Məhkəmə qərarları › İş №1(014)-7/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-7/2021

26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-7/2021 26.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxx 1969-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Ağdaş şəhəri, F.Səfərov küçəsi 1 ünvanında yaşayan, barəsində 02 sentyabr 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evinin həyətyanı sahəsində torpaqda əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 12 ədəd xeyli miqdarda, ümumi təmiz çəkisi 45 kq 205 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq 2020-ci ilin may ayının axırlarında əkibbecərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, xx xxxxxx 2020ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 16:20 radələrində əkmiş olduğu 12 ədəd hündürlükləri 310 sm-dən 420 sm-dək, ümumi çəkisi 45 kq 205 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri yaşadığı ünvan 3 ünvanında yerləşən evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində ünvan 4 ünvanında yerləşən yaşadığı evin həyətində 12 ədəd torpağa narkotik tərkibli bitki toxumları əkdiyini, iki-üç gündən bir əkdiyi narkotik tərkibli bitkiləri suvardığını, diblərini yumşaltdığını, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 16:00 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, həmin vaxt onlara həqiqətəndə yaşdığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini söylədiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə iki nəfər hal şahidinin və aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətindən hündürlükləri 3 metr 10 sm-dən 4 metr 20 sm-ə qədər 12 ədəd yerə əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitki kollarının aşkar olunub kökündən çıxarılıb qablaşdırılaraq götürüldüyünü, daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kolların kisəyə qablaşdırıldığını, bu barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, yaşadığı evin həyətindən aşkar edilmiş narkotik tərkibli kolları özü istifadə etmək məqsədilə əkdiyini, həmin narkotik tərkibli bitkilərin toxumlarını Ağdaş şəhərində küçə ilə gedərkən su arxının kənarından tapdığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx xxxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi və saxlaması barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, bununla bağlı olaraq rayon polis şöbəsinin rəhbərliyinə tərəfindən raportla məruzə olunduunu, həmçinin həmin gün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunduğunu və bu barədə müvafiq sənədləşdirilmələr aparıldığını, bundan sonra həmin gün saat 16:00 radələrində Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş RPŞnin əməkdaşları və aqronom Şahid6 ilə birlikdə onun yaşadığı ünvana getdiklərini, Mehmanın evinin həyətinə baxış keçirmək üçün iki nəfər hal şahidi dəvət olunduğunu, həyət qapısından Mehmnaı çağırdıqlarını, Mehmanın qapıya çıxdığını və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə məlumat olduğunu və həyətinə baxış keçirmək istədiyiklərini bildirdiklərini, Mehmanın da buna etiraz etmədiyini və həmçinin də ərizə ilə müraciət edərək yaşadığı evin həyətinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini, bundan sonra Mehmanın yaşadığı evin həyətinə onun, iki nəfər hal şahidi kimi iştirak edən şəxsin, aqranom Şahid6 və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Mehmanın yaşadığı evin həyətindən hündürlükləri 3 metr 10 sm-dən 4 metr 20 sm-ə qədər 12 ədəd yerə əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kolların kisəyə qablaşdırıldığını, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik tərkibli bitkilərin toxumlarını Ağdaş şəhərində küçə ilə gedərkən su arxının kənarından tapdığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatının olmadığını göstərdi. İş üzrə şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 16:00 radələrində Ağdaş şəhəri, F.Səfərov küçəsi ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək həmin küçədə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, etiraz etməyib onlarla həmin ünvana getdiyini, ondan sonra bir nəfər də, hal şahidi dəvət edildiyini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onun, digər hal şahidinin və aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Mehmanın yaşadığı evin həyətindən hündürlükləri 3 metr 10 sm-dən 4 metr 20 sm-ə qədər 12 ədəd yerə əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub kökündən çıxarılıb qablaşdırılaraq götürüldüyünü, həmçinin aqronom Şahid6 da həmin bitkilərə baxaraq bu barədə rəy verdiyini, daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kolların torbaya qablaşdırıldığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/524 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş” sözləri yazılmış 03 ədəd ağ rəngli sintetik kisənin içərisindəki, ümumilikdə 12 ədəd, hündürlükləri 310 sm-dən 420 sm-dək, ümumi təmiz çəkiləri 45 kq 205 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Aqronom mütəxəssis Şahid6 xx.xx.2020-ci il tarixli rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 925 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlardən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Tələbnamədən ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 45 kq 204,40 qram olan 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik (otuz beş manat doxsan yeddi qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 45 kq 204,40 qram olan on iki ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar