Məhkəmə qərarları › İş №1(014)-63/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-63/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-63/2020 28.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci ildə Ağdaş rayonu, Ağzıbir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyatda olan, faktiki olaraq Ağdaş şəhəri, C.Cabbarlı küçəsində yaşayan, barəsində xx xxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Zeytun 12” adlı aptekin qarşısında özgənin əmlakını talama məqsədilə Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayan, xx.xx.1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaxınlaşmış, ondan bütöv 50 manatlıq pul əskinasını xırdalamasını istəmiş, Zərərçəkmiş şəxs cibindən xırda 50 manatlıq pul əskinasını çıxardıb Təqsirləndirilən şəxs vermiş, sonuncu həmin 50 manat pulu Zərərçəkmiş şəxs alaraq qaçıb getməklə özgə əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayının əvvəllərində Ağdaş şəhəri Məşəd küçəsində qəbirstanlığın yanından tapıb satış məqsədi olmadan, qanunsuz olaraq özündə saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,620 qram narkotik vasitə olan heroini üzərində saxlayıb daışımış, xx xxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Ağdaş şəhəri, C.Cabbarlı küçəsində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş və Polis şöbəsində onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində ağrıları olduğundan narkotik vasitələrdən istifadə etdiyini, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 09:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşn Namiqin apteki deyilən aptekə getdiyini, orada maska almaq istədiyini, lakin olmadığı üçün çölə çıxdığını, pula ehtiyacı olduğunu, aptekin qarşısında bir nəfər kişinin dayandığını gördüyünü, ona yaxınlaşaraq bütöv 50 manat pulu xırdalamasını xahiş etdiyini, məqsədinin ondan pul alıb qaçmaq olduğunu, həmin şəxsin cibindən 03 ədəd 10 manatlıq və 01 ədəd 20 manatlıq olmaqla cəmi 50 manat pul çıxardığını, həmin pulu kişinin əlindən alıb qaçdığını, həmin kişinin onun arxası ilə qışqırdığını, lakin dayanmadığını, həmin vaxt ətrafda xeyli adam olduğunu, həmin adamların da onun pulu götürüb qaçmağını gördüklərini, həmçinin 2020ci ilin mart ayının əvvəllərində Ağdaş şəhəri, Məşəd küçəsində qəbirstanlığın yanı ilə gedən zaman qabağına sellofan büküm çıxdığını, ona maraqlı gəldiyi üçün açıb içərisinə baxdığını, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu gördüyünü, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin narkotik vasitəni özündə saxladığını, məqsədi ağrıları olan zaman ondan istifadə etmək olduğunu, xx xxxx 2020-ci il tarixdə, saat təxminən saat 11:00 radələrində yaşadığı Ağdaş şəhəri, C.Cabbarlı küçəsində ilə getdiyini, həmin vaxt polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, özlərini təqdim etdiklərini, ona üzərində narkotik vasitə olması barədə onlarda məlumat olduğunu bildirdiklərini və onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində iki nəfər hal şahidinin və bir vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilməyə başlanıldığını, şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan əşyaları çıxardıb masanın üzərinə qoymağı təklif edildiyini, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bir manatlıq pul əskinası və 01 ədəd sellofan büküm, əynində olan olan cins şalvarın cibindən 01 ədəd mobil telefon aşkar edildiyini, sellofan büküm açılan zaman yenidən 01 ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan büküm açılan zaman da içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar edildiyini, həmin maddənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini göstərdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində xx xxxx 2020-ci il tarixdə, saat təxminən 09:00 radələrində Ağdaş şəhərində bazarında yanında yerləşən “Zeytun 12” adlı aptekə daxil olduğunu, həmin aptekdən maska və spirt soruşduğunu, lakin olmadığı üçün aptekdən çıxdığını, aptekin qarşısında sonradan adının Ümid olduğunu bildiyi şəxsin ona yaxınlaşdığını, ondan avtomobilinin üzərində yük qoymaq üçün yük yerinin olub-olmamağını, yeni məhlələrə un aparıb-apara bilməyəcini soruşduğunu, Ümidə yoldaşının xəstə olduğunu, onu gözlədiyini, sonra Ümidin ondan 50 manatı xırdalamağını xahiş etdiyini, cibindən 03 ədəd 10 manatlıq və 01 ədəd 20 manatlıq olmaqla cəmi 50 manat pul çıxardığını, Ümidin həmin pulu onun əlindən aldığını və dərhal qaçmağa başladığını, onun arxası ilə qışqırdığını, lakin dayanmadığını, orada olan tanımadığı şəxslərin də onun arxası ilə qaçdıqlarını, lakin çata bilmədiklərini, bundan sonra onu axtarmağa başladığını, lakin kim olmasını bilmədiyini, sonra isə yəni xx xxxx 2020-ci il tarixdə ərizə ilə Ağdaş RPŞ-nə müraciət etdiyini, hazırda ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş şəhərində H.Əliyev prospektində “Müşviq” marketdə işlədiyini, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 09:00 radələrində iş yoldaşı Orxanla birlikdə marketdə olduqlarını, həmin vaxt küçədən bir kişinin qışqıraraq “tutun-tutun” dediyini eşitdiklərini, küçəyə çıxan zaman bir nəfər kişinin bir cavan oğlanın arxası ilə qaçmasını gördüklərini, kişini üzdən tanıdığını, adının sonradan Hamil olduğunu bildiyini, sonradan adının Ümid olduğunu bildiyi şəxs Hamildən xırdalaması üçün 50 manat pul istəməyi, Hamilin də pulu çıxardan zaman Ümidin pulu onun əlindən alıb qaçmağı məlum olduğunu, polis əməkdaşları sonra onun işlədiyi mağazaya gəldiyini, video görüntüyə baxmaq istədiklərini, mağazanın video görüntüsünü təqdim etdiyini, Ümidi tanımadığını, onunla heç bir münasibətinin olmadığını, Hamili isə taksi sürücüsü kimi tanıdığını bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində xx xxxx 2020-ci il tarixdə, saat təxminən 11:25 radələrində Ağdaş RPŞ-nin qarşısından keçən zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, ona Polis şöbəsində bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu hal şahidi qismində iştirak etməyini təklif etdiklərini, könüllü olaraq razılaşdığını, Polis şöbəsinə daxil olduğunu, sonradan bir nəfər şəxsi də hal şahidi qismində iştirak etməsi üçün Polis şöbəsinə gətirdiklərini, iki hal şahidi və bir vəkilin iştirakı ilə bundan sonra sonradan adının Ümid olduğunu bildiyi şəxsin üzərinə şəxsi axtrış keçirilməyə başlandığını, Ümidə əvvəlcə üzərində olan əşyaları çıxardıb masanın üzərinə qoyması təklif olunduğunu, Ümidin əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bir manatlıq pul əskinası və 01 ədəd sellofan büküm, əynində olan olan cins şalvarın cibindən 01 ədəd mobil telefon aşkar edildiyini, sellofan büküm açılan zaman yenidən 01 ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan büküm açılan zaman da içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar edildiyini bildirdi. İş üzrə Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu, həmin məlumatla əlaqədar tərəfindən şöbə rəhbərliyinə məruzə edildiyini və əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunduğunu, daha sonra Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid6 ilə birlikdə Ağdaş şəhəri, C.Cabbarlı küçəsində Ümidi gördüklərini, Ümidə yaxınlaşıb ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat olduğunu bildirdiklərini və onu Polis şöbəsinə dəvət etdiklərini, Polis şöbəsində iki hal şahidi və bir vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Ümidin əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd bir manatlıq pul əskinası və 01 ədəd sellofan büküm, əynində olan olan cins şalvarın cibindən 01 ədəd mobil telefon aşkar edildiyini, sellofan büküm açılan zaman yenidən 01 ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan büküm açılan zaman da içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar edildiyini, Ümidin həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirdiyini, bundan başqa Ümidin xx xxxx 2020-ci il tarixdə, saat təxminən 09:00 radələrində Ağdaş şəhərində Zeytun aptekin yanında Hamil adlı şəxsdən 50 manatlıq pulu xırdalamasını istəməsi, Hamil adlı şəxs də cibindən xırda 50 manat pul çıxarması, Ümid Hamilin əlindən 50 manat pulunu alaraq qaçması və bununla soyğunçuluq etməsi müəyyən olunduğunu, ilkin sorğu zamanı Ümidin həmin narkotik vasitəni 2020-ci ilin mart ayının əvvəllərində Ağdaş şəhəri Məşəd küçəsindən tapdığını, özü istifadə etmək məqsədilə də üzərində saxladığını bildirdiyini göstərdi. İş üzrə Şahid6 məhkəmə iclasında Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17/205 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,620 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 437 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, tutulduğu tarixədək, yəni xx xxxx 2020-ci il tarixədək 01 il 02 ay 13 gün müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və vurduğu ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən olunması zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən barəsində təyin edilmiş cəzaları qismən toplamağı, barəsində Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü madəsi ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 02 ay 13 gün hissəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanaraq, cəmi 07 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz etməyi, 07 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirərək qəti cəza təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manat 12 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0,819 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzalar qismən toplanılsın və bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü madəsi ilə təyin edilmiş bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş bir il iki ay on üç gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanaraq, cəmi yeddi ay altı gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, yeddi ay altı gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və qəti cəza, iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0,570 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. (Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar