Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-53/2021 19.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxx 1992-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi 4 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində 25 fevral 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayının ortalarında naməlum mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan kisədə təmiz çəkisi 450 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, həmin narkotik vasitəni üzərində qanunsuz olaraq saxlayıb daşımış, 23 fevral 2021-ci il tarixdə, saat 15:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Ağdaş şəhəri, H.Əliyev prospektində M.İsayev adına 2 nömrəli orta məktəbin yanında saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş və Polis Şöbəsində onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildiridi və ifadəsində tutulmamışdan təxminən 4-5 gün əvvəl Ağdaş şəhərində xatırlamadığı küçə ilə gedərkən qarşısına 01 ədəd sellofan torba çıxdığını, maraqlı gəldiyi üçün həmin torbanı açıb baxdığını, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu gördüyünü, marixuanadan istifadə etdiyi üçün həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə götürmək qərarına gəldiyini, həmin narkotik vasitəni əvvəlcə evinə apardığını, evində gizlətdiyini, lakin evində olan şəxslərin aşkar edib tullayacağından qorxduğu üçün həmin narkotik vasitəni başqa yerdə, yəni heç kəsin tapa bilməyəcəyi yerdə gizlətmək qərarına gəldiyini, bu məqsədlə 23 fevral 2021-ci il tarixdə həmin narkotik vasitəni özü ilə götürüb gödəkçəsinin altında gizlətdiyini, narkotik vasitəni gizlətmək üçün yer axtardığını, saat təxminən 15:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən M.İsayev adına 2 nömrəli orta məktəbin yanında olan zaman ona mülki paltarda iki nəfər şəxsin yaxınlaşdığını, polis əməkdaşları olduqlarını bildirdiklərini, üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə onlarda məlumat olduğunu söylədiklərini və Ağdaş RPŞ-ə dəvət etdiklərini, polis şöbəsində şübhəli şəxs qismində tutulduğunu və öz istəyi ilə dövlət hesabına müdafiəçi təyin edildiyini, bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynindəki gödəkçənin arxa tərəfindən 01 ədəd sellofan torba aşkar olunduğunu, həmin sellofan torba açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunduğunu, şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olunduğunu, aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində daşıdığını, narkotik vasitəni satmaq fikri olmadığını göstərdi. İş üzrə Şahid2 Rabil oğlu məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işlədiyini, 23 fevral 2021-ci il tarixdə, səhər saatlarında xidmətdə olan zaman ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri daşıması və ondan istifadə etməsi barədə məlumat daxil olduğunu, həmin məlumatla əlaqədar Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla şöbə rəhbərliyinə məruzə olunduğunu və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini, daha sonra həmin gün, yəni 23 fevral 2021-ci il tarixdə, saat təxminən 15:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən M.İsayev adına 2 nömrəli orta məktəbin yanında Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1la birlikdə xidmətdə olan zaman Təqsirləndirilən şəxs gördüklərini, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdiklərini, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-ə dəvət etdiklərini, Təqsirləndirilən şəxs onlarla birlikdə Polis Şöbəsinə gəldiyini, Polis Şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı onun əynində olan gödəkçənin arxa tərəfindən 01 ədəd sellofan torba aşkar olunduğunu, həmin sellofan torba açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunduğunu, şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olunduğunu, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmadığını göstərdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 23.02.2021-ci il tarixli 17/150 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri və imzalar yazılmış torbanın içərisindəki təmiz çəkisi 450 qram bitki mənşəli kütlə tərkibindən narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 15.03.2021-ci il tarixli 176 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin arxa tərəfindən bir ədəd sellofan büküm aşkar edilmiş, sellofan torba açıldıqda içərisindən yaşıl rəngli maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan qurudulmaş marixuana olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demiş, aşkar olunmuş həmin narkotik maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 05.07.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Qobustan Rayon Məhkəməsinin 19.01.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad edilmişdir, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadəsi, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 23 fevral 2021-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmaması, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkünlüyü qənaətinə gələrkən digər sübutlarla yanaşı üzərindən aşkar edilmiş narkotik vasitənin növünü və çəkisini də nəzərə alır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer onun yaşayış yeri hesab olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 449,95 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun, həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin.. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik (otuz beş manat doxsan yeddi qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 449,95 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-53/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-53/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver