Məhkəmə qərarları › İş №1(014)-61/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-61/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-61/2024 15.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi - Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs (mülki iddiaçı)- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə Ağdaş rayonu, Nehrəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olması ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 18 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində özünə məxsus idarə etdiyi VAZ 2101 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş-Ləki avtomobil yolunda Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisindən keçən, kənd daxili asfalt yolda Ağdaş rayonu, Yuxarı Ləki kəndindən Ağdaş rayonuna doğru hərəkətdə olan zaman “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək ehtiyatsızlıqdan, yolun sol səkisindən piyada keçidinə daxil olaraq sürücünün hərəkəti istiqamətində soldan sağa doğru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin sol ön hissəsi ilə vuraraq onun sağ bud sümüyünün aşağı 1/3-nin qəlpəli yerini dəyişmiş sınığı, sol körpücük sümüyünün distal ucunun yerdəyişməyən sınığı, sağ diz oynağında hərəkətlərin tam məhdud olması, sağ bud çanaq oynağında hərəkətlərin nisbi məhdudluğu kimi ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vuran xəsarətlər alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus VAZ 21011 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili, həmçinin nəqliyyat vasitəsini idarə etmək üçün B və C kateqoriyalı sürücülük vəsiqəsi var. Həmin avtomobil ilə gündəlik taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Rəsmi olaraq iş yeri və gəliri yoxdur, 2-ci qrup əlilliyə görə pensiya alır. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:30 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən çayxanadan yaşadığı Ağdaş rayonu, Nehrəxəlil kəndinə gələrkən Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisindən keçən asfalt yolda özünə məxsus avtomobil ilə “Halal” marketin qarşısıında asfalt yolda təxminən 40-50 km/saat sürətlə hərəkətdə olarkən, ondan təxminən 25-30 metr məsafədə avtobusun dayanmış və avtobusdan sərnişin düşməsini görmüşdür. Həmin sərnişinin təxminən 30-35 yaşlarında bir qadın idi və həmin qadının yolu keçməsini görmüşdür. Özünə məxsus avtomobil ilə hərəkətdə olan zaman anidən həmin qadın qaça-qaça onun idarə etdiyi avtomobilin üzərinə gəlməsini görmüş və buna görə də dərhal əyləci sıxmış, lakin hadisənin qarşısını ala bilməmişdir. Bu zaman həmin qadının anidən onun idarə etdiyi avtomobilin sol ön tərəfinə çırpılmış və bunun təsirindən yerə yıxılmışdır. Dərhal avtomobilindən düşərək həmin şəxsə yaxınlaşmış və həmin vaxt qadının Yuxarı Ləki kənd sakini olmasını görmüş, lakin adını bilməmişdir. Həmin vaxt piyadanın huşu özündə olmuş, ondan nə baş verdiyini soruşmuş və mobil telefonunu axtarmağa başlamışdır. Bundan sonra təcili tibbi yardıma zəng etmişlər və piyadanı xəstəxanaya aparmışlar. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları ilə hadisə yerinin müayinəsində iştirak etmişdir. Hadisənin baş verməsinə səbəb piyadanın qaçaraq yolu keçmək istəməsi və onun həmin piyadanı görməməsi olmuşdur. Piyada anidən qaçaraq yolun hərəkət hissəsinə çıxdığı üçün hadisənin qarşısını almaq üçün heç bir imkanı olmamış, hadisədən əvvəl spirtli içki qəbul etməmiş və bununla bağlı həkim müayinəsindən keçmişdir. Avtomobilində ondan başqa heç kim olmamış, hadisə baş verən zaman avtomobilində yük olmamışdır. Hadisədən əvvəl avtomobili 40-50 km/saat sürətlə idarə etmişdir. Hazırda əməlindən səmimi peşmandır, qan xəstəsi olmasını. Hepatit C xəstəliyindən əzab çəkməsinin, İİ qrup əlil olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, hadisə baş verən gün ona qan köçürülməsi üçün pul lazım olduğundan fikirli olmuşdur. O, dərhal zərərçəkmiş şəxsə yardım göstərib başının altına yasdıq qoymuşdur. Daha sonra onunla xəstəxanaya getmiş, yaxınları ilə razılaşmışdır ki, xəstəxana xərclərini çəksə ondan şikayətçi olmayacaqlar. O, Nərgiz xəstəxanada yatdığı müddətdə ona 2500 manat, xəstəxanadan çıxdıqdan sonra isə 500 manat pul xərcləmişdir. Sonra isə bir neçə dəfə evində onu ziyarət etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır, onunla əvvəllər aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 18 oktyabr 2023-cü il tarixdə təxminən saat 18:30 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisində yerləşən “Halal” marketin qarşısında yolun əks tərəfində avtobusdan düşmüş və yolun əks tərəfində yerləşən “Halal” marketə getmək üçün yolun hərəkət hissəsində yerə çəkilimiş piyada zolağına daxil olmuş və bu zaman yolun hərəkət hissəsində avtomobillərin hərəkət etməsini gördüyü üçün həmin yol ilə Ağdaş rayonu, Yuxarı Ləki kəndində Bakı-Qazax avtomagistral yolu istiqamətində hərəkətdə olan avtomobili gözləmiş, lakin həmin avtomobilin sürücüsü piyada keçidinə təxminən 2-3 metr qalmış avtomobili saxlayaraq ona yol vermiş, buna görə də piyada keçidi ilə hərəkətini davam etdirdirmişdir. Bu zaman üzü Ağdaş şəhəri istiqamətində hərəkətdə olan avtomobilin sürücüsü piyada keçidinin üzərində onu idarə etdiyi avtomobilin sol ön hissəsi ilə vurmuş, zərbənin təsirindən bir neçə metr kənara yolun hərəkət hissəsində asfaltın üzərinə düşmüşdür. Daha sonra ətrafda olan şəxslər ona yaxınlaşaraq səhhəti ilə maraqlanmışlar və sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və onu Ağdaş rayon mərkəzi xəstəxanasına aparmışlar. Daha sonra müalicəsi Ağdaş rayon xəstəxanasında davam etmiş, hazırda da yaşadığı evdə müalicəsini davam etdir, səhhəti hələ də düzəlməmişdir. Hadisənin baş verməsinə səbəb idarə etdiyi avtomobil ilə onu vuran sürücü Təqsirləndirilən şəxs diqqətsizliyi və məsuliyyətsizliyi olmuşdur. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Zərərçəkmiş şəxs bildirdi ki, hadisədən sonra Təqsirləndirilən şəxs ona köməklik göstərmiş, ona 2500 manat pul ödəmiş, o, təqsirləndirilən şəxsdən ona dəymiş maddi və mənəvi zayana görə 8504 manat tələb edir, o, xəstə yatdığı dövrdə iş yerini itirmiş, hər ay 400-450 manat əmək haqqı almış, ona baxması üçün adam tutub 6 ay ərzində ona hər ay 300 manat pul ödəmiş, fizioterapiyaya gedib pul ödəmiş, onun ayağında çoxsaylı sınıqlar var bu səbəbdən sağalması uzun müddət çəkəcək. Baxıcıya verdiyi pullar və ya baxıcı ilə bağlı, həmçinin işlədiyi yerdən işləməsi ilə bağlı heç bir sübut təqdim edə bilmir. Eyni zamanda xəstəxanada müalicə alsa da həmin xəstəxanaya ödənişlər etməsinə dair hazırda əlində heç bir sübutu yoxdur. Ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinə yerinə baxış keçirilməsi haqqında 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Ağdaş-Ləki avtomobil yolunun Ağdaş rayonu, Yuxarı Ləki kəndindən keçən hissəsində asfalt yoldur. Yol asfalt-beton örtüklüdür, düz və qurudur, yolda 02 hərəkət istiqaməti və 02 hərəkət zolağı vardır. Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlama xətti və yerə çəkilmiş piyada zolağı vardır. Hadisə baş vermiş yolun hərəkət hissəsinin ümumi eni 7.10 metr, hərəkət hissəsində yolun eni 3.60 metrdir. Yolun hər istiqamət üzrə sağ və sol tərəflərindən asfalt səki ilə birləşir, həmin səkinin enləri müxtəlif yerlərdə dəyişir. Vaz 21011 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü Ağdaş şəhəri istiqamətində yolun hərəkət hissəsində, piyadının vurulduğu yerdən 2.30 metr, orta xəttdən 1.5 metr, sürücünün hərəkəti istiqamətində yolun sol kənarından 5 metr məsafədə dayanmışdır. Piyadanın vurulduğu yer sürücünün hərəkəti istiqamətində yolun sol tərəfindən piyada zolağına daxil olaraq 4.20 metr məsafə qət etdikdən sonra VAZ21011 markalı avtomobilin hərəkət zolağında və yolun hərəkət hissəsindədir. İş materiallarında olan “01 ədəd diskə baxış keçirilməsi haqqında” 19 oktyabr 2023cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs yolun əks tərəfinə keçmək çün piyada zolağına daxil olmuş, həmin vaxt üzü Ağdaş rayonu, Orta Ləki kəndi istiqamətində gələn avtomobilin sürücüsü piyadanın piyada zolağına daxil olduğunu görərək avtomobili saxlamış, bundan sonra Zərərçəkmiş şəxs hərəkətinə davam edərək piyada zolağının üzəri ilə bir qədər hərəkət etmiş, bu zaman üzü Ağdaş şəhəri istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ21011 markalı avtomobili saxlamayaraq piyada zolağının üzərində Zərərçəkmiş şəxs avtomobilin sol ön hissəsi ilə vurmuş, Zərərçəkmiş şəxs zərbənin təsirindən avtomobildən bir neçə metr kənarda asfalt yolun üzərinə düşmüş, bundan sonra Təqsirləndirilən şəxs avtomobildən düşərək yaxınlıqda olan və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə birlikdə Nərgiz Hacıyeaya yaxınlaşmışdır. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən alınmış “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 18 oktyabr 2023-cü il tarixli 425 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs sərxoş deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 30 dekabr 2023-cü il tarixli 8/3679 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: VAZ 21011 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onların hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2023-cü il tarixli 492 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızının bədənində aşkar olunan xəsarətlər sağ bud sümüyünün aşağı 1/3-nin qəlpəli yerini deyişmiş sınığı, sol körpücük sümyünün distal ucunun yerdəyişməyən sınığı, sağ diz oynağında hərəkətlərin tam məhdud olması, sağ bud çanaq oynağında hərəkətlərin nisbi məhdudluğu, küt alət təsirəndən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla dayanıqlı itirilməsinə səbəb olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər hərəkətdə olan avtomobillə piyadanın toqquşması zamanı əmələ gələ bilərlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş RMX-na verilmiş sorğuya verilən cavabdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Ağdaş RPŞ-nin DYPB-nə verilmiş sorğuya alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına B və C kateqoriyalı, BC 262455 seriyalı, xx.xx.2033-cü il tarixədək müddəti olan sürücülük vəsiqəsi vardır və sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan Ağdaş RPŞ-nin DYPB-nə verilmiş sorğuya alınmış cavabdan görünür ki, Ağdaş-Ləki avtomobil yolunun Ağdaş rayonu, Yuxarı Ləki kəndindən keçən asfalt yolda maksimum sürət həddi 60 km/saat-dır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X5 və oğlu X7 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan portaldan əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hepatit C xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Ağdaş Rayon Mərkəzi X8 şəxsin 01 may 2024-cü il tarixli məktubundan görünür ki, Ağdaş rayonu, Yuxarı Ləki kənd sakini, xx.xx.1990-cı il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə TTTYS briqadası tərəfindən Təcili yardım bölməsinə “Sağ bud sümüyünün orta 1/3-nin yerdəyişən və qəlpəli sınığı. Döş qəfəsinin əziyi. Hər iki çiyinin əziyi” diaqnozları ilə gətirilmiş, ilkin tibbi yardım göstərilmiş, Reanimasiya şöbəsinə “Burmaaltı sınıq. Sağ bud sümüyünün aşağı 1/3-nin yerinidəyişmiş qəlpəli sınığı. Sol körpücük sümüyünün distal ucunun yerdəyişməyən sınığı” diaqnozları ilə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə müalicəsinin davam etdirilməsi üçün köçürülmüş, xx.xx.2023-cü il tarixdə TTTYS briqadasının nəzarətində nisbi yaxşılaşma ilə ambulator müayinəyə göndərilmişdir. 18.01,2024-cü il tarixdə həkimcərraha müraciət etmiş, həkim təyinatı ilə Fizioterapiya şöbəsində 18.01,2024-cü il və 22.01,2024-cü il tarixlərdə “Masaj (15 dəqiqə)”, 23.01,2024-cü il, 24.01,2024-cü il, 25.01,2024-cü il, 26.01,2024-cü il, 27.01,2024-cü il, 29.01,2024-cü il, 30.01,2024-cü il, 31.01,2024-cü il və xx.xx.2024-cü il tarixlərdə “Parafin applikasiyası (1 nahiyə), Masaj (15 dəqiqə)” xidmətlərindən istifadə etmiş, xx.xx.2024-cü il tarixdə həkim- travmatoloqa “Burmaaltı sınıq. Oynaqda ağrı” diaqnozları ilə növbəti müayinəsi üçün müraciət etmişdir. X3 göstərilmiş stasionar və ambulator tibbi xidmətlər “İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi”nə daxildir. X1 ona göstərilmiş tibbi xidmətlərə görə Ağdaş RMX PHŞ-yə ödəniş etməmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Əhmədiyyə qızı müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərəri azaltmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini həmin Məcəllənin 59.1.14cü maddəsinə əsasən, cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİ qrup əlil olmasını, hepatit C xəstəliyindən əziyyət çəkməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, eyni zamanda, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Məhkəmə təqdim olunmuş mülki iddiya münasibətdə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiasında qeyd etdiyi tələblərlə bağlı məhkəmə iclasında hər hansı sübut təqdim etmədiyindən iş üzrə mülki iddia baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə (mülki cavabdehə) qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə maddi sübutlar- 01 ədəd VAZ21011 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saxlanılması nəzələ alınmalı, 01 ədəd CD disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi- məhkəmə ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.(Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 saat 30 dəqiqə iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı olan) hesabına 93 (doxsan üç) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia baxılmamış saxlnılsın. Zərərçəkmiş şəxsə (mülki iddaçıya) cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə maddi sübutlar- 01 ədəd VAZ21011 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs saxlanılması nəzələ alınsın, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 15 saat 30 dəqiqə iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı olan) hesabına 93 (doxsan üç) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar