Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-74/2022 09.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1990-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, himayəsində 4 azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 2 ünvanında yaşayan xx.xx.1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı heç bir əsaslı səbəb olmadan ucadan nalayiq söyüşlər söyərək öz şəxsiyyətini ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə sonuncunun bədəninin müxtəlif hissələrindən qəsdən əlləri ilə vuraraq onun üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmiş, daha sonra qərəzli hərəkətlərinin davam etdirərək silah qismində istifadə etdiyi bıçaqla sonuncunun sol qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq Zərərçəkmiş şəxs sol üst qarın nahiyəsinin yarası, hər iki gözaltı nahiyənin, burun yəhərinin qançırları xəsarətləri ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində əvvələr Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum olunduğunu və barəsində azadlığın məhdudlaşırılması cəzası təyin edildiyini, 03 dekabr 2021-ci ildə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilmiş və məhkumluğu götürülmüş, xx.xx.2022-ci il tarixdə dayısı oğlunun kiçik toy mərasimi olduğunu, özünün də həmin mərasimdə iştirak etdiyini, həmin mərasimdə araq içdiyini, həmin toy mərasimindən çıxdıqdan sonra sərxoş vəziyyətdə olduğunu, baş verənlərədən məlumatı olmadığını, Saddəddinin də onun dayısı olduğunu, Sadəddini bıçaqlamağından xəbəri olmadığını, sərxoş olduğu üçün bunların heç biri yadında olmadığını, ümumiyyətlə toydan sonrakı epizodların heç biri yadında olmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində heç bir ruhi-əsəb və s. xəstəliyi olmadığını, xx.xx.2022-ci il tarixdə qardaşının övladının kiçik toy məclisi olduğunu, həmin məclisdə özünün də iştirak etdiyini, həmin məclisdə bir az spirtli içki, yəni araq içdiyini, saat təxminən 16:00 radələrində qaynı Xaləddinin məclisdə söz-söhbət yaratdığını gördüyünü, özünün də ona yaxınlaşıb ona səs-küy salmamasını istədiyini, lakin Xaləddinin ona onun nəyinə lazım olduğunu bildirdiyini, buna görə aralarında mübahisə olduğunu, lakin ciddi bir şey olmadığını, daha sonra toydan çıxıb yaşadığı evə getdiyini, bu zaman Xaləddinin avtomobili onun yanında saxladığını və ona avtomobilə oturmasını, gedib söhbət edəcəklərini dediyini, həmin vaxt Xaləddinin oğlu Səbuhinin də onun yanında olduğunu, həmin vaxt Səbuhinin sərxoş vəziyyətdə olduğunu, Xaləddinin bacısının onun həyat yoldaşı olduğunu, həm Xaləddinin, həm də Səbuhinin onun qardaşı oğlunun məclisində iştirak etdiklərini, Səbuhinin də arağı orada içdiyini, özünün Xaləddinin avtomobilinə oturduqdan sonra Xaləddin avtomobili üzü “Azpetrol” istiqamətində sürdüyünü, yolda Xaləddin və onun arasında toyda olan söz-söhbətə görə sözlə mübahisə başladığını, Xaləddinin özünün avtomobil idarə etdiyindən arxasının onun tərəfinə olduğunu, Xaləddinin ona qohum olduğunu, ona irad tutulası yaşda olmadığını dediyini, həmin vaxt Səbuhinin də ona qarşı sərt-sözlər dediyini və kəskin çıxışlar etməyə başladığını, özünün isə Səbuhiyə onun böyüyü olduğunu, artıq söhbətlər etməməyini dediyini, həmçinin Xaləddinin də Səbuhiyə sakit olmasını dediyini, lakin Səbuhinin sərxoş olduğundan özünü idarə edə bilmədiyini, birdən Səbuhinin qəfildən ona qarşı nalayiq söyüşlər söyərək ona yumruq və sillə atmağa başladığını, özünün isə Səbuhini özündən aralamağa çalışdığını, lakin Səbuhi qüvvətli olduğundan onu özündən aralaya bilmədiyini, qəfildən Səbuhinin cibindən bıçaq çıxararaq onu qarnından bir dəfə vurduğunu, bundan sonra avtombildən yerə düşdüyünü və evə qaçdığını, Xaləddin isə Səbuhini tutaraq onun arxası ilə gəlməyə qoymadığını, evə gəldikdən sonra evdən xəstəxanaya getdiyini və orada ilk tibbi yardım aldığını, Xaləddinlə aralarında davaya səbəb ola biləcək ciddi bir mübahsə olmadığını, Xaləddinin spirtli içki qəbul edib-etməməsini bilmədiyini, həmin vaxt toy məclisində adam çox olduğunu, özünün də içkili olduğu üçün kimlərin olduğu dəqiq yadında olmadığını, toy məclisində baş vermiş mübahisənin təxminən 1-2 dəqiqə çəkdiyini, sonra Xaləddinin onu avtomobilə əyləşdirib apardıqdan sonra mübahisə və Səbuhinin ona xəsarət yetirməsi ilə bağlı hadisə təxminən 10 dəqiqə çəkdiyini, Səbuhinin onu bıçaqla, əlləri, yumruq və sillə ilə bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirdiyini, Səbuhinin ona xəsarət yetirdiyi bıçağın onun özündə qaldığını, həmin bıçağın mətbəx bıçağı olduğunu, hadisə zamanı 300 qram spirtli içki qəbul etdiyini, Səbuhinin ona bıçaq çıxardıqdan sonra özünü müdafiə edən zaman ola bilsin ki, onları vurduğunu, bunun özünü müdafiə etməyi ilə bağlı olduğunu, Xaləddinin onu vurmadığını, Xaləddinin onunla sözlə mübahisə etdiyini, Səbuhinin onun əli ilə və bıçaqla vurmasını Xaləddinin özünü də gözləmədiyini, Xaləddinin özünün də Səbuhi onu vurduqdan sonra onun tutub saxlamağa çalışdığını, hadisədən sonra sərxoş olduğu və Xaləddinə qarşı əsəbi olduğu üçün ərizəsində və DİN-in 102 xidmətinə etdiyi müraciətdə Xaləddinin də onu vurduğunu dediyini, əslində Xaləddinin onu vurmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, Zərərçəkmiş şəxs isə onun qayını olduğunu, xx.xx.2022-ci il tarixdə onun digər qaynının oğlunun kiçik toy məclisi olduğunu, özü və oğlu Səbuhinin həmin toy məclisində iştirak etdiyini, məclis zamanı Sadəddinlə aralarında sözlə kiçik mübahisə olduğunu, lakin qohum toyu olduğundan ciddi söz-söhbətə yol vermədiklərini, Sadəddini sonra görəndə ona irad bildirdiyini, toy məclisi qurtardıqdan sonra evlərinə getdiyini və həmin zaman yanında oğlu Səbuhi olduğunu, həmin vaxt yolda Sadəddini gördüyünü və avtomobili saxlayıb ona avtomobilə əyləşməsini bildirdiyini, bundan sonra avtomobili üzü “Azpetrol” istiqamətində idarə edən zaman yolda Sadəddinlə söhbət etmək istədiyini, Sadəddinlə biraz söhbət etdiyini və həmin vaxt aralarında yenə də sözlə mübahisə olduğunu, bu zaman mübahisəyə oğlu Səbuhi də qoşulduğunu, Səbuhiyə mübahisəyə qoşulmaması üçün irad bildirdiyini, lakin oğlu Səbuhi spirtli içki içdiyindən və spirtli içki qəbul edən zaman özündən asılı olmayaraq tez özündən çıxdığını və əsəbləşdiyini, həmin vaxt da Səbuhinin əsəbləşərək özündən çıxdığını, daha sonra Sadəddinə qarşı əl-qol atdığını, bundan sonra avtomobili saxladığını və Sadəddini düşərək evə getdiyini, Səbuhini isə orada saxladığını, sonradan həmin mübahisə zamanı Səbuhinin bıçaqla Sadəddini bir dəfə qarın nahiyəsindən vurduğunu, Səbuhinin Sadəddini bıçaqla vurduğunu görmədiyini, Səbuhinin Sadəddinə əl-qol atdığını gördüyünü, Sadəddinin hadisə zamanı spirtli içki qəbul etmədiyini, hadisə zamanı spirtli içki qəbul etmədiyini, toy məclisində baş vermiş mübahisənin təxminən 1-2 dəqiqə çəkdiyini, avtomobildə mübahisənin təxminən 5-6 dəqiqə çəkdiyini, Sadəddini vurmadığını və ona heç bir xəsarət yetirmədiyini, Sadəddinin onu vurmadığını və ona heç bir xəsarət yetirmədiyini, özünün Sadəddini vurmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində X1 onun atası olduğunu, xx.xx.2022-ci il tarixdə əmisinin oğlunun kiçik toy məclisi olduğunu, ailəsinin də həmin toyda iştirak etdiklərini, toy məclisi bitdikdən sonra öz yaşadğı evə gəldiyini, evdə olan zaman ona atasının dayısı oğlu Səbuhi tərəfindən bıçaqlandığını, özünün də əsəbləşib bu barədə DİN-in 102 xidmətinə müraciət etdiyini, daha sonra onlara getdiyini, həmin vaxt atasının evdə olmadığını, onu xəstəxanaya apardıqlarını, həmin zaman polis əməkdaşlarının onlara gəldiklərini, özünün də onlara ərizə yazıb verdiyini, daha sonra atasının evə gəldiyini, özü ondan maraqlananda toydan çıxdıqdan sonra dayısı Xaləddin və onun oğlu Səbuhi ilə atası Sadəddinin avtomobillə üzü Göyçay istiqamətinə getdiklərini, belə ki, toyda atası Sadəddinlə dayısı Xaləddin arasında sözlə mübahisə olduğunu və daha sonra onlar söhbət etmək istədiklərini, həmin vaxt Səbuhi atası Sadəddini bıçaqla vurduğunu, dayısıoğlu Səbuhi içən zaman özünü idarə edə bilmədiyini, DİN-in 102 xidmətinə zəng edəndə atasını görmədiyini, bu barədə kimdənsə eşitdiyini, həmin vaxt həyacanlı olduğunu, ona görə də DİN-in 102 xidmətinə bu cür məlumat verdiyini, atası evə gəldikdən sonra qardaşı Vüsalın onlarla birlikdə olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində heç bir ruhi əsəb xəstəliyi olmadığını, Zərərçəkmiş şəxs, Şahid2 və Təqsirləndirilən şəxs onun qohumları olduğunu, onlarla heç bir düşmən münasibəti və ədavəti olmadığını, hal-hazırda da olmadığını, xx.xx.2022-ci il tarixdə oğlunun kiçik toy məclisi olduğunu, Sadəddin, Xaləddin və oğlu Səbuhi də öz ailələri ilə birlikdə həmin toy məclisində iştirak etdiklərini, toy məclisi bitdikdən sonra qonaqlar dağılışaraq öz yaşadıqları evə getdiklərini, toy məclisində heç bir mübahisə və dava-dalaş baş vermədiyini, Xaləddin və Sadəddinin arasında sözlə mübahisə baş verdiyini, həmin mübahisə nəticəsində Xaləddinin oğlu Səbuhi Sadəddini bıçaqla vuraraq xəsarət yetirdiyini sonradan bildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən X4 ifadəsində əsl adının Ruxsarə olduğunu, ona hamının Gülsarə deyə müraciət etdiyini, Təqsirləndirilən şəxs onun baldızının oğlu olduğunu, DİN-in 102 xidmətinə müraciət etdiyini, zənginin Səbuhinin işi ilə heç bir əlaqəsi olmadığını, həmin vaxt küçədə Sadəddinin bıçaqlandığını eşitdiyini, ona görə müraciət etdiyini, lakin hadisənin təfərrüatları barədə dəqiq məlumatı olmadığını, yalnız məlumat vermək üçün DİN-in 102 xidmətinə müraciət etdiyini, heç kimdən şikayət və ya tələbi olmadığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli, 201 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol üst qarın nahiyəsinin yarası deşici-kəsici alət (ola bilər bıçaq) təsirindən törənmiş, hər iki gözətrafı nahiyənin burun yəhərinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, birlikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddilər. Ayrı-ayrılıqda sol üst qarın nahiyəsinin yarası, sağlamlığın qısa müddətdə pozulmasında səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir, hər iki göz ətrafı nahiyənin, burun yəhərinin qançırları sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 62-ci maddələri ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(014)-88/2016-cı saylı hökmü ilə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunubdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(014)-9/2020 saylı hökmü ilə 2 (iki) il 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məkum edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(014)- 48/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, həmçinin məhkumluğu götürülmüşdür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 may 2022-ci il tarixli № 976 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs halhazırda ünvan 1 ünvanında yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı X2; oğlu X8 (xx.xx.2012-ci il təvəllüdlü); oğlu X5 (xx.xx.2015-ci il təvəllüdlü); oğlu X9 (xx.xx.2007-ci il təvəllüdlü); qızı X6 (xx.xx.2008-ci il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 20:00da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 27 mart 2022-ci il tarixli, 4(014)-38/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 mart 2022-ci il tarixdən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 4(014)-76/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdəsaxlama müddəti 15 gün, yəni 25 iyun 2022-ci il tarixdən 10 iyul 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində 4 azyaşlı övladı olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olması nəzərə alınaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməlidir. Barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-74/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-74/2022
09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver