Məhkəmə qərarları › İş №1(014)-54/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-54/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-54/2021 18.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxx 1986-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri, C.Cabbarlı küçəsi 119/11 saylı evdə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımışdır. Bundan başqa, Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya, başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını təkrarən gizli olaraq talamışdır. Belə ki, o, 2021-ci ilin yanvar ayının ortalarında Ağdaş şəhəri, 20 Yanvar küçəsindən yerdən tapdığı bir ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,794 qram olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində daşımış, həmin narkotik vasitə 22 yanvar 2021-ci il tarixdə saat 09:40 radələrində ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayının ortalarında saat 22:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədi ilə ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus həyətin saxlanc yeri olan zirzəmisinə qanunsuz daxil olaraq zirzəmidən 1 ədəd 120 manat dəyərində 8 litr su tutumlu odun samovarını oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən 2020-ci ilin dekabr ayının axırlarında saat 15:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus evə qanunsuz daxil olaraq evdən ümumi dəyəri 455 manat olan bir ədəd 175 manat dəyərində “Super Eleganse” markalı xalçanı, bir ədəd 120 manat dəyərində “Proma” markalı xalçanı, bir ədəd 80 manat dəyərində “Kohelman” markalı tozsoranı, bir ədəd 80 manat dəyərində ətçəkən maşını oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2021-ci ilin yanvar ayının ortalarından saat 18:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 həyətində yerləşən saxlanc yeri olan mətbəxə qanunsuz daxil olaraq mətbəxdən 1 ədəd 120 manat dəyərində 8 litr su tutumlu odun samovarını oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1,177.2.2 və 177.2.3cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində subay olduğunu və heç bir yerdə işləmədiyini, 12 yaşında bir oğlu olduğunu, həyat yoldaşından boşandığını, həyat yoldaşı və oğlunun Qəbələ rayonunda yaşadığını, aliment verdiyini, heç bir ruhi-əsəb xəstəliyi olmadığını, səhhətində problemlər olduğunu, narkotik vasitə olan heroinin istifadəçisi olduğunu, latın qrafikası ilə də oxumağı bacardığını, xəstə olduğunu, ağrıları olduğu üçün narkotik vasitədən istifadə etdiyini, 22.01.2021-ci il tarixdə saat 09:10 radələrində Ağdaş şəhərində yaşadığı küçədə olarkən polis əməkdaşlarının ona yaxınlaşıb onu polis şöbəsinə dəvət etdiklərini, PŞ-də ona müdafiəçi təyin etdiklərini, sonra onu tutduqlarını, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış apardıqlarını, şəxsi axtarışın mobil telefon vasitəsilə video qeydə alındığını, şəxsi axtarış zamanı onun əynindəki şalvarın sol cibindən 1 ədəd siqaret dənəsi, 1 ədəd mobil telefon, sağ cibindən isə 1 ədəd alışqan və 1 ədəd sellofan büküm aşkar olunduğunu, sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar olunduğunu, həmin sellofan bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 4,2 qram olduğunu, sonra həmin sellofan bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özü və digər iştirakçıların qablaşmaya imza etdiklərini, bundan sonra protokol tərtib olunduğunu, özü və digər iştirakçıların protokola imza etdiklərini, üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdəki narkotik vasitəni 2021-ci ilin yanvar ayının ortalarında 20 Yanvar küçəsindən yerdən tapdığını, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, bundan əlavə narkotik vasitələrə tələbatı olduğu üçün oğurluq etməyi qərara aldığını, 2020-ci ilin dekabr ayının axırlarında yeni ilə bir neçə gün qalmış günorta saat təxminən 15:00 radlərində Ağdaş şəhəri, Nəsimi küçəsi ilə yol gedərkən Bəhram Rasulovun evinin qapısında qıfıl olduğunu gördüyünü və evdə heç kim olmadığını başa düşdüyünü, daha sonra həmin qapıya yaxınlaşanda qıfılın aralı olduğunu gördüyünü və həmin qapıdan içəri girdiyini, daha sonra evin qapısının bağlı olduğunu gördüyünü və evin qapısının yanındankı pəncərəni qırıb içəri girdiyini, daha sonra mətbəxdən bir ədəd ətçəkən maşın və digər otaqdan iki ədəd xalça və bir ədəd tozsoran götürdüyünü və evə girdiyi yerdən qayıdıb çıxdığını, oradan birbaşa tanımadığı qeydiyyat nişanı yadında qalmayan metal rəngli “VAZ 21099” markalı taksi avtomobili ilə qaraçılar yaşayan küçəyə getdiyini və iki ədəd xalçanı, bir ədəd tozsoran maşını Ruxsarə adlı qadına 45 manata, bir ədəd ətçəkən maşını isə Güllü adlı qadına yadında qalmayan qiymətə satdığını, lakin neçəyə satdığı yadında olmadığını, həmin pulu özü ehtiyacları üçün xərclədiyini, bundan əlavə 2020-ci ilin noyabr ayının ortalarında saat təxminən 22:00 radələrində C.Cabbarlı küçəsindən keçərkən Müşviq adlı şəxsin həyətinin qapısının açıq olduğunu və qapıdan içəri girəndə həyətdə hündür kürsülü ev olduğunu gördüyünü, bundan sonra həyətdə heç kimin olmadığını görüb zirzəmiyə girdiyini və oradan bir ədəd samovarı götürüb evə apardığını, ertəsi gün aparıb Ruxsarə adlı qaraçı qadına satdığını, neçəyə satdığı yadında qalmadığını, samovarı satarkən həmin samovarın özünə məxsus olduğunu bildirdiyini, daha sonra 2021-ci ilin yanvar ayının ortalarında axşamüstü saat 18:00 radələrində Ağdaş şəhəri S.Məmmədov küçəsində yaşayan Parizə adlı qadının həyətinə girdiyini, həmin qadının həyət qapısı cəftə ilə açılıb bağlandığını, cəftəni açıb içəri daxil olduqdan sonra həyətdə heç kimin olmadığını görüb həyətdə olan mətbəxə daxil olub mətbəxdən bir ədəd samovarı götürdüyünü, həmin samovarı da aparıb Ruxsarə adlı qadına satdığını, lakin neçəyə satdığı dəqiq yadında qalmadığını, ifadəsinin alınmasında ona heç bir təzyiq və ya zor tətbiq olunmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsləri ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəməkimyəvi, məhkəmə-narkoloji və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində Ağdaş şəhəri, Nəsimi küçəsi 4/17-də yerləşən fərdi yaşayış evi olduğunu, bundan əlavə Ağdaş şəhəri, Nəsimi küçəsi 10 saylı ünvanda digər evi olduğunu, hazırda ünvan 6daş şəhəri, Nəsimi küçəsi 4/17-də yerləşən fərdi yaşayış evində yaşayış olmadığını və evin qapılarını bağlı saxladığını, evin darvazasına qıfıl taxdığını, qıfılın xarab olduğundan dartan zaman açıldığını, sonuncu dəfə evlərində 2020-ci ilin noyabr ayında olduğunu, bir müddət bundan əvvəl Bakı şəhərinə müalicəyə getdiyini, 20.01.2021-ci il tarixdə Bakı şəhərindən qayıdıb həmin evə gedib baxarkən evin dəmir darvazasının qıfılının açıq olduğunu gördüyünü və girib evə baxarkən evdən 2 ədəd xalçanın, 1 ədəd tozsoran maşının və 1 ədəd ətçəkən maşının oğurlandığını gördüyünü, həmçinin, evin giriş qapısında olan pəncərənin şüşəsinin sındırılmış vəziyyətdə olduğunu gördüyünü, kiminsə darvazanın qıfılını dartdığını və qıfıl açıldığını və daha sonra pəncərənin şüşəsini sındıraraq evə girdiyini başa düşdüyünü, daha sonra həmin şüşəni bərpa elətdirdiyini və evə kimin girməyini maraqlandığını, lakin evdən oğurluq edən şəxsin kimliyini müəyyən edə bilmədiyini və 23.01.2021-ci il tarixdə gəlib RPŞ-yə ərizə ilə müraciət etdiyini, polislərin onun evinə girən şəxsin kim olduğunu müəyyən etdiklərini bildiyini, həmin şəxsin Ağdaş şəhər sakini Elmar adlı şəxs olduğunu bildiyini, evindən dəqiq bilmədiyi tarixdə 2 ədəd xalça, 1 ədəd tozsoran maşın və 1 ədəd ətçəkən maşın oğurlandığını, əşyalarının oğurlanması nəticəsində ona ümumilikdə təxminən 1000 manat maddi ziyan dəydiyini bildirmişdir. Lakin hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində evinin bir mərtəbəli kürsülü ev olduğunu, həyətinin yanlarının daş hasar olduğunu, həyətində it saxlamadığını, həyətinin darvazasının dəmir darvaza olduğunu, evdən çıxan zaman evin və həyətin qapılarını kilidlə bağladığını, evinin altında zirzəmi olduğunu, həmin zirzəmidə müxtəlif əşyalarını saxladığını, həmin zirzəmidə özünə məxsus bir ədəd odun samovarı olduğunu, həmin samovarın 8 litr su tutduğunu, sonuncu dəfə dekabr ayında baxdığı zaman samovarının yerində olduğunu, 27.01.2021-ci il tarixdə zirzəmiyə girdiyini və samovarın olduğu yerdə olmadığını gördüyünü, samovarını oğurladıqlarını başa düşdüyünü, buna görə də polis şöbəsinə gəlib ərizə yazdığını, evindən və həyətindən başqa heç nə oğurlanmadığını bildirmişdir. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istinaqında ifadəsi elan edilmiş, ibtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində tək yaşadığını, uşaqlarının köçdüyünü, evinin balaca həyəti olduğunu, evinin 3 otaqdan ibarət olduğunu, evinin həyətində çardaq olduğunu, çardağın altında isə özünə mətbəx tikdirdiyini, həmin mətbəxində özünə məxsus bir ədəd də odun samovarı olduğunu, həmin samovarın 8 litr su tutduğunu, 2021ci ilin yanvar ayının ortalarında dəqiq tarixini bilmədiyi gündə evdə televizora baxdığını, həmin vaxt saat təxminən 18:00 radələrində televiziyada gedən verilişə baxdıqdan sonra mətbəxə özünə çay qoymaq üçün keçdiyini, həmin vaxt yerdə iki paçka duz olduğunu gördüyünü, həmin duz paçkalarını samovarın dəmkeşinin üzərinə qoyduğunu, tez samovarın yerinə baxdığını və samovarın olmadığını gördüyünü, samovarın oğurlandığını bildiyini, həmin vaxt bu barədə heç kimə demədiyini, lakin sonradan bu barədə polisə bildirmək qərarına gəldiyini, həyətinin yanlarının bağlı olduğunu, lakin həmin vaxt həyət qapısı və mətbəxin qapısının açıq olduğunu, özünün isə evin içərisində olduğunu, evindən başqa oğurluq olmadığını bildirmişdir. Hazırda Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyan tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 22.01.2021-ci il tarixdə ünvan 8 ünvanında qeydiyyada olan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 09:10 radələrində CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı küçədə piyada hərəkətdə olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-yə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Elmarın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Elmarın əynindəki şalvarın sol cibindən 1 ədəd siqaret dənəsi, 1 ədəd mobil telefon, sağ cibindən isə 1 ədəd alışqan və 1 ədəd sellofan büküm aşkar olunduğunu, sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar olunduğunu, həmin sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 4,2 qram olduğunu, sonra həmin sellofan büküm zərfə qablaşdırıldığını, zərfin üzəri Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü ilə möhürləndiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmədiyini, şəxsi axtarış videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxs protokollara imza etdiklərini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni ilkin sorğu zamanı 2021-ci ilin yanvar ayının ortalarında 20 Yanvar küçəsindən yerdən tapdığını və həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Elmarın narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşları olduğunu, həmçinin şəxsi axtarışın videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istinaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində 2020-ci ilin dekabr ayının axırlarında günorta radələrində yaşadığı evdə olduğunu, bu zaman qapıdan kiminsə onu səsləməsini eşitdiyini, həmin zaman qapıya çıxanda çağıranın Elmar adlı şəxs olduğunu gördüyünü, həmin zaman Elmarın əlində 1 ədəd ətçəkən maşın olduğunu, Elmarın ona həmin ətçəkəni 50 manata satdığını bildirdiyini, Elmarın həmin ətçəkəni ucuz satmasını görüb, şübhələndiyini və Elmardan bir daha həmin ətçəkənin oğurluq olub-olmamasını soruşduğunu, Elmar isə həmin ətçəkənin onun özünün olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirərək and içdiyini, Elmara 40 manat verib həmin ətçəkəni aldığını, Elmarı polis əməkdaşlarının saxladığını və həmin zaman Elmarın həmin ətçəkənin oğurladığını etiraf etdiyini sonradan bildiyini, həmçinin Elmarın onun qonşuluğunda yaşayan Ruxsarə adlı qadına oğurladığı 2 ədəd xalça və 1 ədəd tozsoran satdığını da sonradan bildiyini, Elmarı əvvəlcədən üzdən Ağdaş şəhər sakini kimi tanıdığını, bazarda geyinilmiş paltarlar, işlənmiş əşyalar satdığını, həmin ətçəkən maşını da bazarda tanımadığı şəxsə satdığını, neçəyə satdığını da xatırlamadığını bildirmişdir. Məhkəmə istinaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 ifadəsində 2020-ci ilin dekabr ayının axırları olduğunu, həmin vaxt günorta radələrində yaşadığı evdə olduğunu, bu zaman qapıdan kiminsə onu səsləməsini eşitdiyini, həmin zaman qapıya çıxanda onları çağıranın Ağdaş şəhər sakini kimi üzdən tanıdığı Elmar adlı şəxs olduğunu gördüyünü, həmin zaman Elmarın əlində 3,5x2,5 ölçüdə və 3x2 ölçüdə 2 ədəd xalça və 1 ədəd tozsoran maşın olduğunu, Elmarın həmin əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirdiyini, Elmardan həmin əşyaları neçəyə satmasını soruşduğunu, Elmarın xalçaların hər birini 15 manata olmaqla ikisini 30 manata satdığını, tozsoranı isə 15 manata satdığını bildirdiyini, həmin əşayaların ucuz satmasını görərək şübhələndiyini və Elmardan bir daha həmin əşyaları oğurluq olubolmamasını soruşduğunu, Elmarın isə həmin zaman əşyaların onun özünün olmasına and içdiyini, pula ehtiyacı olduğu üçün satdığını bildirdiyini, Elmara 45 manat verib həmin xalçaları və tozsoranı aldığını, sonradan Elmarı polis əməkdaşlarının saxladığını və həmin zaman Elmarın həmin xalçaları və tozsoranı oğurladığını etiraf etdiyini bildiyini, Elmarı əvvələcədən üzdən Ağdaş şəhər sakini kimi tanıdığını və adının Elmar olduğunu bildiyini, Elmarın həmin xalçaları oğurladığını bilmədiyini bildirmişdir. Həmçinin, Şahid4 əlavə ifadəsində Elmarın ona doğrudan da 2 ədəd hər biri 8 litr su tutumlu samovar satdığını, həmin samovarların birini ona Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayının ortalarında, digərini isə 2021-ci ilin yanvar ayının ortalarında satdığını, həmin samovarlardan birinin istintaq zamanı onda olduğunu, digərini isə tanımadığı şəxsə satdığını, neçəyə satdığı yadında olmadığını, Elmarın həmin samovarları oğurladığını bilmədiyini bildirmişdir. İş materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis işçilərinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Elmarın əynindəki şalvarın sol cibindən 1 ədəd siqaret dənəsi, 1 ədəd mobil telefon, sağ cibindən isə 1 ədəd alışqan və 1 ədəd sellofan büküm aşkar olunmuş, sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar olunmuş, həmin sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 4,2 qram olmuş, sonra həmin sellofan büküm zərfə qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü ilə möhürlənmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmiş, özü və digər iştirakçılar həmin zərfə imza etmiş, protokol tərtib olunmuş, və protokol ucadan oxunmuş, sonra şəxsi axtarışda iştirak edən hər bir şəxs protokollara imza etmiş, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik maddə olduğunu 2021-ci ilin yanvar ayının ortalarında 20 Yanvar küçəsindən yerdən tapdığını və həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.02.2021 tarixli, 9/595 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına bir ədəd “Super Eleganse” markalı xalçanın orta bazar qiyməti 175 manat, bir ədəd “Proma” markalı xalçanın qiyməti 120 manat, bir ədəd “Kohelman” markalı tozsoranın qiyməti 80 manat, bir ədəd ətçəkən maşının qiyməti 80 manat, iki ədəd odun samovarının qiyməti 240 (hər biri 120) manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 22.01.2021-ci il tarixli, 17/58 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,794 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 04.03.2021-ci il tarixli 214 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01.02.2021-ci il tarixli tələbnamədən və Ağdaş Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 06 aprel 2018-ci il tarixdən hesablanmaqla 06 oktyabr 2020-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli 69 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, C.Cabbarlı küçəsində 119/11 saylı evdə yaşamaqla ailə tərkibi X1 ibarətdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 09:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 yanvar 2021-ci il tarixli, 4(014)-6/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – ciddi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində azyaşlı iki uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 22 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 1,744 qram çəkidə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd xalça, 1 ədəd tozsoran və 1 ədəd samovarın zərərçəkmiş şəxslərdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 121 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə isə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 121,94 (yüz iyirmi bir manat doxsan dörd) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd xalça, 1 ədəd tozsoran və 1 ədəd samovar zərərçəkmiş şəxslərdə olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan 1,744 qram narkotik maddə olan heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar