Məhkəmə qərarları › İş №1(014)-49/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-49/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-49/2022 10.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxxx 2001-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan, faktiki olaraq Ağdaş rayonu, H.Əliyev prospekti 67-də yaşayan, barəsində 25 fevral 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 dekabr 2021-ci ildə «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilmiş,məhkumluğu ödənilmədən və ya götürülmədən naməlum mənbədən və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan torbada təmiz çəkisi 485 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış və həmin qurudulmuş marixuana 23 fevral 2022-ci il tarixdə, saat 15:54-də ünvan 1 ünvanda yerləşən Ağdaş rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində 2022-ci ilin fevral ayının əvvəllərində Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən qəbristanlıqdan yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını yığıb qurutmaq üçün qəbristanlıqda yerə sərdiyini, 23 fevral 2022-ci il tarixdə, saat 15:10 radələrində çətənə kollarından yığaraq qurutduğu marixuananı götürmək üçün qəbristanlığa getdiyini və həmin marixuananı sellofan bükümə qoyub heç kimin görməməsi üçün gödəkcəsinin altına qoyduğunu, bundan sonra küçəyə çıxdığını, həmin vaxt polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, ona üzərində narkotik vasitənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin qarın hissəsindən içərisində həmin qurudulmuş marixuana olan 01 ədəd sellofan torba və əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli “Samsung DUOS” markalı smartfon telefon aşkar olunduğunu, həmin 01 ədəd sellofan torba elektron tərəzidə çəkilərək qablaşdırıldığını, həmçinin aşkar edilmiş ağ rəngli “Samsung DUOS” markalı smartfon telefonun iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, sellofan torbada olan bitki kütləsinin qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixunanı qəbristanlıqdan yığaraq qurutduğunu və hazırda istifadə etmək üçün qəbristanlıqdan götürüb evə aparmaq istədiyini bildirdiyini göstərdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 23 fevral 2022-ci il tarixdə Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan, Ağdaş şəhəri, H.Əliyev prospekti 67 ünvanında yaşayan, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 15:10 radələrində Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 ilə birlikdə Muradı Ağdaş şəhəri Maşad qəbirstanlığından çıxdığını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Muradın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Muradın əynində olan qara rəngli qış gödəkcəsinin qarın hissəsindən 01 ədəd sellofan torba və əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli “Samsung DUOS” markalı smartfon telefon aşkar olunduğunu, həmin 01 ədəd sellofan torba açıldığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik narkotik maddəyə bənzər bitki kütləsinin aşkar olunduğunu, həmin 01 ədəd sellofan torba elektron tərəzidə çəkilərkən, çəkisinin 501 qram olduğunu, həmin vaxt Muradın həmin sellofanda olan bitki kütləsinin qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixunanı qəbristanlıqdan yığaraq qurutduğunu və hazırda istifadə etmək üçün qəbristanlıqdan götürürb evə aparmaq istədiyini bildirdiyini, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan torba kağız zərfə qablaşdırıldığını, həmçinin aşkar edilmiş ağ rəngli “Samsung DUOS” markalı smartfon telefonun iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 23.02.2022-ci il tarixli 17/177 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş 01 ədəd sellofan torba” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan torbada təmiz çəkisi 485 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 17.03.2022-ci il tarixli 343 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin qarın hissəsindən 01 ədəd sellofan torba və əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli «Samsunq DUOS» markalı smartfon telefon aşkar olunmuş, həmin 01 ədəd sellofan torba açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyə malik narkotik maddəyə bənzər bitki kütləsi aşkar olunmuş, aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli 1(014)-71/2021 №-li hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.12.2021ci il tarixli 7(010)-653/2021 №-li qərarı ilə «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 ay 02 gün hissəsi 06 ay azaldılmış, qalan 01 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzasını 05 noyabr 2021-ci il tarixdən etibarən çəkib qurtardığına görə cəzaçəkmə müəssisəsindən azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və məcburi köçkün olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhmum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli cinayətin sadə residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırki cinayət işi üzrə şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 23 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 484.95 qram qurudulmuş marixuana məhv edilməli, 01 ədəd CD diski cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 484.95 qram qurudulmuş marixuana məhv edilsin, bir ədəd CD diski cinayət işində saxlanılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar