Məhkəmə qərarları › İş №1(014)-77/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-77/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-77/2025 02.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X12 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X7, X4, X5 və X2 iştirakları ilə, X7, X4, X5 və X2 cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X7, X4, X5 və X2 cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, 20 oktyabr 2013-cü ildə toy günü evləndiyi şəxsin öz xalası qızı ilə qeyri-rəsmi münasibətlərini və ondan oğlu olduğunu, ailəsi barəsində kəndin ən ədəbsiz, əxlaqsız ailəsi olduğuna dair rəylər eşitmişdir. Elə həmin gün evləndiyi şəxsə bunları demiş və ər-arvad münasibətlərinin olmayacağını bildirmişdir. 11 aydan sonra boşanıb ata evinə qayıtmışdır. Evə qayıtdığı gündən təqsirləndirilən şəxslərin ona qarşı qərəzli münasibətləri başlamış, anası Yeganə Əhmədova hər gün hamının yanında ona “səni yaxşı edib boşadılar. Allaha canım qurban, səni it kimi gətirib qapıma tulladılar, bir adını iki elədilər, məni də arzuma çatdırdılar, fahişə” deyib təhqir edir, eybəcər söyüşlər söyür (video və səs yazıları var). İlk dəfə o zaman anasının onu qısqandığını anlamış, ona dəfələrlə “sənin üzünü yandıracağam” demiş və buna dəfələrlə cəhd də etmişdir. Hətta o, evli olarkən yoldaşına “özüm qızımı sənə zorla verdim ki, yığışdıra bilmirdim, öz baldızım oğlu ilə görüşürdü” deyə bildirmişdir. Yoldaşı da “Sevincin mən əxlaqına, qadınlığına bələdəm. Sənin etdiklərin bir ana kimi sənə yaraşmır” deyə cavab vermişdir. Amma yenə X19 bu səfər də yalan danışaraq iş yerində onun hamilə olmasına, ağır əşya qaldırdığı üçün uşaq düşdüyünə dair yalan məlumatlar yaymışdır. O, yoldaşı ilə cinsi əlaqədə olmadığı üçün hamilə qala bilməmişdir.Onlar bir evdə yaşasalar da ər-arvad münasibətləri yox idi. Buna səbəb onun toy günü eşitdikləri və toyundan 17 gün sonra yıxılaraq qabırğalarının və onurğa fəqərələrinin zədələnməsi səbəb idi. Onun nəinki ər-arvad münasibətinə yararlı, heç ayaq üstə gəzməyə belə sağlamlığı münasib deyildi. Çünki onu əri həkimə aparmaq əvəzinə yıxıldığı gün baytar həkimini evə çağırıb, tibbi izalentlə qabırğalarını, bel nahiyəsini sarımışdır. O, bu ağrılarla 10 ay ər evində bakirə qalaraq yaşamışdır. Yoldaşı da bu vəziyyətini anlayıb ona dəstək olmuşdur. Hətta qaynı da onlarla qalır, ona ev işlərində kömək edirdi. Evli olan zaman əmisi oğlu Əhmədov Əfqan, qardaşı Əhmədov İsmayıl da 1 aya yaxın onlarla qalmışdır. Onlar 2013-cü ildə Bakı şəhərində kirayə qalmışlar. Həmin vaxt Əhmədov Əfqan uşağı xəstə olduğu üçün həkimə gəlmişdir. Şəxsiyyət vəsiqəsi olmadığı üçün xəstəxanada qala bilmirdi, çöldə yatırdı. X18 zəng edib yoldaşına “gəlsin sizlə qalsın, çöldə qalmasın” demişdir. Əhmədov İsmayıl da işləmək üçün gəlmiş, o da onlarla birlikdə qalırdı. Həmin şəxslər onun vəziyyətinə şahid idilər ki, o, xəstədir, gəzməyə belə halı yoxdur. O, evindən qayıtdıqdan sonra qardaşı İsmayıl və əmisi oğlu Əfqan rayonda onun gecə qaynı ilə, gündüz əri ilə yatdığını, iki qardaşın Sevincə ərlik etdiyini yaymışlar. Bunu qardaşı və əmisi oğlu 13 ildir dillərində gəzdirib yayırlar. O, bu sözləri başqalarından eşitdiyi kimi, öz qulağı ilə də əmisi oğlunun ağzından çıxan sözlərlə səsli də eşitmişdir. Evinə gələn qonağına, arvadına danışır, hətta “bu qız fahişədir, onu əri yığışdıra bilmədi deyə boşandı” deyə fikirlər söyləyirdi. Hərdən əmisi oğlu Əhmədov Əfqan deyir: “Mən çay evində oturanda ordakı qardaşlarıma da deyirəm...” (qardaş dediyi şəxslər dini qruplaşma - vahabilik icmasının üzvüdür. O icmada qeydiyyatda olan hər bir şəxs bir-birinə “qardaşım” deyə müraciət edir) - “mənim əmim qızı fahişədir. Kim o qızla maraqlansa, deyin gəzir, deyin gündə birinin maşınında Qəbələyə gedir, otellərdən çıxmır, işlədiyi müddətdə guya gəlib onu iş yerində 3-4 əks cinslə əxlaqsızlıq edərkən görüb və döyüb.” Bu sözləri də öz bibisi oğlu Cəsur Hümbətova danışıb və aralarında mübahisə yaranmışdır. Həmin vaxt bibisi oğlu bu hərəkətlərinə, davranışına və yalanlarına son verməsi üçün ona xəbərdarlıq etmişdir. Həmin gün bibisi oğlu Əhmədov Ulduzəyə də iradını bildirmişdir. Yalanların, böhtanların sonu heç yaxşı bitməyəcək. Amma yenə də Əhmədova Ulduzə yalanına, şər və böhtanına son vermək əvəzinə, bibisi oğlu Cəsur Hümbətova “Sevinc Qəbələdə oteldə fahişəlik edir, özü də bu fahişəliyi Qəbələ rayon Polis Şöbəsinin rəisi ilə edir. Hətta o, Qəbələdə oteldə 70 nəfərlə cinsi əlaqədə olub, gecənin çox gec saatlarında maşınla gətirilib qapıya atılıb” deyə fikir bildirmişdir. Bibisi oğlu ona “sən də həmin gün orada olmusan, gözünlə görmüsənmi? Bütün bu məlumatlar səndə hardandır?” deyə sual vermiş, Əhmədova Ulduzə cavab olaraq bütün bunları qonşu Mehman Paşayevin gördüyünü bildirmişdir. Hətta həmin gün Əhmədova Ulduzə zəng edib bu iyrənc şər-böhtanını öz bacısının qızlarına da danışmışdır. 13 fevral 2025-ci ildə öz aralarında sözləşib, Əhmədov İsmayılı üzərinə salmışlar. Əhmədov İsmayıl qardaşı olsa da dəfələrlə ana, atasını döyüb, söyüb, evdə demək olar ki, sağlam əşya qalmayıb. Narkotik istifadəçisidir. Əlinə kəsici alət-balta alıb arxasınca atır, deyir “kefim belə istəyir”. Elə həmin gün də atası Mübariz Əhmədovun üzərinə su dolu, çəkisi 10 litrlik nimçəni atmışdır. O, qardaşını şikayət edəcəyi barədə xəbərdarlıq etmiş, qardaşı isə “hansı orqana şikayət edirsən et” deyərək onu söyməyə başlamışdır. Üzərinə gəlib boğmaq istəyərkən polis şöbəsinə zəng etmişdir. Artıq qardaşının ona zərər verə bilməyəcəyini, polisə aparılıbsa cəzasının veriləcəyini düşünmüşdür. O da həmin gün polis şöbəsinə yazılı və şifahi izahat vermək üçün çağırılmışdır. Şöbədən Xəyyam adlı polis əməkdaşı gəlib onu aparmışdır. Həmin gün polis şöbəsində anası (ana demək olarsa) Əhmədova Yeganə sorğu otağında onun ünvanına əxlaqsız şər-böhtanlar söyləmişdir. Eşitdikləri qarşısında özü də məyus qalmışdır. Otağa keçib olanları və həmin gün ona yaşadılan zorakılığı danışmış, boğazında Əhmədov İsmayılın əl izləri yara etdiyini də göstərmişdir. Üzləşmə üçün anası Yeganəni də otağa gətirmişlər. Otağa girən kimi anası Yeganə Əhmədova çevrilib polis əməkdaşına “elə sənsən qızımı saxlayan”. Sonra isə söyüşlə polis əməkdaşına: “Mənim qancığım sizə işləyir, siz durmusunuz bunun arxasında” - deyərək otaqda onu təhqir etməyə, söyməyə başladı. “Bu qancıq yönlü pox olsaydı, ərə vermişdim, oturub dolanardı. Gətirib əri üstümə it kimi atmazdı” - deyərək, onun boşanmasını həmin otaqda 7 polisin qarşısında üzünə vurmuşdur. Hətta ona oğlu əl qaldırmayıb, o, şər və yalan danışır deyə bildirmişdir. O, tibbi ekspertizadan keçdikdən sonra qardaşı onu həqiqətən qəsdən boğmaq istədiyi məlum olmuşdur. O, zərər çəkmişdir, ailəsi tərəfindən zorakılığa məruz qalmışdır. 102-yə zəng edib polis şöbəsinə bu insanları şikayət etdiyi üçün, bu 4 nəfər - Əhmədova Ulduzə, Əhmədova Yeganə, Əhmədov İsmayıl, Əhmədov Əfqan onun ünvanına atdıqları şər və böhtanı daha da geniş kütləyə yaymağa başlamışlar. Otaqları birləşik olduğu üçün Əhmədov Əfqanın öz evində danışdığı söhbəti tam aydın şəkildə öz otağında eşidir. X14 “Əmi, sənin qızın fahişədir. O gün polis şöbəsində rəis Rəşidin otağında çılpaq formada, lüt tutulub. Rəislə cinsi əlaqədə olan vaxt otağa Ceyhun adlı şəxs girib görmüş, tez özlərini yığışdırıb paltarlarını geyinmişlər. Bütün şöbə Sevincin otaqda fahişəlik etdiyini danışır. Hətta Rəşid adlı polis əməkdaşı da mən Sevinci soyundurmuşam, videoya çəkmişəm deyə danışır”. Hamı orda Sevinci göstərib üzünə tüpürüb ki: “Sən utanmırsan, qardaşını ananı şikayət etmisən, gəlib hələ şöbədə rəislə də yatırsan.” X20 sözünə əlavə olaraq deyirdi ki: “Əmi, mən çayxanada oturanda uşaqlar məndən soruşur ki, ay Əfqan, bu nə məsələdir, əmin qızı sizi şikayət edib. Mən də cavab verirəm ki, əmim qızı fahişədir, yığışdıra bilmirik. Siz də gedin hər yerdə danışın ki, əmim qızı əvvəl Qəbələ rayon Polis Şöbəsinin rəisi ilə oturub-dururdu, indi də Ağdaş polis şöbəsində işləyən Rəşid adlı şəxslə fahişəlik edir.” (Qeyd edim ki, Əhmədov Əfqan 2024cü ildə polis işçilərinə belə şər və təhqirlər yaydığı üçün 15 sutkalıq həbs cəzası almışdır). Əfqan Əhmədov atası Mübarizə deyirdi ki, “gəlin gedək yalançı 2 şahid tapıb, kəndkəsəkdə o qədər içki düşkünü, işsiz, avara var ki, hərəsinə 20 manat verəndə məhkəmədə yalançı şahidlik edirlər. Onsuz da məhkəmə araşdırmayacaq ki, onlar kimdir. Onsuz da nə polis şöbəsində, nə də məhkəmədə işlər düz aparılmır. Onlara 300-500 manat verəndə işi sənin xeyrinə bağlayacaqlar. Elə edək ki, Sevinc məhkəməyə çıxmasın. Çıxanda da onu biabır edək, ağzını açıb heç nə danışa bilməsin.” Hətta atası Mübariz də öz ayaqlarını göstərib deyirdi ki: “Mən də çıxım məhkəmədə, polis şöbəsində deyim ki, qızım Sevinc məni döyüb bu hala salıb.” (Əhmədov Mübarizin hal-hazırda ayaqları tutulub, buna səbəb illərlə içki aludəçisi olmasıdır). O, əlavə edirdi ki: “Onsuz da ekspertə göndərsələr, yalandan kağız yazıb verəcəklər, ekspert səndən DNT analizini də götürməyəcək.” Onlar belə məsləhətləşib polis şöbəsinə getmişlər. O, dərhal şikayət ərizəsi ilə məşğul olan polisə zəng etmiş həmin şəxslərin ora gəldiyini, yalan-yanlış əleyhinə izahat verəcəklərini bildirmişdir. Onun bu sözlərindən sonra Xəyyam adlı polis əməkdaşı narahat olmamasını, özlərinin həll edəcəyini bildirmişdir. Aradan 10 gün keçdikdən sonra X19ni evdə telefonla gizlin danışırarkən, polis şöbəsinə 2 min manatdan çox pul verib, işi bağlatdırmışdır (rüşvət). Həqiqətən də ondan sonra işə xitam verildiyini öyrənmişdir. Onu 13-cü gün şöbəyə çağırıb, barışıq ərizəsi yazmasını demişlər. “Onsuz da bu iş məhkəməyə getsə, cəmi 300 manat məbləğində qarşı tərəfə cəza kəsiləcək. Biz onu özümüz burda həll edəcəyik. Sənin qardaşın dəli, anan-atanız da normal əxlaqda insanlar deyillər” demişlər. Beləliklə, onun bu şikayət ərizəsi də bağlanmışdır. 12 may 2025-ci il tarixində ipdə yuyub asdığı alt geyimi oğurlanmışdır. Kimin oğurladığından şübhələnsə də, heç bir söz deməmişdir. Lakin 01 iyul 2025-ci ildə yenidən alt geyimi oğurlanmışdır. Bundan başqa, tez-tez evdə əmisi oğlunun ünvanına “qəhbədi, o qız qəhbədi, gör onun başına indi nə oyun açacam, gör o Rəşidin arvadını tapıb Rəşidi elə şöbədə necə döydürəcəm, arvadına” - deyə, nalayiq və böhtan dolu sözlər dediyini eşidirdi. Bu zaman başa düşürdü ki, onun barəsində böhtan atmaq üçün iyrənc planlar qurulur. 14 iyul 2025-ci il tarixdə gecə saatlarında yuyub ipə sərdiyi alt geyimi (ağ rəngli) oğurlanmışdır. Gecə saat 2-yə qədər dəfələrlə paltara baxmış, hiss etmişdir ki, yenə oğurlana bilər. Həyətdə atası Mübariz uzanmışdı. Gecə saat 1-in yarısı anası Yeganə işdən gəldiyində paltar ipdə olmuşdur. Daha sonra qardaşı İsmayıl evə gəlmiş, həyətə girib evinə qalxmış, çıxıb əmisigil yaşayan tərəfə getmiş, təxminən 3 dəqiqəyə geri dönmüşdür. O, otağına keçib yatmağa hazırlaşarkən, pəncərə açıq olmuş və həyətdə səsləri eşidirdi. Bu vaxt ipdən paltar sancağının səsi gəlmiş, ardınca ayaq səsləri eşidilmişdir. İsmayıl həyəti tərk etmiş, bir müddət sonra əmisi oğlu tərəfdə sakit söhbət səsləri, sonra isə İsmayılın yenidən evə girib qapını bağlaması eşidilmişdir. Səhər saat 4-də durub geyiminin ipdə olmadığını görmüşdür. Əvvəlki iki alt geyiminin də oğurlayan qardaşı İsmayıl olduğunu, onları aparıb bibisi Ulduzə və əmisi oğlu Əfqana verdiyini bilmişdir. Bu insanların çox iyrənc plan qurduqlarını anlamışdır. Məqsəd onu şər-böhtanla ləkələmək, guya Rəşid adlı şəxsin otağında onunla olduğunu, otağa kimsə gəldiyindən tələsik geyinib çıxdığını, alt geyiminin isə otaqda qalıdığına dair böhtan ssenarisi qurmaq imiş. Səhər dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verərək onun alt geyiminin artıq 3-cü dəfədir oğurlandığını və bunu edən şəxsin qardaşı - Əhmədov İsmayıl olduğunu bildirmişdir. Bu oğurluqların səbəbi də ailə üzvlərinin iyrənc planlarında istifadə olunmasıdır. Bir qadın üçün alt geyimi onun namusu, şərəfi və əxlaqıdır. Qadının alt geyimini oğurlayıb onu bu vasitə ilə ləkələmək həyatda edilə biləcək ən şərəfsiz və alçaq cinayətlərdən biridir. Onun şərəf və ləyaqətini öldürməyə çalışırdılar. Bu dörd nəfər - Əhmədova Ulduzə, Əhmədova Yeganə, Əhmədov İsmayıl və Əhmədov Əfqanın bu cinayəti planlı şəkildə etdiklərinə əmin olmuşdur. O, 36 yaşında heç vaxt bu qədər stres, əsəb və qorxu yaşamamışdır. Həmin şəxslər onun qadınlığını, namusumunu sındırmağa cəhd etmişlər. Onun üçün həyatının ən çətin günü idi. Nazirliyin 102 xidmətinə müraciətində də qeyd etmişdir ki, şikayəti əxlaqının ləkələnməsi ilə bağlıdır. Alt geyimini oğurlayan şəxs öz ailə üzvü - Əhmədov İsmayıldır. Bu işdə bilavasitə iştirak edənlər isə X19, bibisi Əhmədova Ulduzə və əmisi oğlu Əhmədov Əfqandır. Ayın 14-ü günü polis şöbəsindən zəng gəlmiş, dəstəyi açdıqda qarşı tərəf özünü təqdim etdi ki, “Sevinc xanım, sizinlə danışan Rəşid müəllimdir, polis şöbəsindən. Siz polis şöbəsinə gəlməlisiniz.” O, həmin zaman 4 ay əvvəl onun şikayət izahatını alan şəxs olduğunu soruşmuşdur. O da, həmin əməkdaş olduğunu bildirdi. O, həmin əməkdaşa 4 nəfər şəxs tərəfindən qadınlıq, əxlaqı, onun adını çəkərək şər-böhtan atıldığını, ictimai yerlərdə və öz aralarında guya o, onun otağında izahat verdiyi gün əxlaqsız formada tutulduğunu, bunu üzünə anası və Əhmədova Ulduz küçədə dava salaraq bütün qonşulara qışqıraraq dediyini bildirmişdir. “Rəşidlə çılpaq tutulub, onu Qəbələyə aparıb gətirirlər.” O da bildirdi ki, bu insanların şər və böhtanlarının qarşısı alınmalıdır. O, 4 aydır artıq bu insanlardan həm mənəvi, həm də maddi zərər çəkir. Qarşı tərəf – yəni Rəşid adlı polis əməkdaşı xahiş etdi ki, mütləq polis şöbəsinə gəlib ətraflı bu haqq-hesabı danışsın. O, həmin gün polis şöbəsinə getdikdə hər şey tam əksinə oldu. Onu şöbəyə dəvət edən Rəşid adlı şəxs qarşısına çıxmadı, halbuki polis şöbəsində öz otağında idi. Nail adlı şəxsin otağına keçmiş və onun şikayətinə polis şöbəsində Nail adlı şəxs baxmışdır. Nail ona bildirmişdir ki, “Gəlin, sizin bu geyimlə bağlı zərərinizi təzminat olaraq biz qarşı tərəfdən alaq, siz şikayət ərizəsini geri götürün. Çünki sizin ailə üzvləriniz adınızı rəisimizlə hallandırır. Bu hadisə nazirliyə xəbərdar olunsa, söz-söhbət yaranacaq.” O, isə cavabında bildirmişdir ki, “mən artıq bu işin elə nazirlik tərəfindən araşdırılmasını istəmişəm. Çünki mənim əxlaqıma polis əməkdarı ilə şər və böhtan atırlar. Bu Rəşid adlı şəxs kimdirsə, çıxsın qarşıma, mən onunla danışmalıyam, çünki adım onunla hallanır”. Lakin Nail adlı polis əməkdaşı həmin gün otağında yalan danışaraq onu Rəşid adlı şəxslə görüşdürməmişdir. Onun izahatını da sadəcə oğurluq qismi üzrə yazılı şəkildə yazdıraraq qol çəkdirmişdir. Daha sonra Rəşid müəllimin Bakıya getdiyini, 2 gündən sonra gələcəyini demişdir. O, 3 gündən sonra Nail adlı şəxsə zəng etsə də, həmin şəxs Rəşid müəllimin məzuniyyətə çıxdığını və burada olmadığını bildirdi. Elə o sözdən sonra Rəşid müəllim dedikləri bu şəxsin bu yalanın, şərin, böhtanın tam mərkəzində olduğunu anlamışdır. X19 ilə Əhmədova Ulduzun söhbətlərinə gizlicə qulaq asarkən anası Yeganənin ağzından eşitmişdir ki, Rəşid adlı polis əməkdaşı ona deyib: “Sənin qızın mənə deyir ki, mənim alt geyimimi tapmasanız, mən çılpaq çıxıb şəhərdə gəzəcəyəm.” Rəşid adlı bu polis əməkdaşı Əhmədova Yeganəyə deyib ki, “apar qızın alt geyimini qoy yerinə, de ki, özüm bilib səhv götürmüşəm”. Eşitdikləri qarşısında donub qalmışdır. Hansı oyunun içinə düşdüyünü anlaya bilmir. Ayın 16-sı günü Əhmədova Yeganə üzərinə hücum çəkərək onu yenə təhqir, şantaj, böhtan ataraq bildirdi ki, “sənin alt geyimini mən ipdən götürüb, sənin kravatının üzərinə qoymuşam.” Necə bir geyim olduğunu soruşduqda qırmızı olduğunu və gah səhər, gah axşam qoyduğunu bildirdi. Halbuki səhər dediyi vaxt ayın 16-sı günü idi, onun geyimi isə ayın 14-ü gecə oğurlanmışdı. Bu insanlar üzünə baxaraq ona yalan deyirdilər. 17-si günü X19 telefonla danışanda eşitmişdir ki, saxta sənəd düzəldib şöbəyə aparacaq və onun şikayət ərizəsini ordan götürəcək. Və elə də oldu. Yenidən nazirliklə əlaqə saxlamış, anasının qurduğu planı və Ağdaş polis şöbəsində gedən prosesi onlara danışmışdır. Onlar da araşdırma aparacaqlarını söyləmişlər. İyulun 18-i günü səhər saat 05:50-də Əhmədova Ulduz və Əhmədova Yeganə yolda gizli söhbət edərkən onların söhbətlərinə şahid olmuşdur. O, səsini yüksəldərək onlara artıq qurduqları planlardan, şərdən və böhtanlardan xəbərdar olduğunu, artıq Ağdaş Rayon Məhkəməsinə şikayət edəcəyini, onların öhdəsindən polis şöbəsinin gələ bilmədiyini, onun adını orada işləyən polis işçiləri ilə hallandırdıqlarını söyləmişdir. Elə bu sözləri demişdir ki, Əhmədova Ulduz “Sən faişəsən... sənin polis şöbəsində yatmadığın polis qalmayıb. Sən hamilə olub uşaq götürdürmüsən," - deyərək səsini bütün küçəyə salmışdır. Ona “otellərdə rəislərin qucağında oturan faişə” deyərək təhqir və böhtanına davam edirdi. Ən pis də odur ki, anası olan Əhmədova Yeganə də kənardan baldızı Ulduzəyə “Ay Ulduzə, Rəşidin otağına girdim, onları çılpaq tutdum. Bu qız boynuna almadı. Rəisin üzünə dedim ki, qızımı - bu faişəni - yatmaq üçün şöbəyə gətirmisiniz siz.” Mənim bu sözümə görə Rəşid əclaf məni 3 min cərimələdi. Hələ mənə dedi ki, “Get, hər yerdə danış ki, qızının adı mənimlə çıxsın.” deyə bildirdi. Hələ bütün bunlar azmış kimi Əhmədova Ulduz əynindəki donu yuxarı çəkərək öz cinsiyyətini ona göstərib “Sənin bu yerlərini dağıdıb hamilə qoyublar, el-aləm bilir. Bunu da mən demişəm, belə yaxşı eləmişəm, demişəm.”, “Səni bütün Azərbaycana faişə kimi tanıtmasam, ölməyəcəm, and eləmişəm.” dedi. Hal-hazırda bu 4 insan onu rayonda ictimai yerlərdə, Ağdaş rayon polis şöbəsində “gizli xəfiyyə kimi işlədiyini”, polis şöbəsində Rəşid adlı şəxslə qeyri-rəsmi münasibətinin olduğunu, hətta bu Rəşid adlı şəxsin ona avtomobil aldığını söyləyirlər. Bütün bu şər və böhtanları azmış kimi onu rayonda “faişə” deyərək tanıdırlar. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayətin icraata qəbul edilməsini və X7, X4, X5 və X2 cinayət məsuliyyətinə cəlb olunaraq cəzalanmalarını xahiş etdi. Məhkəmə iclasında barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X7, X4, X5 və X8 xüsusi ittiham qaydasında verilmiş şikayətə etiraz etdiklərini bildirərək, ərizənin icraata qəbul olunmasından imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, tərəfləri dinləyib, şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş hansı əməlin törədilməsi, bu əməlin məhz barəsində şikayət verilmiş şəxslər tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Şikayət vermiş şəxs X3 şikayətində X7, X4, X5 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, sonuncuların Cinayət Məcəlləsinin hansı maddələri və ya maddənin hansı bəndləri ilə cinayət məsuliyyətinə cəlb edilməli olmaları fərqləndirməmişdir. 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittihamçı X1 şikayətinin məzmunu Cinayət- Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. Yuxanda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 302-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7, X4, X5 və X2 cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar