Məhkəmə qərarları › İş №1(014)-58/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-58/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-58/2023 02.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1997-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkumluğu olmayan, subay, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən çıxarılmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Ağdaş rayonu, Qəribli kəndi ərazisində Cəlilabad rayonu, Moranlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ” markalı «21074» modelli, sedan tipli, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan zaman Zərərçəkmiş şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən ümumilikdə 945 (doqquz yüz qırx beş) manat nağd pulunu çıxarmaqla oğurlayaraq sonuncuya ümumilikdə 945 (doqquz yüz qırx beş) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda himayəsində 2 və 8 yaşlarında azyaşlı övladları vardır. Cəlilabad rayonu, Moranlı kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Ağdaş rayon Polis şöbəsinə etdiyi müraciətlə tanış olmuşdur. Əvvəllər Azərbaycan Repsublikası CM-in 177.2.5-ci maddəsi ilə məhkum olunmuşdur. Həbsdən çıxdıqdan sonra da heç yerdə iş tapıb işləyə bilmədiyinə görə fahişəliklə məşğul olaraq pul qazanır. Ən çox Bərdə və Yevlax rayonları ərazisində avtomagistral yolun kənarında dayanaraq müştəri gözləyir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Yevlax rayonu ərazisində Qarxun kəndi istiqamətində olan avtomobil yolunun kənarında dayanarkən «VAZ» markalı «21074» modelli, sedan tipli **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil yanından keçən zaman dayanmışdır. Adını sonradan bildiyi sürücü Zərərçəkmiş şəxs onunla salamlaşmış və nə üçün yol kənarında durduğunu soruşmuşdur. O da sürücü Zərərçəkmiş şəxs görüşmək üçün dayandığını demişdir. Zərərçəkmiş şəxs də ona demişdir ki, görüşə bilərikmi? O da Zərərçəkmiş şəxs demişdir ki, problem yoxdur. Ondan görüşməyin qiymətini soruşmuş, o da Zərərçəkmiş şəxs 20 manata görüşdüyünü demişdir. Zərərçəkmiş şəxs də ondan soruşmuşdur ki, hərtərəfli 20 manata görüşürsən? O, Zərərçəkmiş şəxs demişdir ki, sən necə istəsən o cür. Bundan sonra o, Zərərçəkmiş şəxs avtomobilinin sağ ön sərnişin oturacağına əyləşmişdir. Həmin vaxt avtomobildə başqa şəxs olmamışdır. Avtomobilə əyləşdikdən sonra Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili Ağdaş rayonu, Qəribli kəndi ərazisinə sürmüşdür. Kəndin girişindən bir qədər qabağa getdikdə yolun kənarında ağaclıq yerdə sürücü avtomobili saxlamışdır. Zərərçəkmiş şəxs intim münasibətdə olmamışdan əvvəl pulunu istəmişdir. Zərərçəkmiş şəxs də ona cibindən 20 (iyirmi) manat pul çıxarıb vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs pulunun çox olmasını görmüş və ona görə də həmin vaxt pula ehtiyacı olduğuna görə Zərərçəkmiş şəxs əynində olan cins şalvarının sağ yan cibində olan pulları oğurlamaq qərarına gəlmişdir. O, Zərərçəkmiş şəxs ilə intim münasibətdə olan vaxt Zərərçəkmiş şəxs əynində olan göy rəngli cins şalvarını dizinə qədər aşağı salmışdır. Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olan zaman Zərərçəkmiş şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən xəbəri olmadan pullarını oğurlamış və həmin pulları da əlində sıxıb saxlamışdır. Onlar iki dəfə intim münasibətdə olduqdan sonra o, Zərərçəkmiş şəxs cibindən oğurladığı pulları döşünə (sinəsinə) qoymuşdur. Bir qədər sonra Zərərçəkmiş şəxs orada adamların gəlib-getdiyini görmüş və ona görə də avtomobili işə salaraq oradan uzaqlaşmışdır. Bundan sonra irəlidə yol polisinin postu olduğuna görə Zərərçəkmiş şəxs avtomobili orada saxlamamışdır. Zərərçəkmiş şəxs onu aparıb Ağdaş rayonu ərazisində yerləşən “Şirvangöl” restoranı adlanan yerin qarşısında düşürmüşdür. Daha sonra Zərərçəkmiş şəxs oradan uzaqlaşmışdır. O da bundan sonra yolun digər tərəfinə keçib tanımadığı taksi saxladıb, taksi ilə yaşadığı Bərdə şəhərinə getmişdir. Oğurladığı pulu da döşündə (sinəsində) gizlətmişdir. Yaşadığı evə çatandan sonra oğurladığı pulları saymış və həmin pulların ümumilikdə 945 (doqquz yüz qırx beş) manat olmasını görmüşdür. Bundan sonra həmin oğurladığı puldan evə ərzaq, uşaqlara bəzi əşyalar almışdır. xx.xx.2023-cü il tarixdə Bərdə rayonu ərazisində yenidən avtomagistral yolun kənarında dayanan zaman Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək, oğurluq cinayət əməlini törətməkdə şübhəli olduğunu bildirərək onu Ağdaş rayon Polis şöbəsinə dəvət etmişlər və o, polis əməkdaşları ilə razılaşıb Ağdaş rayon Polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində törətdiyi oğurluq cinayət əməlini etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Cəlilabad rayonu, Moranlı kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs cibindən oğurladığı ümumilikdə 945 (doqquz yüz qırx beş) manat pulu evin ehtiyacları və şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin puldan qalan 1 ədəd 20 manatlıq əsginası Ağdaş rayon Polis şöbəsinin əməkdaşına təqdim etmişdir. Oğurluq edən zaman onu heç kim görməmişdir. Çünki avtomobildə həmin vaxt Zərərçəkmiş şəxs ilə tək olmuşdur. Zərərçəkmiş şəxs cibindən oğurluğu tək törətmiş, həmin vaxt onunla birgə heç kim olmamışdır. Oğurluq etmədən öncə və oğurluq etdikdən sonra heç kimə heç nə deməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, istintaq hərəkətlərinin protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və həmin tarixdə Ağdaş rayon Polis şöbəsinə müraciət etmişdir. Ona məxsus «VAZ» markalı «21074» modelli, sedan tipli **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər dəfə müxtəlif rayonlara gedib öz təsərrüfatında olan noxudları satır və əldə etdiyi qazanc ilə ailəsinin maddi ehtiyacını qarşılayır. xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu Ləki kəndində yerləşən marketə noxud satdıqdan sonra da Mingəçevir şəhərinə gedib orada da noxud satıb geri qayıdarkən təxminən saat 14 radələrində Yevlax rayonu, Qarxun kəndi ərazisindən keçən zaman avtomobil yolunun sağ kənarında əvvəllər tanımadığı adını sonradan bildiyi təxminən 25 yaşlı, əynində qırmızı rəngli şalvar və qara rəngli qış gödəkcəsi olan Təqsirləndirilən şəxs əl ilə işarə edib avtomobili saxlamağını istəmişdir. O da avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşıb hara getdiyini soruşmuş, o da Təqsirləndirilən şəxs Cəlilabad rayonuna getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Ağdaş rayonu ərazisindən keçib-keçməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs bəli, Ağdaş-Ucar yolu ilə gedir və Ağdaş rayonu ərazisindən keçəcəyini demişdir. Təqsirləndirilən şəxs da demişdir ki, “məni götürə bilərsənmi, mən Şirvangöl deyilən yerə gedirəm”. O da Təqsirləndirilən şəxs götürmüşdür. Təqsirləndirilən şəxs əvvəl arxada oturmaq istəmiş, lakin arxa oturacaqları çıxardığına görə Təqsirləndirilən şəxs gəlib qabaq oturacaqda oturmuşdur. Yevlax rayonundan keçib üzü Ağdaş rayonu istiqamətində gedərkən yolüstü Şirvangöl deyilən restoran-hotelin qarşısından keçəndə Təqsirləndirilən şəxs avtomobili saxlamasını istəmişdir. O da avtomobili həmin yerdə saxlamışdır. Təqsirləndirilən şəxs da maşından düşüb yolu əks tərəfə keçmişdir. Bundan sonra o, yoluna davam etmişdir. Ağdaş rayonu Əmirarx kəndi ərazisində yanacaqdoldurma məntəqəsinə çatdıqda avtomobilə yanacaq almaq istəmişdir. Həmin vaxt əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə əlini salanda əynində olan şalvarının sağ yan cibinə qoyduğu 945 (doqquz yüz qırx beş) manat pulun cibində olmadığını görmüşdür. Bundan sonra avtomobili yolun kənarında saxlayaraq avtomobili axtarmış, lakin pulu tapa bilməmişdir. Artıq pulunu Təqsirləndirilən şəxs oğurlamasını başa düşmüşdür. Ona görə Təqsirləndirilən şəxs düşürdüyü yerə qayıtmış, lakin Təqsirləndirilən şəxs orada görə bilməmişdir. Sonra həmin Təqsirləndirilən şəxs götürdüyü yerə, yəni Yevlax rayonu, Qarxun kəndi ərazisindən keçən avtomobil yoluna qayıtmışdır. Lakin Təqsirləndirilən şəxs orada da tapa bilməmişdir. Bundan sonra Yevlax rayonunun mərkəzinə gedib orada da axtarsa da, yenə Təqsirləndirilən şəxs tapa bilməmişdir. Bundan sonra isə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Ağdaş rayon Polis şöbəsinə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ümumilikdə 945 manat maddi ziyan dəymişdir. Həmin pul ona məxsus olmuşdur. Həmin pulu Ağdaş və Yevlax rayonları ərazisində noxud sataraq qazanmışdır. Həmin vaxt avtomobildə o və Təqsirləndirilən şəxs tək olmuşlar. Onlardan başqa avtomobildə hər hansı bir başqa şəxs olmamışdır, nə onun, nə də ailə üzvlərinin Təqsirləndirilən şəxs və ya onun ailə üzvləri ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Avtomobil idarə edən zaman bütün diqqəti yolda olduğuna görə Təqsirləndirilən şəxs ona məxsus 945 manat pulunu oğurlamasını görməmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib Bərdə Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib Bərdə Rayon Məhkəməsinin 31 avqust 2020ci il tarixli hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəza ilə Bərdə Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 9 ay 22 gün azadlığın məhdudlaşdıırılması cəzası ilə qismən toplanmaq yolu ilə onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə cəzası 1 il 2 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilib. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bərdə rayon İcra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bərdə rayon İcra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 fevral 2023-cü il tarixli, 1148 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Babək küçəsi 15 ünvanında yaşayır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Bərdə Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 4(021)-74/2023 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Resbulikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1997-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinib barəsində 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüş, Bərdə şəhəri, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 03 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 02 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 20 manatlıq pul əsginası cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 02 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd 20 manatlıq pul əsginası cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar