Məhkəmə qərarları › İş №1(014)-49/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-49/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-49/2021 22.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Müqain oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1998-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan, barəsində 07 mart 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə Qusar rayonu Gican kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona Gürcüstan Respublikasından motosiklet gətirəcəyini vəd verib aldadaraq 2019-cu ilin oktyabr ayının əvvəllərində «milli ön» vasitəsilə 300 manat pulunu, 2019-cu ilin oktyabr ayının ortalarında Qusar rayonu Gican kəndində 500 manat pulunu, 2019-cu ilin oktyabr ayının ortalarında Qusar rayonu Gican kəndində 400 manat pulunu və 2019-cu ilin oktyabr ayının sonlarında Qusar rayonu Gican kəndində 300 manat dəyərində 02 ədəd quzularını, ümumilikdə 1500 manat dəyərində əmlakını vahid niyyətlə etibarından sui-istifadə edərək aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə Qusar rayonu Gican kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona Gürcüstan Respublikasından Niva markalı avtomobil gətirəcəyini vəd verib aldatmış, Zərərçəkmiş şəxs1 16.10.2019-cu il tarixdə poçt vasitəsilə Təqsirləndirilən şəxs adına Ağdaş poçt filialına 1000 manat pul göndərmiş, sonuncu həmin pulu 16.10.2019-cu il tarixdə Ağdaş poçt filialından əldə etmiş, 2019-cu ilin oktyabr ayının sonlarında Qusar rayonu Gican kəndində 800 manat pulunu və 04.11.2019-cu il tarixdə «xxxx» vasitəsilə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs adına 600 manat pul göndərmiş, 04.11.2019-cu il tarixdə Təqsirləndirilən şəxs «xxxx»ın Ağdaş rayon filialından həmin pulu əldə etmiş, ümumilikdə Zərərçəkmiş şəxs1 2400 manat pulunu vahid niyyətlə etibarından sui-istifadə edərək aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində Qusar rayon Gican kənd sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıdığını, əvvəllər onlarla aralarında heç bir söz-söhbət və narazılıq olmadığını, həmin şəxsləri kələm alqısatqısı zamanı tanıdığını, Qusar rayonu Gican kəndindən gedib kələm alıb Bakı şəhərində satdığını, belə olub Ravi və Müslümü tanıdığını, 2019-cu ilin oktyabr ayının əvvəllərində Qusar rayonuna getdiyini, kələm yığan zaman Müslümlə söhbət zamanı Müslümün ona motosiklet almaq istədiyini dediyini, Ağdaş rayonunda motosiklet olub-olmamasını soruşduğunu, Müslümə onlar tərəfdə motosiklet olmadığını dediyini, Müslümün ona “a kişi sizin tərəfdə motosiklet olur, mənə motosiklet al” dediyini, cibinə də zorla 300 manat pul qoyduğunu, Müslümə motosiklet almağa söz vermirəm, ancaq velosiped ala bilərəm dediyini, daha sonra Müslümün onun həmin vaxt mobil telefonuna özünün istifadəsində olan telefona zəng etdiyini, motosikleti nə vaxt alacağını soruşduğunu, 300 manata motosiklet yoxdur, motosikletin 600 manata başa gələcəyini dediyini, belə olub Müslümə kart kodu göndərdiyini, kartın öz adına olmadığını, kimin adına olmasının yadından çıxdığını, Müslümün «milli ön» vasitəsilə Ağdaş rayonuna onun adına 300 manat pul göndərdiyini, həmin pulu götürdüyünü, 2019-cu ilin oktyabr ayının ortalarında Müslümün qohumu Ravi adlı şəxsin ona zəng etdiyini, Ravinin ona Gürcüstan Respublikasından Niva markalı avtomobil gətirməsini istədiyini, Raviyə Gürcüstan Respublikasından avtomobil gətirən tanışlarının olduğunu, onların əli ilə gətirə biləcəyini dediyini, belə olub Ravinin ona poçt vasitəsilə Ağdaş rayonuna 1000 manat pul göndərdiyini, həmin pulu poçtdan aldığını, daha sonra 2019-cu ildə yenidən Qusar rayonu Gican kəndinə getdiyini, həmin vaxt Müslümdən 500 manat aldığını, bir neçə gün sonra yenidən həmin kəndə getdiyini, bu zaman Müslümdən Gürcüstan Respublikasından motosiklet gətirəcəyi adı ilə aldadıb 400 manat pulunu aldığını, daha sonra 2019-cu ilin oktyabr ayının sonlarında tanışı Azər adlı şəxsin idarə etdiyi VAZ-2106 markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonuna getdiklərini, orada Müslüm və Ravi ilə görüşdüyünü, Müslümdən əlavə 300 manat istədiyini, Müslümün 300 manat pulu olmadığını, bunun əvəzində 300 manat dəyərində ona 02 ədəd quzu verdiyini, Ravidən Gürcüstan Respublikasından Niva markalı avtomobil gətirəcəyi adı ilə yenidən aldadıb 800 manat pul aldığını, bundan sonra Raviyə sən deyən qiymətə Niva yoxdur dediyini, belə olub «xxxx» vasitəsilə ona 600 manat pul göndərdiyini, sonradan əlaqələrinin kəsildiyini, Raviyə Niva almadığını, Müslümə motosiklet almadığını, ailədə maddi vəziyyətinin pis olduğu üçün pulu qaytara bilmədiyini, daha sonra ümumilikdə təxminən 270 manat pulu Raviyə qaytardığını göstərdi. İş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində 2019-cu ilin oktyabr ayının əvvəllərində özünə məxsus olan fərdi tasərrüfatında becərdiyi kələmi satmaq istədiyini, həmin vaxt da Ağdaş rayonu Ləki qəsəbəsinin sakini Təqsirləndirilən şəxs onunla görüşərək ondan kələm almaq istədiyini bildirdiyini və aralarında olan şifahi razılaşmaya asasən ona kələm satdığını, Yusifin də kələmin pulunu verdiyini, daha sonra isa aralarında olan söhbət zamanı özünə motosiklet almaq istədiyini bildirdiyini, həmin vaxt da Yusifin Gürcüstan Respublikasından avtomobil gətirib satmaqla da məşğul olduğunu bildirdiyini və ona istədiyi motosikleti gətirə biləcəyini dediyini və çıxıb getdiyini, həmin vaxtdan sonra özünə məxsus olan ***-***-**-** nömrəli mobil telefonla Yusifin istifadəsində olan ***-***-**- ** və ***-***-**-** nömrəli mobil telefonlarla əlaqə saxladığını, həmin vaxt aralarında olan söhbət zamanı Yusifin ona motosiklet gətirə biləcəyini dediyini və bunun üçün ilkin ödəniş kimi ondan 300 manat pul istədiyini, ona etiraz etmədiyini, sonra isə Yusifin "Whatssapp" internet şəbəkəsi vasitəsilə onun telefonuna kod göndərmək istədiyini bildirdiyini və pulu həmin koda göndərməyini dediyini, ancaq onun telefonunda "Whatssapp" internet şəbəkəsi olmadığı üçün Yusifdən kodu bacanağı Vəfadarın mobil telefonuna göndərməyini xahiş etdiyini və Vəfadarın mobil telefon nömrəsini ona göndərdiyini, bundan sonra Yusifin özünə məxsus olan mobil telefonla "Whatssapp" internet şəbəkəsi vasitəsilə Vəfadarın mobil telefonuna kod göndərdiyini, Yusifin göndərdiyi koda göndərməsi üçün Vəfadara 300 manat verdiyini, Vəfadarın da 300 manat pulu ondan alıb ödəmə terminalı vasitəsilə Yusifə göndərdiyini, həmin vaxtdan təxminən bir həftə sonra, 2019-cu ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs yenə onun yaşadığı kəndə gəldiyini, həmin vaxt da onunla görüşüb söhbət edən zaman Yusifin motosiklet gətirməsi üçün əlavə olaraq ona 500 manat pul verməyini xahiş etdiyini, ona inandığı üçün yaşadığı kənddə 500 manat pul verdiyini və Yusifin pulu ondan alıb getdiyini, daha sonra isə həmin vaxtdan 4-5 gün sonra Yusifin yenə onun yaşadığı kəndə gəldiyini, həmin vaxt da onunla görüşüb söhbət edən zaman Yusifin motosiklet gətirməsi üçün əlavə olaraq ona 400 manat pul verməyini xahiş etdiyini, Yusifə inandığı üçün yaşadığı kənddə 400 manat pul verdiyini və Yusifin pulu ondan aldıqdan sonra ona bir neçə gün ərzində motosiklet gətirməyi söz verdiyini, bundan sonra 2019-cu ilin oktyabr ayının sonlarında Yusifin öz tanışı Azər adlı şəxslə birlikdə Azərin idarə etdiyi “VAZ-2106" markalı avtomobillə onun yaşadığı kəndə gəldiyini, həmin vaxt da onunla görüşdüyünü və həmin vaxt aralarında olan söhbət zamanı Yusifin bir neçə gün ərzində ona motosiklet gətirməyi söz verdiyini, ondan əlavə olaraq 300 manat pul istədiyini, ona isə pulunun olmadığını bildirdiyini, həmin vaxt Yusifin pulun əvəzində xırda buynuzlu heyvan da verə biləcəyini dediyini, onunla razılaşaraq 300 manat pul hesabı ilə ona 2 baş qoyun verdiyini, Yusif da həmin 2 baş qoyunu Azərin idarə etdiyi “VAZ 2106" markalı avtomobilin yük yerinə qoyduğunu, bir neçə gün ərzində ona motosiklet gətirəcəyinə söz verdiyini və çıxıb getdiyini, beləliklə də Yusifin ondan ümumlikdə 1200 manat nağd pul və 300 manat hesabı ilə 2 baş qoyun alıb getdikdən sonra bir neçə gün ərzində Gürcüstan Respublikasından ona motosiklet gətirəcəyinə söz verdiyini, ancaq buna baxmayaraq həmin vaxtdan sonra Yusifin müxətlif yalan bəhanələrlə onu aldadaraq ona avtomobil gətimrədiyini və ondan aldığı 1500 manat pulu da geri qaytarmadığını göstərdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində 2019-cu ilin oktyabr ayının əvvəllərində özünə məxsus olan fərdi təsərrüfatında becərdiyi kələmi satmaq istədiyini, həmin vaxt da Ağdaş rayonu Ləki qəsəbəsinin sakini Təqsirləndirilən şəxs onunla görüşərək ondan kələm almaq istədiyini bildirdiyini və aralarında olan şifahi razılaşmaya əsasən ona kələm satdığını, Yusifin də kələmin pulunu verdiyini, daha sonra isə aralarında olan söhbət zamanı özünə məxsus olan avtomobili satdığını, başqa bir avtomobil almaq istədiyini bildirdiyini, həmin vaxt da Yusifin Gürcüstan Respublikasından ona istədiyi avtomobili gətirə biləcəyini dediyini və telefon nömrələrini ona verərək çıxıb getdiyini, həmin vaxtdan sonra, 2019-cu ilin oktyabr ayının ortalarında özünə məxsus olan ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonla Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonlara zəng edərək onunla əlaqə saxladığını, həmin vaxt aralarında olan söhbət zamanı "Niva" markalı avtomobil almaq istədiyini bildirdiyini, Yusifin də ona "Niva" markalı avtomobil gətirə biləcəyini dediyini və bunun üçün ilkin ödəniş kimi ondan 1000 manat pul istədiyini, onunla razılaşaraq Qusar rayon mərkəzi poçtundan Yusifin adına Ağdaş rayon mərkəzi poçtuna 1000 manat pul göndərdiyini, həmin vaxtdan sonra, 2019-cu ilin oktyabr ayının sonlarına yaxın Təqsirləndirilən şəxs öz tanışı Azər adlı şəxslə Azərin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə onun yaşadığı kəndə gəldiyini, həmin vaxt da onunla görüşdüyünü və arlarında olan söhbət zamanı Yusifin avtomobil gətirməsi üçün əlavə olaraq ondan 800 manat pul istədiyini, ona etiraz etməyərək yaşadığı kənddə ona 800 manat pul verdiyini, Yusifin də 800 manat pulu ondan aldıqdan sonra bir neçə gün ərzində ona "Niva" markalı avtomobil gətirəcəyinə söz verdiyini, həmin vaxtdan sonra, 2019-cu ilin noyabr ayının əvvəllərində Yusifin mobil telefonla ona zəng edərək avtomobil gətirmək üçün əlavə 600 manat pul lazım olduğunu bildirdiyini, ona inandığı üçün 04 noyabr 2019-cu il tarixdə «xxxx» ASC-nin Qusar rayon filialı vasitəsilə öz adından Yusifin adına «xxxx» ASC-nin Ağdaş rayon filialına 600 manat pul göndərdiyini, sonra isə Təqsirləndirilən şəxs ona zəng edərək həmin pulu götürdüyünü bildirdiyini, Yusifin ondan ümumlikdə 2400 manat aldıqdan sonra bir neçə gün ərzində Gürcüstan Respublikasından ona "Niva" markalı avtomobil gətirəcəyini söz verdiyini, ancaq buna baxmayaraq həmin vaxtdan sonra Yusifin müxalif yalan bəhanələrlə onu aldadaraq ona avtomobil gətimrədiyini və ondan aldığı 2400 manat pulu da geri qaytarmadığını göstərdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 bacanağı olduğunu, 2019-cu ilin oktyabr ayının ortalarında bacanağı Müslümün ona Ağdaş rayonunda Yusif adlı tanışının olduğunu, həmin Yusifin ona Gürcüstan Respublikasından motosiklet gətirəcəyini söz verdiyini, ona pul göndərəcəyini dediyini, belə olub Yusifin onun telefonuna "Whatssapp" internet şəbəkəsi vasitəsilə kod göndərdiyini, Müslümün ona 300 manat pul verdiyini, həmin pulu Yusifin ona göndərdiyi koda «milli ön» vasitəsilə göndərdiyini, lakin həmin kodun yadından çıxdığını və telefonundan kodun silindiyini, sonradan Yusifin Ravini və Müslümü aldadaraq pullarını aldığını bildiyini, Müslümdən 1500 manat və Ravidən isə 2400 manat pul aldığını, Raviyə Gürcüstan Respublikasından Niva markalı avtomobil gətirəcəyini bildirdiyini, Yusifin konkret olaraq Ravidən və Müslümdən nə vaxt pul almasını bilmədiyini göstərdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində onun özünə məxsus VAZ-2106 markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, Ağdaş rayonu Orta Ləki kənd sakini Təqsirləndirilən şəxs tanıdığını, onunla münasibətlərinin normal olduğunu, 2019-cu ilin oktyabr ayında Yusifin ona onun avtomobili ilə Qusar rayonuna getməyi təklif etdiyini, Yusiflə razılaşdığını, ona dostlarının yanına gedəcəyini bildirdiyini, onun **-EO-*** dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobili ilə Qusar rayonu Gican kəndinə getdiklərini, orada Yusifin Müslüm və Ravi adlı şəxslərlə görüşdüyünü, Yusifin həmin şəxslərlə aralanıb nəsə danışdıqlarını, özü isə kənarda dayandığını, onların nə daşımasını bilmədiyini, sonra isə orada həmin şəxslərin birinin evində yemək yediklərini, lakin hansının evi olduğunu bilmədiyini, həmin evin sahibinin onun avtomobilinə 02 ədəd quzu qoyduğunu, yola çıxandan sonra Yusifdən quzuların nə üçün onlara verdiklərini soruşduğunu, Yusifin də onların işini düzüb qoşub həll etdiyi üçün ona pay verdiklərini dediyini, Yusifdən nə işi olduğunu soruşduğunu, lakin Yusifin nə işi olduğunu demədiyini, yol ilə gələrkən Qusar rayonunda tanımadığı yerdə yolun kənarında olan qəssabların birinə quzuları satdığını, ancaq özü avtomobildən düşmədiyini, Yusifin quzuları 150 manata satdığını bildirdiyini, sonra isə Ağdaş rayonuna qayıtdıqlarını, Yusifin Qusar rayonunda həmin şəxsləri aldadıb pulunu aldığını, Yusifin həmin şəxslərə avtomobil və motosiklet gətirəcəyini vəd verdiyini, lakin vədinə əməl etmədiyini sonradan bildiyini, Qusar rayonu Gican kənd sakini X2 və Zərərçəkmiş şəxs2 ərizə ilə Qusar RPŞ-nə müraciət edərək Təqsirləndirilən şəxs onlara X1 və motosiklet gətirəcəyini vəd edərək Müslümdən ümumilikdə 1500, Ravidan isə ümumilikdə 2400 manat pulunu aldadıb ələ keçirdiklərini bildirmələri barədə heç bir məlumatının olmadığını, Yusifin ona heçnə demədiyini, birlikdə Qusar rayonuna getdiklərini, orada olan şəxslərlə görüşdüklərini, onun da nömrəsini onların götürdüklərini, ona zəng edərək Yusifin onlara maşın gətirəcəyini söz verərək pul aldığını, lakin Yusifi tapa bilmədiklərini dediklərini, onlara xəbərinin olmadığını bildirdiyini, Yusifin onları aldadıb nə qədər pullarını ələ keçirməsini bilmədiyini, həmin şəxslərin ona zəng edərək Yusifin onlara Gürcüstan Respublikasından motosiklet və Niva markalı avtomobil gətirəcəyini bildirərək pullarını aldığını bildirdiklərini göstərdi. «xxxx»ın Ağdaş rayonn filialının 11.02.2021-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 04.11.2019-cu il tarixdə Xəzri sistemi vasitəsilə 600 manat pulu Təqsirləndirilən şəxs adına göndərmiş və sonuncu həmin pulu 04.11.2019-cu il tarixdə Ağdaş rayonunda nağdlaşdırmışdır. «xxxx» MMC-nin Ağdaş poçt filialının 08.02.2021-ci il tarixli 29 №-li məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən 16.10.2019-cu il tarixdə 1000 manat pul Təqsirləndirilən şəxs adına Ağdaş rayon Poçt filialına göndərilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən Ağdaş Poçt filialından götürülmüşdür. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinaət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətə azadlığını məhdulaşdırılması cəzasına məhkum edilmiş, ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığını məhdulaşdırılması cəzası saxlanılmışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs az ağır cinayət törətmişdir, zərərçəkmiş şəxslərlə barışmışdır, dəymiş ziyanı tamamilə ödəmişdir, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 975 manat dövlət büdcəsinə ödəniş etmişdir.(İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Müqain oğlunun 19.06.2021-ci il tarixdə Qusar rayon notariat ofisində təsdiq edilmiş ərizələri, «xxxx»ın Ağdaş rayon filialı tərəfindən verilmiş 22.06.2021-ci il tarixli terminal nömrəsi K0160011 olan 17027 nömrəli qəbz) 01 iyun 2020-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 1 may 2020-ci il tarixli Qanununun 1.7.2-ci maddəsinə əsasən 73.1.2-ci maddədə «bir misli» sözləri «iyirmi beş faizi» sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar