Məhkəmə qərarları › İş №1(014)-48/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-48/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-48/2021 01.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1997-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Aşağı Ləki kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu Aşağı Ləki kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ilə Ağdaş rayonu Orta Ləki kəndində yaşayan qohumu Zərərçəkmiş şəxs arasında xx.xx.2021-ci il tarixdə saat təxminən 17:00 radələrində şəxsi münasibətlər zəminində Ağdaş rayonu Orta Ləki kəndinin çöl ərazilərində yerləşən örüş sahəsində mübahisə və dava-dalaş baş vermiş, dava-dalaş zamanı Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs baş və üz nahiyələrinə bir neçə dəfə yumruqla, bel, qol, kürək və ayaq nahiyələrinə ağac parçası ilə bir neçə dəfə qəsdən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ üst göz qapağının qançırı, sağ gicgah əzələsinin əzilməsi, üzün sol almacıq nahiyəsinin qançır və şişkinliyi, sol bazu oynağının əzilməsi, sağ bazu oynağının bayır səthinin qançırı, sol kürək nahiyəsinin, sol diz oynağının bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin arxa səthinin geniş qançırları, sol ayaq pəncəsinin üst səthinin qançırı xəsarətlərini yetirərək, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdıqlarını nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş edərək ifadəsində Zərərçəkmiş şəxs onun əmisi qızının əri olduğunu, əvvəllər aralarında heç bir narazılıq və problem olmadığını, 2020-ci ilin yay aylarında Xəyalın qardaşı Vüqarın ondan 2000 manat borc pul istədiyini, sonra keçilərini satıb onun pulunu geri qaytaracağını söylədiyini, həmin vaxt Vüqara 2000 manat borc pul verdiyini, bundan sonra “Qarabağ müharibəsi” başlayan ərəfədə Vüqara könüllü yazılıb müharibəyə gedəcəyini, ona görə onun pulunu geri qaytarmasını söylədiyini, Vüqarın da həmin vaxt ona 500 manat pul qaytardığını, Vüqara qalan 1500 manat pulu anasına verəcəyini söylədiyini, həmin vaxt qardaşının da hərbi xidmətdə olduğunu, ona görə anasının tək qaldığını, müharibədə olan müddətdə bir neçə dəfə Xəyala zəng edib pulu aparıb anasına vermələrini söylədiyini, Xəyal da bir neçə dəfə pulu verəcəyini desə də, sonradan ona pul verməyəcəyini söylədiyini, ona görə telefon danışığı zamanı aralarında mübahisə baş verdiyini, 2021-ci ilin yanvar ayında yaşadığı evə geri qayıtdığını, yaşadığı evə qayıdandan sonra da bir neçə dəfə Xəyala və onun ailə üzvlərinə zəng edib onun pulunu geri qaytarmalarını söylədiyini, lakin pulunun geri qaytarılmadığını, sonuncu dəfə Xəyal ilə telefon danışığı zamanı Xəyalın ona nalayiq ifadələr işlətdiyini, Xəyala onun bu danışığının ona baha başa gələcəyini söylədiyini, xx.xx.2021-ci il tarixdə yenə Xəyala zəng etdiyini, lakin Xəyalın onun zənginə cavab vermədiyini, bundan sonra Xəyalla görüşmək qərarına gəldiyini, Xəyalın sahədə qoyun otardığını bildiyini, ona görə təxminən saat 17:00 radələrində örüş sahəsinə getdiyini, Xəyala yaxınlaşıb ondan niyə onun zəngini açmadığını, telefon danışığı zamanı onu söyməsinin səbəbini soruşduğunu, Xəyalın də həmin vaxt ona ondan uzaq durmasını, nə deyibsə yaxşı etməsini söylədiyini, ona görə aralarında mübahisə yarandığını, mübahisə vaxtı Xəyalın ona nalayiq ifadələr işlətdiyini, Xəyala çox hirsləndiyini, Xəyalın əlində olan dəyənəyi alıb onu vurmağa başladığını, dəyənəklə Xəyalın bel, qol, kürək və digər nahiyələrindən bir neçə dəfə qəsdən vurduğunu, sonra yumruqla Xəyalın üz və baş nahiyələrinə də bir neçə dəfə qəsdən vurduğunu, sonra Xəyala onun pulunu niyə qaytarmadıqlarını, niyə müharibədə olan vaxt gedib onun anası ilə maraqlanmadıqlarını, onlara pul verərkən pislik etmədiyini, niyə anasına pul vermədiklərini söylədiyini, bundan sonra Xəyalın ona onun pulunu 1 həftəyə qaytaracağını söylədiyini, bundan sonra Xəyalla birlikdə onun Xəyalın yaşadığı ev istiqamətində getdiyini, sonra isə ondan uzaqlaşdığını bildirmişdir. Həmçinin o, izahatında Zərərçəkmiş şəxs üz və baş nahiyələrinə bir neçə dəfə yumruqla, Xəyalın əlindəki dəyənəyi götürüb onun qol, kürək, bel və digər nahiyələrinə bir neçə dəfə dəyənəklə vurduğunu, aralarındakı mübahisə və dava-dalaşın Ağdaş rayonu Orta Ləki kəndində yerləşən çöl otlaq sahəsində baş verdiyini, təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını, səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) ifadəsində Təqsirləndirilən şəxs onun arvadının əmisi oğlu olduğunu, əvvəllər münasibətlərinin normal olduğunu, Təqsirləndirilən şəxs “Qarabağ müharibəsi” bitdikdən sonra yaşadığı evə gəldiyini, lakin gedib Fəqanı görmədiyini, Fəqanın da bir neçə dəfə onun arvadına zəng edərək onu soruşduğunu, Fəqanın müharibəyə getməsindən əvvəl qardaşı Şahid Fəqandan 2000 manat borc aldığını, həmin pulla qardaşı Vüqarın onun üçün ev tikməli olduğunu, sonradan Fəqan müharibəyə gedəndə pulunu geri istədiyini, qardaşı Vüqarın da həmin vaxtlar ona Fəqanın pulunu geri qaytarmasını söylədiyini, Fəqanın da müharibədə olarkən bir neçə dəfə ona zəng edərək pulunu istədiyini, Fəqana qardaşı Vüqarın onun pulunu verməsini, bir daha pula görə onu axtarmamasını söylədiyini, sonuncu dəfə telefonda danışanda aralarında mübahisə baş verdiyini, xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində Fəqanın ona zəng etdiyini, Fəqanın zəngini açmadığını, bundan bir saat sonra, təxminən saat 17:00 radələrində Ağdaş rayonu Orta Ləki kəndində yerləşən örüş sahəsində qoyunları otardığını, həmin vaxt Fəqanın onun qoyunları otardığı otlaq sahəsinə gəldiyini, Fəqanın ona yaxınlaşıb niyə onun zəngini açmadığını soruşduğunu, Fəqana ondan uzaq durmasını, onunla danışmaq istəmədiyini söylədiyini, Fəqanın ona nə üçün telefonda danışanda ona nalayiq ifadələr işlətməsini söylədiyini, Fəqana nə deyibsə yaxşı edib dediyini, ondan uzaqlaşmasını söylədiyini, bu səbəbdən aralarında mübahisə yarandığını, mübahisə vaxtı Fəqanın onun əlində olan dəyənəyi, yəni ağac parçasını götürüb onu döyməyə başladığını, Fəqanın bir neçə dəfə ağac parçası ilə onun qol, ayaq və kürək nahiyələrindən vurduğunu, bu zaman həmin ağac parçasının qırıldığını, Fəqanın sonra yumruqla bir neçə dəfə onun üz və baş nahiyələrindən vurduğunu, sonra Fəqanın ona niyə onun pulunu qaytarmadıqlarını, niyə müharibədə olarkən onun anasına baş çəkmədiklərini söylədiyini, həmin vaxt artıq pis vəziyyətdə olduğunu, ona görə də Fəqana ondan əl çəkməsini, onun pulunu qaytaracağını söylədiyini, sonra yaşadığı evə getdiyini, qardaşı Vüqarın onun vəziyyətini görüb nə baş verməsini soruşduğunu, qardaşı Vüqara Fəqanın pula görə onu döyməsini söylədiyini, qardaşı Vüqardan Fəqanın pulunu verib-vermədiyini soruşduğunu, Vüqarın da ona Fəqanın pulunu tam vermədiyini, 500 manatını qaytardığını, 1500 manatı isə hələ də Fəqana borclu qalmasını söylədiyini, bundan sonra bərk ağrıları olduğu üçün Ağdaş RMX-yə müraciət etdiyini bildirmişdir. Həmçinin, o, izahatında Təqsirləndirilən şəxs ağac parçası ilə onun kürək, qol və ayaq nahiyələrindən bir neçə dəfə, yumruqla da bir neçə dəfə üz və baş nahiyələrinə vuraraq xəsarət yetirdiyini, aralarındakı mübahisə və dava-dalaşın yaşadığı kəndin çöl ərazilərində yerləşən örüş sahəsində baş verdiyini, təxminən 5-7 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını və səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. İş üzrə Şahid ifadəsində yuxarıda göstərilən xüsusatları təsdiq edərək xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində qardaşı Zərərçəkmiş şəxs ilə qohumları Təqsirləndirilən şəxs arasında mübahisə və dava-dalaş olduğunu, dava-dalaş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlləri və dəyənəklə döydüyünü bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 115 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - sağ üst göz qapağının qançırı, sağ gicgah əzələsinin əzilməsi, üzün sol almacıq nahiyəsinin qançır və şişkinliyi, sol bazu oynağının əzilməsi, sağ bazu oynağının bayır səthinin qançırı, sol kürək nahiyəsinin, sol diz oynağının bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin arxa səthinin geniş qançırları, sol ayaq pəncəsinin üst səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar