Orxan ilə YDM-nin kənarına çəkildiklərini, bir daha Orxanın ondan nə baş verdiyini soruşduqda ona heyvanının oğurlandığını bildirdiyini, həmin vaxt Orxanının “mən bilirəm sənin heyvanını kim oğurlayıb” söyləyib. Orxandan heyvanı kimin oğurladığını soruşduqda “mən özüm həll edəcəm, başqa adamdı, lazımdırsa sənə qoyun alıb verər” söylədiyini, onunla razılaşdıqdan sonra Orxanın Rövşənin maşınına əyləşib oradan uzaqlaşdığını, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə Orxana zəng edib məsələnin nə yerdə olduğunu soruşduğunu, Orxanın isə “həll etmişəm, gedək bu bazar sənə qoyun alıb verək anası sənin olsun, balasıda mənim kəsib yeyerik” söyləyib. Ona qoyun istəmədiyini, əvəzində 400 manat pul verməsini söylədiyini, Orxanın 1 həftə ərzində 200 manat verə biləcəyini söylədikdən sonra onunla razılaşdığını, 3 gün sonra yəni xx.xx.2023-cü il tarixdə Orxana zəng edib pulu gətirib-gətirmədiyini soruşduqda axşam saat 6 da pulu verəcəyini bildirdiyini, Orxanın həmin gün saat 18 radələrində işlədiyi YDM-yə gəldiyini, ondan pulu soruşduqda indi adamlar gələcək sənnən söhbət edəcək söylədiyini, Orxana mənim qoyunumu oğurlamısan hələ üstümə adam gətirirsən, sən deyəsən çaşmısan söylədiyini, bu zaman Orxanın pulu vermirəm get kimə deyirsən de söylədiyini və Rövşənin avtomobilinə əyləşib getdiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinə yaxınlaşaraq 1 baş xırdabuynuzlu heyvanının oğurlanması barədə məlumat verdiyini qeyd etmişdi. Belə ki, ibtidai istintaqda zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən Zərərçəkmiş şəxs həmçinin ifadəsində xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətyanı sahəsindəki tövlədən, 5 aylıq, diri çəkisi təxminən 30 kiloqram, 250 manat dəyərində, erkək cinsli, qəhvəyi rəngli 1 (bir) baş quzusunun həmkəndlisi Orxan tərəfindən oğurlandığını, yaşadığı evin həyətinin 2 dəmir darvazası olduğunu, həmin darvazlardan birinin həyətə digərinin isə həyətyanı sahəyə açıldığını, həyətyanı sahəyə daxil olduqda tövlə, tövlənin qarşısında ağıl, tövlənin sağ tərəfində isə ev yerləşdiyini, həyətyanı sahəyə açılan darvazanı arxadan dəmir keçəcəklə bağladığını, lakin hərdən işdən gec gədikdə və ya yorğun olduqda qapını bağlamağı unutduğunu, hadisə baş verən gün heyvanlara ot vermək üçün tövləyə getdiyini, tövlənin qapısının iplə bağlı olduğunu, lakin tövləyə daxil olduqda 15 baş quzudan birinin əksik olduğunu aşkar etdiyini, daha sonra dəmir darvazanın qapısının dəmir keçəcək ilə bağlı olmasa da örtülü vəziyyətdə olmasını gördüyünü qeyd etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onunla barışdığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində oğlu, gəlini Günel və iki nəvəsi ilə birlikdə Ağdaş rayonunun Eymur kəndində yerləşən evdə birlikdə yaşadıqlarını, əvvəllər Zərərçəkmiş şəxs ilə aralarında hər hansı ədavət və ya düşmənçilik olmadığını, Orxanın Şahinin quzusunu oğurlaması barədə əvvəlcədən məlumatı olmadığını, lakin xx.xx.2023-cü il tarixdə səhər gəlini Günelin onu çağırıb soyuducuda təxminən 9-10 kiloqram ət olduğunu və haradan əldə etdiyini soruşduğunu, Günelə bundan məlumatı olmadığını, Orxanın gətirə biləcəyini bildirdiyini, daha sonra Orxan yuxudan oyandıqdan sonra pulu olmadığını, soyuducuda olan əti necə əldə etdyini soruşduqlarını, Orxanın həmkəndliləri Şahinin tövləsindən 1 baş quzu oğurladığını, pulu olanda quzunun əvəzində Şahinə pulu geri qaytaracağını bildirdiyini, Orxana quzunu oğurladığına görə irad bildirdiklərini, Orxan isə evdə ət olmadığı üçün quzunu oğurladığını, lakin əməlindən peşman olduğunu söylədi. Bundan bir neçə gün sonra kənd camaatı arasında Şahinin quzunun pulunu istədiyini eşitdiyini, bu barədə dəfələrlə Orxana quzunun pulunu qaytarmağı söyləsə də Orxan pulu olmadığını, pulu olanda Şahinin pulunu ödəyə biləcəyini bildirdiyini, daha sonra Şahinin Orxan barəsində ona məxsus 1 baş quzunu oğurlaması ilə bağlı Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiyini eşitdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ƏQ-75/2023 saylı məktubundan görünür ki, 1 baş 5 aylıq, sağlam vəziyyətdə, yerli cins erkək, diri çəkisi təxminən 30 kiloqram olan qoyunun cari dövr üçün orta aylıq bazar qiyməti 240 (iki yüz qırx) manat dəyərindədir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə və şərti maliyyə vahidinin 3500 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, c/i 209 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərində Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon Eymur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 26 oktyabr 2023-cü il tarixli, 5-32-12/2-376/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Eymur kəndi yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: 1964-cü il təvəllüdlü Şahid1-anası, 1990-cı il təvəllüdlü Şahid2-arvadı, 2014-cü il təvəllüdlü X1 və 2016-cı il təvəllüdlü X2. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X6 26 oktyabr 2023-cü il №-18-1-22/2-1623/2023 arayışından görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X6 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02 dekabr 2023-cü il tarixli, № 148022 saylı qərardan görünür ki, Ağdaş rayonu, Eymur kəndində yaşayan Təqsirləndirilən şəxs məcburi qaydada Ağdaş RPŞ-yə gətirilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 yanvar 2024-cü il tarixli, № 148024 saylı qərardan görünür ki, təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 yanvar 2024-cü il tarixli, № 148025 saylı qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən icaatın dayandırılması qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində axtarışda olan Təqsirləndirilən şəxs Ağdaş şəhəri ərazisində tutularaq Ağdaş rayon PŞ-nə gətirilərək MSY-yə təhvil verilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 23 yanvar 2024-cü il tarixli, №148026 qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25 yanvar 2024-cü il tarixli, №148028 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tamamilə sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti çətin ailə vəziyyəti ilə əlaqədar törətməsini, ziyanın ödənilməsini və zərərçəkən şəxslə barışmasını, əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 23 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altnına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 23 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-45/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-45/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver