Məhkəmə qərarları › İş №1(014)-76/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-76/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-76/2024 08.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş şəxs Hacıyev İxtiyar Bahadur oğlunun iştirakları ilə, Hacıyev İxtiyar Bahadur oğlunun Azərbaycan Respublikasını CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Hacıyev İxtiyar Bahadur oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin olunması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X3 "xxxx" MMC-nin (bundan sonra BOKT) Ağdaş filialının meneceri vəzifəsində işləyir. BOKT-un əvvəlki müştərisi Hacıyev İxtiyar Bahadur oğlu kredit almaq üçün yenidən müraciət etmişdir. Qeyd edir ki, Hacıyev İxtiyar Bahadur oğluna xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə BOKT tərəfindən kredit verilmişdir. Hər iki kredit müqaviləsi onun tərəfindən rəsmiləşdirilmişdir. Lakin bu dəfə Hacıyev İxtiyar Bahadur oğlunun ödəniş qabiliyyətinin olmaması ilə əlaqədar ona kredit verilişindən imtina olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının 13 avqust 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərliyin” tələblərinə əsasən “Qiymətləndirmə nəticəsində istehlakçı ödəmə qabiliyyəti olmayan hesab edilərsə kredit sifarişi təmin olunmaya bilər” (bənd 7.6). Bu baxımdan kreditin rəsmiləşdirilməsi zamanı müraciət edən vətəndaşın ödəniş qabiliyyəti, gəlirlərinin və digər öhdəliklərinin mövcudluğu yoxlanılmış, onun ödəmə qabiliyyətli olmayan hesab edilməsi səbəbindən kredit sifarişi təmin olunmamışdır. Bundan narazı qalan Hacıyev İxtiyar Bahadur oğlu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanlamışdır. Həmin müraciət Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC-yə yönləndirilmişdir. Belə ki, müraciətdə Hacıyev İxtiyar Bahadur oğlu tərəfindən kreditin rəsmiləşdirilməsi zamanı ondan əlavə olaraq hər dəfə 50 manat qeyri-rəsmi ödəniş aldığını, son dəfə isə 150 manat tələb etdiyi barədə iftira və həqiqətə uyğun olmayan məlumatlar qeyd edilmişdir. Bu hərəkətləri və əməlləri, böhtan və iftiraları ilə Hacıyev İxtiyar Bahadur oğlu şərəf və ləyaqətini ləkələmiş, onu cəmiyyət, iş yeri qarşısında alçaltmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirləndirərək böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə faktiki olaraq ittiham etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci bəndinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 5-ci bəndinə əsasən isə məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. 46-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası CPMin 37.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 147-ci maddələrində göstərilən cinayətlər üzrə cinayət təqibi xüsusi ittiham qaydasında yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixdə qəbul etdiyi “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarın 5-ci maddəsində göstərilir: "...başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər”. Böhtanla bağlı əməllər üzrə şərəf və ləyaqətin, nüfuzun ləkələnməsi, məlumatların yayılması və yayılmış məlumatların yalan olması cinayət tərkibinin yaranmasının əsaslarıdır. Yuxarıda qeyd etdiyi Plenum qərarının 3-cü maddəsində göstərilir: “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması”. İşin məhkəmə baxışı zamanı həmin halların müəyyən olunacağına şübhə etmir. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.2, 88.1.3, 204.1, 293.3.1-293.3.7-ci maddələrinin tələbini nəzərə alaraq, onu xüsusi ittihamçı qismində tanımaqla şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatları yaymış Hacıyev İxtiyar Bahadur oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə onun haqqında yazdığı şikayətin böhtan olmasını etiraf etməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə. Azərbaycan Respublikasının Mərkəzi Bankına, "xxxx" BOKT MMC-yə yazılı məlumat verməyi ilə əlaqədar ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 ifadəsində şikayətinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş şəxs Hacıyev İxtiyar Bahadur oğlu xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsini (vəkil) və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə təqdim olunmuş sübutlarla birlikdə baxaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da göstərildiyi kimi böhtan xarakterli məlumatların müxtəlif orqanlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları bildirmiş şəxsin hərəkətləri cinayət hesab edilmir. Məhkəmə hesab edir ki, xüsusi ittihamçı X1 şikayətində qeyd etdiyi hallarda böhtan cinayətinin tərkib əlamətləri olmamaqla yanaşı, Hacıyev İxtiyar Bahadur oğlunun X2 böhtan atmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, Məhkəmə hesab edir ki, xüsusi ittihamçı X1 şikayətinin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. Belə ki, törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməmişdir. Yuxanda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 299, 300, 302-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hacıyev İxtiyar Bahadur oğlunun Azərbaycan Respublikasını CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar