Məhkəmə qərarları › İş №1(014)-61/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-61/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-61/2022 14.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X4 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Ağdaş rayonunda anadan olmuş, orta təhsilli, evli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökmə əsasən məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağdaş rayonu Yuxarı Ləki kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 iyun 2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəls ilə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə 01 ədəd sellofan torbada, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi-923,86 qram olan 825 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 98,86 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hisslərini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış və həmin narkotik vasitə və çətənə (kannabis) bitkisinin hissləri xx.xx.2022-ci il tarixdə saat 17:45 radələrində ünvan 2 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində evli olduğunu və iki övladının olduğunu, hər iki övladının yertkinlik yaşına çatdığını, özünmün və yaxın qohumlarının heç birinin ruhi-əsəb xəstəliyinin olmadığını, narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər narkotik maddələrin istifadəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunduğunu, sonuncu dəfə 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, cəzasının hələki icraya yönəlmədiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Ağdaş şəhəri M.İsayev küçəsində olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitənin olması və qəbul etməsi barədə məlumatlarının olmasını bildirdiklərini və onu Ağdaş RPŞnə dəvət etdiklərini, daha sonra polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və bundan sonra şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin qarın hissəsindən 01 ədəd sellofan torba, əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd göy rəngli “Nokia” markalı mobil telefon və əynində olan boz rəngli şalvarın sağ yan cibindən 05 ədəd 10 qəpiklik pul sikkələrinin aşkar olunduğunu, daha sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan torbanın açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyə malik narkotik maddəyə bənzər bitki kütləsi aşkar edildiyini, həmin bitki kütləsinin qurudulmuş marixuana olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, həmin 01 ədəd sellofan torbanın “Eurolüx” markalı elektron tərəzidə çəkilərkən çəkisinin 976 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 01 ədəd sellofan torbanın qablaşdırılaraq, üzərinə DİNnin 111 nömrəli möhürünün vurulduğunu, onun və digər iştirakçıların həmin zərfə imza etdiklərini, həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd göy rəngli “Nokia” markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürünün vurulduğunu, onun və digər iştirakçıların həmin zərfə də imza etdiklərini, şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə aparıldığını, bu barədə protokol tərtib olunduğunu, daha sonra onun yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evə müdafiəçimin iştirakı ilə baxış keçirildiyini və axtarış aparıldığını, lakin yaşadığı evdən hər hansı qanunsuz əşya aşkar edilmədiyini, üzərindən aşkar olunmuş qurudulmuş marixuananı təxminən 5-6 ay öncə Ağdaş rayonu Yuxarı Ləki kəndindən keçən “Türyançay” çayının kənarından yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından yığaraq qurutduğunu, həmin qurudulmuş marixuananı özü istifadə etməsi üçün yaşadığı evdə saxladığını, sonradan yerinin dəyişilməsi üçün üzərində götürərək Ağdaş şəhərinə gələn zaman polis əməkdaşlarının onu saxladıqlarını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, onda başqa heç bir yerdə narkotik vasitə omadığını göstərmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Yuxarı Ləki kəndində qeydiyyatda olan xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞnə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 17:00 radələrində CAB-nin əməliyyat müvəkkili, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.İsayev küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, Əhmədiyəyə yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Əhmədiyənin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Əhmədiyənin əynində olan qara rəngli qış gödəkcəsinin qarın hissəsindən 01 ədəd sellofan torba, əyinində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd göy rəngli “Nokia” markalı mobil telefon və həmin şalvarın sağ yan cibindən 05 ədəd 10 qəpiklik pul sikkələrinin aşkar olunduğunu, daha sonra Əhmədiyənin üzərindən aşkar edilmiş sellofan torbanın açıldığını və içərisindən yaşıl rəngli, kəskin iyə malik narkotik tərkibli bitki kütləsinə bənzər bitki kütləsinin aşkar edildiyini, aşkar edilmiş sellofan torbanın elektron tərəzidə çəkildiyini və çəkisinin 976 qram olduğunu, daha sonra Əhmədiyənin üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbanın qablaşdırılaraq üzərinə DİN-in 111 nömrəli möhürünün vurulduğunu, həmçinin Əhmədiyənin üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Nokia” markalı mobil telefonun da kğız zərfə qablaşıdırılaraq üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, şəxsi axtarışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunaraq ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, bundan sonra müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evə baxış keçirildiyini və axtarış aparıldığını. baxış zamanı Təqsirləndirilən şəxs evindən qanunsuz olaraq saxladığı hər hansı bir əşyanın aşkar edilmədiyini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni təxminən 5-6 ay öncə Türyançay çayının kənarından yığaraq qurutduğunu, həmin qurudulmuş bitki kütləsini özü istifadə etmək üçün yaşadığı evdə saxladığını və sonradan həmin bitki kütləsinin yerini dəyişdirmək üçün üzərində saxlayaraq daşıdığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-nə heç bir məlumatın daxil olmadığını, Əhmədiyənin üzərinə şəxsi axtarış keçirilən zaman orada müdafiəçi və polis məkdaşlarının olduğunu göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 07 mart 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 17:45-dən saat 18:04-ə dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun əynində olan qara rəngli qış gödəkçəsinin qarın hissəsindən 01 ədəd sellofan torba aşkar olunmuş, əynində olan şalvarın sol yan cibindən göy rəngli NOKİA markalı mobil telefon və həmin şalvarın sağ yan cibindən 05 ədəd 10 qəpiklik pul sikkəsi aşkar edilmiş, aşkar edilmiş 01 ədəd sellofan torba açılaran zaman içərisindən kəskin iyli yaşıl rəngli bitki kütləsi aşkar olunmuş, həmin aşkar olunmuş bitki kütləsi elektron tərizədə çəkilmiş, çəkisi 976 qram olmuş, həmin bitki kütləsi qablaşadırılaraq üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, həmçinin şəxsi axtarış zamanı aşkar edilmiş NOKİA markalı mobil telefonda kağız zərfə qabşaldırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 08 mart 2022-ci il tarixli 17/216 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş....” sözləri yazılmış göy rəndli sellofan torbanın içərisindəki 01 ədəd qara rəngli sellofan torbada: -22 (iyirimi iki) ədəd, hündürlükləri 21 sm-dən 102 sm-dək, quru vəziyyətdə, ümumi təmiz çəkisi-98,86 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir, -həmçinin təmiz çəkisi- 825 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 633 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdəbn istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən su-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş rayonu Yuxarı Ləki kənd icra nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş rayon İHB-nın Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli 68 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Yuxarı Ləki kəndində yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: X1-həyat yoldaşı və X3r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 mart 2022-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 17:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-18/2022 saylı 27 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədovun 25 aprel 2022-ci il tarixli c/1-871 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-18/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü üzrə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-18/2022 saylı xx.xx.2021-ci il tarixli hökmü üzrə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası icra olunmamış qalmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəlar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunmamasını, yetərli olmamasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günə bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulmalı, həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan yəni 07 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 98,42 qram çətənə (kannabis) bitkisi və 824,95 qram marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi Abdulhüsen oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi Abdulhüsen oğlunun məhkəmədə göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Hüquqi yardıma görə 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesablanmaqla 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulsun. Həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan yəni, 07 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 98,42 qram çətənə (kannabis) bitkisinin hissəcikləri və 824,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs 35 manat 97 qəpik (altmış doqquz manat on qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: N.M.Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar