Məhkəmə qərarları › İş №1(014)-55/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-55/2020

07.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-55/2020 07.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1984-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Ağdaş şəhəri, Vaqif küçəsi 3 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində 06 may 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının əvəllərində bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,055 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini Ağdaş şəhəri Maşad kəndi ərazisində qəbirstanlığın yanından yerdən tapmaqla şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində daşımış, 04 may 2020-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ünvan 1 saylı ünvanda yerləşən Ağdaş RPŞ-nin növbətçi hissəsinə gətirilmiş və həmin tarixdə saat 12:05 radələrində üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman oduğunu bildirdi və ifadəsində 04 may 2020-ci il tarixdə, təxminən saat 11:30 radələrində Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nə gəldiyini, Ağdaş RPŞ-nin növbətçi hissəsində hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon və 01 ədəd sellofan büküm aşkar edildiyini, üzərindən aşkar olunmuş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, həmin maddənin narkotik maddə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik maddəni 2-3 gün əvvəl Ağdaş rayonu Maşad kəndində qəbiristanlığın yanında yol ilə gedərkən tapdığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, oğlu Təbrizin ailəli olduğunu, iki övladı ilə birlikdə onlarla yaşadığını, Təbrizin heç bir yerdə işləmədiyini, Təbrizin narkotik vasitə olan heroindən istifadə etdiyini, dəfələrlə onu müalicə etdirmək istədiklərini, 04 may 2020-ci il tarixdə oğlunu polis şöbəsinin əməkdaşlarının Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində olarkən polis şöbəsinə gətirdiklərini və polis şöbəsində üzərinə baxış keçirilərkən üzərindən 01 ədəd sellofan bükümdə təmiz çəkisinin 1,055 qram narkotik vasitə olan heroin aşkar edilib götürüldüyünü eşitdiyini bildirdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 04 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik maddə saxlaması və narkotik maddələrdən istifadə etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 11:30 radələrində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Müdafiəçi ilə Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi ilə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs piyada getdiyini gördüklərini, həmin vaxt Təbrizin onları görən kimi özünü şübhəli apardığını və Təbrzin onlardan uzaqlaşmaq istədiyini, dərhal ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və üzərində narkotik vasitələri saxlaması bərdə onlarda məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində iki nəfər hal şahidinin, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təbrizin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təbrizin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon və 01 ədəd sellofan bükümün aşkar edildiyini, üzərindən aşkar olunmuş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni 2-3 gün əvvəl Ağdaş rayonu Maşad kəndində qəbiristanlığın yanında yol ilə gedərkən tapdığını bildirdiyini göstərdi. İş üzrə Şahid6 Mehralı oğlu məhkəmə iclasında verdiyi ifadəsində 04 may 2020-ci il tarixdə, saat təxminən 11:30 radələrində Ağdaş RPŞ-nin qarşısından keçən zaman iki nəfər polis əməkdaşının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona polis şöbəsində bir nəfər şəxsin üzərində şəxsi axtarış aparacaqlarını bildirdiklərini, hal şahidi kimi iştirak etmək üçün dəvət etdiklərini, polis şöbəsinin növbətçi hissəsində sonradan adını bildiyi Təbriz adlı şəxsin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təbrizin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon və 01 ədəd sellofan büküm aşkar edildiyini, sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, bildirdi. İş üzrə Şahid5 məhkəmə iclasında Şahid6 Mehralı oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 04.05.2020-ci il tarixli 17/267 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri yazılmış bir ədəd zərfin içərisindəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,055 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 01.06.2020-ci il tarixli 423 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Nakomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloci kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci madəsi ilə üç min beş yüz manat cərimə cəzasına məhkum edilmişdir, cərimə cəzasından ödəniş etməmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmamış uşaqların olmasını və İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən olunması zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 04 may 2020-ci il tarixdən 07 iyul 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki ay üç gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd ay altı gün, təyin edilmiş cəzadan çıxmağı, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə təyin edilmiş üç min beş yüz manat cərimə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirərək qəti cəza təyin etməyi, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının və cərimə cəzasının müstəqil icra olunmasını məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməli, Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclası zalında həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəsinə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş RPŞ-də saxlanılan 1,005 qram narkotik vasitə olan heroin məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 may 2020-ci il tarixdən 07 iyul 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki ay üç gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd ay altı gün, təyin edilmiş cəzadan çıxılsın və iki il bir ay iyirmi dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci madəsi ilə təyin edilmiş üç min beş yüz manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş iki il bir ay iyirmi dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilsin və qəti cəza, iki il bir ay iyirmi dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və üç min beş yüz manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası və cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1,005 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar