Məhkəmə qərarları › İş №1(014)-6/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-6/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-6/2022 14.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs, vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1999-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Bulaqotağı kəndində qeydiyyatda olan və yaşayan, barəsində 22 avqust 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqın qənaətinə görə Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə, gecə saat 00:14 radələrində Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən kənd məscidinin yaxınlığında həmkəndlisi xx.xx.1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zəminində heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə əlində olan dəmir predmetlə qəsdən bir dəfə Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən vuraraq ona həyatı üçün təhlükəli olmayan, sol göz almasının ağır kontuziyası, sol gözün torlu qişasına qansızma, qopma, sol almacıq nahiyəsinin yarası, sol ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla (25%) əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CMnin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, əvvəllər onunla aralarında heç bir mübahisə və dava-dalaş olmadığını, Zərərçəkmiş şəxs yaşadıqları kənddə özünə məxsus olan traktorla press bağladığını, onlara məxsus çöl sahəsinin yaxınlığında yerləşən Əkrəm adlı şəxsə məxsus yonca sahəsində press bağlayan Veyisin həmin sahəni yarımçıq qoyaraq getdiyi üçün 18 avqust 2021-ci il tarixdə, saat təxminən 22:00 radələrində ona zəng edərək qalan sahəni də bağlamasını tələb etdiyini və ona özünə məxsus bağ sahəsini suvarmaq üçün su açacağını bildirdiyini, bu zaman Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətdiyini və “bağlamıram, yaxşı edirəm” deyə söylədiyini, Veyisə telefonda söyüş söyməyə ehtiyac olmadığını, sonra söhbət etməli olduqlarını bildirdiyini, bundan təxminən 30 dəqiqə sonra Veyisin ona zəng edərək “harda qaldın, gəlmirsən?” deyə söylədiyini, evə çatdıqdan sonra Zərərçəkmiş şəxs zəng edərək artıq evdə olduğunu və onunla söhbət etmək istədiyini bildirdiyini, Veyislə telefonla danışan zaman ona evdən kiminsə onunla söhbət etmək üçün gəldiyini bilib-bilməməsini soruşduğunu, Veyisin də ona hər kəsin bundan xəbərinin olduğunu söylədiyini, Veyisin əmisi oğlu Vüsal ilə aralarında təxminən bir ay əvvəl mübahisə olduğunu və onunla danışmadığını, Veyisi onun üzərinə göndərənin də məhz Vüsal olduğunu fikirləşdiyini, çünki Veyisin onunla telefonla danışan zaman Şahid1 da onların həyətində olduğunu, özünün yaşadığı evin yerləşdiyi küçəyə çıxaraq Veyisə zəng edərək küçədə olduğunu və onu gözlədiyini bildirdiyini, bu zaman Veyisin tək gəldiyini gördüyünü və ona yaxınlaşdığını, onunla birlikdə məscidin yaxınlığından keçən küçəyə getdiklərini, Zərərçəkmiş şəxs onunla uca səslə danışmağa başladığını, Veyisin uca səslə danışmağından onun arxasıyca daha kimsə gəldiyini hiss etdiyini, məscidin həyətinə girdiklərini, bu zaman Veyisin ona bir neçə yumruq atdığını, lakin onun yumruqlarının qaranlıq olduğu üçün boşa getdiyini, özünün də bir dəfə yumruqla zərbə ilə Veyisi vurduğunu və yumruğunun onun hansı nahiyəsindən dəyməsini görmədiyini, Veyisi yumruqla vurduqdan sonra Veyisin zərbənin təsirindən yerə yıxıldığını, bundan sonra Veyisin arxasınca gələn olacağını fikirləşdiyi üçün gəldiyi küçə ilə getmədiyini, digər küçə ilə yaşadığı evə getdiyini, bundan təxminən 5 dəqiqə sonra Veyisin, əmisi oğlu Vüsal, atası Əflatun və qardaşı Əhmədin onların yaşadıqları evin qarşısına gəldiklərini, bu zaman Şahid1 əmisi Şahid5 məxsus avtomobili onun qardaşı Məhməmmədin üzərinə sürdüyünü, avtomobildən düşdükdən sonra isə mübahisə etməyə başladıqlarını, onların səsinə əmiləri Elsəvər Qafarov, Şahid4, Üzeyir Qafarov və əmisi oğlu Samir Qafarovun gələrək onları aralaşdırdıqlarını, bundan sonra onların çıxıb getdiklərini, Zərərçəkmiş şəxsla aralarında dava-dalaşın 19 avqust 2021-ci il tarixdə, gecə saat təxminən 00:14 radələrində baş verdiyini və 3-4 dəqiqə davam etdiyini, həmin vaxt orada özlərindən başqa heç kimin olmadığını, sonradan da heç kimin gəlmədiyini, həmin vaxt əlində heç bir dəmir əşya olmadığını, onu yumruqla vurduğunu, Zərərçəkmiş şəxs bıçaqla hədələmədiyini, həmin vaxt əlində ümumiyyətlə bıçaq olmadığını, Zərərçəkmiş şəxs vurduqdan sonra onun yıxılmasını gördüyünü və onun arxasınca kiminsə gəldiyini zənn etdiyi üçün dərhal oradan uzaqlaşaraq getdiyini, Zərərçəkmiş şəxs, atası Şahid5, qardaşı Şahid1 və onun əmisi oğlu Şahid1 onun yaşadığı evə gələn zaman orada dava-dalaş baş vermədiyini, lakin sözlə mübahisə baş verdiyini, dava dalaş zamanı oraya heç kimin gəlmədiyini, həmin zaman orada elə bir səsküy yaranmadığını, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində 18 avqust 2021-ci il tarixdə, saat təxminən 22:00 radələrində həmkəndlisi və qonşusu olan Təqsirləndirilən şəxs ona zəng edərək “Əkrəmin otunu gəl bağla” deyə söylədiyini, ona hazırda işinin olduğunu, Əkrəmin özü ilə danışdığını və səhər bağlayacağını bildirdiyini, bu zaman Təqsirləndirilən şəxs mobil telefonda ona nalayiq ifadə işlətdiyini və ona “indi gələcəm sənin qapına” deyə söylədiyini, bundan təxminən 2 saat sonra, yəni saat 00:00 radələrində Mərhəmətin yaşadığı evə gələrək onu yola çağırdığını, birlikdə gedərək pivə içməklərini və söhbət etməklərini bildirdiyini, ona gələcəyini bildirdiyini, Mərhəmətin həmçinin ona tək gəlməli olduğunu bildirərək, tək gəlməsə onun barəsində nalayiq ifadə işlədəcəyini bildirdiyini, buna görə də saat 00:14-də yaşadığı evdən küçəyə çıxdığını və Mərhəmətin küçənin təxminən 20 metr kənarında onu gözlədiyini gördüyünü, Mərhəmətin olduğu yerə tərəf getiyini, daha sonra Mərhəmətin ona məscid olan küçə ilə getməyi təklif etdiyini, yol gedən zaman Mərhəmətin ona “sən məni tanıyırsan?” deyə söylədiyini, ona “sən də məni tanıyırsan” deyə söylədiyini, həmin vaxt Mərhəmətin yenidən onu təhqir edərək əlini şalvarının cibindən çıxardıb onun sifət nahiyəsindən zərbə ilə vurduğunu, zərbənin təsirindən yerə yıxıldığını, Mərhəmətin isə onun saçından yapışaraq “indi məni tanıdın, əlimdə bıçaq var, kəsim sənin başını?” deyə söylədiyini, Mərhəmətdən onu buraxmasını xahiş etdiyini, bundan sonra Mərhəmətin onu orada qoyaraq qaçıb getdiyini, əli ilə sol sifət və göz nahiyəsini tutaraq əmisi oğlu Şahid1 zəng vurduğunu, bundan təxminən 3-4 dəqiqə sonra əmisi oğlu Vüsalın onun yanına gəldiyini və ondan nə baş verməsini soruşduğunu, ona Müşfiqin oğlu Mərhəmətin onu vurduğunu bildirdiyini, Vüsalın ona onlara getməli olduğunu bildirdiyini, onunla birlikdə Müşfiq Qarafovun yaşadığı evə getdiyini, bu zaman Şahid3, ailəsi və bir neçə qohumunun onu küçədə qarşıladığını, Şahid3 ona “olub-olub, sənin sifətində heç nə yoxdu, səndən betər günə qoymuşam oğlumu” deyə söylədiyini, Şahid1 Müşfiqə “nətəri ki, heç nə yoxdu” deyə söylədiyini və onun sifət nahiyəsini ona göstərdiyini, Müşfiq və onun qardaşı Üzeyirin əmisi oğlu Vüsala “bir sən dayan, sən kimsən ki,” deyə söylədiklərini və səhər saat 12-yə qədər Vüsalın dizlərini yerə qoyacağlarını bildirdiklərini və “gedin nə bilirsiniz edin” deyə söylədiklərini, bundan sonra onun qardaşı Əhmədin həmin yerə gəldiyini, təxminən 5 dəqiqə sonra atası Əflatunun gəldiyini və Şahid3 “2 saat əvvəl ona zəng vurduğunu, nəyə görə açmadığını” söylədiyini, atasının onun sifət nahiyəsinin qanlı olduğu üçün öz avtomobili ilə Ağdaş rayon xəstəxanasına apardığını, xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra onları Mingəçevir şəhərində yerləşən xəstəxanaya getməyini və orada komputer tomaqrafiyası müayinəsindən keçməli olduğumu bildirdiklərini, daha sonra isə Mingəçevir şəhər mərkəzi xəstəxanasına getdiklərini, xəstəxanada yenidən ona ilkin tibbi yardım göstərildiyini və komputer tomaqrafiyası müayinəsindən keçdikdən sonra evə buraxıldığını, Təqsirləndirilən şəxs onu vurmaq üçün əlini cibindən çıxaran zaman onun əlində parıldayan dəmir parçası olduğunu, lakin həmin vaxt qaranlıq olduğu üçün Mərhəmətin əlində olan əşyanın dəqiq olaraq nə olduğunu görmədiyini, Təqsirləndirilən şəxs traktorunda beşbarmaq olduğunu bildiyi üçün onu həmin beşbarmaqla vurduğunu zənn etdiyini, hazırda Təqsirləndirilən şəxs tərəfindən səhhətinə vurulmuş ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun doğma qardaşı olduğunu, atası ilə birlikdə Ağdaş rayonu, Bulaqotağı kəndində yaşadıqlarını, 19 avqust 2021-ci il tarixdə gecə evdə yatdığını, həmin vaxt gecə saat təxminən 01:10 radələrində küçədən səs küy gəldiyini gördüyünü, həmin zaman küçəyə çıxdığını və atası Müşfiq, əmiləri Üzeyir, Elsəvər, qohumu Samirin küçədə olduqlarını gördüyünü, həmkəndilisi Veyisin əmisi oğlu Vüsal və Veyisin atası Əflatun orada olduqlarını gördüyünü və mübahisə etdiklərini, həmin vaxt mübahisədən qardaşı Mərhəmətlə Veyisin dalaşdıqlarını, həmin vaxtı Mərhəmətin Veyisi yumruqla vurub xəsarət yetirdiyini başa düşdüyünü, buna görə də Veyisin atası Əflatun və əmisi oğlu Vüsalın onlara Mərhəməti çağırıb ondan Veyisi nə səbəbə vurduğunu öyrənmək üçün gəldiklərini, bu vaxt atası və özünün onları sakitləşdirmək istədiklərini, lakin Əflatun və Vüsalın əsəbi formada qışqıraraq atası Müşfiqin və onun üzərimə hücum çəkdiklərini, bu vaxt əmilərinin Vüsal və Əflatunu ondan kənara çəkdiklərini, bundan sonra Vüsalın əmisi Əflatunun idarə etdiyi VAZ 2107 markalı avtomobilinə əyləşib onun üzərinə sürən zaman kənara çəkildiyini və avtomobilin ona dəymədiyini, bundan sonra Vüsal və Əflatun aralanıb getdiklərini, Veyis aldığı xəsarətlə bağlı Ağdaş RMX-na müraciət etdiyini, həmçinin də Ağdaş RPŞ-nə müraciət edərək qardaşı Mərhəmətin onu vurmasını bildirdiyini sonradan bildiklərini, mübahisə zamanı Vüsal və Əflatuna heç bir xəsarət yetirmədiyini, həmçinin də onlarında ona heç bir xəsarət yetirmədiyini, həmkəndlisi Veyisin ot bağlayan traktoru olduğunu, qardaşı Mərhəmətin də ona hadisə baş verən günü zəng edərək “gəl Əkrəm adlı şəxsin çöl sahəsində olan otunu bağla” dediyini, həmin zaman Veyisin otu bağlamadığını bildirdiyini, bu vaxt telefonla onların biri birləri ilə sözlə mübahisə etdiklərini, daha sonra da Veyisin qardaşı Mərhəməti telefonla zəng edib öz küçələrinə çağırdığını, həmin zaman da Veyislə Mərhəmət arasında mübahisə yarandığını və mübahisə zamanı da Mərhəmətin Veyisi yumruqla vurub xəsarət yetirdiyini bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Şahid5 onun əmisi, Zərərçəkmiş şəxs isə onun əmisi oğlu olduğunu, xx.xx.2021-ci il tarixdə saat təxminən 22:00 radələrində əmisi Şahid5 yaşadığı evin həyətində əmisi və əmisi oğlu ilə söhbət etdiyini, bu zaman əmisi oğlu Veyisə zəng gəldiyini və Veyisin telefonla danışa-danışa onlardan uzaqlaşdığını, təxminən 2-3 dəqiqə sonra yenidən onların yanına qayıtdığını, Veyisdən kiminlə danışdığını soruşduqda Veyisin mənə Müşfiqin oğlunun ona zəng etdiyini bildirdiyini, ondan nə dediyini soruşduğunu və Veyisin ona “Mərhəmət mənə Əkrəmin otunu bağla” deyə söylədiyini, ona Əkrəmlə danışdığını bildirərək bir gün sonra bağlayacağını bildirdiyini, bu vaxt Mərhəmətin onu təhqir etdiyini bildirdiyini, Veyisə Mərhəmətin onu çağırarsa tək getməməyini tapşırdığını, bundan təxminən 2 saat sonra əmisi oğlu Veyisin ona zəng edərək “özünü mənə çatdır, məni öldürürlər” deyə söylədiyini, ondan harda olduğunu soruşduğunu, Veyisin ona kənddə məscidin yaxınlığında olduğunu bildirdiyini, dərhal həmin yerə getdiyini və əmisi oğlu Veyisin üz-gözünün qan içərisində olduğunu gördüyünü, daha sonra Veyislə birlikdə Mərhəmətin atası Müşfiqin yaşadığı evə getdiyini, Müşfiqin yaşadığı evə çatan zaman onun yaşadığı evin giriş qapısının önündən keçən küçədə Müşfiq, onun böyük oğlu Məhəmmədin və qardaşlarının toplaşdığını gördüyünü, Müşfiqə “bu uşağın nə halda olduğuna bax, bu nədir belə” deyə söylədiyini, Müşfiqin də ona “sənin burda nə işin var” deyə söylədiyini, bu zaman Müşfiq və onun yanında olan şəxslərin onların üzərinə gəldiyini, özünün də həmin vaxt əmisi oğlu Veyisi qorumaq üçün onun qarşısına keçdiyini, həmin vaxt yaranmış qarışıqılıq zamanı Müşfiqin yumruqla onun bədəninin müxtəlif nahiyələrindən vurduğunu, bundan təxminən 4-5 dəqiqə sonra əmisi Əflatun və əmisi oğlu Əhmədin də oraya gəldiyini və birlikdə Veyisi xəstəxanaya apardıqlarını, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs dava dalaş edən zaman orada olmadığını, bildiyinə görə dava dalaş zamanı orada Veyis və Mərhəmətdən başqa heç kimin olmadığını bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, iki övladının olduğunu, övladlarının onunla birlikdə Ağdaş rayonu Bulaqotağı kəndində yaşadıqlarını, Zərərçəkmiş şəxs tanıdığını, onun həmkənlisi olduğunu, Zərərçəkmiş şəxs yaşadıqları kənddə özünə məxsus olan traktorla press bağladığını, onlara məxsus çöl sahənin yaxınlığında yerləşən Əkrəm adlı şəxsə məxsus yonca sahəsində press bağlayan Veyis həmin sahəni yarımçıq qoyaraq getdiyi üçün oğlu Mərhəmət xx.xx.2021-ci il tarixdə saat təxminən 22:00 radələrində ona zəng edərək gəlib qalan sahəni də bağlamasını tələb etdiyini və ona özlərinə məxsus bağ sahəsini suvarmaq üçün su açacağını bildirdiyini, bu zaman Zərərçəkmiş şəxs oğlu Mərhəmətə nalayiq ifadələr işlətdiyini və “bağlamaıram, yaxşı edirəm” deyə söylədiyini, oğlu Mərhəmətin də ona telefonda söyüş söyməyə ehtiyac olmadığını, sonra söhbət etməli olduğunu bildirdiyini, bundan təxminən 30 dəqiqə sonra Veyisin oğlu Mərhəmətə zəng edərək “harda qaldın, gəlmirsən?” deyə söylədiyini, Mərhəmətin evə çatdıqdan sonra Zərərçəkmiş şəxs zəng edərək artıq evdə olduğunu və onunla söhbət etmək istədiyini bildirdiyini, daha sonra oğlu Mərhəmətin küçəyə çıxıb Veyisə zəng edərək küçədə olduğunu və onu gözlədiyini bildirdiyini, bu zaman Veyisin tək gəldiyini görüb və ona yaxınlaşdığını, onunla birlikdə məscidin yaxınlığından keçən küçəyə getdiyini, həmin vaxtı Zərərçəkmiş şəxs oğlu Mərhəmətlə uca səslə danışmağa başladığını, Mərhəmətin də Veyisin uca səslə danışmağından onun arxası ilə daha kimsə gəldiyini hiss etdiyini, onların məscidin həyətinə girdiklərini, bu zaman Veyisin oğlu Mərhəmətə bir neçə yumruq atdığını, lakin Veyisin atdığı yumruqlar qaranlıq olduğu üçün boşa getdiyini, həmin zaman oğlu Mərhəmətin bir dəfə yumruqla zərbə ilə qəsdən Veyisi vurduğunu və həmin zaman Veyisin yerə yıxıldığını, həmin zaman oğlunun onun arxası ilə kimsə gələcəyini hiss etdiyini və başqa küçə ilə yaşadıqları evə gəldiyini, həmin zaman kiminsə küçədə səs küy etdiyini gördüyünü, küçəyə çıxanda Veyis, Veyisin atası Əflatun, Veyisin qardaşı Əhməd, qohumları Vüsal küçədə olduqlarını gördüyünü, həmin zaman Veyisin sifət nahiyəsindən qan gəldiyini gördüyünü və ondan “sənə nə olubdur” soruşduğunu, Veyisin də ona onu oğlu Mərhəmətin vurduğunu bildirdiyini, bu vaxt özü, qardaşları Elsevər, Üzeyir, qohumu Samir və böyük oğlu Məhəmməd onları sakitləşdirmək istədiklərini, lakin Əflatun və Vüsal əsəbi formada qışqıraraq ona və oğlu Məhəmmədin üzərinə hücum çəkdiklərini, bu vaxt qardaşlarının Vüsal və Əflatunu onlardan kənara çəkdiklərini, bundan sonra Vüsal əmisi Əflatunun idarə etdiyi VAZ 2107 markalı avtomobilinə əyləşib oğlu Məhəmmədin üzərinə sürən zaman Məhəmmədin kənara çəkildiyini və avtomobilin ona dəymədiyini, bundan sonra Vüsal və Əflatun aralanıb getdiklərini, Veyisin aldığı xəsarətlə bağlı Ağdaş RMX-na müraciət etdiyini və həmçinin də Ağdaş RPŞ-nə müraciət edərək oğlu Mərhəmətin onu vurmasını bildirməsini sonradan eşitdiklərini, həmçinin özünün də oğlundan soruşanda oğlunun ona yuxarıda qeyd etdiyim kimi, hadisənin necə baş verdiyini bildirdiyini, mübahisə zamanı Vüsal və Əflatuna heç bir xəsarət yetirmədiklərini, həmçinin də Vüsal və Əflatunun da onlara heç bir xəsarət yetirmədiklərini, hadisə baş verən zaman Veyis və Mərhəmətin yanında olmadığını, həmin vaxtı orada ümumiyyətlə heç kim olmadığını, Veyis və Mərhəmətin orada ikisi olduğunu, lakin Mərhəmətin onlara Veyisi yumruqla vuraraq xəsarət yetirdiyini bildirdiyini, Mərhəmətin əlində hər hansı bir dəmir parçası və ya beşbarmaq olmadığını bildirdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində Şahid3 onun qardaşı olduğunu və onunla qonşuluqda yaşadığını, Müşfiqin iki oğlan övladı olduğunu, birinin adının Məhəmməd, digərinin adının isə Mərhəmət olduğuun, Mərhəmətin Müşfiqin balaca oğlu olduğunu, xx.xx.2021-ci il tarixdə gecə evdə yatdığını, həmin vaxt gecə saat təxminən 01:10 radələri olduğunu, küçədən səs küy gəldiyini gördüyünü, həmin zaman küçəyə çıxdığını və qardaşı Müşfiq, onun oğlu Məhəmməd, qardaşı Üzeyir, qardaşı Elsəvər, əmisi oğlu Samirin küçədə olduqlarını gördüklərini, bu vaxt Veyisin əmisi oğlu Vüsal və atası Əflatunun orada olduqlarını və mübahisə etdiklərini gördüklərini, həmin vaxt Mərhəmətlə Veyisin dalaşdıqlarını bildiyini, həmin vaxtı Mərhəmətin Veyisi yumruqla vurub xəsarət yetirdiyini bildiyini, buna görə də Veyisin atası Əflatun və əmisi oğlu X1 çağırmaq və ondan Veyisi nə səbəbə vurmasını bilmək üçün gəldiklərini, bu vaxt Müşfiqin onları sakitləşdirmək istədiyini, lakin Əflatun və Vüsalın əsəbi formada qışqıraraq Müşfiqin və onun oğlu Məhəmmədin üstünə hücum çəkdiklərini, bu vaxt onları sakitləşdirdiklərini, bundan sonra Vüsalın Əflatunun idarə etdiyi VAZ 2107 markalı avtomobilinə əyləşib Məhəmmədin üzərinə sürən zaman Məhəmməd kənara çəkildiyini, lakin avtomobilin Məhəmmədə dəymədiyini, bundan sonra onlar aralanıb getiklərini, sonra da Veyisin aldığı xəsarətlə bağlı Ağdaş RMX-na müraciət etdiyini, həmçinin də Ağdaş RPŞ-nə müraciət edərək Mərhəmətin onu vurmasını bildirməsini eşitdiklərini, Şahid1 izahatında Mərhəmətin Veyisi vurduqdan sonra Mərhəmətin Veyisi nə səbəbə vurduğunu bilmək üçün Mərhəmətin atası Müşfiqin yaşadığı evin qarşısına gedən zaman orada yaranmış mübahisə zamanı kiminsə onu itələdiyini və bədəninin müxtəlif nahiyələrindən xəsarət aldığını bildirməsi barədə Vüsalın yalan dediyini, Vüsalı vurmadıqlarını, ona heç bir xəsarət yetirmədiklərini, Veyis İbrahimovun ifadəsində Təqsirləndirilən şəxs onu dəmir beşbarmaqla vuraraq ona xəsarət yetirməsini bildirməsi barədə özünün hadisə baş verən zaman orada olmadığını, lakin Mərhəmətin onlara Veyisi yumruqla vuraraq xəsarət yetirdiyini, onun əlində hər hansı bir dəmir parçası və ya beşbarmaq olmadığını bildirdiyini bildirdi. İş üzrə Şahid5 Fəhrad oğlu məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs onun balaca oğlu olduğunu, xx.xx.2021-ci il tarixdə saat təxminən 22:00 radələrində evdə olduğunu, həmin vaxtı qardaşı oğlu Vüsalın da onlarda olduğunu, həmin vaxtı Vüsal, özü və Veyisin evin həyətində söhbət etdiklərini, bu zaman Veyisə zəng gəldiyini və Veyisin telefonla danışa-danışa onlardan uzaqlaşdığını, təxminən 2-3 dəqiqə sonra yenidən onların yanına qayıtdığını, Veyisdən kiminlə danışdığını soruşduqda Veyisin onlara Müşfiqin oğlu Mərhəmətin ona zəng etdiyini bildirdiyini, ondan nə dediyini soruşduqlarını və Veyisin onlara “Mərhəmət mənə Əkrəmin otunu bağla” deyə söylədiyini, ona Əkrəmlə danışdığını bildirərək bir gün sonra bağlayacağını bildirdiyini, bu vaxt Mərhəmətin onu təhqir etdiyini bildirdiyini, Veyisə Mərhəmət onu çağırarsa tək getməməyini tapşırdıqlarını, lakin buna baxmayaraq Veyisin küçəyə çıxdığını telefonla küçədə danışdığını zənn etdiklərini, bundan təxminən 2 saat sonra Veyisin Vüsala zəng edərək “özünü mənə çatdır, məni öldürürlər” deyə söylədiyini, Vüsalda ondan harda olduğunu soruşduğunu, Veyis Vüsala kənddə məscidin yaxınlığında olduğunu bildirdiyini, Vüsalın dərhal həmin yerə getdiyini və oğlum Veyisin üzgözünün qan içərisində olduğunu gördüyünü, daha sonra Veyislə birlikdə evə gələn zaman özü və oğlu Əhməd küçəyə çıxanda Veyisin üz nahiyəsindən qan gəldiyini gödüyünü, həmin vaxt Veyisin onlara Mərhəmətin onu beşbarmaq adlanan dəmir ilə vurduğunu, bundan sonra Veyis, özü, Vüsal və digər oğlu Əhmədin Mərhəmətin atası Müşfiqin yaşadığı evə getdiklərini, Veyislə Vüsalın qabaqda özü və oğlu Əhmədlə onların arxası ilə getdiklərini, Müşfiqin yaşadığı evə çatan zaman onun yaşadığı evin giriş qapısının önündən keçən küçədə Müşfiq, onun böyük oğlu Məhəmmədin və qardaşlarının toplaşdığını gördüklərini, Müşfiqə “bu uşağın nə halda olduğuna bax, bu nədir belə” deyə söylədiklərini, Müşfiqin də onlara “sənin burda nə işin var” deyə söylədiyini, bu zaman Müşfiq və onun yanında olan şəxslərin onların üzərinə gəldiyini, Vüsalın həmin vaxt Veyisi qorumaq üçün onun qarşısına keçdiyini, həmin vaxt yaranmış qarışıqılıq zamanı Vüsalın bədəninin müxtəlif nahiyələrindən xəsarət aldığını, sonra Vüsalın onlara həmin vaxt onu Müşfiq vurduğunu dediyini, bundan təxminən 4-5 dəqiqə sonra birlikdə Veyisi xəstəxanaya apardıqlarını, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs dava dalaş edən zaman orada olmadığını, dava dalaş zamanı orada Veyis və Mərhəmətdən başqa heç kim olmadığını, həmin vaxtı Veyisi Mərhəmət beşbarmaq adlanan dəmirlə vurub xəsarət yetirdiyini, özü və ailə üzvülərinin Mərhəmət və onun ailəsi ilə hər hansı bir düşmənçilikləri və ədavət olmadığını bildirdi. İş üzrə Şahid6 məhkəmə iclasında Şahid5 Fəhrad oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın xx.xx.2021-ci il tarixli 522 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol göz almasının ağır kontuziyası, sol gözün torlu qişasına qansızma, qopma , sol almacıq nahiyəsinin yarası, sol ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla (25 %) əhəmiyyətli dərəcədə dayanıqlı itirlməsinə səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin yumruqla və yaxud dəmirlə vurulması zamanı əmələ gəlməsini konkret olaraq müəyyən etmək mümkün deyil. İş üzrə Zərərçəkmiş şəxs, vəkili və nümayəndəsi Nümayəndə vəsatəti əsasında keçirilmiş təkrar məhkəmə-tibb ekspertizanın xx.xx.2022-ci il tarixli T79/2022 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz almasının kontuziyası, sol gözün torlu qişasına qansızma və qopma, sol almacıq nahiyəsinin əzilmiş yarası, sol ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla (30%) dayanıqlı itirlməsinə səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddir. Zərərçəkmiş şəxs sifətində aşkar edilən xəsarəti xəsarət nahiyəsində xəsarət yetirilən alətin individual xüsusiyyətləri əks olunmadığından onun beşbarmaqla vurulmasının mümkün olub-olmaması haqqında dəqiq fikir söyləmək mümkün olmadı. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmır. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs ilə iş üzrə Zərərçəkmiş şəxs arasında Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən yonca sahəsinin Zərərçəkmiş şəxs tərəfindən yarımçıq biçilməsi, bunun torpaq sahəsinin suvarılmasına maneçilik törətməsi səbəbindən telefonda mübahisə baş vermiş, Zərərçəkmiş şəxs özü zəng edərək Təqsirləndirilən şəxs aralarında baş vermiş mübahisəni araşdırmaq üçün dəvət etmiş, hadisə gecə saat 00:14 radələrində kənd məscidinin yerləşdiyi küçədə baş vermiş, hadisə yerində kənar şəxslər olmamış, heç kimin rahatlığı pozulmamış, Təqsirləndirilən şəxs kənar şəxslərə qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiqləmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyəti olmamış, habelə o, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakılar üçün təhlükə, qorxu və narahatçılıq yaradan hərəkətlərə yol verməmiş, aralarında baş vermiş mübahisənin davamı olaraq Zərərçəkmiş şəxs ona bir neçə dəfə yumruq atdıqdan sonra bir dəfə vuraraq ona sağlamlığına az ağır zərər vuran xəsarət yetirmişdir. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsinin və Ali Məhkəmənin Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Hazırkı işin də faktiki halları Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törədildiyini göstərir. Təqsirləndirilən şəxs xuliqanlıq niyyətinin və xuliqanlıq davranışının olmaması ictimaitəhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq Zərərçəkmiş şəxs qarşı yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərərin vurulmadığını göstərir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş verən və birincinin digərinin sifət nahiyyəsinə vuraraq sağlamlığına az ağır zərər yetirməsi ilə nəticələnmiş münaqişə şəxsi münasibətlər zəminində baş verdiyindən Təqsirləndirilən şəxs əməlində qərəzli xuliqanlıq cinayətinin tərkibi mövcud deyildir. Məhkəmə hesab edir ki, şərh olunan vəziyyətdə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Təqsirləndirilən şəxs istinad edilən əməldə şəxsi münasibətlər zəminində başlanmış mübahisə zamanı qəsdən sağlamlığa az ağır zərər vurma, yəni Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi müəyyən olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləiklə məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayətləri törətmişdir, vurduğu ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verillməli və o Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 madədsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar