Məhkəmə qərarları › İş №1(014)-67/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-67/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-67/2020 28.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1973-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının axırlarında bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,869 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini Ağdaş şəhəri, Maşad küçəsində qəbirstanlığın yanından yerdən tapmaqla şəxsi istehlak miqdarından artıq miqdarda,satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində daşımış və həmin narkotik vasitə xx xxxxx 2020-ci il tarixdə, saat 10:45 radələrində ünvan 2 saylı ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində xəstə olduğuna görə bədənində ağrılar olduğunu, buna görə də narkotik vasitələrdən istifadə etdiyini, xx xxxxx 2020-ci il tarixdə, təxminən saat 09:50 radələrində Ağdaş şəhəri, 20 yanvar küçəsi ilə piyada gedən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nə gəldiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm və həmin şalvarın sağ yan cibindən ona məxsus şəxsiyyət vəsiqəsi aşkar edildiyini, üzərindən aşkar olunmuş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, həmin maddənin narkotik vasitə olan heroin olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik maddəni tutulmamışdan 2-3 gün əvvəl Ağdaş şəhəri, Maşad küçəsində qəbiristanlığın yanında yol ilə gedərkən tapdığını göstərdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 09:50 radələrində BNMİ-nin əməliyyat müvəkkili Bəylər Nağıyev, Ağdaş RPŞ-nin CAB-nın rəisi Pünhan Məhəmmədov, əməliyyat müvəkkilləri Samid Kərimov və Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri, 20 yanvar küçəsi ilə piyada hərəkətdə olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, həmçinin onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində iki nəfər hal şahidinin və müdafiəçinin iştirakı ilə Qadirin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Qadirin əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm və həmin şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edildiyini, üzərindən aşkar olunmuş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, Qadirin həmin maddənin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni 2-3 gün əvvəl Ağdaş şəhəri, Maşad küçəsində qəbiristanlığın yanında yol ilə gedərkən tapdığını, həmin vaxtdan özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini göstərdi. İş üzrə Şahid4 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid2 Qadir oğlu məhkəmə iclasında verdiyi ifadəsində xx xxxxx 2020-ci il tarixdə, təxminən saat 10:40 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərrini, onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, daha sonra onun və digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində sonradan adını bildiyi Qadir adlı şəxsin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Qadirin əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm və həmin şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edildiyini, üzərindən aşkar olunmuş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, Qadir həmin maddənin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini göstərdi. İş üzrə Şahid3 məhkəmə iclasında Şahid2 Qadir oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 17/244 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,869 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 486 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Tələbənamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini və təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 01 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 06 ay 02 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəsinə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manat 12 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0,819 qram narkotik vasitə olan heroin məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı üç ay bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi altı ay iki gün, təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il beş ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin, hökm qanuni qüvvəsinə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manat 12 qəpik (yüz iki manat on iki qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0,819 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar