Məhkəmə qərarları › İş №1(014)-73/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-73/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-73/2024 07.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Ağdaş rayonu, Davudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağdaş rayonu, Davudlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq narkotik maddəni əldə edərək üzərində saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 73,21 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 15:35-dən 15:48-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 73,21 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 13,70 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə saat 13:08 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Heydər xiyabanında yerləşən Heydər Əliyev adına parkın ərazisində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 13:36-dan 13:49-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd siqaret qutusunda ümumi təmiz çəkisi 13,70 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, təxminən 2-3 gün əvvəl saat 16 radələrində yaşadığı Ağdaş rayonu, Maşad qəbiristanlığı ərazisində gəzərkən yerdən 1 ədəd şəffaf rəngli sellofan büküm görmüşdür. Sellofan bükümə ilkin olaraq baxdıqda içərisində əvvəllər istifadə etdiyi narkotik vasitə olan marixuanaya bənzətmişdir. Bu səbəblə yerdən götürmüş və açıb içinə baxmışdır. O, sellofan bükümə baxdıqda dəqiq olaraq içərisində olan kütlənin narkotik vasitə olan “marixuana” olmasını bilmiş və istifadə etməyi üçün üzərində saxlamışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə təxminən saat 15:00 radələrində Ağdaş şəhəri M.İsayev küçəsində olarkən Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Ağdaş RPŞ-yə gətirmişlər. Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. O, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd alışqanı, əynində olan göy rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd sellofan bükümü təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman başqa heç bir əşya aşkar olunmamışdır. 1 ədəd sellofan büküm açılmış, baxış zamanı içərisində xüsusi iyə malik yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütlələri aşkar olunmuşdur. Narkotik vasitəyə oxşar bitki kütləsinin təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsinin olduğu 1 ədəd sellofan bükümün təxmini çəkisi 78,16 qram olması müəyyən edilmişdir. 1 ədəd sellofan büküm 1 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmişdir. Həmçinin, ona məxsus alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2024-cü il tarixindən təxminən 2 gün əvvəl Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən qəbiristanlıq ərazisində gəzərkən yerdə 1 ədəd siqaret qutusu görmüşdür. Siqaret qutusunu açıb içinə baxdıqda içərisində olan kütlənin narkotik vasitə olan “marixuana” olmasını bilmiş və istifadə etməyi üçün üzərində saxlamışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 13,08 radələrində Ağdaş şəhəri H.Əliyev adına mərkəzi parkında olarkən Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Ağdaş RPŞ-yə gətirmişlər. Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. O, əynində olan qara rəngli qolsuz gödəkçənin sol cibindən biri ağ rəngli, digəri isə göy rəngli olmaqla iki ədəd siqaret qutusunu, həmin gödəkçənin sağ cibindən 1 ədəd alışqanı təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman başqa heç bir əşya aşkar olunmamışdır. 1 ədəd siqaret qutusu açılmış, baxış zamanı içərisində xüsusi iyə malik yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütlələri aşkar olunmuşdur. Narkotik vasitəyə oxşar bitki kütləsinin təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsinin olduğu 1 ədəd siqaret qutusunun təxmini çəkisi 18,54 qram olması müəyyən edildi. 1 ədəd siqaret qutusu 1 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Digər 1 ədəd siqaret qutusunun içərisində isə siqaret dənələri olmuşdur. Həmçinin, ona məxsus alışqan və içərisində siqaret dənələri olan 1 ədəd siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. O, əvvəllər narkotik vasitələrin və ya psixotrop maddələrin alışı və ya satışı ilə məşğul olmamışdır. Ona qarşı heç bir güc və ya psixoloji təzyiq tətbiq edilməmişdir. Onun özünə məxsus olan mobil telefonun üzərində öz adına olmaqla istifadəsində olan 1 ədəd nömrə vardır. Həmin nömrə ***-***-**-** saylı mobil nömrədir. Əməlindən peşman olduğunu, himayəsində 12 yaşlı qızının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 izahatında o, Ağdaş RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş rayonu, Dovudlu kənd sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.İsayev küçəsində küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdiri. O, üzərində “nəşə”, yəni narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd alışqanı, əynində olan göy rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd sellofan bükümü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir əşya aşkar olunmamışdır. 1 ədəd sellofan büküm açılmış, təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin olduğu 1 ədəd sellofan bükümün təxmini çəkisinin 78,16 qram olması müəyyən edilmişdir. 1 ədəd sellofan bükümü 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin “nəşə”, yəni narkotik vasitə olan marixuana olmasını, onu istifadə etmək üçün üzərində saxladığını, həmin maddəni təxminən 2-3 gün öncə yaşadığı Ağdaş rayonu, Maşad qəbiristanlığında gəzərkən yerdən tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Ağdaş RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş rayonu, Dovudlu kənd sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:08 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Heydər xiyabanında yerləşən Heydər Əliyev adına parkın ərazisində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində “nəşə”, yəni narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sol cibindən biri ağ rəngli, digəri isə göy rəngli olmaqla iki ədəd siqaret qutusunu, həmin gödəkçənin sağ cibindən 1 ədəd alışqanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir əşya aşkar olunmamışdır. 1 ədəd siqaret qutusu açılmış, təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin olduğu 1 ədəd siqaret qutusunun təxmini çəkisinin 18,54 qram olması müəyyən edilmişdir. 1 ədəd siqaret qutusu 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Digər 1 ədəd siqaret qutusunun içərisində isə siqaret dənələri olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin “nəşə”, yəni narkotik vasitə olan marixuana olmasını, onu istifadə etmək üçün üzərində saxladığını, həmin maddəni təxminən 2 gün əvvəl Ağdaş rayonu H.Əliyev prospektində yerləşən qəbiristanlıq ərazisində gəzərkən yerdən tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid3 göstərdikləri xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəklişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd alışqanı, əynində olan göy rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd sellofan bükümü təqdim etmiş, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmamış, həmin 1 ədəd sellofan bükümü açılmış və içərisində xüsusi iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsi olması müəyyən olunmuş, təxmini çəkilərinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər kütlənin olduğu 1 ədəd sellofan bükümünün təxmini çəkisinin 78,16 qram olması müəyyən olunmuş, 1 ədəd sellofan bükümü ekspertizaya təqdim olunması üçün 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN-in 111 möhürü ilə möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sol cibindən biri ağ rəngli, digəri isə göy rəngli olmaqla iki ədəd siqaret qutusunu, həmin gödəkçənin sağ cibindən 1 ədəd alışqanı təqdim etmiş, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmamış, 1 ədəd siqaret qutusu açılmış və içərisində xüsusi iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsi olması müəyyən olunmuş, təxmini çəkilərinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər kütlənin olduğu 1 ədəd siqaret qutusunun təxmini çəkisinin 18,54 qram olması müəyyən olunmuş, 1 ədəd siqaret qutusu ekspertizaya təqdim olunması üçün 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİNin 111 möhürü ilə möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Digər 1 ədəd siqaret qutusunun içərisində isə siqaret dənələri olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 22 fevral 2024-cü il tarixli, HK-1/300 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş sellofan büküm”. yazısı, adlar və imzalar yazılmış 1 (bir) ədəd zərfin içərisindəki təmiz çəkisi 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 73,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2024-cü il tarixli, HK-1/361 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd siqaret qutusunda olan vasitəyə bənzər bitki kütləsi.” Yazısı, adlar və imzalar yazılmış 1 (bir) ədəd zərfin içərisindəki təmiz çəkisi - 13,70 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2024-cü il tarixli 18-1-22/2-324/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsiin poliklinika şöbəsində “Eroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2024-сü il tarixli, № 368 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik maddə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xstəliyindən məcburi ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2023-ci il tarixdə vaxtından əvvəl şərti azad edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, c/1-319 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)- 635/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı üzrə cəzasını xx.xx.2023-cü il tarixdə tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Binələr kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxxx 1994-cü il tarixdə anadan olmuş, azərbaycanlı, Təqsirləndirilən şəxs həqiqətən Ağdaş rayonu, Dovudlu kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs nümayəndəlik tərəfindən keçirilən ictimai və siyasi tədbirlərin heç birində iştirak etməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Binələr kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 26 fevral 2024-cü il tarixli, № 5-32-12/2-102/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Dovudlu kəndində yaşamaqla ailə tərkibi xx.xx.1969cu il təvəllüdlü X1, xx.xx.1989-cu il təvəllüdlü X7, xx.xx.2003-cü il təvəllüdlü X2 ibarətdir. İşin materiallarında olan cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünürki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilib ********* nömrə altında istintaq davam etdirilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:00da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 13:08də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, narkotik maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, narkotik maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, narkotik maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, narkotik maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, narkotik maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və narkotik maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və narkotik maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və narkotik maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahidlərin ifadələri və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən rəsmi sənəd olmasa da qeyrirəsmi münasibətindən himayəsində azyaşlı uşağının olmasını inandırıcı hesab edir və himayəsində azyaşlı uşağının olmasını, narkotik vasitə istifadə etdiyi üçün əməlindən peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək və 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı dörd gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 73,11 qram və 13,60 qram narkotik vasitə olan qurudulmuş marixuanalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69,10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək və 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı dörd gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 07 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs hər iki ekspertiza tədqiqatının dəyəri olan cəmi 69,10 (altmış doqquz manat, on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 73,11 qram və 13,60 qram narkotik vasitə olan qurudulmuş marixuanalar məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar