Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-53/2025 09.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, Ağdaş rayonu, Ağdaş şəhəri, H.Əliyev prospekti 74 ünvanında qeydiyyatda olmaqla, X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1969-cu ildə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı, “PM” modelli, “OH-3291” nömrəli, texniki cəhətdən saz vəziyyətdə, atəş açmaq üçün yararlı, yivli, silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişikliklər edilməmiş, öldürücü-məhvedici gücü 350 metrə qədər olan odlu silah hesab edilən tapança, həmin tapançanın üzərində olan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, təyinatı üzrə istifadə üçün yararlı 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi tutumuna malik olan daraq və həmin darağın içərisindən 08 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulan, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadə və atəş üçün yararlı patronu əldə edib daşıyaraq üzərində saxlamış və gəzdirmiş, xx.xx.2025-ci il tarixdə saat 15:05-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Zeynəddin kəndi ərazisində saxlanılaraq həmin 01 yarımavtomatik tapança, tapançanın üzərində olan 01 ədəd sandıqça (daraq) və sandıqçanın (darağın) içərisində olan 08 ədəd patron aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadələri ilə yanaşı, şahid ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-nin 228.1-ci maddəsi ilə оnа elаn edilmiş ittihаm üzrə özünü təqsirli bilərək, göstərdi ki, Ağdaş rayonunda “Padar meşəsi” adlanan ərazidən 01 ədəd “makarov” markalı odlu silah tapmış və onda maraq doğurduğu üçün silahı götürərək üzərində saxlamaqla daşımışdır. Silah tapması barədə polisə məlumat verməmişdir. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Ağdaş rayonu, Zeynəddin kəndi ərazisində “Soyuqbulaq” adlanan ərazidə piyada gedərkən polis əməkdaşları ona yaxınlaşmış, qanunsuz olaraq üzərində odlu silah saxlamağını soruşmuş, o da əynində olan qara rəngli idman şalvarının bel hissəsinə keçirdiyi 01 ədəd “makarov” markalı odlu silahı polisə təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları videoçəkiliş aparmışdır. Silaha baxış keçirildiyi zaman silahın darağının və darağın içərisində 08 ədəd həmin silaha aid patron olması aşkar edilmişdir. Sonda əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2025ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah saxlaması və daşıması barədə əməliyyat məlumatı əsasında həmin gün saat 15:05-də Təqsirləndirilən şəxs Ağdaş rayonu, Zeynəddin kəndində “Soyuqbulaq” adlanan ərazidə saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əşya və ya predmet olub- olmaması soruşulduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının bel hissəsinə keçirdiyi 01 ədəd “makarov” markalı odlu silahı onlara təqdim etmiş, həmin silaha baxış keçirilmiş, üzərində OH-3291, 1969 yazıları yazılması, silahın darağı və darağın içərisində 08 ədəd həmin silaha aid patron olması aşkar edilmişdir. Silahı haradan əldə etdiyi soruşulduqda Təqsirləndirilən şəxs silahı Ağdaş rayonunda “Padar meşəsi” adlanan ərazidən tapdığını və özündə saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlama və icraata qəbul etmək” haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 228.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. - xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:05-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli saxlanılaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan, saat 15:05-dən hesablanmışdır. - xx.xx.2025-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(091)-46/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, Təqsirləndirilən şəxs həmin tarixdə xx.xx.2025-ci il tarixdə tutulmuşdur. - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. - xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:05-də Ağdaş rayonu, Zeynəddin kəndi ərazisində saxlanılmış, əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstü yoxlanılmış, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının arxa tərəfindən şalvarının bel hissəsinə keçirdiyi 01 ədəd “Makarov" tipli odlu silahı və həmin silaha aid 08 ədəd patronu təqdim etmişdir. Daha sonra həmin əşyalar qablaşdırılaraq götürülmüşdür. Protokola görüntüləri əks etdirən DVD-R disk əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üzərində aşkar edilmiş 01 ədəd “Makarov” tipli odlu silaha və həmin silaha aid 08 ədəd patrona yenidən baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin silah və patronların ona məxsus olduğunu bildirmişdir. Həmin odlu silah və 08 ədəd patron yenidən kağız zərfə qablaşdırılmış, üzəri möhürlənmişdir. Protokola görüntüləri əks etdirən DVD-R disk əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı əşya və predmet aşkar olunmamışdır. Protokola görüntüləri əks etdirən DVD-R disk əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli, 25/388 nömrəli, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin Ballistik ekspertiza və Kriminalistika şöbəsinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd OH-3291 nömrəli silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1969-cu ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmş 01 ədəd darağ zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov kostruksiyalı tapançaların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 08 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. - xx.xx.2025-ci il tarixli, 3/446 nömrəli məhkəmə-ballistik ekspertinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah 1969-cu ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli olmaqla “Makarov” konstruksiyalı, “PM” modelli, “OH 3291” nömrəli, yarım avtomatik tapançadır, yivli-odlu sliahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, silahın və zavod işarələrinin üzərində əlavə və dəyişikliklər edilməmişdir. Həmin silahdan təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli patronlardan istifadə etməklə atəş açılarkən, atılan güllələr 300-350 metr məsafəyə uçma və hədəfə (o cümlədən canlı hədəfə) zədəyetirmə qabiliyyətinə malikdir. Tədqiqata təqdim edilmiş 01 ədəd sandıqça “Makarov” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 8 (səkkiz) ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, sazdır, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. Yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilirlər, atəşə yararlıdırlar (tədqiqatdan sonra 04 ədəd patron qaldı). Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. - xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubdan görünür ki, 01 ədəd 9mm kalibrli, OH-3291 nömrəli, Makarov (PM) konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. - xx.xx.2025-ci il tarixli “maddi sübutların tanınması və təhvil verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd tapança, 01 ədəd daraq və 04 ədəd patron maddi sübut kimi tanınmaqla saxlanması üçün Ağdaş RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və iş materiallarına əlavə edilmiş məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1ci maddəsilə təqsirli bilinərək 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.4.2 və 240.1-ci maddələrilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq üzərində 5 il 11 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanmış, həmin hökm xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - xx.xx.2025-ci il tarixli, “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində “Eroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli, Ağdaş RİHB-nin Ağdaş şəhər İnzibari Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümyəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsində ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni hesab edir. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə qəti olaraq 06 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyi, cəzasının əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablandığı, həmin hökmün də xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə mindiyi müəyyən edildiyindən, həmin cəza ilə hazırki hökm üzrə təyin edilən cəza qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən birinci iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cazasından çıxılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hazırda Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Azərbycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra -Cinayət Prosessual Məcəllə) 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı, “PM” modelli, “OH-3291” nömrəli tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların tutumuna malik olan daraq və 04 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli patronlar xüsusi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə xərci qismində məhkəmə ekspertizasının 64 (altmış dörd) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Cinayət Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən məhkəmə icraatı zamanı göstərilən cəmi 14 saat hüquqi yardıma görə 154 (yüz əlli dörd) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cazasından çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, hazırda Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı, “PM” modelli, “OH-3291” nömrəli tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların tutumuna malik olan daraq və 04 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli patronlar xüsusi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Maddi sübut olan 03 (üç) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci qismində məhkəmə ekspertizasının 64 (altmış dörd) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən cəmi 14 saat hüquqi yardıma görə 154 (yüz əlli dörd) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №1(014)-53/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-53/2025
09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver