Məhkəmə qərarları › İş №1(014)-77/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-77/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-77/2022 26.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1993-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, ailəli, himayəsində 4 azyaşlı uşağı olan, əvvələr məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop və narkotik maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il taixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, istintaqa məlum olmayan mənbədən və şəraitdə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 8 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,026 qram, 0,034 qram, 0,019 qram, 0,033 qram, 0,031 qram, 0,039 qram, 0,035 qram, 0,027 qram, ümumi təmiz çəkisi 0,244 qram olan narkotik vasitə hesab olunan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellofan bükümdə təmiz çəksi 0,318 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq, daşımış və həmin narkotik vasitə xx.xx.2022-ci il tarixdə saat 18:59-da ünvan 2 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində latın qrafikası ilə yazmağı və oxumağı bacardığını, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyinin olmadığını, evli olduğunu, 4 azyaşlı övladı olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər narkotik maddələrin istifadəsi ilə məşğul olduğuna görə məhkum olunduğnu, xx.xx.2022-ci il tarixdə təxminən saat 17:20 radələrində Ağdaş şəhəri Vaqif küçəsi ilə piyada yol gedən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, özünündə polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə getdiyini, Ağdaş RPŞ-də özünə dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun aşkar olunduğunu, daha sonra həmin kibrit qutusunun açıldığını və içərisindən 8 ədəd kağız bükümün və 1 ədəd sellofan bükümün aşkar olunduğunu, bundan sonra üzərindən aşkar edilmiş kağız bükümlərinin açıldığını və içərilərindən qəhvəyi rəngli toz halında olan maddənin aşkar olunduğunu, bundan sonra sellofan bükümün açıldığını və onun da içərisindən ağ rəngli kristal şəklində olan maddənin aşkar olunduğunu, həmin kağız bükümlərdə olan maddənin “kokos” yəni heroin, sellofan bükümdə olan maddənin isə “patı” yəni metamfetamin olduğunu bildirdiyini, bundan sonra üzərindən aşkar edilmiş həmin kağız bükümlərin elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 0,06 qram, 0,08 qram, 0,07 qram, 0,08 qram, 0,07 qram, 0,08 qram, 0,07 qram və 0,11 qram, sellofan bükümdəki olan maddənin çəkisinin isə 0,067 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 8 ədəd kağız bükümün və 1 ədəd sellofan bükümün kağız zərfə qablaşdırıldığını, üzərinə DİN-in 111 nömrəli möhürünün vurulduğunu, özünün və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı protokol tərtib edildiyini və video çəkiliş aparıldığını, özlərinin həmin protokola və zərfin üzərinə imza etdiklərini, daha sonra razılığı əsasında özünün yaşadığı evdə də axtarış aparıldığını, lakin axtarış zamanı yaşadığı evdən heç bir əhəmiyyət kəsb edən predmetin aşkar olunmadığını, üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri 2022-ci ilin aprel ayının ortalarında hazırda dəqiq olaraq xatırlamadığı vaxtda Ağdaş şəhəri Məşəd küçəsində yerdən tapdığını, həmin narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək üçün üzərində saxladığını, üzərinə şəxsi axtarış aparılan zaman və təqsirləndirlən şəxs qismində ona ittiham elan olunduqdan sonra ifadəsi alınan zaman üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə Cavanşirin oğlu Nicatdan 30 (otuz) manata aldığınızı bildirməsi barədə həmin vaxt əgər narkotik vasitəni və psixotrop maddəni aldığını desə onu tutmayacaqlarını fikirləşdiyini, bu səbədən də bu cür dediyini, belə ki, öz xalası oğlu Nicatın adını dediyini, lakin heç vaxt Nicatdan narkotik vasitə və ya psixotrop maddə almadığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vastə almadığını, əvvələr də Nicatdan narkotik vasitə və ya psixotrop maddə almadığını, özündə başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə olmadığını, mobil telefondan və monil nömrədən istifadə etmədiyini, ona ifadəsinin alınmasında hər hansı bir zor və ya hədə tətbiq olunmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda yaşayan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında özü tərəfindən xx.xx.2022-ci il tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞnin İTB-in polis sahə rəisi Şahid2la birlikdə Ağdaş şəhəri Vaqif küçəsində olan zaman Təqsirləndirilən şəxs yolun kənarı ilə piyada getməsini gördüklərini, bundan sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxladığı və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Təqsirləndirilən şəxs RPŞ-yə dəvət etdiklərini, Hünərin də özləri ilə birlikdə Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də Hünərə dövlət hesabına müdafiəçi təyin edildiyini və onun şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunun aşkar edildiyini, daha sonra həmin kibrit qutusu açılan zaman içərisindən 8 ədəd kağız bükümün və 1 ədəd sellofan bükümün aşkar edildiyini, daha sonra üzərindən aşkar edilmiş bükümlərin açıldığını və kağız bükümlərin içərilərində qəhvəyi rəngli toz halında maddənin, sellofan bükümün içərisindən isə ağ rəngli kristsal halında maddənin aşkar edildiyini, Hünərin həmin kağız bükümlərdəki maddələrin “kokos” adlandırılan narkotik vasitə, sellofan bükümdəki maddənin isə “patı” adlanan narkotik maddənin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra Hünərin üzərindən aşkar edilmiş həmin maddələrin elektron tərəzidə çəkildiyini və kağız bükümlərdə olan maddələrin çəkiləri müvafiq olaraq 0,06 qram, 0,08 qram, 0,07 qram, 0,08 qram, 0,07 qram, 0,08 qram, 0,07 qram və 0,11 qram, sellofan bükümdə olan maddənin çəkisinin isə 0,67 qram olduğunu, daha sonra həmin bükümlərin kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özünün və digər iştirakçıların zərfin üzərini imzaladıqlarını, şəxsi axtarış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən yaşayış evinə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq saxladığı hər hansı əşya və ya predmet aşkar edilmədiyini, baxışın videoçəkiliş vasitəsi ilə aparıldığını, bu barədə protokol tərtib edildiyini və protokolu imzaladıqlarını, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinləri və psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə Cavanşirin oğlu Nicatdan onun yaşadığı evdə 30 manata aladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini, həmin vaxt orada müdafiəçi və polis əməkdaşları olduğunu, həmçinin şəxsi axtarış və baxış videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan iki ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunun aşkar edilmiş, daha sonra həmin kibrit qutusu açılan zaman içərisindən 8 ədəd kağız bükümün və 1 ədəd sellofan bükümün aşkar edilmiş, daha sonra üzərindən aşkar edilmiş bükümlər açılmış və kağız bükümlərin içərilərində qəhvəyi rəngli toz halında maddə, sellofan bükümün içərisindən isə ağ rəngli kristsal halında maddə aşkar edilmiş, Hünər həmin kağız bükümlərdəki maddələrin “kokos” adlandırılan narkotik vasitə, sellofan bükümdəki maddənin isə “patı” adlanan narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirmiş, bundan sonra Hünərin üzərindən aşkar edilmiş həmin maddələr elektron tərəzidə çəkilmiş və kağız bükümlərdə olan maddələrin çəkiləri müvafiq olaraq 0,06 qram, 0,08 qram, 0,07 qram, 0,08 qram, 0,07 qram, 0,08 qram, 0,07 qram və 0,11 qram, sellofan bükümdə olan maddənin çəkisi isə 0,67 qram olmuş, daha sonra həmin bükümlər kağız zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, özü və digər iştirakçılar zərfin üzərini imzalamış, şəxsi axtarış video çəkilişlə aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən yaşayış evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq saxladığı hər hansı əşya və ya predmet aşkar edilməmiş, baxış videoçəkiliş vasitəsi ilə aparılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2022-ci il tarixli 17/352 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş......” sözləri yazılmış zərfin içərisindəki: - 8 (səkkiz) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,026 qram, 0,034 qram, 0,019 qram, 0,033 qram, 0,031 qram, 0,039 qram, 0,035 qram, 0,027 qram, ümumi təmiz çəkisi 0,244 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir, - 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,318 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 8 (səkkiz) ədəd kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 874 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə haları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli 1(014)-49/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunub. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 may 2022-ci il tarixli, 970 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı - X6, oğlu - X3 (2010-cu il təvəllüdlü), oğlu - X4 (2012-ci il təvəllüdlü), qızı - X1 (2014-cü il təvəllüdlü) və qızı - X2 (2018-ci il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:55-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 23 aprel 2022-ci il tarixli, 4(014)-49/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 aprel 2022-ci il tarixdən, saat 17:55-dən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, Heroin və metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroin və metamfetaminin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində dörd azyaşlı uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 21 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 0,164 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,268 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 0,164 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,268 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar