Məhkəmə qərarları › İş №1(014)-47/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-47/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-47/2023 29.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X1 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Ağdaş rayonunda аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş məhkumluğu qanunla müəyyən edeilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 29 mart 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda nəm vəziyyətdə təmiz çəkisi 1.838 qram, quru vəziyyətdə isə təmiz çəkisi 1.544 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 22:59-dan 23:09-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ ön cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi nəm vəziyyətdə təmiz çəkisi 1.838 qram, quru vəziyyətdə isə təmiz çəkisi 1.544 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroinin istifadəçisi olduğunu, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Ağdaş şəhəri “Qəbələ dördyolu deyilən” ərazidə piyada yol ilə gedərkən yerdə 01 ədəd siqaret qutusu olduğunu gördüyünü, həmin qutunun içərisində siqaret olub olmamasına baxmaq üçün qutunu götürüb içərisinə baxdığıı zaman qutunun içərisində 01 ədəd sellofan büküm olduğunu, həmin bükümü açaraq içərisində narkotik vasitə olan heroin olmasını gördüyünü, həmin heroini istifadə etmək üçün götürərək üzərində saxladığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 22:05 radələrində Ağdaş şəhəri 20 yanvar küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, özüdə heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də dövlət hesabına ona müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, Şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol cibindən 01 ədəd üzərinə “LD” yazılmış siqaret qutusu, sağ arxa cibindən 01 ədəd alışqan, sağ cibindən isə 01 ədəd sellofan büküm aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş siqaret qutusu açıldığını və içərisindən siqaret dənələri aşkar olunduğunu, üzərindən aşkar edilmiş sellofan büküm açılan zaman isə içərisindən qara rəngli, nəm halda maddə aşkar edildiyini, həmin maddənin narkotik vasitə olan heroin olmasını və özünün istifadə etməsi üçün üzərində saxladığını, bundan sonra üzərindən aşkar edilmiş həmin maddə elektron tərəzidə çəkildiyini və çəkisi 1,9 qram olduğunu, sonra üzərindən aşkar edilmiş içərisində narkotik maddə olan sellofan büküm zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özünün və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, daha sonra üzərində aşkar edilmiş siqaret qutusunun və alışqanın özünə qaytarıldığını göstərmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində verilən suallara cavab olaraq bildirdiki ki, Ağdaş RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində Ağdaş şəhəri, 20 Yanvar küçəsində dayanmasını gördüyünü, Ağdaş RPŞ-nin PPX Bölüyünün polis nəfəri vəzifəsində işləyən Sabir Məmmədovla birlikdə Qadirə yaxınlaşaraq özlərini təqdim etdiklərini, Qadirin üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Qadiri RPŞ-nə dəvət etdiklərini, Qadir onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də Qadirə dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli şəxs kimi tutulduğunu, müdafiəçinin də iştirakı ilə RPŞ-nin inzibati binasında Qadirin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Qadirin əynindəki olan qara rəngli idman şalvarının ön sol cibindən 01 ədəd üzərində “LD” yazılmış siqaret qutusu, idman şalvarının sağ cibindən 01 ədəd sellofan büküm və idman şalvarının arxa sağ cibindən 01 ədəd alışqan aşkar olunduğunu, aşkar edilmiş 01 ədəd sellofan büküm açılarkən içərisindən qara rəngli, kəskin qoxuya malik, nəm halda maddə olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər kütlə aşkar olunduğunu, həmin kütlənin kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri “Qəbələ dörd yolu” adlanan ərazidə yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını, aşkar olunmuş 01 ədəd sellofan bükümün içərisində olan bitki kütləsi elektron tərəzidə çəkildiyini, çəkisi 1.9 qram olduğunu, sonra həmin selofan bükümdəki kustar üsulla hazırlanmış narkotik vasitə heroin kağız zərfə qablaşdırıldığını, üzərinə DİNnin 111 nömrəli möhürü vurulduğunu, Qadir və digər iştirakçılar həmin zərfə imza etdiklərini, üstündən aşkar olunaraq götürülmüş 01 ədəd üzərində “LD” yazılmış siqaret qutusu və 01 ədəd alışqan iş üçün əhəmiyyət daşımadığından özünə qaytarıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu və bütün iştirakçılar tərəfindən imzalandığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X4 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 17 yanvar 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 22:59-dan saat 23:09-a dək Ağdaş RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol cibindən 01 ədəd üzərində “LD” sözü yazılmış içərisində siqaret dənələri olan siqaret qutusu, sağ arxa cibindən 01 ədəd alışqan, sağ cibindən isə 01 ədəd sellofan sellofan büküm askar olunmuş. Aşkar olunmuş 01 ədəd sellofan büküm açılan zaman içərisindən qara rəngli, nəm halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, daha sonra aşkar edilmiş həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1.9 qram olmuş, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 ədəd üzərində “LD” sözü yazılmış siqaret qutusu və alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/66 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə, quru vəziyyətdə təmiz çəkisi-1.544 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertizanın dəyəri 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 223 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli qərarına əsasən təyin edilmiş islah işi cəzasından azad edilib. Ağdaş RPŞ tərəfindən xx.xx.2019-cu il tarixdə ********* saylı material üzrə təqsirli bilinərək xx.xx.2019-cu il tarixdə həmin material Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən rədd edilib. Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci, 68.1.1-1 və 67.1 maddələri ilə təqsirli bilinərək barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022- ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası MM-in xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzası azaldılaraq 01 il 06 ay azadlıqdan məhrum etmə cazasına endirilmiş, xx.xx.2022-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarına əsasən vaxtından əvvəl şərti azad olunnuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya Şöbəsin xx.xx.2023-cü il tarixli C/İ-103 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)-587\2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 05 (beş) ay 18 (on səkkiz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)-587/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı üzrə cəzasını çəkib xx.xx.2022-ci il tarixdə tam olaraq çəkib qutarmış və üzərində Ağdaş rayon İcra və Probasiya Şöbəsində heç bir öhdəlik qalmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 31 yanvar 2023-cü il tarixli 236 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, 20 Yanvar küçəsi 47 nömrəli evdə yaşamaqla, ailə tərkibi göstərilən şəxslərdən ibarətdir. Həyat yoldaşı-X3; oğlu- X6 və X2 ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ/6-22— 2-129-2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində “Eroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 17 yanvar 2023-cü il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 22:25-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin, tiryək və metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi heroin 0,15 qram, tiryək 0.5 qram və metamfetamin 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət əməlini törətməsi tam sübuta yetir, həmin əməli törətməkdə təqsirlidir, cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad etmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydaların möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla yanaşı həmçinin məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərməlidir. Bu baxımdan ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amil kimi təqsirləndirilən şəxsin şəxsiyyəti hərtərəfli təhqiq edilməli, onun xidməti vəzifəyə, əməyə, ictimai qaydalara münasibəti, təyin olunacaq cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri, məişətdə davranışı, məhkumluğu aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasına və məhkumluğu ödənilməməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivini yaratmışdır ki, məhkəmə qeyd edilən halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzalarını çəkir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan yəni 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, cəza çəkdiyi müddətdə məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan nəm vəziyyətdə təmiz çəkisi 1.738 qram heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 15 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə 90 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan yəni, 17 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin, cəza çəkdiyi müddətdə məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan nəm vəziyyətdə təmiz çəkisi 1.738 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə 90 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar