Məhkəmə qərarları › İş №1(014)-54/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-54/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-54/2022 18.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1993-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 5-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya qanunsuz daxil olmaqla özgənin əmlakını təkrarən gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə 2022-ci ilin fevral ayının əvvələrində axşam saat 19:00 radələrində xx.xx.1969-cu il təvəllüldü Zərərçəkmiş şəxs2 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq evdən “Mitsubishi” markalı 1 ədəd kondisionerin içərisində olan ümumi dəyəri 345 manat olan, 156 manat dəyərində hər biri 4 metr uzunluğunda, cəmi 8 metr 12-lik və 6-lıq qaz borularını, 1 ədəd 80 manat dəyərində alüminium radiatoru, 10 metr uzunluğunda 15 manat dəyərində mis kabeli, 10 manat dəyərində 2,5 metr uzunluğunda 4 damarlı kabeli, cəmi 40 manat dəyərində 2 ədəd üst və alt dəmir qapaqları, cəmi 44 manat dəyərində 2 ədəd kranı (qoşa kran) oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 05.02.2022-ci il tarixdə axşam saat 19:00 radələrində Ağdaş rayon Cücük kəndində yaşayan xx.xx.1972-ci il təvəllüldü Zərərçəkmiş şəxs1 məxsus olan Ağdaş rayonu Cücük kəndində yerləşən fərdi yaşayış evinə evin zirzəmisindən qanunsuz daxil olaraq evdən 560 manat dəyərində 800 metr uzunluğunda 4 mm diametrli mis elektrik naqillərini oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, 2022-ci ilin fevral ayının əvvəllərində yaşadığı Ləki qəsəbəsində gəzərkən Elsevər adlı şəxsin qapısında qıfıl olduğunu gördüyünü və evdə heç kimin olmadığını başa düşüb həmin evdən oğurluq etməyi qərara aldığını, bu məqsədlə həmin qapının üzərindən həyətə daxil olduğunu, daha sonra plastik pəncərədən evə daxil olduğunu, evdə olan bir ədəd kondisioneri divardan söküb götürdüyünü, daha sonra kondisionerin motor hissəsini evin içərisinə keçirdiyini, həmin kondisioneri buraçla (“отвёртка”) sökdüyünü, kondisionerin motorunun içərisində olan mis boruları və elektrik naqillərini sökdüyünü və kondisioneri evdə qoyub evə girdiyi yerdən çıxdığını, daha sonra həmin mis məmulatları Ağdaş şəhərində dəmir məmulatlarını yığan Eldəniz adlı şəxsə 35 manata satdığını, bundan sonra 05.02.2022-ci il tarixdə xalasıoğlu İsmayılın ona zəng edərək onlarda işıq yanmadığını bildirib onlara 4 ədəd çörək alıb aparmağını xahiş etdiyini, özünün də onlara 4 ədəd çörək alıb verdiyini və onlarda bir qədər oturduqdan sonra saat təxminən 18-19 radələrində evə getmək üçün çıxdığını, həmin vaxt yanında xalası oğlu Rasim də olduğunu, biraz getdikdən sonra yolun solunda boş ev gördüyünü və həmin evin zirzəmisindən içəri girib telefonun işığını yandırıb baxan zaman evdə olan mis elektrik naqillərini açıq vəziyyətdə olduğunu gördüyünü, daha doğrusu divara çəkilsə də, üzərinə suvaq vurulmadığını, həmin mis elektrik naqillərini çəkib çıxardığını və topalayıb aparıb başqa yerdə yandırıb misini götürüb satmağı qərara aldığını, bu məqsədlə həmin naqilləri çıxararaq oğurladığını, həmin vaxt Rasimin çöldə dayandığını, həmin həyətin yanlarında hasar olmadığını, daha sonra Ağdaş rayon Cücük kəndində həmin mis elektrik naqillərini yandırdığını, bundan sonra aparıb Ağdaş şəhərində dəmir yığmaq işi ilə məşğul olan Eldəniz adlı şəxsə 30 manat pula satdığını, həmin pulu da öz şəxsi xərcləri üçün xərclədiyini, həmin puldan Rasimə vermədiyini, Rasimin onunla birlikdə evə daxil olmadığını, həmçinin mis elektrik naqilləri yandırıb misə çevirən zaman da tək olduğunu, Rasimin onunla birlikdə olmadığını, Elsevər adlı şəxsin evinə həyət darvazasının üzərindən həyətə daxil olduğunu, daha sonra həmin evə pəncərədən daxil olduğunu, Ağdaş rayon Cücük kəndində yerləşən fərdi yaşayış evinin kənarları hasarlanmadığını, həmin evin zirzəmisinin də qapısı olmadığını, lakin evin qapısı və pəncərələrinin bağlı olduğunu, həmin evə zirzəmidən daxil olduğunu, Elsevər adlı şəxsin evindən oğurluq edən zaman onu görən olmadığını, hər iki oğurluq hadisəsindən başqa heç bir yerdən oğurluq etmədiyini, ona ifadəsinin alınmasında heç bir zor və ya təzyiq olunmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində heç bir ruhi əsəb və s. xəstəliyi olmadığını, Ağdaş RPŞ-yə ərizəni özünün yazdığını, Ağdaş rayon Cücük kəndində iki evi olduğunu, həmin evlərdən birində özünün yaşadığını, digərini isə təzə tikdirdiklərini, tez-tez təzə tikdirdikləri evə gedib baxdıqlarını, təzə evinin yanında hasar olmadığını, evin seyf qapısı olduğunu, pəncərələri olduğunu və içəridən ortüldüyünü, evə girişin yalnız zirzəmidən mümkün olduğunu, sonuncu dəfə evə təxminən bir həftə bundan qabaq baxdıqlarını, 10.02.2022-ci il tarixdə evə gedib baxan zaman evindən evin işıqlandırılması üçün nəzərdə tutulmuş təxminən 800 metr 4 mm dametrli elektrik naqili oğurlandığını gördüyünü, elektrik naqillərinin usta tərəfindən çəkildiyini, lakin üstünə suvaq vurulmadığını, naqilləri oğurlayan şəxsin dartıb divardan qoparıb apardığını, oğurluq nəticəsində ona təxminən 600 manat maddi zərər dəydiyini, hazırda ona dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənilməsi barədə razılığa gəldiklərini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən Zərərçəkmiş şəxs2 ifadəsində heç bir ruhi əsəb və s. xəstəliyi olmadığını, Ağdaş RPŞ-yə ərizəni özünün yazdığını, Ağdaş rayonu Ləki qəsəbəsi M.Məmmədov küçəsində birmərtəbəli fərdi yaşayış evinin olduğunu, lakin hal hazırda həmin evdə heç kim yaşamadığını, belə ki, özü və ailə üzvlərinin hal-hazırda Bakı şəhərində yaşadıqlarını, 12.02.2022-ci il tarixdə polislərin onunla əlaqə saxlayaraq evindən kondisioner oğurlanıb-oğurlanmaması ilə bağlı maraqlandıqlarını, özünün də evinə baxdığını və tanımadığı şəxs tərəfindən evinə daxil olunduğunu və evində olan “Mitsubishi” markalı kondisionerin divardan sökülərək evinin mətbəxində söküldüyünü və içərisində olan mis naqillərin və boruların oğurlandığını müəyyən etdiyini, nəticədə kondisionerinin yararsız hala düşdüyünü, bundan sonra RPŞ-yə bu barədə ərizə ilə müraciət etdiyini, daha sonra evindən kondisionerinin içərisindən mis boruları və elektrik naqillərini Qədir adlı şəxs oğurladığını bildiyini, evindən 2022-ci ilin fevral ayının əvvəllərində 1 ədəd “Mitsubishi” markalı kondisioner oğurlandığını, belə ki, evinə 2022-ci ilin yanvar ayının sonlarında baxdığını, kondisionerinin sökülərək yararlı vəziyyətdə olan mis detallar, mis borular və elektrik naqilləri oğurlandığını və nəticədə kondisionerinin tamamilə yararsız hala düşdüyünü, kondisionerini təxminən 4 ildir ki, işlətdiyini, həmin kondisionerin 60 kv-lıq olduğunu, kondisionerinin detallarının oğurlanması nəticəsində ona 1000 manat maddi zərər dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində heç bir ruhi əsəb xəstəliyi olmadığını, heç bir yerdə işləmədiyini, dəmir, mis və alüminium məmulatları yığıb təhvil verməklə ailəsinin maddi dolanışığını təmin etdiyini, Ağdaş rayon Ləki qəsəbə sakini Təqsirləndirilən şəxs ifadəsi ilə tanış olduğunu, 2022-ci ilin fevral ayının əvvəllərində bir neçə gün ara ilə Qədirin ona iki dəfə alüminium və mis məmulatları təhvil verdiyini, ona hər dəfə təxminən 30-35 manat arasında pul verdiyini, Qədirin onun yanına təhvil vermək üçün gətirdiyi alüminium və mis məmulatları əzərək gətirdiyi üçün həmin materialların nə olduğunu bilmədiyini, həmçinin Qədirin həmin materialları ona küçədən tapdığını və özünün olduğunu bildirdiyini, həmin alüminium və mis materialların oğurluq olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində heç bir ruhi əsəb xəstəliyi olmadığını, "xxxx" MMC-nin Ağdaş filialında kondisioner ustası işlədiyini, Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının dəvəti ilə Ləki qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 evində yerləşən “Mitsubishi” markalı kondisionerə baxış keçirdiyini, baxış zamanı kondisionerin üzərinə olan bəzi detalların olmadığını müəyyən etdiyini, kondisionerin üzərində ümumi mağaza dəyəri 156 manat olan 4 metr uzunluğunda 12lik mis qaz borusu və 4 metr uzunluğunda 6-lıq mis qaz borusu, 80 manat dəyərində 1 ədəd alüminium radiator, 15 manat dəyərində, 10 metr uzunluğunda mis kabel, 10 manat dəyərində, 2,5 metr 4 jila kabel, cəmi 40 manat dəyərində, 2 ədəd dəmir qapaq (üst və alt qapaq), 44 manat dəyərində 2 ədəd kran (qoşa kran) oğurlandığı müəyyən edildiyini, bundan sonra detalların qiymətləri ilə birlkidə akt tərtib edilərək qeyd edildiyini bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində heç bir ruhi əsəb xəstəliyi olmadığını, Təqsirləndirilən şəxs onun atasının xalası oğlu olduğunu, 05.02.2022-ci il tarixdə evdə olan zaman atası İsmayılın öz xalası oğlu Qədirə zəng edərək işıq yanmadığını bildirdiyini və onlara 4 ədəd çörək alıb gətirməyini xahiş etdiyini, aradan təxminən 1 saat keçdikdən sonra Qədirin onlara 4 ədəd çörək alıb gətirdiyini, daha sonra Qədirin bir qədər onlarda oturduqdan sonra saat təxminən 19:00 radələrində evə getmək üçün çıxdığını, həmin vaxt özünün də onunla küçəyə çıxdığını, birlikdə küçə ilə biraz gəldikdən sonra Qədirin onların yaşadıqları küçədə yerləşən Nafilə adlı şəxsin evinə baxaraq evdə heç kimin olmadığını gördüyünü, həmin zaman ona küçədə dayanmasını, evə girib çıxacağını dediyini, lakin Qədirin həmin evə nə üçün girməsini bilmədiyini, daha sonra Qədirin həmin evdən çıxdığını və əlində mis elektrik naqilləri olduğunu gördüyünü, Qədirin ona heç bir pul vermədiyini, Qədirin həmin fərdi yaşayış evinə zirzəmidən daxil olduğunu, həmin vaxt özünün çöldə dayandığını, həmin vaxt onları heç kimin görmədiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.03.2022 tarixli, 9/1740 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunu: 800 metr uzunluğunda 4 mm diametrli mis elektrik naqili 560 manat, 12-lik qaz borusu və 6-lıq mis qaz borusu, hər biri 4 metr uzunluğunda cəmi 8 metr 156,00 manat, 1 ədəd alüminium radiator 80,00 manat, mis kabel 10 metr 15,00 manat, 4 damarlı 2,5 metr kabel 10,00 manat, 2 ədəd dəmir qabaq üst və alt 40,00 manat, 2 ədəd kran (qoşa kran) 44,00 manat müəyyən edilir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.03.2022-ci il tarixli tələbnamədən və Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli, 1(014)-36/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2016-cı tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2 (iki) il sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 mart 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 mart 2022-ci il tarixli, 123 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Ləki qəsəbə, Sabir küçəsində 5 saylı evdə yaşamaqla ailə tərkibi anası X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 12 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 4(014)-20/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 fevral 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslərlə barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Mitsubishi” markalı kondisionerin Zərərçəkmiş şəxs2 olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12.02.2022-ci il tarixdən həbsdə saxlanıldığı 3 (üç) ay 6 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 6 (altı) ay 12 (on iki) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Mitsubishi” markalı kondisionerin Zərərçəkmiş şəxs2 olması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar