Məhkəmə qərarları › İş №1(014)-50/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-50/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-50/2023 25.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1971-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, evli, fərdi əməklə məşğul olan, Ağdaş şəhəri S.Abdullayev küçəsi ev 15-də qeydiyyatda olan və Ağdaş şəhəri Azadlıq küçəsində fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib satış məqsədi olmadan üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə X2 pay kimi, 2,87 qram, istintaqa məlum olmayan vaxtda, mənbədən və şəraitdə 3,84 qram satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 6,71 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Məşəd küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildikdən sonra həmin tarixdə saat 01:47-dən 01:59-dək Ağdaş şəhəri, M.İsayev küçəsi, 12 ünavmda yerləşən Ağdaş RPŞ-nin inzibati binasının Növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sol yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,63 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi 2,87 qram və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,21 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan bir neçə dəfə istifadə etmişdir. Əvvəllər narkotik maddələrin satışında təqsirli bilinərək məhkum olunmuşdur. Təxminən 3 ay əvvəl, yəni 2022-ci ilin avqust ayının əvvəllərində Ağdaş rayonu ərazisində Məşəd küçəsinin yaxınlığından keçən Bakı- Qazax avtomobil yolunun yaxınlığından keçən zaman yol kənarında çətənə kollarının bitməsini görmüş və ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin kolların yanına yaxınlaşıb yarpaqlarından budaqlarından dərib ciblərinə gələcəkdə istifadə etmək üçün yığmışdır. Topladığı kütləni daha sonra bir ədəd kağıza yığıb saxlamış və bir neçə müddət həmin narkotik vasitədən istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitənin miqdarı azalan zaman həmin narkotik vasitəni bir ədəd kibrit qutusuna və bir ədəd sellofan bükümə yığıb cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində işdə olan zaman tanışı Qədir Hacıyev yanına gəlmişdir və bir qədər söhbət etmişlər. Qədir söhbət zamanı cibindən bir qədər kağız parçası çıxarmış və içərisindəki marixuananı kazbekə doldurmağa başlamış və ondan istifadə edib-etməyəcəyini soruşmuşdur. O da Qədirin əlində olan və içərisində qurudulmuş marixuana olan kağız bükümü götürmüşdür. Bunun müqabilində Qədir ondan heçnə tələb etməmiş və o da Qədirə marixuanaya görə heç bir şey verməmişdir. Qədir doldurduğu kazbeki cibinə qoyub çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 01:10 radələrində Ağdaş şəhəri Qəbələ Dördyolu adlanan yerdən Məşəd küçəsi istiqamətində gedən zaman üzərində olan narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək istəmişdir. Həmin vaxt Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşmışlar və üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməkdə şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gələndən sonra Növbətçi Hissədə ona vəkil təqdim edilmiş, vəkil Müdafiəçi tərəfindən müdafiə olunmağına etiraz etməmiş və şübhəli şəxs kimi tutulmağının əsasları ona izah edilmişdir. Üzərində Növbətçi hissədə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd sellofan, 1 ədəd kağız büküm və 1 ədəd kibrit qutusu da aşkar olunmuşdur. Aşkar olunmuş bükümlərə və kibrit qutusuna baxış keçirilmişdir. Həmin bükümlərdə onların qurudulmuş marixuana olmasını, kibrit qutusunda və bir ədəd sellofan bükümdə olan 3 ay əvvəl yol kənarından tapdığı kolların üzərindən yığıb saxladığını, 1 ədəd kağız bükümdə olanı isə tanışı Qədirin pay kimi ona verməsini bildirmişdir. Sonra həmin sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1,38 qram, kağız büküm 5,34 qram, kibrit qutusu isə 5,31 qram olmuşdur. Aşkar olunmuş əşyalara baxış keçirildikdən sonra kağız zərfə qablaşdıraraq üzərinə möhür vurulmuş, o və digər iştirakçılar zərfə imza etmişlər. Şəxsi axtarış videokamera vasitəsilə videoqeydə alınmışdır. Sonra da protokol tərtib olunmuşdur. Heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Ağdaş RPŞ-yə gətirilən zaman üzərində pul, qızıl zinyət əşyaları, başqa digər qiymətli əşyalar olmamışdır. Ona heç bir kəs tərəfindən təzyiq, hədə və ya şiddət göstərilməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri S.Abdullayev küçəsi ev 15-də qeydiyyatda olan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında tərəfindən həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə saat 01:10 radələrində Ağdaş RPŞnin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Tofikin Ağdaş şəhəri Qəbələ dördyolu adlanan ərazidə olmasını görmüşlər. Həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Tofiki RPŞ-yə dəvət etmişlər, Tofik də onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmişdir. RPŞ-də Tofikə dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Tofikin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd sellofan, 1 ədəd kağız büküm və 1 ədəd kibrit qutusu aşkar olunmuşdur. Aşkar olunmuş bükümlərə və kibrit qutusuna baxış keçirilmişdir. Tofik həmin bükümlərdə olanın qurudulmuş marixuana olmasını, kibrit qutusunda və bir ədəd sellofan bükümdə olanı 3 ay əvvəl yol kənarından tapdığı kolların üzərindən yığıb saxladığını, 1 ədəd kağız bükümdə olanı isə tanışı Qədirin pay kimi ona verməsini bildirmişdir. Sonra həmin sellofan büküm elektron tərəzidə çəkilmişdir, çəkisi 1,38 qram, kağız büküm 5,34 qram, kibrit qutusu isə 5,31 qram olmuşdur. Aşkar olunmuş əşyalara baxış keçirildikdən sonra kağız zərfə qablaşdıraraq üzərinə möhür vurulmuşdur, Tofik və digər iştirakçılar zərfə imza etmişlər. Şəxsi axtarış videokamera vasitəsilə videoqeydə alınmışdır. Sonra da protokol tərtib olunmuşdur. Həmin protokolu Tofik və digər iştirakçılar imzalamışlar. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə RPŞ-yə məlumat daxil olmamışdır. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin X3 əməkdaşları və müdafiəçinin iştirakı ilə Tofikin üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 1 ədəd sellofan, 1 ədəd kağız büküm və 1 ədəd kibrit qutusu aşkar olunmuş, aşkar olunmuş bükümlərə və kibrit qutusuna baxış keçirilmiş, Tofik həmin bükümlərdə olanın qurudulmuş marixuana olmasını, kibrit qutusunda və bir ədəd sellofan bükümdə olanı 3 ay əvvəl yol kənarından tapdığı kolların üzərindən yığıb saxladığını, 1 ədəd kağız bükümdə olanı isə tanışı Qədirin pay kimi ona verməsini bildirmiş, sonra həmin sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1,38 qram, kağız büküm 5,34 qram, kibrit qutusu isə 5,31 qram olmuş, aşkar olunmuş əşyalara baxış keçirildikdən sonra kağız zərfə qablaşdıraraq üzərinə möhür vurulmuş, Tofik və digər iştirakçılar zərfə imza etmişlər, şəxsi axtarış videokamera vasitəsilə videoqeydə alınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2022-ci il tarixli, 17/829 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 2,63 qram, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi - 2,87 qram və 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 1,21 qram, ümumi təmiz çəkisi - 6,71 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 1 ədəd kibrit qutusundakı və 1 ədəd kağız bükümdəki qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 1 ədəd sellofan bükümdəki qurudulmuş marixuana isə 1 ədəd kağız bükümdəki qurudulmuş marixuanalardan tərkiblərinə görə fərqlənir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1909 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannbinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 dekabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 dekabr 2022-ci il tarixli, 2373 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamaqla ailə tərkibi 1974-cü il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 01:35də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 17:10-da tanış olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun əvvəllər də məhkum olunması şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 6,56 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 6,56 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar