Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-53/2024 04.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 2003-cü ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 30 noyabr 2023-cü il tarixdə saat 10:30 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 21093” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş şəhəri, F.Məmmədzadə küçəsində üzü Ağdaş şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək ehtiyatsızlıqdan, yolun sol səkisindən yolun hərəkət hissəsinə daxil olaraq sürücünün hərəkəti istiqamətində soldan sağa doğru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin sol ön hissəsi ilə vuraraq onun ağır qapalı kəllə-beyin travması, beynin sərt qişası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə sağ ənsə nahiyəsinə qansızma, sağ ənsə nahiyəsinin yaraları, sağ dirsək oynağının arxa səthinin sıyrığı kimi xəsarətlər alması və sonuncunun aldığı xəsarətlərdən yol nəqliyyat hadisəsi yerində ölməsi ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində etibarnəmə əsasında idarə etdiyi “VAZ 21093” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili, həmçinin nəqliyyat vasitəsini idarə etmək üçün B və C kateqoriyalı sürücülük vəsiqəsinin olduğunu, həmin avtomobil ilə gündəlik taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırdığını, rəsmi olaraq iş yeri və gəlirinin olmadığını, uşaqlıqdan sudurğa xəstəliyindən əziyyət çəkdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 10:30 radələrində Ağdaş şəhəri, Məşəd küçəsindən üzü Ağdaş şəhəri istiqamətində Ağdaş şəhəri, F.Məmmədzadə küçəsində asfalt yolda hərəkətdə olduğunu, həmin vaxt avtomobili təxminən 40 km/saat sürətlə idarə etdiyini, hərəkətdə olan zaman avtomobildən təxminən 10 metr qarşıda yaşlı bir qadının onun hərəkəti istiqamətində yolu soldan sağa doğru keçmək üçün yolun hərəkət hissəsinə daxil olmasını gördüyünü, həmin qadını görən kimi tormoz verdiyini, lakin həmin qadının dayanmayaraq hərəkətinə davam etdiyini, buna görə də avtomobili öz hərəkəti istiqamətində yolun sağına tərəf çəkdiyini, lakin yol nəqliyyat hadisəsinin qarşısını ala bilmədiyini və idarə etdiyi avtomobilin sol ön tərəfi ilə, daha dəqiq sol yan güzgüsü ilə həmin piyadanı vurduğunu, zərbənin təsirindən piyadanın yerə, yəni asfalta yıxıldığını, bundan sonra avtomobildən düşdüyünü, həmin vaxt piyada qadının asfaltda uzanılı vəziyyətdə olduğunu, lakin nəfəs aldığını, bundan sonra hadisə yerinə bir neçə şəxsin gəldiyini, tanımadığı bir şəxsin qadını özünə məxsus avtomobilə qoyaraq xəstəxnaya apardığını, onun isə səhhətinin pisləşdiyini hiss etdiyini və sudurğa əleyhinə istifadə etdiyi dərmanı götürmək üçün avtomobilinə tərəf getdiyini, lakin avtomobilin qapısının açılmadığını, buna görə də sağ yan qapını açaraq dərmanını götürdüyünü, buna baxmayaraq səhhətinin getdikcə pisləşdiyini, buna görə də dostu Murada zəng edərək baş verənləri danışdığını, bundan sonra dostu Muradın hadisə yerinə gəldiyini, onun avtomobilini hadisə yerində saxladığını, Muradla birlikdə xəstəxanaya getdiyini, lakin xəstəxanaya piyadanın da qohumların gələcəyini fikirləşdiyi üçün Muraddan onu evə aparmasını və təcili tibbi yardım çağırmasını xahiş etdiyini, Muradın da onu yaşadığı evə apardığını, daha sonra onun üçün təcili tibbi yardım gəldiyini və ona ilkin tibbi yardım göstərildiyini, bundan sonra onun yaşadığı evə gələn polis əməkdaşları ilə birlikdə hadisənin baş verdiyi yerə getdiyini, hadisənin baş verməsinə səbəb piyadanın hərəkətini dayandırmaması və onun avtomobilini saxlaya bilməməsinin olduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində ailəsi ilə birlikdə yaşadığını, Zərərçəkmiş şəxs onun anası olduğunu, Təqsirləndirilən şəxs tanıdığını, bir neçə dəfə təcili tibbi yardım avtomobili ilə onun çağrışlarına getdiyini, Təqsirləndirilən şəxs sudurğa xəstəliyindən əziyyət çəkdiyini bildiyini, Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyinin olmadığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 10:15 radələrində yaşadığı evin həyətində avtomobilini düzəltdirdiyini, həmin vaxt qardaşı Şahid1, qardaşı oğlu Şahid2 də onun yanında olduğunu, həmin vaxt anası Zərərçəkmiş şəxs da onun yaşadığı evin həyətinə gəldiyini, onlarla bir qədər söhbət etdikdən sonra evə getmək üçün küçəyə çıxdığını, belə ki, anasının qardaşı Mətləb Qarayev ilə birlikdə yaşadığını və onların yaşadığı evin onun yaşadığı evin qarşı tərəfində, küçənin əks tərəfində olduğunu, anası Zərərçəkmiş şəxs küçəyə çıxdıqdan 1-2 dəqiqə sonra küçədə səs eşitdiklərini, həmin vaxt dərhal küçəyə çıxdıqlarını, bu zaman anası Zərərçəkmiş şəxs yerədə, yəni asfaltın üzərində üzü yuxarı vəziyyətdə yıxıldığını və onun yanında yolun sağ tərəfində avtomobil olmasını gördüklərini, dərhal anasına yaxınlaşdıqlarını, anasının nəbzini yoxladığını və bu zaman artıq anasının öldüyünü bildiyini, bundan sonra təcili tibbi yardıma zəng etdiyini, lakin təcili tibbi yardımın gəlməsini gözləməyib anasını özünə məxsus avtomobil ilə Ağdaş rayon mərkəzi xəstəxanasına apardığını, xəstəxanada da həkimlərin ona anasının artıq öldüyünü söylədiklərini bildirmişdir. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs onun anası olduğunu, Təqsirləndirilən şəxs tanımadığını, 30 noyabr 2023-cü il tarixdə təxminən saat 10:15 radələrində qardaşı Sədi Qarayevin yaşadığı evin həyətində onun avtomobilini düzəltdiklərini, həmin vaxt qardaşı Sədi Qarayev və oğlu Şahid2 onun yanında olduğunu, həmin vaxt anası Zərərçəkmiş şəxs da Sədinin yaşadığı evin həyətinə gəldiyini, onlarla bir qədər söhbət etdikdən sonra evə getmək üçün küçəyə çıxdığını, belə ki, anasının qardaşı Mətləb Qarayev ilə birlikdə yaşadığını və onların yaşadığı evin onun yaşadığı evin qarşı tərəfində, küçənin əks tərəfində olduğunu, anası Zərərçəkmiş şəxs küçəyə çıxdıqdan 1-2 dəqiqə sonra küçədə səs eşitdiklərini, həmin vaxt dərhal küçəyə çıxdıqlarını, bu zaman anası Zərərçəkmiş şəxs yerədə, yəni asfaltın üzərində üzü yuxarı vəziyyətdə yıxıldığını və onun yanında yolun sağ tərəfində avtomobil olmasını gördüklərini, dərhal anasına yaxınlaşdıqlarını, həmin vaxt Sədinin anasının nəbzini yoxladığını və bu zaman artıq anasının öldüyünü bildiyini, bundan sonra təcili tibbi yardıma zəng etdiyini, lakin təcili tibbi yardımın gəlməsini gözləməyib anasını Sədiyə məxsus avtomobil ilə Ağdaş rayon mərkəzi xəstəxanasına apardığını, xəstəxanada da həkimlərin onlara anasının artıq öldüyünü söylədiklərini bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası DİN BDYPİ Yevlax RQİ TBŞ tərəfindən 30 sentyabr 2021-ci ildə verilmiş BD seriyalı, 204562 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2031-ci il tarixədək qüvvədə olan “B,C” dərəcəli sürücülük hüququ vardır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş 09 oktyabr 2023-cü il tarixli, ƏN-Vİ № 755346 nömrəli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “VAZ 21093” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 30 noyabr 2023-cü il tarixli, 513 saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs oğlu X6 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X1 30 noyabr 2023-cü il tarixli, 38 saylı meyitin ekspertizası rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunan xəsarətlər – ağır qapalı kəllə-beyin travması, beynin sərt qişası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə sağ ənsə nahiyəsinə qansızma, sağ ənsə nahiyəsinin yaraları, sağ dirsək oynağının arxa səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri 30 noyabr 2023-cü il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb ağır qapalı kəllə-beyin travması, beyin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. Zərərçəkmiş şəxs meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni hərəkətdə olan avtomobillə piyadanın toqquşması zamanı əmələ gələ bilər. Zərərçəkmiş şəxs ölümü meyitin müayinəsindən ən azı 1 ən çoxu 3 saat əvvəl baş vermişdir. İşin materiallarında olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 31 yanvar 2024-cü il tarixli, 8/197 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim verilən məlumatlara əsasən “VAZ 21093” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onların hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X9 11 dekabr 2023-cü il tarixli, 18-1-22/2-1849/2023 nömrəli məktubdan görünür ki, 23 mart 2023-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X9 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon İHB-nin Qəsil kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş 11 dekabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon Qəsil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 dekabr 2023-cü il tarixli, 5-32-12/2-847/2023 saylı arayışdan görünür ki, ünvan 1 sakini xx xxxx 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi – anası 20 may 1975-ci il təvəllüdlü X4 və qardaşı 11 dekabr 1998-ci il təvəllüdlü X5 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs hüquqi varisi oğlu X3 təqdim etdiyi ərizədən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı şikayətin və tələbin olmamasını, ilk dəfə və ehtiyatsızlıqdan cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Ağdaş rayon Polis şöbəsinin DYPB-nin duracağında saxlanılan “VAZ 21093” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Ağdaş rayon Polis şöbəsinin DYPB-nin duracağında saxlanılan “VAZ 21093” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-53/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-53/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver