Məhkəmə qərarları › İş №1(014)-75/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-75/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-75/2023 30.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx.xx.1996-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmuş, Ağdaş şəhəri, 20 Yanvar küçəsi 74 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq nəm vəziyyətdə təmiz çəkisi 1,678 qram, quru vəziyyətdə təmiz çəkisi 1,477 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda, həmin tarixdə saat 21:42-dən 22:13-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə, nəm vəziyyətdə təmiz çəkisi 1,678 qram, quru vəziyyətdə təmiz çəkisi 1,477 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, bədənində ağrılar olduğunu, buna görə də narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitə istifadə edəndə rahatlaşdığını və ağrıları kəsdiyini, 10 fevral 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə 8 noyabr metrostansiyasının yaxınlığında təkbaşına piyada hərəkətdə olduğu zaman yerdə yolun kənarında bir ədəd kiçik sellofan büküm gördüyünü, həmin bir ədəd sellofan büküm marağını cəlb etdiyi üçün yerdən götürüb içərisinə baxdığını, həmin sellofanın içərisinə baxdıqda narkotik vasitə heroin (“kakos”) olmasını gördüyünü, narkotik vasitə istifadəçisi olduğuna görə həmin narkotik vasitəni götürüb istifadə etmək üçün cibinə qoyduğunu, daha sonra oradan uzaqlaşıb çıxıb getdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 21:00 radələrində yaşadığı Ağdaş şəhəri, 20 Yanvar küçəsində təkbaşına piyada hərəkətdə olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, bundan sonra həmin polis əməkdaşlarının onun narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirərək onu Ağdaş rayon Polis şöbəsinə dəvət etdiklərini, özü də polis əməkdaşları ilə razılaşdığını və onlarla birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiyini, Ağdaş rayon Polis şöbəsində ona hüquq və vəzifələri izah edildiyini, ərizə ilə müraciət edərək hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi istədiyini və dövlət hesabına müdafiəçinin Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təyin edildiyini, özü həmin vaxt RPŞ-nin təhqiqatçısı, polis kapitanı Xəyyam Mehtiyev tərəfindən şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-də müdafiəçisi Müdafiəçi iştirakı ilə video görüntü ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı təhqiqatçı Xəyyam Mehtiyevin üzərində olan hər hansı bir əşya varsa çıxartmağını təklif etdiyini, bundan sonra əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən qızılıağ rəngli kağız bükümü çıxarıb stolun üzərinə qoyduğunu, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirdiyini, bundan başqa qara rəngli şalvarının sol yan cibindən bir ədəd özünə məxsus “Samsung A3” markalı mobil telefon (içərisində ***-***-**- ** saylı mobil nömrə), qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 qutu “Prima” siqareti, bir ədəd üzərində “ANCHOR” yazılmış kibrit qutusu, bir ədəd dairəvi formada plastmas daraq, qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd 20 manatlıq kağız pul əsginası çıxardıb stolun üzərinə qoyduğunu, təhqiqatçı Xəyyam Mehtiyevin üzərindən aşkar olunmuş 1 ədəd qızılı-ağ rəngli kağız bükümü açdığını və içərisinə baxdığını, təhqiqatçının narkotik vasitə heroini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda təhqiqatçıya həmin narkotik vasitə heroini Bakı şəhərində yerdən tapdığını və narkotik vasitə istifadəçisi olduğuna görə istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra onun üzərindən aşkar olunmuş həmin narkotik vasitə heroinin elektron tərəzidə çəkildiyini, çəkisinin 1,8 qram olduğunu, sonra həmin bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar və özünün həmin zərfə imza etdiklərini, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, həmçinin özünə məxsus bir ədəd “Samsung A3” markalı mobil telefon (içərisində ***-***-**-** saylı mobil nömrə) istintaq əhəmiyyəti kəsb etdiyinə görə zərfə qablaşdırılıb götürüldüyünü, həmin zərfin üzərinə də imzalar etdiklərini, sonra özünə məxsus 2 qutu “Prima” siqareti, bir ədəd üzərində “ANCHOR” yazılmış kibrit qutusu, bir ədəd dairəvi formada plastmas daraq, bir ədəd 20 manatlıq kağız pul əsginası istintaq üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını, daha sonra müdafiəçisi Müdafiəçi narkotik vasitənin ona məxsus olubolmamasını, həmçinin polislərin onu polis şöbəsinə gətirilən zaman döyülübdöyülməməyini, söyülüb-söyülməməyini, ona hədə-qorxu olunub-olunmamağını, narkotik vasitəni kiminsə onun üzərinə qoyub-qoymamasını, ona hər hansı bir təzyiq edibetməməsini soruşduqda müdafiəçisi Müdafiəçi narkotik vasitə heroinin ona məxsus olduğunu, tapdığını, polis əməkdaşlarının ona qarşı hər hansı təzyiqi olmadığını, ona qarşı hər hansı bir qanunsuz hərəkət edilmədiyini bildirdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri 20 Yanvar küçəsi 74-də qeydiyyatda olan X6 qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Ağdaş şəhəri 20 Yanvar küçəsində hərəkətdə olan zaman Ümidin piyada hərəkətdə olmasını gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Ümidi RPŞ-yə dəvət etdiklərini, Ümidin də onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də Ümidə dövlət hesabına müdafiəçi təyin edildiyini və o, şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞnin inzibati binasında, xidməti otaqda Ümidin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Ümidin əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən qızılı-ağ rəngli kağız büküm aşkar olunduğunu, daha sonra qara rəngli şalvarının sol yan cibindən bir ədəd “Samsung A3” markalı mobil telefon, qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 qutu “Prima” siqareti, bir ədəd üzərində “ANCHOR” yazılmış kibrit qutusu, bir ədəd dairəvi formada plastmas daraq, qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd 20 manatlıq kağız pul əsginası aşkar olunduğunu, aşkar olunmuş 1 ədəd qızılı-ağ rəngli kağız büküm açıldığını və içərisindən qəhvəyi rəngli, toz halında maddə aşkar edildiyini, Ümidin həmin zaman həmin maddənin heroin olduğunu, narkotik vasitə heroini Bakı şəhərində yerdən tapdığını və narkotik vasitə istifadəçisi olduğuna görə istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra aşkar olunmuş həmin narkotik vasitə heroin elektron tərəzidə çəkildiyini, çəkisinin 1,8 qram olduğunu, sonra həmin büküm zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar tərəfindən zərfin üzəri imzalanıldığını, protokol tərtib olunduğunu və proses iştirakçıları heç bir şikayət olmadığından protokola imza etdiklərini, həmçinin Ümidə məxsus bir ədəd “Samsung A3” markalı mobil telefon istintaq əhəmiyyəti kəsb etdiyinə görə zərfə qablaşdırılıb götürüldüyünü, həmin zərfin üzəri də imzalar ilə təsdiq edildiyini, sonra Ümidə məxsus 2 qutu “Prima” siqareti, bir ədəd üzərində “ANCHOR” yazılmış kibrit qutusu, bir ədəd dairəvi formada plastmas daraq, bir ədəd 20 manatlıq kağız pul əsginası istintaq üçün əhəmiyyət kəsb etmədiyindən Ümidin özünə qaytarıldığını, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 10 fevral 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə 8 noyabr metrostansiyasının yaxınlığında təkbaşına piyada hərəkətdə olduğu zaman yerdə yolun kənarından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını barədə RPŞ-yə məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs tutulan zaman özü və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda Ağdaş RPŞnin əməliyyat müvəkkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Ümidin əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən qızılı-ağ rəngli kağız büküm aşkar olunmuş, daha sonra qara rəngli şalvarının sol yan cibindən bir ədəd “Samsung A3” markalı mobil telefon, qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 qutu “Prima” siqareti, bir ədəd üzərində “ANCHOR” yazılmış kibrit qutusu, bir ədəd dairəvi formada plastmas daraq, qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd 20 manatlıq kağız pul əsginası aşkar olunmuş, aşkar olunmuş 1 ədəd qızılı-ağ rəngli kağız büküm açılmış və içərisindən qəhvəyi rəngli, toz halında maddə aşkar edilmiş, Ümid həmin maddənin heroin olduğunu, narkotik vasitə heroini Bakı şəhərində yerdən tapdığını və narkotik vasitə istifadəçisi olduğuna görə istifadə etmək üçün üzərində saxladığını bildirmiş, bundan sonra aşkar olunmuş həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, çəkisi 1,8 qram olmuş, sonra həmin büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış, həmçinin Ümidə məxsus bir ədəd “Samsung A3” markalı mobil telefon istintaq əhəmiyyəti kəsb etdiyinə görə zərfə qablaşdırılıb götürülmüş, həmin zərfin üzəri də imzalar ilə təsdiq edilmiş, sonra Ümidə məxsus 2 qutu “Prima” siqareti, bir ədəd üzərində “ANCHOR” yazılmış kibrit qutusu, bir ədəd dairəvi formada plastmas daraq, bir ədəd 20 manatlıq kağız pul əsginası istintaq üçün əhəmiyyət kəsb etmədiyindən Ümidin özünə qaytarılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/175 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki, 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə, nəm vəziyyətdə təmi çəkisi 1,678 qram, quru vəziyyətdə təmiz çəkisi 1,477 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-сü il tarixli 493 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 4 (dörd) ay 6 (altı) gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 8 (səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2019-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli, № 3-16-17/32/2-2323/2023 saylı məktubundan görünür ki, Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinin təsiri altına düşmüş, Amnistiya Aktının tətbiq edilməsi barədə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 6 ay azaldılmış və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 mart 2023-сü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 mart 2023-сü il tarixli, 235 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, 20 Yanvar küçəsi 74 №-li evdə yaşamaqla aillə tətkibi aşağıdakı şəxslərdən ibarətdir: X2 (1979-cu il təvəllüdlü), X3 (1981-ci il təvəllüdlü), X9 (2000-ci il təvəllüdlü), X4 (2005-ci il təvəllüdlü), X7 (1994-cü il təvəllüdlü), X8 (2000-ci il təvəllüdlü), X10 (2016-cı il təvəllüdlü), X17 (2015-ci il təvəllüdlü), X11 (2017-cu il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İV seriyalı, № 810694 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X5r. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ seriyalı, № 939216 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası X19, anası isə X5r. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AA1738132 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 xx.xx.2013-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 21:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, himayəsində üç azyaşlı övladının olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilmılidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli 30 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan nəm vəziyyətdə 1,578 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan nəm vəziyyətdə 1,578 qram narkotik vasitə olan heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar