Məhkəmə qərarları › İş №1(014)-76/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-76/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-76/2021 10.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində 2 azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş, Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 9, mənzil 11də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımışdır. Belə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək 1 il beş ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəzasının əvvəli 29 mart 2019-cu il tarixdən hesablanmaqla, 14.08.2020-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 1 ay 13 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, 2021-ci ilin aprel ayının ortalarında Mingəçevir şəhərindən Kür çayının kənarından yerdən tapdığı 3 ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda çəkiləri 0,094 qram, 0,131 qram və 0,150 qram, ümumi təmiz çəkisi 0,375 qram olan heroini satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış və həmin narkotik vasitə 12 aprel 2021-ci ил tarixdə saat 13:31 radələrində ünvan 1 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, evli olduğunu, iki qız övladının olduğunu, övladlarının 9 və 11 yaşlı olduqlarını, narkotik istifadəçisi olduğuna görə bədənində ağrıları olduğunu, buna görə də narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər narkotik maddələrin istifadəçisi kimi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunduğunu, 12.04.2021-ci il tarixdə təxminən saat 12:55 radələrində yaşadığı Ağdaş şəhəri H.Əliyev prospektində olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini, polis əməkdaşlarının onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə getdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Vinçestr” markalı siqaret qutusu və əynində olan qara rəngli cins şalvarın sağ yan cibibdən 1 ədəd boz rəngli “MEİZLİ”markalkı smartfon mobil telefonu aşkar olunduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş siqaret qutusuna baxış keçirilən zaman siqaret qutusunun içərisindən 1 ədəd sellofan büküm aşkar olunduğunu, həmin sellofan büküm açılarkən içərisindən 3 ədəd kağız bükümlər aşkar olunduğunu, həmin şəxsi axtarış zamanı aşkar olunmuş 3 ədəd kağız bükümlər açılarkən içərisində qəhvəyi rəngli, toz və kristal halında narkotik maddəyə bənzər maddə aşkar olunduğunu, aşkar olunmuş narkotik maddəyə bənzər maddələrin elektron tərəzidə çəkildiyini, çəkilərinin 0,15 qram, 0,20 qram və 0,23 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 3 ədəd kağız bükümün zərflərə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, üzərindən aşkar olan narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin 3 ədəd kağız bükümdə olan narkotik maddəni təxminən 2 gün əvvəl Mingəçevir şəhərindən Kür çayının kənarından tapdığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, özünün Ağdaş şəhərində qohumları yaşadığını, onun üçündə Ağdaş şəhərinə qohumları ilə görüşmək üçün gəldiyini, üzərindən aşkar olunan narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə olmadığını, RPŞ-yə gətirilən zaman ona qarşı hər hansı bir təzyiq və ya zor tətbiq olunmadığını, ona ifadəsinin alınmasında hər hansı bir təzyiq və zorakılıq hərəkətləri edilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 12.04.2021-ci il tarixdə Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 9, mənzil 11-də qeydiyytada olan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və özü tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 12:55 radələrində CAB-nin əməliyyat müvəkkili, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, həmçinin, onu RPŞ-yə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Pərvizin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Pərvizin əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Vinçestr” markalı siqaret qutusunun və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd boz rəngli “MEİZLİ” markalı smartfon mobil telefonu aşkar olunduğunu, şəxsi axtarış zamanı Pərvizin üzərindən aşkar olunmuş siqaret qutusuna baxış keçirilən zaman siqaret qutusunun içərisindən 1 ədəd sellofan büküm aşkar olunduğunu, həmin sellofan büküm açılarkən içərisindən 3 ədəd kağız bükümlər aşkar olunduğunu, həmin şəxsi axtarış zamanı aşkar olunmuş 3 ədəd kağız bükümlər açılarkən içərisində qəhvəyi rəngli, toz və kristal halında narkotik maddəyə bənzər maddə aşkar olunduğunu, aşkar olunmuş narkotik maddəyə bənzər maddələrin elektron tərəzidə çəkildiyini, çəkilərinin 0,15 qram, 0,20 qram və 0,23 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 3 ədəd kağız büküm zərfə qablaşdırıldığını, zərfin üzərinin Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü ilə möhürləndiyini, şəxsi axtarış zamanı Pərvizin üzərindən başqa heç nə aşkar edilmədiyini, şəxsi axtarışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni ilkin sorğu zamanı təxminən 3-4 gün öncə Bakı şəhərindən tanımadığı şəxsdən aldığını, lakin həmin narkotik maddəni aldığı şəxsi tanımadığını və konkret olaraq kim olmasını xatırlamadığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarışın videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Vinçestr” markalı siqaret qutusu və əynində olan qara rəngli cins şalvarın sağ yan cibibdən 1 ədəd boz rəngli “MEİZLİ” markalkı smartfon mobil telefonu aşkar olunmuş, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş siqaret qutusuna baxış keçirilən zaman siqaret qutusunun içərisindən 1 ədəd sellofan büküm aşkar olunmuş, həmin sellofan büküm açılarkən içərisindən 3 ədəd kağız bükümlər aşkar olunmuş, həmin şəxsi axtarış zamanı aşkar olunmuş 3 ədəd kağız bükümlər açılarkən içərisində qəhvəyi rəngli, toz və kristal halında narkotik maddəyə bənzər maddə aşkar olunmuş, aşkar olunmuş narkotik maddəyə bənzər maddələr elektron tərəzidə çəkilmiş, çəkilərinin 0,15 qram, 0,20 qram və 0,23 qram olmuş, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 3 ədəd kağız büküm zərflərə qablaşdırılmış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, özü və digər iştirakçılar həmin zərfə imza etmişlər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 12.04.2021-ci il tarixli, 17/266 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 3 ədəd gümüşü-ağ rəngli bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,094 qram, 0,131 qram və 0,150 qram, ümumi təmiz çəkiləri - 0,375 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eyniridirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 26.04.2021-ci il tarixli 449 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.04.2021-ci il tarixli tələbnamədən və məhkəmə hökmündən görünür ki, Nəbiyev X1 Şəhər Məhkəməsinin 29 mart 2019-cu il tarixli, 1(051)-11/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 14.08.2020-ci il tarixli qərarı ilə 1 ay 13 gün vaxtından əvvəl şərti azad edilib. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırılma İdarəsinin 9 saylı mənzil istismar sahəsi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli, 35 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırılma İdarəsinin 9 saylı mənzil istismar sahəsi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli 468 saylı arayışdan görünür ki, Nəbiyev X1 şəhəri, Təbriz küçəsi, ev 9, mənzil 11-də yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X3 - arvadı; X2 - qızı (2010-cu il təvəllüdlü); X4 - qızı (2012-ci il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 12 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 13:15-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 4(014)-26/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 aprel 2021-ci il tarixdən, saat 13:15-dən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində azyaşlı iki uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 12 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 0,315 qram çəkidə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə göndərilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 0,315 qram narkotik maddə olan heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar