Məhkəmə qərarları › İş №1(014)-59/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-59/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-59/2024 16.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibləri X4 və Mustafayeva Ulduzə Mütdəlif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxsin hüquqi varisi - X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 18 noyabr 2023-cü il tarixdə saat 15 radələrində özünə məxsus idarə etdiyi “VAZ-21065” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Zarağan avtomobil yolunun Ağdaş şəhəri ərazisindən keçən 2-ci kilometrliyində Ağdaş şəhəri istiqamətində hərəkətdə olan zaman «X21» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq həmin yolu sağdan sola keçdikdən sonra yenidən sağa qayıdan velosipedçi Zərərçəkmiş şəxs vuraraq ona qapalı kəllə-beyin travması, beynin maddəsinə beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə, ənsə-təpə nahiyyəsində qansızma, başın ənsə-təpə nahiyyəsinin, alın nahiyyəsinin yaraları, sol gözaltı nahiyyənin, sağ bazu oynağının bayır səthinin sıyrıqları xəsarətlərini yetirmiş və sonuncunun aldığı həmin xəsarətlər səbəbi ilə xx.xx.2023-cü il tarixdə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” PHŞ-də ölməsi ilə nəticələn yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun özünə məxsus “VAZ-21065” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili müvafiq kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 18 noyabr 2023-cü il tarixdə təxminən saat 15 radələrində İstiqlal küçəsindən şəhər ərazisinə tək gedən zaman 60 km/saat sürətlə hərəkət edirdi. Təxminən 20 metr məsafədə olan zaman öz hərəkət yolunda təxminən 10 km/saat sürətlə velosipedlə hərəkətdə olan şəxs görmüşdür. O, həmin zaman əyləci basmışdır. Həmin şəxs velosipedlə yolun sağ hərəkət zolağından sol hərəkət zolağına doğru keçmişdir. Dərhal da qarşı hərəkət zolağından onun yoluna qayıtmışdır. O, avtomobili nisbətən sağ tərəfə doğru qaçırmışdır. Lakin avtomobilin sağ qabaq farası ilə velosipedlə birlikdə velosipedçini vurmuşdur. Velosipedçi yumalanaraq ön alın şüşəsinin sağ hissəsinə dəymişdir. Daha sonra isə yolun sağ hissəsinə doğru yıxılmışdır. Dərhal avtomobili saxlamışdır. Aşağı düşdükdə velosipedçi huşsuz vəziyyətdə yerdə uzanmışdır. Təcili tibbi yardıma zəng etmiş və əl-üzünü yumuşdur. Bundan sonra isə həmin şəxs Ağdaş RMX-ya aparılmışdır. Polis əməkdaşları ilə birlikdə o da Ağdaş RMX-ya yollanmışdır. Sərxoşluğu yoxlanılmış, ayıq olmağı müəyyən edilmişdir. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə zamanı avtomobilin yük yerində yük olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, o, avtomobili 60 km/s idarə etmiş, qarşıdan velosipedçinin tez-tez yolun hər iki istiqamətinə keçdiyini görmüş, lakin avtomobili idarə etməyə davam etmişdir. Velosipedçi anidən onun qarşısına çıxmış və avtomobilə çırpılmışdır. O, velosipedçini gördükdə aralarında 20-30 metr məsafə olmuş, o, əyləci basmış, lakin hadisənin qarşısını ala bilməmişdir. Velosipedçi avtomobilin üstünə yıxılmış, başı avtomobilin şüşəsinə dəyib şüşəni çatlatmışdır. Özünü təqsirli bilməməsinə səbəb onun öz yolu ilə getməsi, velosipedçinin isə içkili vəziyyətdə onun qarşısına çıxması olmuşdur. Hadisədən dərhal sonra o, təcili yardıma və polisə məlumat vermişdir. 14 may 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs bildirdi ki, o, hazırda özünü təqsirli bilir, əvvəlki məhkəmə iclasında özünü müdafiə etmək məqsədi ilə o cür ifadə vermişdir. 16 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında son söz söyləyərkən Təqsirləndirilən şəxs bildirdi ki, o, hadisəni qəsdən törətməmiş, zərərçəkmiş şəxsi xəstəxanaya aparmış, yas mərasimini təşkil etmiş, mərhumun anasının gözlərini əməliyyat etdirmiş, ona hər cür maddi yardım göstərir, himayəsində iki azyaşlı uşağı var, ailənin tək oğul övladıdır, hadisədən 1 ay əvvəl cavan qardaşı rəhmətə gedib, özü vərəm xəstəsidir, əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, oğlu spirtli içki aludəçisi olub. Hər axşam spirtli içki qəbul edib, ona zor tətbiq edirdi. Mütəmadi spirtli içki qəbul edib, velosiped sürürdü, velosiped sürməyi də bacarmırdı. Təqsir oğlunda olub. Bu onun birinci qəzası deyildi, keçən il mart ayında Qəbələ rayonunda velosipedlə gedərkən maşın onu vurmuşdu. Hadisə baş verən gün, spirtli işki qəbul edib yola çıxdı, sonra ona dedilər ki, oğlunu maşın vurub öldürüb. Nicat onun oğlunun yas mərasimini təşkil edib, oğluna qəbir daşı düzəltdirib. Onun gözlərini əməliyyat etdirib, hər gün onun evinin çörəyinə kimi Nicat alır, ona tez-tez bazarlıq gətirir. O, Nicatla nəfəs alır, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona cəza verilməmsini xahiş edir. Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildrmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 18 noyabr 2023-cü il tarixdə saat 15 radələrində xidmətdə olan zaman Ağdaş RPŞ-nin Növbətçi hissəsindən Ağdaş-Zarağan avtomobil yolunun Ağdaş şəhəri ərazisindən keçən 2-ci kilometrliyində yol nəqliyyat hadisəsinin baş verməsi və velosipedçinin vurulması haqqında məlumat almışdır. Dərhal hadisənin baş verdiyi yerə getmişdir. Hadisə yerinə çatdıqdan sonra “VAZ-21065” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ağdaş-Zarağan avtomobil yolunun Ağdaş şəhəri ərazisindən keçən 2-ci kilometrliyində üzü Ağdaş şəhəri istiqamətində hərəkətdə olan zaman yolu sürücünün hərəkət istiqamətində soldan sağa keçmək istəyən velosipedçini vurmasını görmüşdür. Sürücünün Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs, velosipedçinin isə Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs olmasını bilmişdir. Həmçinin, “VAZ-21065” markalı avtomobil öz hərəkəti istiqamətində yolun hərəkət hissəsində dayanmışdır. Sürücü Təqsirləndirilən şəxs hadisə yerinə baxış keçirilən zaman idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Ağdaş-Zarağan avtomobil yolunun 2-ci kilometrliyində üzü Ağdaş rayonu istiqamətində asfalt yolda 60 km/saat sürətlə idarə edərkən qarşıda yolu öncə sürücünün hərəkəti istiqamətində sağdan sola, sonra isə anidən soldan sağa doğru ziq-zaq formada keçən velosipedçini avtomobilin qabaq sağ farası və alın şüşəsinin sağ tərəfi ilə vurmasını bildirmişdir. Hadisə yerinə müstəntiq tərəfindən keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Ağdaş-Zarağan avtomobil yolunun 2-ci kilometrliyində üzü Ağdaş rayonu istiqamətində gedən asfalt yoldur. Həmin yerdə yol asfalt örtüklü olmaqla düz, quru və hamardır. Yolun eni 7,0 metrdir. Velosipedçi Zərərçəkmiş şəxs vurulduğu yer sürücünün hərəkəti üzrə Ağdaş rayonu istiqamətində yolun hərəkət hissəsində, yol çiyni ilə asfalt yolun birləşəcəyi hissəsidir. Hadisədən sonra avtomobilin dayandığı yerdən (sol ön və sol arxa tərəklərindən) orta xəttə qədər məsafə 2,20 metr, sağ ön və sağ arxa təkərləri isə yol çiyni ilə asfalt yolun birləşəcəyi hissəsindədir. Hadisə yerinə baxış zamanı hər iki (sol və sağ) təkər üçün tormoz izi 15.80 metr olması aşkar edilmişdir. Velosipedçi aldığı xəsarətlər səbəbi ilə Ağdaş rayon xəstəxanasına aparılmış və 3 gün sonra Ağdaş rayon xəstəxanasında ölmüşdür. Həmçinin, müstəntiq tərəfindən hadisə yerinin şəkilləri çəkilmişdir. Sürücü Təqsirləndirilən şəxs izahatının alınması üçün RPŞ-yə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 18 noyabr 2023-cü il tarixli, 483 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. İşin materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X7 xx.xx.2023-cü il tarixli, 37 saylı meyitin ekspertizası rəyindən görünür ki: Zərərçəkmiş şəxs meyitində aşkar olunan xəsarətlər - qapalı kəllə-beyin travması, beynin maddəsinə beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə, ənsə-təpə nahiyyəsində qansızma, başın ənsə-təpə nahiyyəsinin, alın nahiyyəsinin yaraları, sol gözaltı nahiyyənin, sağ bazu oynağının bayır səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023cü il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər;  Zərərçəkmiş şəxs ölümünə səbəb qapalı kəllə-beyin travması, beyin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur;  Zərərçəkmiş şəxs meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər; Zərərçəkmiş şəxs ölümü xx.xx.2023-cü il tarixdə saat 08:00-da baş vermişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X13 publik hüquqi şəxs tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli, 139/K saylı maddi sübutların ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı – 1,3%0-dir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2024-cü il tarixli, 3-16-16/2-8/186 nömrəli ekspert rəyindən görünür ki, “VAZ-21065” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Səyyar ASAN tərəfindən xx.xx.2016-cı ildə verilmiş AC seriyalı, 980660 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2026-cı il tarixədək qüvvədə olan “B,C” dərəcəli sürücülük hüququ vardır. İş materiallarında olan Ağdaş rayon Polis şöbəsinin 19 noyabr 2023-cü il tarixli, xxxx/2211 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilib-verilməməsi və sürücülük hüququndan məhrum edilənlərin kartotekasında qeydə alınıb-alınmaması DİN-nin BDYPİ-nin mərkəzi məlumat sistemində yoxlanılmış və yoxlama zamanı Təqsirləndirilən şəxs adına “BC” dərəcəli AC seriyalı 980660 nömrəli xx.xx.2026-cı il tarixədək müddəti olan sürücülük vəsiqəsinin olması və sürücülük hüququndan məhrum edilənlərin kartotekasında qeydə alınmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X22 4.12.2023-cü il tarixli, 18-1-22/2-1808/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X22 poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 142 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 1209 saylı arayışdan görünür ki, Ağdaş şəhəri, C.Cabbarlı küçəsi 52 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı xx.xx.1993-cü il təvəllüdlü X9, 2.10.2013-cü il təvəllüdlü X11 və 4.03.2017-ci il təvəllüdlü X3 ibarətdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 208125 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 4.03.2017-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X10r. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 918278 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2013-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X10r. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “X21 və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını həmin Məcəllənin 59.1.11-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməklə cəzanın məqsədini təmin etmək olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut - “VAZ-21065” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. İş üzrə məhkəmə məsrəfi - aparılmış ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - “VAZ-21065” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarıldığı nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi - aparılmış ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X8, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar