Məhkəmə qərarları › İş №1(014)-62/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-62/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-62/2022 14.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxxx 1989-cu ildə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan, barəsində 11 mart 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2, 332.3 və 338.1-ci maddələri ilə təqsirli bilinib 13 il müddətinə azaldlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən ilə xx.xx.2020-ci il tarixli qanunun tətbiqi ilə cəzası 12 il 04 aya endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmış, məhkumluğu ödənilmədən və ya götürülmədən naməlum vaxtda və şəraitdə 01 ədəd mavi rəngli polietilen torbada, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 955 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış və həmin narkotik vasitə 09 mart 2022-ci il tarixdə, saat 15:43 radələrində ünvan 1 ünvanda yerləşən Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində bildirdi ki, 09 mart 2022-ci il tarixdə Ağdaş Rayon Polis Şöbəsində şəxsi axtarış zamanı üstündən aşkar edilərək götürülmüş bir kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana ona məxsus deyildir, həmin narkotk vasitə üzərinə polis əməkdaşları tərfindən qoyulmuş və daha sonra etirafedici ifadə verməyə məcbur edilmişdir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək, məsuliyyətdən yayınmaq məqsədi daşıyır, onun ifadəsi ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri və məhkəmə iclasında araşdırılmış digər sübutlarla təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, iş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmiş və ifadəsində xx.xx.2022-ci il tarixdə, təxminən saat 15:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində piyada yol ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin qarın hissəsindən 01 ədəd sarı rəngli sellofan torba, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “fly” markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş sarı rəngli sellofan torba açıldığını və içərisindən göy rəngli sellofan torba aşkar edildiyini, həmin göy rəngli sellofan torba açılan zamanı isə içərisindən yaşıl rəngli kəskin iyli bitki kütləsi aşkar edildiyini, həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olmasını və özü istifadə etmək üçün üərində saxladığını bildirdiyini, bundan sonra aşkar edilmiş bitki kütləsi elektron tərəzidə çəkildiyini və zərfə qablaşdırıldığını, daha sonra aşkar edilmiş mobil telefonunun da iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, üzəridən aşkar edilmiş narkotik vasitəni 2021-ci ilin sentyabr ayında Ağdaş rayonu, Orta Ləki kəndinin çöl ərazisində yabanı hada bitən narkotik tərkibli çətənə bitkisinin yarpaqlarından yığıb özü istifadə etmək üçün saxladığını, heç vaxt heç kimdən narkotik maddə almadığını və heç bir kəsə narkotik vasitə satmadığını bildirmişdir. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 08 mart 2022-ci il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 15:00 radələrində Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.İsayev küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞnə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin qarın hissəsindən 01 ədəd sarı rəngli sellofan torba, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “fly” markalı mobil telefon və ona məxsus şəxsiyyət vəsiqəsi aşkar olunduğunu, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sarı rəngli sellofan torba açıldığını və içərisindən göy rəngli sellofan torba aşkar edildiyini, həmin göy rəngli sellofan torba açılan zaman isə içərisindən yaşıl rəngli kəskin iyli bitki kütləsi aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olmasını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, aşkar edilmiş bitki kütləsinin elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, aşkar edilmiş mobil telefonun da iş üçün əhəmiyət kəsb edə biləcəyindən zərfə qablaşdırıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 2021-ci ilin sentyabr ayında Ağdaş rayonu, Orta Ləki kəndinin çöl ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkisinin yarpaqlarından yığıb özü istifadə etmək üçün saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə Ağdaş RPŞ-nə heç bir məlumat daxil olmadığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/223 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri yazılmış sarı rəngli sellofan torbanın içərisindəki 01 ədəd mavi rəngli polietilen torbada təmiz çəkisi 955 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 529 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinodilərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin qarın hissəsindən 01 ədəd sarı rəngli sellofan torba, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “fly” markalı mobil telefon və ona məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sarı rəngli sellofan torba açılmış və içərisindən göy rəngli sellofan torba aşkar edilmiş, həmin göy rəngli sellofan torba açılan zamanı isə içərisindən yaşıl rəngli kəskin iyli bitki kütləsi aşkar edilmiş, aşkar edilmiş bitki kütləsi elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2, 332.2, 338.1, 66.3-cü maddələri ilə 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 12 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli Qanun tətbiq edilərək cəzası 12 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhmum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli cinayətin sadə residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırki cinayət işi üzrə şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 09 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 954.95 qram qurudulmuş marixuana məhv edilməli, 03 ədəd CD diski cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 09 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik (otuz beş manat doxsan yeddi qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 954.95 qram qurudulmuş marixuana məhv edilsin, üç ədəd CD diski cinayət işində saxlanılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar