Məhkəmə qərarları › İş №1(014)-74/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-74/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-74/2021 20.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 1988-ci ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Kotavan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19.04.2021-ci il tarixdə saat təxminən 12:30 radələrində Ağdaş rayonu Kotavan kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs ilə onunla eyni kənddə yaşayan dayısı oğlu Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində yaşadıqları kənd ərazisində olan otlaq sahəsində mübahisə və dava-dalaş baş vermiş, davadalaş zamanı Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs baş və üz nahiyələrinə bir neçə dəfə əlləri ilə və kəllə ilə qəsdən vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid edilən alt çənə sümüyünün yerini dəyişməmiş sınığı, təpə nahiyəsinin yarası, üzün sağ nahiyəsinin, üst dodağın dəri səthinin, sol saidin aşağı 1/3-nin iç səthinin sıyrıqları, üst dodağın diş səthinin sağ nahiyəsinin qançırı xəsarətlərini yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun bibisi oğlu olduğunu, əvvəllər aralarında heç bir narazılıq və problemin olmadığını, yaşadığı evin yaxınlığından keçən suvarma kanalından su sızdığını, həmin suyun onun həyətinə və evinə nəmlik verdiyini, ona görə həmin su sızan yeri bağlamaq istədiyini, 16.04.2021-ci il tarixdə həmin su sızan yeri bağlayanda Cavidin onun yanına gələrək niyə suyu bağlamasını soruşduğunu, Cavidə həmin suyun onun həyətinə və evinə nəmlik verdiyini, ona görə də, suyu bağlayacağını söylədiyini, Cavidin də ona həmin sudan onun heyvanlarının istifadə etdiyini, camışların girib həmin suyun içində yatmalarını söylədiyini, həmin vaxt aralarında bu səbəbdən mübahisə baş verdiyini, buna rəğmən həmin su sızan yeri suvarma idarəsinin razılığı ilə bağladığını, Cavidin də ona “bu heyifi səndə qoymayacam” söylədiyini, 19.04.2021-ci il tarixdə saat təxminən 12:30 radələrində yaşadıqları ev tərəfdə olan torpaq sahəsinə getdiyini, həmin yerin yoncasını biçdirdiyinə görə yerinə baxmağa getdiyini, oradan qayıdanda otlaq sahəsində Cavidi gördüyünü, Cavidin onu görən kimi “səndən əl çəkməyəcəm, səndən heyifimi çıxacam” söylədiyini, həmin vaxt aralarında bu səbəbdən mübahisə baş verdiyini, mübahisə vaxtı əsəbləşdiyini və kəlləsi ilə Cavidin baş nahiyəsindən qəsdən vurduğunu, sonra isə əlbəyaxa olduqlarını, sonra isə Cavidi buraxdığını və yaşadığı evə getdiyini bildirmişdir. Həmçinin, o, ifadəsində Cavidin baş nahiyəsindən bir dəfə kəllə ilə qəsdən vurduğunu, sonra isə əlbəyaxa olduqlarını, aralarındakı mübahisə və dava-dalaşın yaşadıqları kənd ərazisində olan otlaq sahəsində baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını, səs-küyə də heç kimin gəlmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğlu olduğunu, əvvəllər aralarında heç bir narazılıqlarının olmadığını, lakin son 3 gün idi ki, münasibətlərinin pisləşdiyini, belə ki, 3 gün öncə yaşadıqları küçədən keçən su kanalına görə aralarında narazılıq yarandığını, yəni, həmin su kanalından yaşadıqları yerin yaxın əraziyə su apardıqlarını, 3 gün öncə Təqsirləndirilən şəxs həmin su gələn yeri betonladığını gördüyünü, Sərxana niyə həmin borunu betonlamasını soruşduğunu və həmin xətlə onların evinin yaxınlığına su getdiyini, heyvanların da həmin sudan içdiklərini söylədiyini, Sərxanın da ona həmin suyun onun yerinə şirə verməsini söylədiyini, Sərxana suyu özünün həyətə açıb doldurmasına görə şirə verməsini söylədiyini, Sərxanın da ona suyun sahibindən icazə alıb həmin yeri betonladığını söylədiyini, suvarmada işləyən dayısına zəng edib Sərxanın əraziyə gedən su yolunu betonladığını söylədiyini, dayısının da ona Sərxana bu barədə özünün göstəriş verdiyini söylədiyini, həmin vaxt dayısına bu barədə narazılığını bildirdiyini, bu vaxt Sərxanın onunla mübahisə etməyə başladığını, mübahisə vaxtı Sərxanın ona “sən kişi deyilsən” söylədiyini, Sərxana “özün kişi deyilsən” söylədiyini, həmin vaxt atası Samitin uzaqdan onları görüb gəlib onları sakitləşdirdiyini, Sərxanın isə ona dediyi sözün hesabını verəcəyini söylədiyini, 19.04.2021-ci il tarixdə günorta saatlarında kənd yolunun ətrafında olan otlaq sahəsində heyvanlara baxmağa getdiyini, həmin vaxt Sərxanın uzaqdan gəlməsini gördüyünü, Sərxanın ona yaxınlaşaraq “sən hardan bilirsən səni axtarıram” dediyini, Sərxana onu axtradığını bilmədiyini və nə olmasını söylədiyini, Sərxanın ona nə üçün 3 gün əvvəl ona “kişi deyilsən” sözünü işlətdiyini və sözünü sübüt edə biləcəyini soruşduğunu, Sərxana bu söhbəti uzatmamağı, əsəbləşdiklərini, söz-söhbətin olub bitdiyini söylədiyini, Sərxanın isə ona kənara gedib söhbət etmək lazım olduğunu söylədiyini, Sərxanın bu fikrinə etirazını bildirdikdə Sərxanın onunla mübahisə etməyə başladığını, mübahisə vaxtı Sərxanın başı ilə onun baş nahiyəsinə vurduğunu, həmin vaxt yerə yıxıldığını, sonra Sərxanın bir neçə dəfə yumruqla onun sifət nahiyəsindən vurduğunu, Sərxanın əlini onun ağzına salaraq ağzının iç tərəfindən də ona xəsarət yetirdiyini, bundan sonra Sərxanın onu orada qoyub çıxıb getdiyini, atası Samitə zəng edib Sərxanın onu sahədə döyməsini söylədiyini, sonra da Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə zəng edib şikayət etdiyini bildirmişdir. Həmçinin, o, ifadəsində Təqsirləndirilən şəxs bir dəfə başı ilə onun baş nahiyəsindən, yumruqla da bir neçə dəfə üz nahiyəsindən vuraraq xəsarət yetirdiyini, aralarındakı mübahisə və dava-dalaşın kənd yolunun yaxınlığında olan otlaq sahəsində baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsla barışmamışdır, ona qanunvericiliyə uyğun cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində yuxarıda göstərilən xüsusatları təsdiq edərək 19.04.2021-ci il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs ilə onun oğlu Zərərçəkmiş şəxs arasında dava-dalaş olmasını, davadalaş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadıqları kənd ərazisində olan otlaq sahəsində qəsdən döyərək xəsarət yetirdiyini bildirmişdir. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 Ağdaş rayon şöbəsinin 20.04.2021-ci il tarixli, 224 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – alt çənə sümüyünün yerini dəyişməmiş sınığı, təpə nahiyəsinin yarası, üzün sağ nahiyəsinin, üst dodağın dəri səthinin, sol saidin aşağı 1/3-nin iç səthinin sıyrıqları, üst dodağın diş səthinin sağ nahiyəsinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri 19.04.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Kotavan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Kotavan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 26 aprel 2021-ci il tarixli, 111 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Kotavan kəndinə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X1; X4 (oğlu – 28.02.2016-cı il təvəllüdlü); X5 (oğlu – 07.09.2017-ci il təvəllüdlü); X2 (qızı 27.01.2021-ci il təvəllüdlü). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 127.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. 13.4cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-in 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-in 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-in 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-in Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-in cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-in cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçün isə CM-in ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-in Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-in Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barışıq üçün cəhd etdiyini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ailəli olması, himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində təhqiqat zamanı qətimkan tədbiri seçilməmişdir və hazırda da qətimkan tədbirinin seçilməsi üçün zərurət yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar