Məhkəmə qərarları › İş №1(014)-46/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-46/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-46/2024 01.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibləri X4 və X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Körpü Bina Tikinti” şirkətində mütəxəssis işləyən, Ağdaş rayonu, Binələr kəndində daimi qeydiyyatda olan, Ağdaş rayonu, Ləki qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talama məqsədi və tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində yerləşən evində olan zaman X2 adına "xxxx" X20 Səhmdar Cəmiyyəti ilə bağlanmış Ümumi Oferta müqaviləsi və ARGİD********** saylı kredit müqaviləsi əsasında rəsmiləşdirilmiş **********081260 nömrəli sonuncuya məxsus ödəniş kartındakı 4000 (dörd min) manat məbləğində pul vəsaitini mobil telefonunda olan “Leobank” tətbiqi vasitəsi ilə "xxxx" ASC-dən alınmış özünəməxsus 523915******0082 nömrəli kart hesabına gizli olaraq köçürüb şəxsi ehtiyaclarına xərcləməklə özgənin əmlakını informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin yanvar ayında tanışı Şahid ona xatırlamadığı nömrə ilə özünə məxsus hazırda xatırlamadığı nömrəyə zəng vuraraq dostunun adına “Leobank” tətbiqi vasitəsində hesab açaraq qeydiyyatdan keçib, online kredit müraciət etməyini xahiş etmişdir. Belə ki, o əvvəllər Bank Olmayan Kredit Təşkilatında (BOKT) işlədiyindən kreditin götürülmə qaydasını bilir. Şahid kredit götürmək istəyən şəxsin şəxsiyyət vəsiqəsinin şəklini göndərməsini bildirmişdir. Belə ki, o ilk öncə “Leobank” tətbiqini özünün telefonuna yükləyib, şəxsin adına hesab açmalı, sonra həmin tətbiq daxilində online şəkildə kredit götürməklə bağlı sorğu verməli idi. Daha sonra isə məşğulluq haqqında məlumat açılır. Səhifədə rəsmi iş yerinin olub-olmaması, təqaüdçü və ya tələbə olması qeyd edilir. Əgər rəsmi iş yeri varsa kredit kartı, yoxdursa debet kartı verilir. Kartı isə ya bank işçisi çatdırır və ya şəxs özü bankın filialından əldə edir. O, eyni qayda ilə bu prosesləri həyata keçirmişdir. İlk öncə Şahid öz istifadəsində olan, lakin hazırda xatırlamadığı whatsapp nömrəsi ilə istifadəsində olan, hazırda xatırlamadığı whatsapp nömrəsinə X2 şəxsiyyət vəsiqəsinin şəkilini atmışdır. 13 yanvar 2022-ci il tarixdə proqramdan qeydiyyatdan keçərək, istifadəsində olan ********** saylı telefon nömrəsini və hazırda xatırlamadığı e-maili qeyd etmişdir. Bir neçə gün sonra istifadəsində olan mobil nömrəyə kredit verilməsindən imtina olunması, habelə müraciət edən şəxsə pulsuz kart açıldığı və şəxsin istədiyi təqdirdə banka yaxınlaşıb kartı götürə biləcəyi məzmununda sms gəlmişdir. O isə öz növbəsində həmin məlumatı Şahid çatdırmış və daha sonra hər hansı əlaqələri olmamışdır. 17 yanvar 2022-ci ilin yanvar ayında istifadəsində olan mobil nömrəyə B.Müzəffərliyə 4.000 manat məbləğində kredit xəttinin açılması məzmununda sms gəlmişdir. Bundan sonra, o atasının səhhətində olan ağırlaşmalarla bağlı pul lazım olduğundan həmin tarixdə, yaşadığı evdə olan zaman 4000 manat pul vasaitini özünə məxsus “Bir bank” kartına köçürmüşdür. Banklar arasında olan köçürmə zamanı faiz tutulmuş və onun kartına 3921 manat pul gəlmişdir. O, həmin pulu atasının xəstəliyi və ailəvi problemləri üçün xərcləmişdir. Daha sonra, Şahid zəng vurub pulun çıxarılıbçıxarılmaması barədə soruşduqda, o pulu şəxsi ehtiyacları üçün xərclədiyini və aylıq ödəniş edəcəyini bildirmişdir. Bundan sonra, Şahid B.Müzəffərli ilə danışmış və ona B.Müzəffərlinin razı olmadığını, ona görə vəsaiti bir ay ərzində geri qaytarmalı olduğunu bildirmişdir. Lakin, o vəsaiti maddi vəziyyəti ağırlaşdığı üçün geri qaytara bilməmişdir. O, həmin əməliyyatların aparıldığı “Leobank” tətbiqini hazırda silmiş və sonradan həmin mobil telefonu satmışdır. Hazırda başqa mobil telefondan istifadə edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, kredit kartı Babəkin özündə olmuş, lakin bankın proqram tətbiqi Babəkin də razılığı ilə onun telefonuna yükləndiyindən o, kredit barədə sms gəldikdə dərhal bilib pulu çıxarmışdır. O, heç vaxt Babəki görməmiş, onunla Nahid vasitəsi ilə əlaqə saxlamışdır. O, bir neçə dəfə pulu zərərçəkmiş şəxsə hissə-hissə ödəməyə çalışmış, lakin zərərçəkmiş şəxs pulun hamısını istədiyindən bunu edə bilməmişdir. Hazırda zərərçəkmiş tərəfindən verilmiş mülki iddianı tam olaraq ödəmiş, zərərçəkmiş şəxslə barışmış, əməlindən səmimi peşmandır, himayəsində iki azyaşlı uşağı var, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, eləcə də digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü ilin mart ayının sonlarında yaşadığı ünvana X14 tərəfindən 14 yanvar 2022-ci il tarixdə 4.000 manat məbləğində kredit götürülməsi və həmin kreditin ödənilməməsi məzmununda "Unibank' KB ASC-dən məktub daxil olmuşdur. Babək Müzəffərlinin hər hansı bankdan kredit götürməsi barədə məlumatı olmadığından zəng vurmuş və göndərilmiş məktub barədə ona məlumat vermişdir. X14 10 ilə yaxın müddətdir ki, Rusiya Federasiyasının Kazan şəhərində yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır. Babək Müzəffərli ona 2022-ci ilin yanvar ayında kredit götürülməsi üçün məktəbdə onunla bir sinifdə oxumuş Şahid müraciət etdiyini, sonuncu isə öz növbəsində şəxsiyyət vəsiqəsinin şəkilini ona göndərməsini qeyd edərək köməklik edəcəyini bildirmişdir. Daha sonra, Babək Müzəffərli şəxsiyyət vəsiqəsinin şəklini "Whatsapp" mobil tətbiqi vasitəsi ilə Şahid göndərmiş və bir neçə gün sonra Şahid Babək Müzəffərliyə "xxxx" KB ASC-yə yaxınlaşmasını bildirmişdir. Babək Müzəffərli banka yaxınlaşmış və orada da ona əvvəllər kredit gecikməsi olduğu üçün təkrar kredit xətti açılmasının mümkün olmadığı bildirilmiş, həmçinin plastik kart təqdim edilərək həmin kartı pul qoyub istifadə edə biləcəyi qeyd olunmuşdur. Babək Müzəffərli bankdan çıxdıqdan sonra həmin kartı balansında pul vəsaiti olmadığı üçün tullamış və Şahid zəng vuraraq kredit verilməsindən imtina edildiyini bildirmişdir. Həmçinin, övladı ona Şahid mobil nömrəsini təqdim etmiş, o da sonuncuya zəng vuraraq görüşmüşdür. Görüş zamanı Şahid kredit götürülməsinə köməklik göstərilməsi üçün bank sahəsində çalışan tanışı Təqsirləndirilən şəxs müraciət etdiyini, sonuncu razılıq verdikdən sonra Babək Müzəffərlinin şəxsiyyət vəsiqəsinin şəklini "Whatsapp" mobil tətbiqi vasitəsi ilə göndərdiyini bildirmişdir. Bundan sonra Şahid yaranmış vəziyyətə aydınlıq gətirilməsi üçün ondan vaxt istəmiş və təxminən 2-3 gün sonra zəng edərək Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonunun Ləki kəndinə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs evdə olmadığından atası Azər Əlizadə ilə söhbət etmişdir. Azər Əlizadə övladının Babək Müzəffərlinin adına verilmiş krediti çıxarıb oğurladığını etiraf etmiş və pul vəsaitinin qaytarılması üçün 3 ay müddət istəmişdir. Daha sonra Şahid Azər Əlizadənin mobil nömrəsini təqdim etmişdir. O, Azər Əlizadəyə zəng vurmuş və həmin vaxt Azər Əlizadə övladının etdiyi əməli etiraf edərək, özünə məxsus torpaq sahəsini satışa çıxardığını və torpaq sahəsini satıb banka olan borcu ödəyəcəyini bildirmişdir. O, kredit borcunun Təqsirləndirilən şəxs adına keçirilməsini xahiş etmiş, lakin Azər Əlizadə israrla borcu yaxın vaxtda ödəyəcəyini bildirmişdir. Lakin, borc hazırki günədək ödənilməmişdir. Binəqədi rayon məhkəməsi vasitəsi ilə həmin pulun 17 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bir Card Miles hesabına köçürülməsi müəyyən edilmişdir. X11 "xxxx" KB ASC-nin Memar Əcəmi metrostansiyası yaxınlığında yerləşən filialına yaxınlaşdığını bildirərək, aradan uzun müddət keçdiyi üçün həmin şəxsin şəxsiyyətini və vəzifəsini xatırlamadığını qeyd etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, hazırda təqsirləndirilən şəxs onun tərəfindən məhkəməyə verilmiş mülki iddianı ödəmiş, ona qarşı mülki iddiası yoxdur, lakin təqsirləndirilən şəxslə barışmamış, cəzasını çəkməsini istəyir. 30 aprel 2024-cü il tarixdə zərərçəkmiş şəxsin nümayəndəsi məhkəməyə teleqram vuraraq səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini, artıq Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Babək Müzəffərli ilə Ağdaş rayon S.Vurğun adına tam orta məktəbdə eyni sinifdə təhsil almışlar. 2006-cı ildə məktəbi bitirdikdən sonra əlaqələri qalmış və mütəmadi olaraq görüşmüşlər. 2022-ci ilin yanvar ayının əvvəllərində Babək Müzəffərli ona zəng vuraraq təxminən 4.000 manat miqdarında kredit götürmək istədiyini və ona köməklik edə bilibbilməyəcəyini soruşmuşdur. O, əvvəllər Ağdaş rayonu ərazisində Bank Olmayan Kredit Təşkilatında işləyən tanışı olduğunu, həmin şəxslə danışıb ona geri dönəcəyini bildirmişdir. Daha sonra, o tanışı Təqsirləndirilən şəxs zəng vurmuş və Babək Müzəffərlinin adına “LeoBank” kart hesabı açmasını xahiş etmişdir. Həmçinin, həmin kart hesabı açılması mobil tətbiq vasitəsi ilə həyata keçirilir. Təqsirləndirilən şəxs isə bank sektorunda təcrübəsi olduğu üçün həmin mobil tətbiq vasitəsi ilə məlumatları yükləyib kredit xəttinin açılmasını edə bilirdi. Daha sonra, Təqsirləndirilən şəxs buna razılıq vermiş və kredit almaq istəyən şəxsin şəxsiyyət vəsiqəsinin şəklini göndərməyini bildirmişdir. O, Babək Müzəffərliyə zəng vurmuş və şəxsiyyət vəsiqəsinin şəkilini göndərməsini istəmişdir. Babək Müzəffərli şəxsiyyət vəsiqəsinin şəklini "Whatsapp" mobil tətbiqi vasitəsi ilə ona göndərmiş, o da öz növbəsində şəxsiyyət vəsiqəsinin şəklini Təqsirləndirilən şəxs göndərmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs zəng vuraraq Babək Müzəffərlinin banka yaxınlaşmasını bildirmişdir. O da öz növbəsində həmin məlumatı Babək Müzəffərliyə çatdırmışdır. Babək Müzəffərli daha sonra ona zəng vuraraq banka getdiyini, orada əvvəllər kredit gecikməsi olduğu üçün təkrar kredit xətti açılmasının mümkün olmadığının bildirildiyini demişdir. X5 bankda boş kart verildiyini və istifadə etmək istədiyi təqdirdə karta pul qoyub istifadə edə biləcəyini bildirmişdir. Babək Müzəffərli isə həmin kartı istifadə etməyəcəyini, sındırıb tullayacağını bildirmişdir. 2023-cü ilin yanvar ayında Babək Müzəffərlinin atası Zərərçəkmiş şəxs ona zəng vuraraq övladının kredit götümədiyi halda bankdan yaşadıqları ünvana məktub gəldiyini bildirmişdir. O, vəziyyəti Zərərçəkmiş şəxs izah etmiş və baş verənləri aydınlaşdırmağı üçün vaxt istəmişdir. O, Təqsirləndirilən şəxs zəng vurmuş, sonuncu kart sifariş edən zaman istifadəsində olan telefona mobil tətbiq yüklədiyi üçün hesaba pul oturduqda sms onun istifadəsində olan nömrəyə gəldiyini və bu səbəbdən ehtiyacı olduğu üçün həmin vəsaiti istifadə etdiyini, vəsaiti yaxın müddət ərzində banka geri ödəyəcəyini bildirmişdir. Habelə, o, Babək Müzəffərliyə banka getdiyi zaman əvvəllər kredit gecikməsi olduğu üçün təkrar kredit xətti açılmasının mümkün olmadığının bildirildiyini, daha sonra onun adına kredit ayrılmasının necə mümkün olduğunu sorduqda, Təqsirləndirilən şəxs onun da bu barədə məlumatı olmadığını qeyd etmişdir. Ola bilsin bankın sistemində təkrar yoxlama aparılmış və kredit xətti açılmışdır. O, Təqsirləndirilən şəxs narazılığını bildirmiş və bundan sonrakı müddətdə yaşadığı Ağdaş rayonu, Ləki qəsəbəsinə getmişdir. Təqsirləndirilən şəxs evdə olmadığından onun atası Azər Əlizadə ilə söhbət etmiş və baş verənləri izah etmişdir. Azər Əlizadə övladının Babək Müzəffərlinin adına kredit götürərək mənimsədiyini etiraf etmiş və özünə məxsus torpaq sahəsini satışa çıxarıb, yaxın müddət ərzində torpaq sahəsini satıb banka olan borcu ödəyəcəyini bildirmişdir. Daha sonra, o, Azər Əlizadə ilə görüşü barədə Zərərçəkmiş şəxs məlumat vermiş və telefon nömrəsini təqdim edərək özünün də danışmasını xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs özü də Azər Əlizadə ilə danışmış, sonuncu ona da torpaq sahəsini satacağını və borcu ödəyəcəyini bildirmiş, lakin hazırki günədək borcu ödəməmişdir. Təqsirləndirilən şəxs ona Babək Müzəffərlinin "xxxx" ASC-nin Bakı şəhərində yerləşən istənilən filialına və ya Baş Ofisinə yaxınlaşa biləcəyini bildirmişdir. Babək Müzəffərli isə yaşadığı evə yaxın olduğu üçün bankın M.Əcəmi metrostansiyası yaxınlığında yerləşən filialına yaxınlaşmış, amma orada konkret olaraq bankın hansı əməkdaşına müraciət etməsi baradə məlumatı yoxdur. Təqsirləndirilən şəxs ilə sonuncu dəfə danışığı 2 ay əvvəl olmuşdur. Təqsirləndirilən şəxs telefon danışığı zamanı 1.200 manat pul vəsaitinin olduğunu, həmin vəsait ilə borcun bir hissəsini ödəmək istədiyini, qalan məbləği isə tədricən ödəmək niyyətində olduğunu, lakin Babək Müzəffərlinin razı olmadığını və məbləği tam ödəməsini tələb etdiyini bildirərək ondan Babək Müzəffərli ilə danışmağını xahiş etmişdir. O, Babək Müzəffərliyə zəng vurmuş, sonuncu ona Təqsirləndirilən şəxs məbləği tam ödəməsini bildirməyini xahiş etmişdir. Bundan sonra, o Babək Müzəffərlinin dediklərini Təqsirləndirilən şəxs bildirmiş və həmin vaxtdan sonra hər hansı əlaqələri olmamışdır. İş materiallarında olan X3 məxsus “X12” ASC-dən alınmış **********081260 nömrəli kart hesabından çıxarışından və Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-dən alınmış 523915******0082 nömrəli kart hesabından çıxarışından görünür ki, bank tərəfindən xx.xx.2022-ci il tarixdə 4000 manat pul vəsaiti X2 adına olan kart hesabına köçürülmüşdür. Bundan sonra həmin tarixdə qeyd olunan 4000 manat pul Babək Müzəffərlinin kart hesabından Təqsirləndirilən şəxs kart hesabına köçürülmüş, köçürülən zaman 78.42 manat komissiya haqqı çıxarılmış, sonuncunun kart hesabında 3921.00 manat mövcud olmuşdur. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX publik hüquqi şəxsinin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Binələr kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Binələr kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 11 dekabr 2023-cü il tarixli 5-32-12/2- 595/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi aşağıdakı kimidir: 1.atası X7-xx.xx.1972 2.anası X13-xx.xx.1974 3.qardaşı əlizadə Əliyusif Azər oğlu-xx.xx.1994 4.qardaşı X15 -xx.xx.2004 5.arvadı X9-xx.xx.1996 6.qızı X16-xx.xx.2022 7.oğlu X19-xx.xx.2023 İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il tarixdə doğulmuş X16 və xx.xx.2023-cü il tarixdə doğulmuş X19 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında protokoldan” və “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdə saat 23:55-də barəsində elan olunmuş axtarışla əlaqədar tutulmuş, 07 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Ağdaş RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan mülki iddiadan görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi təqsirləndirilən şəxsdən, eyni zamanda mülki cavabdehdən 4692 manat alınıb ona ödənilməsini tələb edir. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 17 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs mülki iddianı təmin etmişdir, ona görə də mülki iddia ilə bağlı tələbi yoxdur və mülki iddiadan imtina edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia təmin olunmuşdur. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar