Məhkəmə qərarları › İş №1(014)-74/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-74/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-74/2024 29.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 13,94 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, 25 yanvar 2024-cü il tarixdə saat 20:01 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 20:30-dan 20:43-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq-qəhvəyi rəngli qış gödəkçəsinin sağ ön cibindən 01 ədəd siqaret qutusunda təmiz çəkisi 13,94 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 37,46 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, 21 fevral 2024-cü il tarixdə saat 16:15 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 16:43-dən 16:55-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 37,46 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyən vaxtlarda bədənində müxtəlif ağrılar olduğundan narkotik vasitədən istifadə etmək məcburiyyətində qalır. Əvvəllər oğurluğa görə məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində Ağdaş şəhərində yerləşən, “Padar” adlanan küçədə, qəbirstanlığın yaxınlığında gəzərkən yerdə 01 ədəd şəfaf sellofan görmüşdür. Həmin sellofanı yerdən götürərək açmış və içərisində narkotik vasitə olan “nəşə” adlandırdığı marixuana olmasını görmüşdür. Həmin bitki kütləsini asan daşımaq üçün, həm də heç kəsi şübhələndirməmək üçün qara rəngli siqaret qutusuna yığmış və daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin günü, yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində piyada şəkildə hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitlərdən və psixotrop maddələrdən istifadə etməsinə dair onlarda məlumat olduğunu bildirmişlər. Ona görə də, üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etmişlər və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkil təyin edib, onu şübhəli şəxs qismində tutmuşlar. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞnin inzibati binasında üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd üzərinə “Prima” sözləri yazılmış siqaret qutusu, əynində olan açıq-qəhvəyi rəngli qış gödəkçəsinin sağ ön cibindən 01 ədəd qara rəngli siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa üzərindən hər hansı əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 02 ədəd siqaret qutusu açılmışdır. Üzərinə “Prima” sözləri yazılmış siqaret qutusunun içərisində siqaret dənələri olmuşdur. Daha sonra qara rəngli siqaret qutusu açılmış və içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi aşkar olunmuşdur. Daha sonra həmin siqaret qutusu polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi müvafiq olaraq 19,49 qram olmuşdur. Sonra polis əməkdaşı ondan həmin bitki kütləsinin nə olduğunu və onu haradan əldə etdiyini soruşmuş, polis əməkdaşına həmin bitki kütləsi narkotik vasitə olan marixuana olmasını, onu xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində Ağdaş şəhərində yerləşən, “Padar” adlanan küçədə, qəbirstanlığın yaxınlığında gəzərkən yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı hər hansı etirazının olmadığını söyləmiş və sonra üzərindəki şəxsi axtarış başa çatmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə təxminən səhər saat 09:30 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində “qozların dibi” adlanan ərazidə zibilliyin yaxınlığında gəzərkən yerdən 01 ədəd sellofan büküm tapmışdır. Sellofan bükümü açıb içinə baxmışdır. Narkotik vasitələrdən istifadə etdiyi üçün sellofan bükümün içərisində olan kütlənin narkotik vasitə olan “nəşə” olmasını anlamış və istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 16:15 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Ağdaş RPŞ-yə gətirmişlər. Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulmuş, seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi söylənilmişdir. Əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan bükümü, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunu və 02 ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa, üzərindən heç bir şey aşkar olunmamışdır. Sellofan bükümün təxmini çəkisi müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin müvafiq olaraq 39,54 qram olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə üzərindən aşkar olunan kütlə narkotik vasitəni üzərində saxlamış, həmin kütləni Ağdaş şəhəri, M.İsayev küçəsində, “qozların dibi” adlanan ərazidə yerləşən zibil qutularının yaxınlığından yerdən tapmışdır. Heç vaxt heç kimə narkotik vasitə və psixotrop maddə satmamışdır. Hazırda əməlindən peşmandır. Ona köməklik edib yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, şahidlərin ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin PPXB-nin polis serjantıdır. xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospekti-67 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən müvafiq sənədləşmə işləri aparılmışdır. 25 yanvar 2024-cü il tarixdə Ağdaş şəhəri, M.İsayev küçəsində Elmiri saxlamışlar və özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu söyləmişlər. Bundan sonra Elmiri RPŞ-yə dəvət etmişlər. Elmir də onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmişdir. Elmirə dövlət hesabına müdafiəçi təyin edilmiş, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun üzərində RPŞ-nin inzibati binasında şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı tərəfindən Elmirə hüquq və vəzifələri izah olunmuşdur. Həmin vaxt Elmir əynindəki olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd üzərinə “Prima” sözləri yazılmış siqaret qutusunu, əynində olan açıqqəhvəyi rəngli qış gödəkçəsinin sağ ön cibindən 01 ədəd qara rəngli siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa üzərindən hər hansı əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 02 ədəd siqaret qutusu açılmış, üzərinə “Prima” sözləri yazılmış siqaret qutusunun içərisində siqaret dənələri olmuş, daha sonra qara rəngli siqaret qutusu açılmış və içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Daha sonra həmin siqaret qutusu polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi müvafiq olaraq 19,49 qram olmuşdur. Bundan sonra həmin siqaret qutusu zərfə qablaşdırılmışdır. Polis əməkdaşı Elmirdən həmin bitki kütləsinin nə olduğunu və onu haradan əldə etdiyini soruşmuş, Elmir həmin bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində Ağdaş şəhərində yerləşən, “Padar” adlanan küçədə, qəbirstanlığın yaxınlığında gəzərkən yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış başa çatmışdır. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospekti-67 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2024-cü il tarixdə Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 ilə birlikdə Ağdaş şəhəri, M.İsayev küçəsində Elmiri saxlamışlar və özlərini təqdim edərək Elmirə üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlarda məlumat olduğunu söyləmişlər. Bundan sonra Elmiri RPŞ-yə dəvət etmişlər və Elmir də onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmişdir. Polis Şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun üzərində RPŞ-nin inzibati binasında şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl, təhqiqatçı tərəfindən Elmirə hüquq və vəzifələri izah olunmuş, daha sonra Elmir əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan bükümü, əynində olan həmin gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunu və 02 ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa Elmirin üzərindən heç bir şey aşkar olunmamışdır. Sellofan bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 39,54 qram olması müəyyən edilmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Ağdaş şəhəri, M.İsayev küçəsində, “qozların dibi” adlanan ərazidə yerləşən zibil qutularının yaxınlığından yerdən tapıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid4 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd üzərinə “Prima” sözləri yazılmış siqaret qutusunu, əynində olan açıq-qəhvəyi rəngli qış gödəkçəsinin sağ ön cibindən 01 ədəd qara rəngli siqaret qutusunu çıxararaq təqdim etmiş, Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, üzərində hər hansı əşya aşkar olunmamış, üzərindən aşkar olunmuş 02 ədəd siqaret qutusu açılmış, üzərinə “prima” sözləri yazılmış siqaret qutusunun içərisində siqaret dənələri olmuş, daha sonra qara rəngli siqaret qutusu açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olmuş, daha sonra həmin siqaret qutusu təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi müvafiq olaraq 19,49 qram olmuş, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan siqaret qutusu kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuş, zərf, şübhəli şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmış, bundan əlavə üzərinə “prima” sözləri yazılmış siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İş materiallarında olan “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan bükümü, əynində olan həmin gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunu və 02 ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuş, üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa, Təqsirləndirilən şəxs üzərindən heç bir şey aşkar olunmamış, sellofan bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin olduğu sellofan bükümün təxmini çəkisinin 39,54 qram olması müəyyən edilmiş, 01 ədəd sellofan büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı söylənilmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd siqaret qutusu da açılmış, içərisində siqaret dənəciklərinin olması müəyyən edilmiş, bundan əlavə aşkar olunmuş digər əşyalar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 26 yanvar 2024-cü il tarixli, 17/90 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş oçərisində narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd siqaret qutusu.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi – 13,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 22 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/188 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellefon bükümdə, təmiz çəkisi – 37,46 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 437 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən daxil olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMXnin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmünün surətindən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(014)-466/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 1) Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib əmək haqqından 15% məbləğində pul tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmiş, 2) Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə cəzası 07 ay 01 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, 3) Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 4) Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “AMNİS” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli qərardan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 20:01-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 11:10-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 4(014)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilmiş və həbsetmənin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Ağsu-Ağdaş-Kürdəmir rayonu üzrə bölməsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkündür. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 11 mart 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Ağdam rayonundan məcburi köçkün olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini və təkrar cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, 29 iyul 2023-cü ildə cəzanın sonu ilə azad olunmasını və həmin tarixdən 2 il müddət keçmədən yenidən qəsdən hazırki cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eyni zamanda Təqsirləndirilən şəxs beş dəfə məhkum olunmasına baxmayaraq təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddini müəyyən edərkən hesab edir ki, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eləcə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 9 mart 2024-cü il tarixli 1(014)-44/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, 09 dekabr 2023-cü il tarixdən 11 dekabr 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, ümumilikdə dörd gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 51,25 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı iki ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 70 (yetmiş) manat 52 (əlli iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 22 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) hesabına 132 (yüz otuz iki) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 1(014)-44/2024 saylı hökmü ilə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, 09 dekabr 2023-cü il tarixdən 11 dekabr 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, ümumilikdə dörd gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 51,25 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 70 (yetmiş) manat 52 (əlli iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 22 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) hesabına 132 (yüz otuz iki) manat pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar