Məhkəmə qərarları › İş №1(014)-62/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-62/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-62/2025 29.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2006-cı ildə Ağdaş şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 15,57 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində saxlanıldıqdan sonra həmin tarixdə saat 00:41-dən 00:50-dək üstü yoxlanılan zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 15,57 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadə verməkdən və sualları cavablandırmaqdan imtina etdi. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq araşdırılmış və o, ibtidai istintaq zamanı ifadəsində göstəmişdir ki, o, təxminən 1 ilə yaxın müddətdir narkotik vasitə istifadə edir. 05 iyun 2025-ci il tarixdə təxminən saat 10 radələrində Ağdaş şəhəri, Maşad küçəsində olan zaman su arxının (kanal) kənarında-yerdə 01 ədəd sellofan büküm görmüşdür. Həmin bükümü yerdən götürmüş və açıb baxdıqda içərisində narkotik vasitə marixuana olmasını görmüşdür. Həmin bükümü gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. 06 iyun 2025-ci il tarixdə gecə saatlarında narkotik vasitəni başqa yerdə gizlətmək qərarına gəlmiş, bu səbəblə evdən çıxıb saat 00:40 radələrində Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi ilə piyada hərəkətdə olarkən sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin zaman polis əməkdaşları ona özlərində narkotik vasitələri üzərində saxlamağı və istifadə etməyi barədə məlumat olmasını, ona görə də baxış keçirilməsi zərurəti yarandığını bildirmiş, o da buna heç bir etiraz etməmişdir. O, qərarla tanış olunmuş, hüquq və vəzifələrinin əks olunduğu bildiriş təqdim edilmişdir. Ondan üzərində narkotik vasitələr saxlayıb-saxlamamağı soruşulmuş, o da üzərində özünün istifadə etməyi üçün narkotik vasitə olmasını bildirmişdir. Daha sonra o, qara rəngli idman şalvarının sol yan cibində gizlətdiyi içərisində narkotik vasitə marixuana olan 01 ədəd sellofan bükümü təqdim etmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşı tərəfindən həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 17 qram olması müəyyən edilmiş, 01 ədəd sellofan büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi qaydada onunla sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni Ağdaş şəhəri, Maşad küçəsində olan zaman su arxının (kanal) kənarında-yerdə tapdığını bildirmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmağı üçün polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə gəlmiş və Növbətçi Hissəyə təhvil verilmişdir. Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan 01 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmuş və üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. O, qara rəngli idman şalvarının sol yan cibindən hüquq və vəzilərinin əks olunduğu bildirişi təqdim etmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman başqa hər hansı əşya aşkar edilməmiş, daha sonra bildiriş geri qaytarılmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni 05 iyun 2025-ci il tarixdə təxminən saat 10 radələrində Ağdaş şəhəri, Maşad küçəsində olan zaman su arxının (kanal) kənarında-yerdə tapmış, gələcəkdə istifadə etmək üçün saxlamış, bu barədə kimsənin xəbəri olmamış, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, ifadəsinin alınmasında heç bir güc və ya psixoloji təzyiq tətbiq edilməmişdir. O, özünə məxsus “Honor 8C” markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 05 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs 06 iyun 2025-ci il tarixdə saat 00:41-də Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində saxlanılmış, özlərini təqdim etdikdən sonra o, əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, hüquq və vəzifələrinin izah olunması barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlamağı və istifadə etməyi barədə soruşulmuş, o, üzərində narkotik vasitə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan büküm təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 01 ədəd sellofan bükümün təxmini çəkisi 17 qram olması müəyyən edilmiş, daha sonra 01 ədəd sellofan büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni Ağdaş şəhəri, Maşad küçəsində yerləşən su arxının (kanal) kənarından-yerdən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, Növbətçi Hissəyə təhvil verilmiş, üstünün yoxlanılmasına dair protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhviltəslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən narkotik vasitə olan 01 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Ağdaş rayon Polis Şöbəsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli idman şalvarının sol yan cibindən hüquq və vəzilərin əks olunduğu bildirişi təqdim etmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman başqa hər hansı əşya aşkar edilməmiş, daha sonra bildiriş geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və rayon Polis Şöbəsinə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin KQ-nun FDHÜ kiçik inspektor-təlimatçısı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 06 iyun 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan büküm təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 17 qram olmuş, sonra həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs oğluna verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Ağdaş şəhəri, Maşad küçəsində yerləşən su arxının (kanal) kənarından-yerdən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan 06 iyun 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, 06 iyun 2025-ci il tarixdə saat 00:41-dən saat 00:50-dək olan müddət ərzində Ağdaş rayon Polis Şöbəsinin CAB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd sellofan bükümün qablaşdırıldığı kağız zərf təkrar açılaraq baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs sellofan bükümdə olan narkotik vasitənin özünə məxsus olmasını, həmin narkotik vasitəni Ağdaş şəhəri, Maşad küçəsində yerləşən su arxının (kanal) kənarından-yerdən tapmasını, ona qarşı heç bir fiziki zorakılıq olmamasını bildirmişdir. Video görüntüdən ibarət 1 ədəd DVD disk “HP” markalı kompüterə qoşularaq və sonra «My computer» pəncərəsində açıldıqda bir ədəd diskdə bir kadrda çəkilmiş video fayllar vardır. DVD diskə baxış zamanı «Windows-10» əməliyyat sisteminin «X8» proqramı vasitəsi ilə açılmış, ilkin olaraq DVD disk “HP” markalı kompüterin DVD- Romuna yerləşdirilmiş, daha sonra «My computer» pəncərəsində açıldıqda “00511” adlı video görüntü açılmışdır. 08 dəqiqə 25 saniyədən ibarət olan görüntü 01:21 dəqiqəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər bitki kütləsini təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 17 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Polis əməkdaşı həmin bitki kütləsinin nə olduğunu və hardan tapdığını soruşduqda Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Ağdaş şəhəri, Maşad küçəsində yerləşən su arxının (kanal) kənarından-yerdən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 06 iyun 2025-ci il tarixli 17/403 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik...” sözləri, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki digər 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 15,57 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazıranmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 iyun 2025-ci il tarixli, 955 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 14 iyun 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası 17 mart 1980-ci il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Qətimkan tədbiri seçilməsi və Müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 06 iyun 2025ci il tarixdə 00:41-dən 06 iyun 2025-ci il 18:30-a kimi həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısına əsasən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin 5 qram və ondan artıq hissəsi (500 qramadək) xeyli miqdar hesab edilir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə, iş materiallarına istinad edib Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində anası olmaqla ailənin yeganə qazanc gətirəni olmasını Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 iyun 2025-ci il tarixdə 00:41-dən 06 iyun 2025-ci il tarixə saat 18:30-a kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə 2 gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə təmiz çəkisi 15,55 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi - məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.(Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 18 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASCnin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 198 (yüz doxsan səkkiz) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyun 2025-ci il tarixdə 00:41-dən 06 iyun 2025-ci il tarixə saat 18:30-a kimi şübhəli şəxs qismində həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) İş üzrə maddi sübutlar – Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 15.55 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 18 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 198 (yüz doxsan səkkiz) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar